Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3413/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, *** nömrəli qərarına əsasən, iddiaçının hərbi xidmət dövründə 1998-ci ildə aldığı, ##.##.2004-cü ildə Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı və ##.##.2010cu ildə məhkəmə-tibbi ekspertizası tərəfindən ona təyin edilmiş travmanın (diaqnoz: “Travmatik mənşəli, təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan, soltərəfli xroniki irinli mezotimpanit. Sağtərəfli xroniki adheziv orta otit. İkitərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-ə qədər məsafədən, sol qulaqla 2 m-ə qədər məsafədən eşitməsi ilə”) səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir.
2. İddiaçıya ilkin olaraq ##.##.2006-cı il tarixdə “Revmatizm aktiv faza II dərəcə yarım kəskin gedişli. Qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı İ dər. QDÇ II” diaqnozu ilə hərbi xidmət vəzifəsinin yerinə yetirilməsilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
3. Daha sonra iddiaçıya eyni diaqnoz əsasında eyni səbəbdən ##.##.2014-cü il tarixdə 1 il müddətinə üçüncü dərəcə, ##.##.2015-ci il tarixdə 1 il müddətinə və ##.##.2016cı il tarixdə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə növbəti dəfə qiymətləndirilərkən, əlavə müalicəyə ehtiyacın olması əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.
5. İddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul olunmuşdur.
6. Əlillik vəziyyətinin qiymətləndirilməsindən verilmiş şikayət üzrə ##.##.2022-ci il tarixdə iddiaçının yenidən əyani müayinəsi aparılmış və onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir.
7. İddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli sonuncu göndərişdə qeyd edilmişdir: Əsas diaqnoz: “H93.3 – Eşitmə sinirinin xəstəlikləri”; Ağırlaşma: “H90.3 – Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda IV dərəcə, sol qulaqda IV dərəcə neyrosensor tip ağıreşitmə”; Yanaşı xəstəliklər: “E11 – İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet II tip”; “I05.1 – Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dər.”; “I07.1 – Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min -1 dərəcə”; “I11.9 – (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi II dər.”
8. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında ##.##.2024-cü il tarixdə yenidən qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etmədiyi əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir.
9. İddiaçı müraciəti əsasında ##.##.2024-cü il tarixdə əyani müayinə olunmuş və onun barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli göndərişə əsasən hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulması nəzərə alınaraq, ona hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı hərbi travmaya görə orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən 1998-ci ildə travma almışdır. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə ##.##.2024 tarixli göndəriş əsasında qiymətləndirilmiş, lakin diaqnozun əlillik əlaməti təyin etmədiyi əsas gətirilərək ona əlillik təyinatından imtina edilmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmaya görə əlilliyin təyini üçün qanunvericiliyin tələb etdiyi bütün hüquqi sənədlər cavabdehə təqdim olunmuşdur.
12. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, 2021-ci ildə iddiaçının əlillik müddətinin bitməsi ilə əlaqədar onun əlillik vəziyyəti ##.##.2021-ci il, ##.##.2022-ci il, ##.##.2024-cü il tarixli göndərişlər əsasında əlavə əyani müayinə həyata keçirilməklə yoxlanılmış və diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir. İddiaçının əyani müayinəsi aparılaraq müəyyən olunmuşdur ki, ona münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli, *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Travmatik mənşəli təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan, sol tərəfli xroniki irinli mezotimpanit. Sağtərəfli xroniki adheiv orta otit. İkitərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-ə qədər məsafədən, sol qulaqla 2 m-ə qədər məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. ##.##.2021-ci il və ##.##.2022-ci il tarixlərdə əyani müayinələrdə olmuş iddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı qulağında eşitmənin zəif olmasından və ürəyində olan ağrılardan, arterial təzyiqin yüksək olmasından şikayətlənmiş, əyani müayinənin nəticəsi “auskultasiyada ürək tonları aydın, aşağı ətraflarda periferik ödemlər izlənilməmişdir” kimi qeyd olunmuş, diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir. İddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı o, travma nəticəsində sol qulağının təbil pərdəsinin cırıldığını, digər qulağında da eşitmə məhdudluğu olduğunu bildirmiş, yüksək arterial təzyiqdən şikayətlənmiş, medikamentoz preparatlardan “medforix”, “tripliksam”, “kardiomagnil” qəbul etdiyini söyləmiş, onun eşitmə cihazı istifadə etdiyi müşahidə edilmiş, 5 metr aralı məsafədə otursa da, orta tonla danışıqları eşitmişdir. Müayinə zamanı arterial təzyiqi dərman fonunda 200/100 mm cv.st olmuşdur. Azərbaycan Tibb Universitetinin ##.##.2024-cü il tarixli BERA testinin nəticəsi “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir” kimi qeyd olunmuşdur. ##.##.2024-cü il tarixli audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db, sol qulaq 80 db” kimi müəyyənləşdirilmiş, bu isə, əlillik təyinatına əsas verməmişdir. ##.##.2024-cü il tarixli transtorakal exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. çıxan aorta genişlənib (3,5 sm). Sol mədəciyin konsentrik hipertrofiyası (1,2 sm-1,4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-61%). Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparılıb (HR=102)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Həmçinin ƏMAS-da iddiaçı barəsində mühəndis kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: Bəhlul Cəlalov) ## ##### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ##.##.2024-cü il tarixli göndərişə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı hərbi travmaya görə orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə verilmiş ##.##.2025-ci il tarixli, T ***/**** nömrəli ekspert rəyindən də göründüyü kimi, iddiaçıya əvvəllər əlillik təyinatı aparılmasına əsas olmuş diaqnozlar hazırda da onda mövcuddur və həmin xəstəliklərin müalicə yolu ilə reabilitasiya olunması mümkün deyildir. Eyni zamanda, iddiaçı “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağır eşitmə” xəstəliyindən də əziyyət çəkir. İddiaçı barəsində tərtib edilmiş ##.##.2024cü il tarixli sonuncu göndərişdə qeyd edilən əsas diaqnozun, ağırlaşma və yanaşı xəstəliklərin onda olması iş materiallarında olan ekspert rəyi ilə öz təsdiqini tapır. Həmin diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit edilmişdir. Cavabdehin iddiaçının əyani müayinəsinə dair ##.##.2024-cü il tarixli qərarına münasibətdə qeyd edilməlidir ki, cavabdehin həkim komissiyası tərəfindən keçirilmiş əyani müayinə xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi lazımi qaydada, xüsusi hallar ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki iddiaçıda diaqnozların olub-olmamasının əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. İddiaçıya təyin edilmiş diaqnozlar instrumental müayinələrin nəticələrinə əsaslanmamışdır. Göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. İddiaçının əsas diaqnozu “eşitmə sinirinin xəstəlikləri”, həmçinin ağırlaşması “eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda IV dərəcə, sol qulaqda IV dərəcə neyrosensor tip ağıreşitmə” kimi qeyd edilmişdir ki, Meyarlara Əlavənin 9.1.4-cü bəndinə əsasən OFP faizi 50 faiz, əlilliyin müddəti isə müddətsizdir. İddiaçıda olan yanaşı xəstəliklərin hazırda da onda müşahidə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmış, həmçinin iş materiallarına və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, həmin diaqnozlar iddiaçıya əvvəlki əlillik təyinatlarına əsas vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.10-cu bəndinə əsasən, orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Həmin Qaydanın 1.11-ci bəndinə görə, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydanın 1.14-cü bəndinə müvafiq olaraq, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. İddiaçıda mövcud olan diaqnozlara Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən edilir ki, Meyarlara Əlavənin 9.1.4-cü bəndinə əsasən 50%, yanaşı xəstəliklərin hər biri üzrə 5% əlavə edildikdə (ümumilikdə 20%) iddiaçıda OFP faizi 70% müəyyən edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın tələbinə əsasən, faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla götürülür, həmçinin əlilliyin müəyyən edilməsinə əsas verən digər diaqnozların hər birindən 5 faiz götürülməklə əlillik təyinatı aparılır. Qeyd olunanların hazırkı işə tətbiqi zamanı müəyyən edilir ki, cavabdehin iddiaçıya ikinci dərəcə (OFP 61-80%) əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçının hərbi xidmət vəzifələrinin icrası ilə bağlı aldığı travmanın diaqnozu bir sıra xəstəliklərlə yanaşı həmçinin ağıreşitmə ilə əlaqədar olmuşdur. Odur ki, iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsi – hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar aldığı hərbi travma kimi müəyyən edilməlidir. Bu nəticəyə gələrkən məhkəmə təkrar olaraq qeyd edir ki, iddiaçının əvvəlki əlillik təyinatlarının səbəb əlaqəsi də hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar aldığı hərbi travma olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Nəbizadə /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Kamran Əkbərov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən kassasiya şikayətinə münasibət bildirilərək, şikayətin mümkün sayılmaması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
24. ##.##.2022-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
25. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1. Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri Qulağın eşitmə pozuntusu törədən Q16 anadangəlmə inkişaf qüsurları Qiymətləndirmə 9.1.1. 7 yaşa qədər anadangəlmə və ya 60 müddətsiz qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) 9.1.2. daha sonra qazanılmış (8-18 yaşlarında) 60 müddətsiz eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə III dərəcə, 40 5 il digər tərəf üzrə IV dərəcə 9.1.4. eşitmə zəifliyi IV dərəcə, ikitərəfli 50 müddətsiz
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. 11.2. Şəkərli diabet E10-E14 Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.1. insulindən asılı şəkərli diabet E10 insulindən asılı olmayan şəkərli diabet E11
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1. Qan təzyiqinin yüksək olması ilə I10-I15 səciyyələnən xəstəliklər 2.9. Xroniki revmatik xəstəlikləri I05-I09 Digər ürək xəstəlikləri I30-I52
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla belə, iddiaçının orqanizm funksiyalarının pozulması faizlərinin müəyyən edilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissədə qərar dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Meyarlara Əlavənin 9.1.4cü bəndinə
34. əsasən 50%, yanaşı xəstəliklərin hər biri üzrə 5% əlavə edildikdə (ümumilikdə 20%) iddiaçıda OFP faizi 70% müəyyən edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın tələbinə əsasən, faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla götürülür, həmçinin əlilliyin müəyyən edilməsinə əsas verən digər diaqnozların hər birindən 5 faiz götürülməklə əlillik təyinatı aparılır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli göndərişdə göstərilmiş yanaşı xəstəliklərin iddiaçıda formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənmiş, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə öz əksini tapmış qiymətləndirmə göstəricilərinin mövcudluğu istiqamətində hər hansı araşdırma və ya hüquqi dəyərləndirmə aparmamışdır. Başqa sözlə, sözügedən xəstəliklərin “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəlik üzrə qiymətləndirmə göstəricilərindən hər hansı biri ilə uyğunluğu müəyyən olunmadan onun iddiaçıya əlillik təyinatı zamanı nəzərə alınması qənaətinə gəlmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş tələblər üzrə hüquqi dəyərləndirmə də düzgün aparılmamışdır.
37. Belə ki, həmin bəndlərdə göstərilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
38. Apellyasiya instansiyası məhkəməsi “əlilliyin müəyyən edilməsinə əsas verən digər diaqnozların hər birindən 5 faiz götürülməklə əlillik təyinatı aparılması” barədə mövqeyinin hansı maddi-hüquqi əsasa söykəndiyini açıqlamamış və bunu əsaslandırmamışdır.
39. Bununla belə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddiaçı barəsində tərtib olunmuş ##.##.2024-cü il tarixli göndərişdə göstərilmiş “Ağırlaşma: “H90.3 – Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda IV dərəcə, sol qulaqda IV dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozunun “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 9.1.4-cü bəndində nəzərdə tutulmuş “eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” qiymətləndirmə göstəricisinə uyğunluğu barədə mövqeyi ilə razılaşır.
40. Həmçinin məhkəmə kollegiyasının apardığı qiymətləndirmə üzrə iddiaçı barəsində tərtib olunmuş ##.##.2024-cü il tarixli göndərişdə qeyd olunan yanaşı xəstəliklərdən “I05.1 – Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dər.”; “I07.1 – Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min -1 dərəcə”; “I11.9 – (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi II dər.” diaqnozlarının “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 2.1.1-ci bəndində – “arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə”, eləcə də 2.9.1-ci bəndində göstərilən – “ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS III (50 Vatt və ya 2-3,9 METs), XÜÇ IIA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması” qiymətləndirmə göstəriciləri ilə uyğunluğu müəyyən edilir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli göndərişdə qeyd edilən diaqnozların yuxarıda qeyd edilən qiymətləndirmə göstəriciləri üzrə uyğunluğu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinin tələbləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, icra mərhələsində cavabdeh tərəfindən məhkəmənin hazırkı qərarında göstərilən hüquqi dəyərləndirmələr rəhbər tutulmalıdır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
43. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
44. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
45. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
46. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
47. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
48. Odur ki, bu qərarın 44-47-ci bəndlərində qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya ##.##.2024-cü il tarixli göndərişə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinin tələbləri nəzərə alınmaqla əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
49. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya ##.##.2024-cü il tarixli göndərişə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinin tələbləri nəzərə alınmaqla əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilir. İddiaçıya ##.##.2024-cü il tarixli göndərişə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinin tələbləri nəzərə alınmaqla əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.