Məhkəmə qərarları › İş №2-1(102)-343/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-343/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-343/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11.2021-ci il tarixli, 21(103)-2766/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dərbənd rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin 05.07.1968ci il tarixli 37 nömrəli akt qeydində və Dağıstan Respublikası Dərbənd RDİŞ-ə təqdim olunmuş “Pasport alınması üçün ərizə”də İddiaçı doğum yeri “Padar kəndi” göstərilmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticələrinə dair 29.06.2021-ci il tarixli ******* nömrəli arayışda iddiaçının Azərbaycan Respublikası vətəndaş ı olmadığı qeyd edilmişdir.

3. Rusiya Federasiyası Dağıstan Respublikası Ədliyyə Nazirliyi VVAQ İdarəsinin Dərbənd rayonunda Cənub-ərazi dairəsi üzrə VVAQ şöbəsinin 162 nömrəli “Doğum haqqında arayış”ında iddiaçının doğulduğu yer Azərbaycan SSR, Bakı şəhəri qeyd edilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.05.2016-cı il tarixli 2(006)4030/2016 nömrəli qətnaməsi ilə iddiaçının doğum yerinin Bakı şəhəri olması hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(103)-5186/2021 nömrəli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçinin (İddiaçı) doğumu ilə bağlı məlumatlar Dərbənd rayonu P adar kənd sovetliyi tərəfindən aparıldığı, ərizəçinin qeydiyyatının düzgün aparılmaması ilə bağlı həmin orqana müraciət etmək hüququ olduğu halda, o, məhkəmə qaydasında baxılmalı olmayan ərizə ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29.06.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası vətəndaşı olması mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanına əsasən «Azərbaycan Respublikası vətəndaşlığı məsələlərinə baxılması və onları n həlli qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq vətəndaşlıqla bağlı məsələlər AR Dövlət Miqrasiya Xidmətinin səlahiyyəti çərçivəsindədir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi Qaydası»nın tələblərinə uyğun olaraq İddiaçı vətəndaşlıq mənsubiyyəti AR Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılmış və 30 avqust 2019-cu il tarixli arayışa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olduğu bildirilmişdir. X1 Xidmətinin 29 iyun 2021-ci il tarixli arayışından görünür ki, 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixli müraciətinə baxılaraq, onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsəsən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilməsi barədə əsassız qərar verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixdə müraciəti olmamışdır. Sözügedən müraciətin kim tərəfindən verilməsinin müəyyən edilməsi üçün vəkil tərəfindən həmin İdarəyə sorğu göndərilmişdir. Hesab edilir ki, AR Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır.

7. Cavabdeh yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının Azərbay can Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı əvvəlki sorğularına baxılarkən sona verilmiş şəxsiyyət vəsiqələrində doğum yeri Azərbaycan Respublikası göstərildiyindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olduğu qənaətinə gəlinmişdir. Lakin əldə edilmiş məlumatlara əsasən şəxsin doğum yerinin Rusiya Federasiyasının Dərbənd rayonunun Padar kəndi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi onun doğum yeri əsas götürülməklə verilmişdir. Bundan başqa, əldə olunmuş məlumatlara əsasən şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə məhv edildiyindən həmin sənədləri nəzərdən keçirmək mümkün olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığında olmasının digər meyarı kimi onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması məsələsi araşdırılmış və bununla bağlı Daxili İşlər Nazirliyi Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə Məlumat şöbəsinə sorğu verilmişdir. 25.06.2021-ci il tarixində əldə olunmuş məlumata əsasən şəxsin adıçəkilən Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Bundan başqa, işin hallarından da görünür ki, şəxs Rusiya Federasiyasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Göstərilən hallara əsasən cavabdeh imtinasının əsaslı olduğunu və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığını hesab edir.

8. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-8435/2021 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsasların dairəsini konkret müəyyən etmişdir və onun Azərbaycan Respublikasının ərazisində doğulması, Azərbaycan Respublikasının vətəndaşının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaq şərtilə Azərbaycan Respublikasının vətəndaşlığında olması bu əsaslar sırasına daxildir. İddiaçının isə doğum yeri ilə bağlı bir-birini təkzib edən xüsusatlar mövcud olsa da, məhkəmə onun doğum yerinin Bakı şəhəri olmaması, yəni Dağıstan Respublikası, Padar kənd i olması ilə bağlı sənədləri daha mötəbər qiymətləndirmişdir. 10 İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11.2021-ci il tarixli, 21(103)-2766/2021 nömrəli qərarına əsasən (sədrlik edən Azər Hüseynov, hakimlər Səadət Bəktaşi və Aida Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-8435/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11. 2021-ci il tarixli, 2-1(103)-2766/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin imtinası natamamdır. Belə ki, həmin cavabda qeydiyyatın olmadığı deyil, qeydiyyatla bağlı məlumatın olmadığı qeyd olunub. Qeydiyyatla bağlı məlumatın olmaması isə qeydiyyatın olmadığını iddia etmək üçün əsas deyil. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin də saxlama müddəti bitdiyindən qeydiyyat məsələsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Baş Prokurorluğun iddiaçının mənsubiyyəti nin araşdırılması ilə bağlı cavabdehə ünvanlandığı sorğu qanunvericiliyə uyğun deyil. Həmin sorğu əsasında mənsubiyyət araşdırıla bilməzdi. İddiaçı Rusiya Federasiyası vətəndaşlığından çıxıb və hal-hazırda vətəndaşsızlıq halındadır. Bu isə Konvensiyaya ziddir. Səbail RPİ-nin İstintaq Şöbəsinin qərarına əsasən də fakta görə başlanmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinə əsasən xitam verilmiş və iddiaçıya doğum haqqında şəhadətnamənin əsasında şəxsiyyət vəsiqəsi verilərkən hər-hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarş ı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun Maddə

5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq su rətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. (-) 17. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş)

2. Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirildiyi hallar (-) 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; (-)

3. Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması (-) 3.4. Şəxsin Azərb aycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: (-) 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); (-)

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar (-) 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. (-)

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 05.07.1968-ci il tarixdə Dərbənd Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsində 37 nömrəli doğum haqqında akt qeydinə əsasən iddiaçının doğum yerinin Rusiya Federasiyasının Dərbənd rayonunun Padar kəndi olduğu müəyyən edilmişdir. İddiaçı halhazırda Rusiya Federasiyasının vətəndaşıdır. Eyni zamanda “Azərbaycan Res publikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabr ayının 7dək) iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.

23. Göründüyü kimi, iddiaçının adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamışdır. Bu halı isə qanunvericilikdə birbaşa şərt kimi nəzərdə tutulduğundan iddiaçının adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir.

24. Hazırkı qərarın 16-17-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, ancaq o halda iddiaçının qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun. Belə bir halın mövcudluğu isə iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçının həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddiaçıya münasibətdə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.3-cü bəndi tətbiq edilə bilməz.

25. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı tələbinin təmin edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

26. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11.2021-ci il tarixli, 2-1(103)-2766/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.11.2021-ci il tarixli, 21(103)-2766/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar