Məhkəmə qərarları › İş №2-1(102)-3417/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3417/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3417/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tütünçü peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(107)-391/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 23 yanvar və 2019-cu il 15 fevral tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın yeyinti sənayesinə aid 27-ci bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalının yeyinti sahəsinə aid olduğundan və tələb olunan güzəştli sığorta stajının olmaması, habelə 2017-ci il 1 iyul tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2019-cu il 5 mart tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2012-ci il 4 iyul tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiq ləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2012-ci il 4 iyul tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 noyabr tarixli 2-1(84)-1068/2018 nömrəli qərarı ilə onun Şəki rayonu Qudula kənd Füzuli adına kolxozda 1979, 1985, 1986, 1987, 1995, 1996-cı illərdə tütünçü işlədiyi müddət tam, 1976-1978, 1980-1982-ci illərdə kolxozda tütünçü işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması qərara alınmışdır. Məhk əmə qərarında qeyd olunmuşdur ki, o, 1979, 1986, 1995, 1996-cı illərdə müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirmişdir. 1976-1982,1985 və 1987-ci illərdə isə müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun 23 il 23 ay ümumi iş stajı vardır. Bu səbəbdən də ona 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 may tarixli 2-1(84)-630/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 2015-ci il 20 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan 20 ildən çox ümumi, 10 ildən çox xüsusi sığorta stajı vardır. Məhkəmə iddia tələbinin r ədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilməsindən imtina edildiyi 2018-ci il 20 aprel tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən, iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi2018-ci il 20 aprel tarixdən 3 il əvvəlki tarixdən, yəni 2015-ci il 20 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(107)-391/2019 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(107)-391/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 20 il ümumi iş stajının və tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında onun ümumi staj daxilində azı 15 il xüsusi sığorta stajını n olmadığını nəzər almamışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 24 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 21 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna istinad edərə k iddiaçının 15 il xüsusi iş stajının olmamasına əsasən iddianı rədd etmişdir. Halbuki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün geriyə şamil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi və ziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi barədə aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş h üquqların verilməsi və s. başa düşülür. Lakin məhkəmə göstərilənləri nəzərə almamışdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və ş ikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksi yada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin materiallarına, o cümlədən cavabdehin imtina məktubunda qeyd edilən məlumatlara görə (arxiv arayışı, əmək kitabçası və qüvvədə olan məhkəmə aktı), 2006-cı il 1 yanvar tarixə iddiaçının 23 il 2 ay ümumi sığorta stajı vardır. Şəki İnzibati-İqtisadi Mə hkəməsinin 2018-ci il 14 noyabr tarixli, 2-1(84)-1068/2018 nömrəli qərarı ilə iddiaçının Şəki rayonu Füzuli adına kolxozda 1979, 1985, 1986, 1987, 1995 və 1996-cı illərdə tütünçü işlədiyi müddətin tam, 1976-1978, 1980-1982-ci illərdə kolxozda tütünçü işlədiyi iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktiki müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması öhdəliyi cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehs alatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Həmin Siyahının 27-ci - Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından, cavabdeh tərəfin iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsulu ilə istehsalına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaran mır. Məhkəmə kollegiyası nəzərə alır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndinə əsasən, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda həmin məzmunda müddəa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda kolxozdakı tütünçü peşəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, məhkəmə kollegiy ası hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin sosial təminat hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Belə ki, şəxsin zərərli işdə çalışması əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən onun sosial təminat hüququnun tərkib hissəsinə çevrilmiş və mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 10 il işlədiyinə gəldikdə, burada, yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün i stifadə olunmalıdır. Digər tərəfdən, qazanılmış hüququn reallaşdırılması üçün qanunda düzünə göstərişin olmadığı hallarda belə, qanunverici yanakı hüquqi imkanları da (məsələn, qanunun və ya hüququn analogiyası) nəzərdə tutur. Beləliklə, cavabdehin yuxarıda qeyd edilən Siyahıda “tütün yarpaqlarını düzənlər peşəsi”nin nəzərdə tutulduğuna istinadı da nəzərə alınmaqla, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə (kolxozda tütünçü) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə (tütün yarpaqlarını düzənlər peşəsi) arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 sentyabr tarixli 2-1(107)-391/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar