Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3405/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Imamverdi oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Imamverdi oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyi olan şəxs statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçıya ##.##.2017-ci il tarixdən “Kəllədaxili travma, keçirilmiş qapalı kəlləbeyin travması. Baş beyin silkələnməsi. Dağınıq üzvi nevroloji nişanələr. Qıcolma tutması ayda 6-7 dəfə. Travmadan sonrakı ensefalopatiyanın nəticələri. Kəllə daxili hipertenziya. Vegetativ damar davamsızlığı. Kəskin ifadə olunmuş astenonevrotik sindrom, hərəki koordinator pozğunluq, tez-tez təkrarlanan qıcolma tutmaları, ayda 6-7 dəfə, epillepsiya xəstəliyi. Retroserebilyar araxnoidal kista. NSD-kardial tipli” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Əlillik müddətinin bitdiyi ##.##.2022-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının N********HUS nömrəli göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
3. Daha sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən L********IMM nömrəli göndəriş və müraciəti əsasında ##.##.2024-cü il tarixində yenidən Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “İddiaçı Imamverdi oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş ##.##.2023-cü il tarixli L*********MM №-li göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, xəsarət aldıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli ***** nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, iddiaçıya "keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı dağınıq üzvi nişanələr sağ tərəfli piramid çatışmazlığı, davamlı vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya. Retroserebellar araxnoidal kista. Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntusu ilə, depressiv daxilolmalarla, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” diaqnozu (hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır) və "sol gözün hipermetropiyası 1,75D, görmə itiliyi 1,0 olmaqla” (ümumi xəstəlikdir) diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin həkim psixiatr komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli rəyi ilə iddiaçıya "üzvi (##.##.2026-cı il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla depressiv daxilolmalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) F 07.0” diaqnozu qoyulmuşdur. Eləcə də “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin ##.##.2022-ci il tarixli müayinə nəticələrinə əsasən iddiaçıya "üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur. “Rezonans Klinikası”nın ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli MRT müayinəsinin protokoluna əsasən, iddiaçıda "beyinin hər iki yarımkürəsində təpə paylarında subkortial və periventikulyar sahələrdə T2 rejimində zəif hiper, FLAIR rejimində hiperintensiv ocaqlı dəyişikliklər” aşkar olunmuşdur (gliotik ocaqlar olaraq dəyərləndirilir). “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nın ##.##.2022-ci il tarixli tibbi vərəqəsinə əsasən, iddiaçıya "FLAIR rejimində hiperintensiv ocaqlı dəyişikliklər aşkar olunur (gliotik ocaqlar olaraq dəyərləndirilir)” diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ##.##.2023-cü il tarixli EEQ müayinəsi protokoluna əsasən, baş beyində fon yazısında fotosimulyasiya zamanı sağ alın-gicgah- mərkəz payında əmələ gələn və sol alın-gicgah-mərkəz paylarına yayılan, paroksizmal (epi-tipli) prosesə cəlb olunması ilə baş beyinin qıcolma hazırlığı həddinin enməsi qeydə alınmışdır. Göstərilənlərlə yanaşı, iddiaçı səhhətində olan xəstəliklərlə əlaqədar aşağıdakı tibb müəssisələrində müxtəlif tarixlərdə mütəmadi ambulator müalicə almışdır: ##.##.2019- ##.##.2019- M.Ə.Əfəndiyev adına * nömrəli şəhər klinik xəstəxanası, ##.##.2021- ##.##.2021- M.Ə.Əfəndiyev adına X1 PHŞ-də, ##.##.2022-##.##.2022- M.Ə.Əfəndiyev adına * nömrəli klinik psixiatriya xəstəxanası, ##.##.2022- ##.##.2022- M.Ə.Əfəndiyev adına X1 PHŞ-də, ##.##.2023 ##.##.2023- Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, ##.##.2023- ##.##.2023- * nömrəli Klinik Psixiatriya Xəstəxanası. Bundan sonra, Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli L*********MM nömrəli göndərişi əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilmişdir. Göndərişin ##.##.2023-cü il tarixdə göndərilməsinə baxmayaraq, ##.##.2024-cü il tarixədək ƏƏSMN-nin “əlillik alt sistemi”ndə iddiaçının əlilliyinin qiymətlədirilməsinin nəticələrinə dair heç bir məlumat öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Yalnız ##.##.2024-cü il tarixdə iddiaçı yenidən alt sistem vasitəsilə göndərişi yoxladıqda ##.##.2023-cü il tarixdən etibarən cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsas ilə ona əlilliyin təyin edilməsindən imtina etdiyi məlum olmuşdur. Yəni, heç bir dəqiq müayinə və ya yoxlama həyata keçirilmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Iddiaçıya yuxarıda göstərilən müayinələr nəticəsində qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun gəlir. Belə ki, həmin bənd “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular- üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)” diaqnozu ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edir. Eləcə də təqdim edilmiş digər tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları və s. sübut edir ki, iddiaçının xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndində “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” müəyyən edilmişdir. Hazırda iddiaçının səhhətində olan əlillik və digər yanaşı xəstəliklər nəticəsində onun həyat fəaliyyətinin məhdudlaşma dərəcələri aşağıdakı kimidir: özünəqulluq bacarığı- II dərəcə mütəmadi olaraq kənar şəxslərin qismən köməyindən istifadə etməklə; sərbəst hərəkətetmə bacarığı- II dərəcə- mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; istiqamətseçmə bacarığı- II dərəcə- mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı- II dərəcə- mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı- II dərəcədavranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; əmək fəaliyyəti bacarığı- III dərəcə- orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyrimümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Beləliklə də cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçı İddiaçı əlilliyin təyin edilməsindən imtina etməsini qanunsuz hesab edirik və iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır.
6. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının ##.##.2024cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini ##.##.1988-ci il təvəllüdlü İddiaçı Imamverdi oğlunun (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli N********HUS nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-5678/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli ***** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı dağınıq üzvi nişanələr, sağ tərəfli piramid çatışmazlığı, davamlı vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya, Retroserebellyar araxnoidal kista. Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və "Sol gözün hipermetropiyası 1.75D, görmə itiliyi 1.0 o/maq/a” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş ##.##.2023-cü il tarixində DTSERAda əyani müayinədə olmuş,‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik olaraq izah etdiyi tutmanın xarakteri epileptik tutmalara xas olmamış, tutma zamanı ətrafda olanları hiss etdiyini, bəzən sidik saxlaya bilmədiyini bildirmişdir. Hal hazırda medikamentoz preparatlardan "Depakin"(300 mg) gündə 3 dəfə qəbul etdiyini bildirsə də, təqdim edilmiş laborator analiz nəticələrində Karbamazepin və Valproik Asit toksik dozada qeyd edilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, əsəbilik və gərginlikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2017-ci ildən davam edən tutmalarının hərbi xidmət zamanı aldığı travmadan sonra başladığını bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşın təqdim etdiyi şəhadətnaməyə əsasən dəyişikliklər edilərək ##.##.2023-cü il tarixli şəhadətnaməsi qüvvədən düşmüşdür. Anamnestik məlumatlarında vətəndaş qıcolma tutmaları haqqında ətraflı məlumat verə bilməmiş, psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həmən daxil olmuş, verilən suallara adekvat cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun olmuş, aparılan müayinələr, qəbul etdiyi dərmanlar barəsində məlumat verə bilməmişdir. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2023- ##.##.2023-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz "Baş beynin üzvi (hərbi travma mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, de pressi v davranışlar, təkrarlanan gıcolma tutmaları ilə (ayda 7-8 dəfə)" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli ****** nömrəli çıxarışında diaqnoz "Partlayış travması (##.##.2016). Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı galıgları, baş-beyin silkələnməsindən (##.##.2016) sonrakı dağınıq üzvi nişanələr, sağ tərəfli piramid çatışmazlığı, vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya. Posttravmatik xroniki baş ağrısı. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Davranış pozuntusu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (##.##.2016-cı il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış gapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez- tez baş verən dekompensasiyalar depressiv daxilolmalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Turan Hospitalının 17.11,2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi "Bu EQQ sağ və sol bölgədən kök alan generalizə tipli epiaktivlik olduğunu göstərir1' kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının 21.11,2022-ci il tarixli Baş beynin MRT müayinəsinin nəticəsi “Sağ maxillarsinusda 15x14 m m ölçüsündə, sol maxillarsinusu total əhatə edən 40x25 mm ölçüsündə retension kistlər qeyd edilir. Ethmoidal hücrələrdə və alın cibin sağ yarısında möhtəviyyət təyin olunur. Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (minimal kortikal atrofiya). Arxa kəllə çuxurda orta xətt və orta xəttdən sağda yerləşimli 25x55 m m ölçüsündə retroserebellar araxnoidal kist təyin olunur. Beynin hər iki yarımkürəsində təpə paylarda subkortikal və periventrikulyar sahələrdə T2 rejimində zəif hiper, FLAIR rejimində hiperintensiv ocaqlı dəyişikliklər aşkar olunur (qliotik ocaqlar olaraq dəyərləndirilir)’’ kimi qeyd olunmuşdur. Rezonans Klinikasının ##.##.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Sağ maxillar sinusda 25x23 mm ölçüsündə, sol maxillar sinusu total əhatə edən 40x25 m m ölçüsündə retension kistlər qeyd edilir. Ethmoidal hücrələrdə və alın cibin sağ yarısında möhtəviyyət təyin olunur. Frontal sinusun saq yarısında möhtəviyyət təyin olunur. Etmoidal hücrələrdə mukozal qalınlaşmalar qeyd edilir. Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (minimal kortikal atrofiya). Arxa kəllə çuxurda orta xətt və orta xəttdən sağda yerləşimli 25x55 mm ölçüsündə retroserebellar araxnoidal kist təyin olunur. Beynin hər iki yarımkürəsində təpə paylarda subkortikal və periventrikulyar sahələrdə T2 rejimində zəif hiper, FLAIR rejimində hiperintensiv ocaqlı dəyişikliklər aşkar olunur (qliotik ocaqlar olaraq dəyərləndirilir). 21.11.22 tarixində aparılmış MRT müayinəsi ilə müqayisədə nəzərə çarpan dəyişiklik aşkar olunmadı” kimi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ##.##.2023cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyində, fon yazısında, fotostimulyasiya zamanı, sağ alın-gicgah-mərkəz payından əmələ gələn və sol alınqicqah mərkəz paylarına yayılan, paroksizmal (epi-tipli) prosesə cəlb olunması ilə, baş beyinin qıcolma hazırlıq həddinin enməsi qeydə alınır kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **** saylı ekspert rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı Imamverdi oğlunda hal-hazırda Baş beyin zədələnməsi (hərbi travma mənşəli) nəticəsində yaranan ifadəli üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar, təkrarlanan qıcolma tutmaları (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10 cu baxışında kodu F07.0) müəyyən edilir.
8. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilərək, İddiaçı Imamverdi oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş ##.##.2023-cü il tarixli L*********MM №-li göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, “Baş beyin zədələnməsi (hərbi travma mənşəli) nəticəsində yaranan ifadəli üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar, təkrarlanan qıcolma tutmaları” diaqnoz iddiaçıda aşkar edilmiş, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın F07.0 kod altında nəzərdə tutulan meyarlara uyğundur ki, bu da onun faktiki olaraq əlillikdən əziyyət çəkdiyini göstərir. Baxmayaraq ki, iddiaçı bu xəstəlikdən əziyyət çəkərək onda olan diaqnoz əlilliyin təyininə əsas verir, cavabdeh əsassız olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: O.Ismayılov – sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış əlavə olaraq aşağıdakıları qeyd etmişdir: –iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2017-cı il tarixdən 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. –Nəzərə alınmalıdır ki, 2017-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. –birinci instansiya məhkəməsinin qərarından görünür ki, hakim formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq iddiaçının orqanizm funksiyalarının pozulması faizini (61-80) müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun qərar qəbul etdiyindən məhkəmə tərkibi qeyd olunan hissədə qərarın dəyişdirilməsinə lüzum görmür. –Lakin məhkəmə tərkibi qeyd olunan məsələ ilə bağlı fərqli hüquqi mövqeyini olduğunu qeyd edərək, göstərmişdir ki, inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın xüsusilə, inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Bu mövqe həm də Inzibati Prosessual Məcəllənin tələblərindən irəli gəlir. Belə ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia hesab olunur. IPM-in 73.2 və 73.3.2-ci maddəsinin qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı halda məhkəmə bir qayda olaraq, sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsi istiqamətində qərar qəbul etməməlidir. –Nəzərə almaq lazımdır ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir. Burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, inzibati orqanın qiymətləndirmə azadlığı bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə bağlıdır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan göstəricilər əsasında qiymətləndirilməlidir. –Məhkəmə tərkibinin qənaətinə görə, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. – Belə ki, hakimiyyətlərin bölünməsi prinsipinə əsasən, yalnız hüquqi yoxlama (nəzarət) məhkəmənin vəzifəsidir. IPM-in 74-cü maddəsinə əsasən, məhkəmə yalnız obyektiv baxımdan diskresion səlahiyyətlərin (həmçinin qiymətləndirmə azadlığının) həyata keçirilməsinin qanuniliyini və bu zaman diskresion səlahiyyətlərin (həmçinin qiymətləndirmə azadlığının) qanunla müəyyən olunmuş hədlərinə inzibati orqanın əməl edib-etmədiyini yoxlayır. –Göründüyü kimi, normanın məzmunu ondan ibarətdir ki, hazırkı halda məhkəmə yalnız inzibati orqanın öz qiymətləndirmə azadlığını necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. –Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. –Belə ki, məqsədəuyğunluq normativ hüquqi aktlara əsasən, inzibati orqanlar tərəfindən onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarın qəbul edilməsində ifadə olunur. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunverciliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı hal, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Iddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
20. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə mövqeyi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına və qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Lakin məhkəmə kollegiyası məhkəmə tərkibinin inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsi ilə bağlı həmin qərarda sərgilədiyi fərqli mövqe ilə razılaşmadığını bildirərək, aşağıdakıları qeyd edir:
25. “Inzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.
26. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.
27. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbisosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X3 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.
28. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
29. Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
30. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.
31. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
32. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.
33. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.
34. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
35. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.
36. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirmə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.
37. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.
38. Cavabdehin də kassasiya şikayətinin əsas dəlilini eyni məsələ, yəni diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilənin qanunsuz olması təşkil etdiyindən, yuxarıda göstərilən əsaslarla həmin dəlili məhkəmə kollegiyası əsassız hesab edir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, 2- 1(103)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.