Məhkəmə qərarları › İş №2-1(102)-3398/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3398/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3398/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: (63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1519/2019 saylı 03 sentyabr 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1948-cı il təvəllüdlü İddiaçı əmək fəaliyyətinə 1965-ci ildə başlamış, iddiaçı 1969-1974-cü ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, 2005-ci ilədək fasiləsiz çalışmış, o cümlədən 05.05.1965-ci il tarixdən 09.09.1969-cu ilədək Ağdam rayonu Atçılıq zavodunda, 15.09.1974-cü ildən 29.12.1981-ci il tarixədək 12 saylı tikinti təmir idarəsində, 31.12.1981-ci ildən 02.03.1990-ci ilədək Üzeyir Hacıbəyov adına sovxozda, 03.03.1990-cı ildən 31.07.1993-cü ilədək Ağdam konserv zavodunda çalışmışdır. İddiaçı Rüstəmov Vəli Rüstəm oğlu cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlər yerində qarşılıqlı yoxlanılır. Qeyd edilənlərə uyğun olaraq 1965-ci ildən 1969-cu ilədək, 1974-cü ildən 1981-ci ilədək,1981-ci ildən 1990-ci ilədək, 1990-ci ildən 1993-cü ilədək işlədiyi dövrlərin qarşılıqlı yoxlanılması mümkün o lmadığından yaşa görə əmək pensiya təyin etmək mümkün deyil. İddiaçı X cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının 2011-ci il tarixdən yəni 63 yaşından təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-255/2019 saylı, 27 mart 2019cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçı X 01 avqust 2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi 2011-ci ildən 2015-ci ilin avqust ayınadək olan dövr üçün yaşa gö rə əmək pensiyanın təyin edilməsi hissəsində rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-255/2019 saylı, 27 mart 2019cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1519/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-255/2019 saylı, 27 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinasının əsasını 1965-ci ildən 1969- cu ilədək, 1974-cü ildən 1981-ci ilədək,1981-ci ildən 1990-ci ilədək, 1990-ci ildən 1993-cü ilədək işlədiyi dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmaması təşkil etsə də, həmin illərdə iddiaçının iş ləməsi, müəssisə və ya orqanlar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək kitabçasına qeydlər aparılması iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1519/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlər yerində qarşılıqlı yoxlanılır. Qeyd edilənlərə uyğun olaraq 1965-ci ildən 1969-cu ilədək, 1 974-cü ildən 1981-ci ilədək,1981-ci ildən 1990-ci ilədək, 1990-ci ildən 1993-cü ilədək işlədiyi dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığından yaşa görə əmək pensiya təyin etmək mümkün deyil. Kassator İPM-nin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1519/2019 saylı 03 sentyabr 2019cu il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1519/2019 saylı 03 sentyabr 2019cu il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1519/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1948-cı il təvəllüdlü İddiaçı əmək fəaliyyətini 1965-ci ildə başlamış, iddiaçı 1969-1974-cü ildən Azərbaycan Kənd Təsərrüfatı İnstitut unda təhsil almış, 2005-ci ilədək fasiləsiz çalışmış, o cümlədən 05.05.1965-ci il tarixdən 09.09.1969-cu ilədək Ağdam rayonu Atçlıq zavodunda, 15.09.1974-cü ildən 29.12.1981-ci il tarixədək 12 saylı tikinti təmir idarəsində, 31.12.1981-ci ildən 02.03.1990-ci ilədək Üzeyir Hacıbəyov adına sovxozda, 03.03.1990-ci ildən 31.07.1993-cü ilədək Ağdam konserv zavodunda çalışmışdır. Cavabdehin iddiaçıya 63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının əsasını 1965-ci ildən 1969-cu ilədək, 1974-cü ildən 1981-ci ilədək,1981-ci ildən 1990-ci ilədək, 1990-ci ildən 1993-cü ilədək işlədiyi dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmaması təşkil edir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsin ə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Həmçinin iddiaçı 1965-ci ildən 1969-cu ilədək, 1974-cü ildən 1993-cü ilədək iddiaçının işlədiyi müəssisələrin əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qalmışdır. Belə olan halda, həmin dövrlər üzrə iddiaçının stajının yoxlanı la bilməməsi onun təqsiri hesab edilə bilməz. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olu nmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəb ul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1519/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar