Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3424/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi; səbəbli əlaqə ilə bağlı şəhadətləndirmədə, habelə göndərişdə olan diaqnozun Meyarlarda qiymətləndirmədə mövcudluğu; Meyarlarda qiymətləndirmədə əlilliyə əsas olan xəstəliyin iddiaçıda aşkar olunması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, *******Q00001 nömrəli qərarı ilə iddiaçının “Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumaları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçıya ##.##.2015-ci il tarixdə 1 il müddətinə, ##.##.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcə əlillik təyin edilmişdir.
3. ##.##.2021-ci il, ##.##.2022-ci il və ##.##.2023-ci il tarixlərdə iddiaçının əlilliyi qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
4. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmiş, qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: - Əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri; - Ağırlaşma - F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması; - Ağırlaşma – G93.4 – Dəqiləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya II dərəcə; - Ağırlaşma – G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən; - Yanaşı xəstəliklər – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3 - nin ön səthində köhnə çapıq toxumaları.
5. İddiaçının əlilliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tibb müəssisəsinin ##.##.2023-cü il tarixli göndərişdəki diaqnozlar üzrə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə ## ###### 2023-cü il tarixli qərar qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” barədə ## ###### 2023-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçıya Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6-ci bəndində əsasən göndərişin imzalandığı ## ###### 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1993-cü ildə döyüşlərdə göstərdiyi şücaətə görə ona R hərbi rütbəsi verilmişdir. 1992, 1993 və 1994-cü illərdə döyüşlərdə müxtəlif travma və xəsarətlər almışdır. Müharibədən sonra aldığı xəsarətlərə görə sağlamlığında problemlər yaranmışdır. Ərizəsinə əlavə etdiyi ##.##.2015-ci il tarixli, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli qərarından görünür ki, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi və Patoloji Anatomiya Mərkəzində canlı müayinədə olmuşdur. Müayinə zamanı “Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumalarının olması diaqnozu qoyulmuşdur. Həmin qərar əsasında ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin elektron informasiya sistemindən əldə edilmiş ##.##.2015-ci il tarixli TSEK-in diaqnozunda göstərilmiş qeydlərə əsasən “Odlu silah yaralanmasından sonrakı vəziyyət, kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travmasından qalıq əlamətləri, xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom, dəqiqləşdirilməmiş ensefakopatiya, posttramvatik ensefalopatiya II dərəcə, dəqiqləşdirilməmiş epilepsiya, tez-tez qıcolma tutmaları” diaqnozu ilə onun həqiqətən ikinci dərəcəli əlil olduğu müəyyən edilmişdir. ##.##.2015-ci il tarixdən etibarən ##.##.2021-ci il tarixədək əlilliyinə görə pensiya almışdır. 6 il müddətinə hər il tibbi həkim komissiyasının müayinəsindən keçmiş, hər dəfəsində əlilliyi təsdiqlənmiş, lakin 2021-ci ildə müayinədən keçən zaman onun əlil olmadığı qərarına gəlmişlər. Halbuki onun xəstəliyi hər il daha da ağırlaşır. 2021-ci ildən etibarən 3 dəfə yenidən əlilliyin bərpa edilməsi üçün Respublika Əlillərin Bərpa mərkəzinə müraciət etmiş, lakin hər dəfəsində səbəb göstərmədən əlilliyinin bərpa edilməsindən imtina etmişlər. O, həmin həkim komissiyasının qərarından tamamilə narazıdır.
8. Gəncə İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim L.Əliyeva) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə ## ###### 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.6-ci bəndində əsasən göndərişin imzalandığı ## ###### 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50-60 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində birinci icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər A.Bayramov – məruzəçi, R.Mamedov və A.İsgəndərova) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş materialları mümkünlük məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
c) birinci instansiya məhkəməsində ikinci icraat
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixdən orqanizminizin funksiyalarının pozulması faiz və müddətinə uyğun olaraq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
12. Cavabdeh iddia tələbinə dair yazılı etirazda göstərmişdir ki, vətəndaşın Əlillik AS-də forma 88, sms-bildirişi mövcud olmadığından şübhəli əsaslar gətirilərək X1 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (iki) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları barədə ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Əlillik Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Nazirlər Kabinetinin ## ###### 2020ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar.
13. Birinci instansiya məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə iddiaçının müddətin bərpasına dair ərizəsi təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ##.##.2023-cü il tarixdən orqanizminizin funksiyalarının pozulması faiz və müddətinə uyğun olaraq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Əliyeva) ilə iddia qismən təmin edilmiş, İddiaçı ##.##.2023-cü il tarixdən orqanizminin funksiyalarının 50-60 faiz pozulması ilə bağlı 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz “T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri”, ağırlaşma - “F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması” və “G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən” diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2015-ci il tarixli *******Q00001 nömrəli qərarı ilə iddiaçının “Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyindən onun əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər A.İsgəndərova – məruzəçi, R.Mamedov və İ.Həsənov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iş materiallarına əlavə edilmiş tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli göndərişdə qeyd olunan diaqnozlardan əsas diaqnoz “T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri”, ağırlaşma - “F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması” və “G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən” diaqnozları iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. “xxxx” publik hüquqi şəxsin ##.##.2023-cü il tarixli, *** nömrəli Həkim Psixiatr Komissiyasının rəyində iddiaçıya təyin edilmiş diaqnoz “Üzvi( İ Qarabağ müharibəsi zamanı alınmış travma) şəxsiyyət pozuntusu, epileptik tutmalar və nitq qüsuru ilə F07.0” kimi, “xxxx” publik hüquqi şəxsin **** nömrəli ambulator xəstənin tibbi vərəqində diaqnoz “Qəlpə yaralanmasından sonakı (baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində çapıq toxumaları) vəziyyət (1992, 1993, 1994) T90.5. Posttravmatik ensefalopatiya” kimi, “xxxx” publik hüquqi şəxsinin ambulator kitabçadan (xəstəlik tarixindən) ****/**** nömrəli çıxarışında diaqnoz “F07.0 Partlayış nəticəsində keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri” kimi qeyd edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
21. Kassator əlavə olaraq göstərir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olmuşdur. Diaqnozun əlillik təyinatına əsas verməməsi iddiaçının əyani müayinəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Nəticədə Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir.
22. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyini təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə lazımi araşdırma aparmadan və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə edərək qərar qəbul edən birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir.
23. Kassasiya şikayətində Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarına, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. ... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.[10] 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
6.1.6 vegeto-damar təzahür edən pozuntuları ilə baş 50-60 2 il beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə 6.7.2. gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır 50-60 2 il tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Qeyd: ## #### 2023-cü il tarixli *** nömrəli Nazirlər Kabinetinin Qərarı (qüvvəyə minmə tarixi ##.##.2023-cü il) ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 6.7.2-ci yarımbənd ləğv edilmişdir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
32. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
Göndərişdə qeyd olunan xəstəliklərin ağırlaşmalarının mövcudluğu
33. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2023-cü il tarixdə iddiaçıya tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona aşağıdakı diaqnozları qoymuşdur: - Əsas diaqnoz – T90 – Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri; - Ağırlaşma - F07.0 – Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Koqnitiv yaddaş pozulması; - Ağırlaşma – G93.4 – Dəqiləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya II dərəcə; - Ağırlaşma – G90 – Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Vegetativ damar paroksizmləri ilə gedən; - Yanaşı xəstəliklər – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3 - nin ön səthində köhnə çapıq toxumaları.
34. İddianı təmin edən birinci instansiya məhkəməsi və onun qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri qərarların tətbiq edilən hüquq hissəsində “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.6, 6.7.2 və 7.6.2.1-ci bəndlərinə istinad etsələr də, gəldikləri nəticəni əsaslandırarkən iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin konkret olaraq hansı bəndinə uyğunluğunu göstərməmişlər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndlərində qeyd edilən diaqnozların iddiaçı barəsində tərtib edilmiş göndərişdə göstərilib-göstərilməməsi ilə bağlı məsələ tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır.
36. Belə ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddia tələblərinə baxılarkən, göndərişdə (Forma 88) qeyd olunan diaqnozun əlilliyi qiymətləndirilən şəxsdə formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənilməməli, eyni zamanda, göndərişdə göstərilmiş həmin pozuntu, çatışmazlıq və xəstəliyin Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinin şəxsdə mövcudluğu da müəyyən edilməlidir. Müvafiq olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəlik üzrə qiymətləndirmə göstəricilərindən hər hansı biri ilə uyğunluq müəyyən olunmadan şəxsə əlillik təyinatı aparıla bilməz.
Məhkəmə-tibbi ekspertizasının keçirilməsi
37. Qiymətləndirmə meyarlarının hər hansı birinin mövcudluğu ilə bağlı yaranmış mübahisənin həlli üçün ekspertiza keçirilməsinə zərurət yarandığı hallarda, ilk növbədə nəzərə alınmalıdır ki, ekspert qarşısında hüquqi deyil, yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən olunmasına dair suallar qoyula bilər. Belə suallar yalnız göndərişdə göstərilmiş xəstəliyin özünün mövcudluğunun deyil, həm də həmin xəstəliyin “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əskini tapmış müvafiq ağırlaşmalara uyğunluğunun yoxlanılmasını da əhatə etməlidir.
38. Bu zaman, göndərişdə göstərilmiş xəstəliklərlə bağlı ekspert qarşısında qoyulmuş suallar şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarlarına uyğun olaraq bütün bəndlər üzrə yoxlanılmasına imkan verəcək qaydada tərtib edilməlidir. Ekspert rəyində isə şəxsin sağlamlıq vəziyyətinin həmin bəndlərdə sadalanan hallardan hər hansı birinə (və ya bir neçəsinə) uyğun gəlib-gəlmədiyi barədə dəqiq mövqe bildirilməlidir.
39. Hazırkı iş üzrə məhkəmə kolelgiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozların onun əyani müayinəsi zamanı mövcud olub-olmaması məsələsi araşdırılmalı, zərurət olduğu hallarda iş üzrə cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən məhkəmə-tibbi ekspertizası keçirilməlidir.
Əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi
40. Əlilliyin xüsusi səbəblərdən müəyyən oluna bilməsi üçün xəstəlik hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamədə göstərilməli, eyni zamanda, həmin xəstəlik göndərişdə əks olunmalı (və ya yuxarıda 2-ci bənddə qeyd olunduğu kimi səbəbli əlaqəsi təsdiqlənməli) və diaqnoz “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş sözügedən xəstəlik üzrə qiymətləndirmə göstəriciləri ilə uyğunluq təşkil etməlidir.
41. Hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamələrdə əksini tapmış diaqnozlar əsasında əlilliyin müəyyən olunması yalnız şəhadətnamədə göstərilən xəstəliklə göndərişdə mövcud olan diaqnozlar arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsindən asılıdır. Buna görə, əgər göndərişdə göstərilmiş xəstəlik şəhadətnamədə əksini tapmış diaqnozla birbaşa eynilik təşkil etməsə belə, onun səbəb əlaqəsinin nəticəsi kimi qəbul edilə bilərsə, eləcə də həmin xəstəlik əlillik təyinatı üçün əsas verirsə, əlillik xüsusi səbəblə müəyyən oluna bilər. Bunun üçün isə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli və ekspert rəyində diaqnozlar arasında tibbi baxımdan səbəb-nəticə əlaqəsinin mövcudluğu, həmin əlaqənin xarakteri və zaman içərisində funksional pozuntulara birbaşa təsiri aydın şəkildə əsaslandırılmalıdır.
42. Bu zaman həmin səbəbli əlaqənin real mövcudluğu müəyyən olunmalıdır. Belə ki, xüsusi səbəbdən yaranmış xəstəliklə göndərişdə göstərilən diaqnoz arasında uzun müddət (məsələn, 10–15 il və ya daha artıq zaman) keçdikdən sonra səbəb-nəticə əlaqəsinin mövcudluğu iddia edildikdə, bu əlaqənin tibbi baxımdan əsaslandırılması və müvafiq sübutlarla təsdiq edilmiş olması tələb olunur.
43. Vaxt intervalının uzunluğu nəzərə alınmaqla, xəstəliklərin təbii inkişaf dinamikası, mümkün alternativ etioloji amillər və aralıq tibbi müdaxilələr də araşdırılmalı, səbəbli əlaqə yalnız ehtimallara deyil, obyektiv tibbi göstəricilərlə əsaslandırılmalıdır.
44. Bir sıra hallarda xəstəlik haqqında şəhadətnamədə diaqnozun səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərildiyi halda, həmin xəstəlik göndərişdə “yanaşı xəstəlik” kimi qeyd edilir.
45. Bununla bağlı nəzərə alınmalıdır ki, həmin “yanaşı xəstəlik” əlillik təyinatına əsas verdiyi hallarda şəxsə əlillik xüsusi səbəblərdən təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.14-cü bəndində göstərilmişdir ki, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
46. Hazırkı işin hallarından görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, *******Q00001 nömrəli qərarı ilə iddiaçının “Qəlpə yaralanmalarından sonra baş, sağ burun və sol baldırın orta 1/3-nin ön səthində köhnə çapıq toxumaları” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
47. Lakin bu diaqnoz ilə olan xəstəliyin Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda qiymətləndirmə altbölməsində öz əksini tapıb-tapmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamışdır.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, işə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan hallar araşdırılmalı, iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd edilən diaqnozların Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda qiymətləndirmə altbölməsinə uyğunluğu yoxlanılmalı, əlilliyin xüsusi səbəb əlaqəsinin təsdiqlənməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, *******Q00001 nömrəli qərarı ilə iddiaçıda müəyyən edilmiş diaqnozun əlilliyin müəyyən olunmasına imkan verib-vermədiyi araşdırılmalı, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarlarına uyğunluğu barədə cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.
49. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.