Məhkəmə qərarları › İş №2-1(102)-3396/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3396/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3396/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞyə qarşı “##.##.2023-cü il tarixdən müddətsiz OFP-nin 1-ci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçıya 2012, 2014, 2015-ci ildə 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə II dərəcə II dərəcə əlillik təyin edilmişdir

2. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmışdır. Göndərişdə qeyd edilən diaqnozlar - “M24.5-Oynaqların kontrakturası. Sol bud-çanaq oynağının kontrakturası (bükülmə 95°, açılma tamdır).Sol diz oynağının kontrakturası (açılma 145°, bükülmə 50°). Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 90°). M16.5-Digər posttravmatik koksartrozlar. Sol bud-çanaq oynağının posttravmatik koksartrozu, II dərəcəli”

3. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacının olması” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X2 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “##.##.2023-cü il tarixdən müddətsiz OFP-nin 1-ci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə ağır yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı bədən xəsarətləri almışdır. Hadisədən sonra o, koma vəziyyətində ilkin olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, oradan isə təcili qaydada Bakı şəhərində yerləşən Travmatologiya İnstitutuna göndərilmişdir. Travmatologiya İnstitutunda ay yarım stasionar müalicə almış, bir neçə dəfə cərrahi əməliyyat olunmuşdur. Xəsarətlər aşağıdakılardan ibarət olmuşdur: kəllə-beyin travması, sağ bazu sümüyünün sınığı, hər iki baldır sümüyünün və topuq nahiyəsinin sınıqları. Hazırda bədənində cərrahi yolla yerləşdirilmiş metal implantlar (boltla sabitlənmiş dəmir materiallar) vardır. Sol ayağının uzunluğunda təxminən 4 sm fərq var və bu, onun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. O, davamlı və şiddətli ağrılardan əziyyət çəkir, daim iynə və dərmanlarla həyatını davam etdirməyə məcburdur. Əmək qabiliyyəti praktik olaraq mövcud deyil. Bir neçə dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasında stasionar şəraitdə müalicə almışdır. 2012-ci ildən etibarən Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə ona II qrup əlillik dərəcəsi təyin olunmuş və həmin qərar əsasında müvafiq təqaüd almışdır. Lakin son üç ilə yaxın müddətdə əlillik təqaüdü dayandırılmış və yenidən əlillik dərəcəsi təyin olunmasından imtina edilmişdir. Hazırda o, maddi və fiziki baxımdan olduqca ağır vəziyyətdə yaşayır. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmışdır. Göndərişdə qeyd edilən diaqnozlar - “M24.5-Oynaqların kontrakturası. Sol budçanaq oynağının kontrakturası (bükülmə 95°, açılma tamdır).Sol diz oynağının kontrakturası (açılma 145°, bükülmə 50°). Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 90°). M16.5- Digər posttravmatik koksartrozlar. Sol bud-çanaq oynağının posttravmatik koksartrozu, II dərəcəli” olmuş və mərkəzə göndərilməmənin və əlillik dərəcəsinin təyin edilməməsinin səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması – müalicə potensialı tükənməyib, müayinə və müalicəni davam etdirməlidir” qeyd edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 2025-ci il ## #### tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan sonuncu dəfə ##.##.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “əlavə müalicəyə ehtiyacının olması” əsası ilə imtina etmişdir. Müvafiq imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ##.##.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya ##.##.2023-cü il tarixdə X1 və Ortopediya İnstitutunda ixtisaslı həkim müayinəsindən almış olduğu №********** №AB****/**** saylı arayışa müvafiq olaraq ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** saylı qərarının 13.4.31 bəndinə uyğun olaraq “Sol aşağı ətrafın 4sm qısalığı” qiymətləndirmə 40% müddətsiz səbəbi ilə forma 88 yazılaraq TSEK-na göndərilmişdir. ##.##.2023-cü il tarixdə TSEK tərəfindən əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İddiaçı əlavə müalicə aldığı təqdirdə qismən sağala bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin, tibbi göndəriş tərtib edilərkən və cavabdeh orqan tərəfindən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən qüvvədə olan redaksiyasının 13.4.31-ci bəndində ayağın 4–7 sm qısalması diaqnozu üzrə orqanizmin funksional pozuntusunun (OFP) dərəcəsi müddətsiz olaraq 40% həcmində müəyyən edilmişdir. Hazırda həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.4.32- ci bəndində nəzərdə tutulmuşdur. Sözügedən diaqnozun tam reabilitasiyasının mümkün olmaması işdə olan tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ##.##.2025-ci il tarixli məktubu ilə sübut olunur. İş materiallarından və cavabdeh orqanın imtina cavabının məzmunundan görünür ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnozların düzgünlüyünü cavabdeh orqan özü də mübahisələndirmir, lakin imtina cavabında müalicə potensialının tükənməməsi, müayinə və müalicənin davam etdirilməli olması qeyd edilmişdir. Göründüyü kimi imtina qərarının əsası qeyrimüəyyəndir. Belə ki, “müalicə potensialı tükənməyib, müayinə və müalicəni davam etdirməlidir” ifadəsi ilə əsaslandırılan qərarda müalicə potensialının konkret olaraq nədə ifadə olunması, əlavə müalicəyə ehtiyac meyarının nə olması və bu ehtiyacın hansı qaydada qiymətləndirilməsi göstərilməmişdir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi zamanı əsas meyar kimi “müalicə potensialı” deyil, faktiki sağlamlıq vəziyyəti – yəni davamlı funksional pozuntular və orqanizmin itirilmiş funksiyaları nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, aradan qalxması mümkün olmayan diaqnoza münasibətdə iddiaçının faktiki sağlamlıq vəziyyəti nəzərə alınmadan “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə verilmiş imtina cavabı tamamilə əsassız olmuşdur.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat:

13. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, Ə.V.Kərimov və Z.Ə.Sadıqov) 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, 2-1(116)-120/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: (sonuncu göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan redaksiyasında) 13.4.31-ci bəndində - ayağın 4-7 sm qısalması, orqanizmin funksiyalarının pozulma faizi 40 % olmaqla, orqanizmin funksiyalarının pozulma müddəti müddəti olaraq qeyd edilmişdir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı iş üzrə işin bütün halları apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar