Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3417/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılov Teymur Əliağa oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kameral vergi qərarının ləğvi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinin pozulması, vergi ödəyicisinin özünə şərti rentabellik normasının tətbiq etməsinə yol verilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İsmayılov Teymur Əliağa oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının 2022-ci il hesabat dövrü üzrə təqdim etdiyi Gəlir vergisinin bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsi və xidmətlərin göstərilməsindən) 11996,60 manat gəlir, 9997,17 manat gəlirdən çıxılan xərc və 399,89 manat gəlir vergisi bəyan edilmişdir.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarına əsasən 2022-ci ilin gəlir vergisi üzrə 1874,45 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablama onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, 2022-ci il mənfəət (gəlir) bəyənnaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı İsmayılov Teymur Əliağa oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il, tarixli **************** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 11996,60 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini şərti rentabellik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və gəlir vergisini 2274,34 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı malların alınmasına dair xərclərinin olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, xərclərə dair sənəd olmadığından 2022-ci il üzrə gəlir vergisi Nazirlər Kabineti tərəfindən ##.##.2001-ci il tarixli ** saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, xərclərə dair təsdiqedici sənədin olmaması satılan malların alışına hər hansı xərc çəkilmədiyini göstərmir. Lakin vergi orqanı malların təqdim edilməsindən əldə edilən gəlirin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, ödəməli olduğum mənfəət vergisi 2022-ci il üzrə 399,89 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən əsassız olaraq əlavə 1874,45 manat vergi məbləği hesablanmışdır.
5. Cаvаbdеh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3- cü və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli “Təqdim edilmiş Gəlir vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktub” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 1874.45 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ####### 2024cü il tarixli qərarı (hakim A.M.Almazova) ilə iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İddiaçının 2022-ci il ərzində müəyyən edilmiş gəliri (təqdim etdiyi bəyannaməyə əsasən) 11996,60 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmalıdır: 11996,60 manat : (100+20) x 20 = 1999,43; Gəlir vergisi - 1999,43 x 20% = 399,89. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2-1(103)-1560/2025 nömrəli qərarı ilə (hakimlər A.P.Oruczadə (məruzəçi), G.M.Abbasova və E.Ə.Əliyev) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il, e-*-*(***)-*****/**** nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2022-ci il üzrə elektron qaimə fakturalar ilə ümumilikdə 11996,60 manat məbləğində mal təqdim etmişdir və alınmış mal-materialın bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədlər mövcud olmamışdır. İnzibati orqan çəkilən 9997,17 manat xərcləri sənədlərlə təsdiq olunmadığına görə qəbul etməmişdir. Cavabdeh xərcləri təsdiq edən sənədlərin olmadığına istinadən, xərcləri nəzərə almadan qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə əlavə 1874,45 manat vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin və iddia ərizəsinə etiraz dəlilləri ilə eyniyyət təşkil edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir..
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarına əsasən 2022-ci ilin gəlir vergisi üzrə 1874,45 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablama onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, 2022-ci il mənfəət (gəlir) bəyannaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən olunmuşdur.
19. İddiaçının iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı xərc sənədləri natamam olduğundan özünə münasibətdə şərti rentabellik norması əsasında vergi hesablamaqla gəlir vergisini bəyan etmişdir.
20. Cavabdeh isə hesab edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin borcudur (VM-nin 16.1.3 və 16.1.7-ci maddələri). Bundan əlavə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında
22. dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur (VM 130.1, 130.2).
23. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, vergi ödəyici gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin dəqiq uçotunu aparmaq, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmək öhdəliyi daşıyır. Bu tələblər, vergi şəffaflığını təmin etmək və vergi risklərini azaltmaq məqsədilə qanunvericilikdə açıq şəkildə göstərilmişdir
24. Lakin vergi qanunvericiliyində iddiaçının özü-özünə şərti rentabellik norması tətbiq edərək gəlir və xərclərin müəyyən edilməsi və bununla bağlı müvafiq vergiləri hesablamaq hüququ verilməmişdir. Vergi qanunvericiliyi çərçivəsində, yalnız vergi orqanının şərti rentabellik normasının tətbiqi hüququ vardır.
25. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququ kimi təsbit edilmişdir. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz və qanunvericilikdə də bu kimi səlahiyyət vergi ödəyicisi üçün nəzərdə tutulmamışdır. Belə ki, əksinə gəlir və xərclərin düzgün uçotunun aparılması, nəticədə buna uyğun tərtib edilmiş bəyannamələri vergi orqanına təqdim etməklə hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir.
26. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh xərcləri təsdiq edən sənədlərin natamam olduğuna istinadən, xərcləri ümumiyyətlə nəzərə almadan iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə əlavə 1874,45 manat vergi məbləği hesablamaqda haqlı olmamış, bu zaman cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (##.##.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Yəni, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda və ya natamam olduqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh iddiaçıya vergi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad olunduğunu qeyd etsə də, onun tərəfindən verginin həmin maddənin tələbləri qaydasında hesablandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh gəlirin əldə edilməsi ilə bağlı rəsmi sənədlərlə təsdiqini tapan xərcləri qəbul etməklə kifayətlənmiş, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.