Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3410/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrasının təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının “məhkəmə qərarının icrasının təmin edilməsi barədə” ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.
2. Həmin məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.
3. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Dövlət Vergi Xidmətinin təsdiq olunmuş dövlət büdcəsinin saxlanma xərclərində müvafiq xərc maddəsi üzrə vəsaitin maliyyələşdirilməsi aparıldıqdan sonra qeyd olunan qərarın icrasının təmin edilməsi nəzərdə tutulur.
4. Birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli məktubda cavabdeh sözügedən məhkəmə qərarının 30 gün müddətində icra olunmadığı halda İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq 50000 manatadək cərimə olunacağı barədə xəbərdar edilmişdir.
5. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Dövlət Vergi Xidmətinin təsdiq olunmuş dövlət büdcəsinin saxlanma xərclərində müvafiq xərc maddəsi üzrə vəsaitin maliyyələşdirilməsinin aparılması ilə bağlı ##.##.2024-cü il tarixli məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Müvafiq maddələr üzrə maliyyələşmə aparıldıqdan sonra qeyd olunan qərarın icrasının təmin edilməsi nəzərdə tutulur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı icra olunmadığına görə cavabdeh barəsində tədbir görülməsini xahiş etmişdir.
7. İş üzrə birinci instansiya məhkəməsinin iclasında iddiaçı sözügedən məhkəmə qərarının icra edilməməsinin nəzərə alınaraq cavabdehin cərimə olunmasını xahiş etmişdir.
8. İş üzrə birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz edərək, sözügedən məhkəmə qərarının icrası ilə bağlı tərəflərindən tədbirlər görüldüyünü, qərarın icrası ilə bağlı pul vəsaitinin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edildiyini, bununla da qərarın icrası ilə bağlı tərəflərindən hərəkətsizlik göstərilmədiyini əsas gətirib cavabdeh barəsində cərimənin tətbiq olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin 500 manat miqdarında cərimə olunması və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəsini aldıqdan etibarən hazırkı məhkəmə iclası tarixinədək 1 ilə yaxın vaxt ərzində ##.##.2023-cü il tarixli məhkəmə qərarının icrası təmin edilməmiş, icranın baş tutmamasının üzrlü səbəbləri isə əsaslandırılmamışdır. Cavabdeh ən geci məhkəmənin ##.##.2024-cü il tarixli məktubundan etibarən qərarın icrasını təmin etməmiş, yalnız ilin sonunda ##.##.2024-cü il tarixdə ödənişin edilməsi ilə bağlı ödəniş tapşırığının verilməsinə nail olmuş, həmin sənəd isə cavabdehin nümayəndəsinin qeyd etdiyi səbəbdən (ödəniş tapşırığında iddiaçının adı Əhmədov Məmməd kimi qeyd olunmuşdur) baş tutmamışdır. Məhkəmə qeyd edilən səbəbi üzrlü səbəb kimi deyil, inzibati orqanın qərarın icrasına göstərdiyi hərəkətsizlik qismində dəyərləndirir. Qeyd edilməlidir ki, cavabdeh “texniki səhv”ə görə iddiaçıya 2024-cü ilin büdcəsi hesabına vəsaitin ödənilə bilmədiyini, növbəti dəfə 2025-ci ilin büdcəsi hesabına ödənilməsi üçün məhkəmə icraatı gedişində ##.##.2025-ci il tarxidə Maliyyə Nazirliyinə müraciət edilməsinə dair məktubu təqdim etsə də, həmin məktubla bağlı konkret icra tədbirinin həyata keçirildiyini təsdiq edə biləcək sənədi təqdim etməmiş, qərarın icrasının hansı tarixdə icra ediləcəyi barədə konkret sübuta istinad etməməklə, qərarın icrasını qeyri-müəyyən vaxta təxirə salmışdır. Nəzərə alınsa ki, məhkəmə qərarı ilə iddiaçıya ödənilməli məbləğ bilavasitə iddiaçının işlədiyi dövr üzrə almalı olduğu, lakin cavabdeh tərəfindən vaxtında ödənilməmiş əmək haqqıdır və qərar icraya yönəldiyi vaxtdan 1 ildən çox müddətdə qərarın icrasının baş tutmaması bilavasitə iddiaçının məsuliyyətinə aid olmayıb, cavabdeh inzibati orqanın müvafiq mühasibatlıq, sənədləşmə işləri ilə bağlı lazımi təşkilati tədbirləri vaxtında görməməsi ilə bağlıdır. Bu halda cavabdehin qərarın icrasını təmin etməməsi mübahisəsiz təsdiq olunur. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası cavabdeh inzibati orqan üçün müəyyən edilmiş müddətlər bitdikdən və qərarın icraya yönəldilməsindən 1 il ərzində təmin edilməmiş qaldığından, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırılmadığından və ilkin tədbir kimi təyin olunması nəzərə alındıqda cavabdehin minimal həddə, yəni 500 manat miqdarında cərimə olunması məqsədəuyğundur. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi halında daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi məsələsi müzakirə olunacaqdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ceyhun Məmmədov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Kamran Əkbərov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını və iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
18. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli, ** nömrəli qərarı
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə ki, hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona münasibətdə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının cavabdeh tərəfindən qanunvericiliyə uyğun şəkildə icra edilməsinə nail olmaqdan ibarətdir. Bunun üzərindən iddiaçı məhkəmə qərarının icrasının təmin edilməsi üçün cavabdehə maliyyə sanksiyasının tətbiq olunmasını xahiş edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq cavabdehin icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Məhkəmə qərarının vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə, məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.
26. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.