Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3444/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Feyzullayeva İnci Kamil qızının cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və digərləri) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Feyzullayeva İnci Kamil qızının cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər: üçüncü şəxs1 (SOCAR) və digərləri) qarşı “Səbail Rayon İcra Hakimiyyətinin ## #### 2020-ci il tarixli */**-*** saylı məktubunun qanunsuz hesab edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1.RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, ünvan 1 şosesi, sahə 261 ünvanda yerləşən 0.0228 (hektar) torpaq sahəsi Feyzullayeva İnci Kamil qızına məxsusdur. 2.Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən Feyzullayeva İnci Kamil qızına verilmiş ##.##.2019-cu il tarixli, № */**-F-**-*** saylı məktubunda qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2019-cu il tarixli, Seriya RX ******* nömrəli çıxarışına əsasən, ünvan 1 şosesi, *** saylı sahə ünvanında mülkiyyətində olan torpaq sahəsində mövcud fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (Lisenziya № EL***/****, ##.##.2018-ci il) baxıb onu razılaşdırırlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində “məlumatlandırma icraatı təqdim edilən yaşayış evinin razılaşdırılmış layihəsinə uyğun tikintisinə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Eyni zamanda, Məcəllənin 102.6-cı maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra, bu barədə 10 iş günü müddətində Rayon İcra Hakimiyyətinə məlumat verilməsi qeyd olunmuşdur. 3.Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən Feyzullayeva İnci Kamil qızına ünvanlanmış ##.##.2020-ci il tarixli № */**-625 məktubunda qeyd edilir ki, “ünvan 1 şosesi, sahə *** saylı ünvanda mülkiyyətinizdə olan torpaq sahəsində mövcud tikilinin sökülərək yenidən tikilməsinə dair məlumatlandırma icraatı qaydasında təsdiq edilmiş */**-F-**-*** saylı, ##.##.2019-cu il tarixli layihə ləğv edilir”. 4.Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Feyzullayeva İnciyə ünvanlanmış ##.##.2020-ci il tarixli, № **-f-**-*** saylı məktubda qeyd edilmişdir ki, “ünvan 1 şosesi, sahə *** saylı ünvanda mülkiyyətinizdə olan torpaq sahəsində mövcud tikilinin sökülərək yenidən tikilməsinə dair məlumatlandırma icraatı qaydasında təsdiq edilmiş memarlıq-planlaşdırma həllinin ləğvi barədə Səbail Rayon icra Hakimiyyətinə ünvanlanan F-**-*** saylı, ##.##.2020-ci il tarixli müraciətə baxılmışdır. Mövcud tikilinin sökülərək yeni layihə əsasında aparılan tikinti işləri zamanı müəyyən problemlər yarandığından həmin fərdi yaşayış evinin tikintisinə dair tərtib edilən memarlıq planlaşdırma həlli ləğv edilmişdir. Mövcud olan problemlər aradan qaldırıldıqdan sonra qaldırılan məsələyə yenidən baxıla bilər”. 5.üçüncü şəxs1 ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində və hal-hazırda neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsindəki icraat 6.Feyzullayeva İnci Kamil qızı (bundan sonra – “iddiaçı”) Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsində tikinti işlərinin aparılmasını qadağan edən Səbail rayon İH başçısının ## #### 2020-ci il tarixli 3/10-*** №-li məktubunun qanunsuz hesab edilməklə ləğv edilməsi və verilmiş layihə sənədlərinə uyğun olaraq tikinti işlərinin aparılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini” xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 şosesi, 261-ci sahədə yerləşən 0,0228 ha torpaq sahəsini iddiaçı, X1 ilə Bakı şəhəri ** saylı notariat ofisində 2018-ci il ######ın ##-da bağlanmış və 4Ə-**** №-li reyestrdə təsdiq olunmuş AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış, bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin * saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının adına ## ###### 2019-cu il tarixli A seriyalı ****** №-li torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və adına həmin idarə tərəfindən ## ###### 2019-cu il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətində olan adıçəkilən torpaq sahəsinə dair tərtib olunmuş ## ###### 2018-ci il tarixli EL-***/**** №li memarlıq-planlaşdırma layihəsi əsasında mövcud tikilinin sökülməsi və yeni tikinti işlərinin aparılmasına dair Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu tərəfindən ## ###### 2019-cu il tarixli, 3/10- F-23-*** №-li razılaşdırılmış məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, tikinti işləri başa çatdıqdan sonra 10 iş günü ərzində İH-yə məlumat verilməsi tövsiyə olunmuşdur. Bundan sonra, tikintinin aparılması işlərinə başlamaq üçün əraziyə tikinti materialları gətirib işə başlamaq istəyərkən ona məlum olmuşdur ki, cavabdeh onun xəbəri olmadan ## #### 2020-ci il tarixli 3/10-*** №-li məktubla tikinti işlərinin başlanmasına icazə verilməsi barədə ## ###### 2019-cu il tarixli 3/10-F-23-*** №-li sərəncamı ləğv etmişdir. 2020-ci il ######un ##-də müraciət edərək hüquqlarının kobud surətdə pozulması ilə nəticələnən ## #### 2020-ci il tarixli 3/10-*** №-li sərəncamın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh aparılacaq tikinti işlərinin guya hansısa problemlər yaradacağı səbəbi ilə bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının kobud surətdə pozulması ilə nəticələndiyindən etibarsız hesab edilməlidir. Çünki o, təsdiq olunmuş yeni layihəyə uyğun olaraq tikinti işlərinə başlamış, birinci mərtəbəni inşa etmiş, tikinti işlərinin aparılması üçün külli miqdarda xərc çəkmişdir. 8.Bakı İnzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin olunmuşdur. 9.Ərizəçilər üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 vəsatətlə məhkəməyə müraciət edərək, onların iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, Bakı İnzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə, həmin vəsatət təmin edilərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2021-ci il tarixli, 2- *(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər.
11. Bundan başqa, Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs1 (SOCAR) üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim - H.Ağalarov).
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı, müvafiq ərazidə neft quyusunun olub-olmamasının, istismarının dayandırılıb-dayandırılmamasının, əgər varsa, həmin torpaq sahəsində tikintinin aparılmasına maneə təşkil edib-etməməsinin, hansı təhlükəsizlik tədbirləri görülməklə tikinti işlərinin aparılmasının mümkün olmasının, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsinin, torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı) müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti vəsatətlə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan mütəxəssis rəyinin təqdim edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən məktubda nəzərdə tutulmuş xidmət haqqının ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi qeyd edilmişdir. İddiaçı tərəfindən müvafiq xidmət haqqının ödənilməsindən imtina edilmiş, bu səbəbdən iş materialları ekspert tərəfindən icra edilmədən geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf ekspertiza üçün tələb olunan xərci ödəməkdən imtina etməklə ekspertizanın keçirilməsinə mane olduğundan, ekspertiza təyin edilən faktlar onun xeyrinə şərh edilə bilməz.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək Səbail Rayon İcra Hakimiyyətinin ## #### 2020-ci il tarixli */**-*** nömrəli məktubu qanunsuz hesab edilmiş və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin aparılmasına yaradılmış maneələrın aradan qaldırılması qərara alınmışdır (sədrlik edən - R.Səmədov, hakimlər - X.Cəmilova, O.İsmayılov).
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə müraciətlər edilmiş, inzibati orqan tərəfindən iddiaçıya cavab verilərək qeyd edilmişdir ki, mövcud tikilinin sökülərək yeni layihə əsasında aparılmış tikinti işləri zamanı müəyyən problemlər yarandığından həmin fərdi yaşayış evinin tikintisinə dair tərtib edilmiş memarlıq planlaşdırma həlli ləğv edilmiş, mövcud problemlər aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxıla biləcək.
17. Məhkəmə kollegiyası bildirmişdir ki, qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tikinti işləri barədə məlumatlandırma icraatı qaydasında müvafiq sənədləri təqdim edən şəxsə müəyyən olunmuş müddət ərzində iradlar bildirilmədikdə şəxs tikinti işlərinə başlaya bilər. Bu iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Hazırkı işin hallarından göründüyü kimi, cavabdeh inzibati orqan heç bir əsaslandırılma aparılmadan, qanunvericiliyin tələbi pozulmaqla */**-F-**-*** saylı, ##.##.2019-cu il tarixli layihəni (memarlıq-planlaşdırma həlli layihəsinin razılaşdırılması haqqında) ləğv etmişdir.
19. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 məhkəmə kollegiyasına müraciət edərək bildirmişlər ki, iddiaçı ilə aralarında barışıq əldə olunmuş və hazırda biri-birilərinə qarşı hər hansı iddia və tələbləri yoxdur. Hazırda ərizə ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma və inzibati mübahisəyə yenidən baxılmasına dair” vəsatətlərini geri götürürlər və Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına etiraz etmirlər.
20. Qərardan narazı qalan üçüncü şəxs üçüncü şəxs1 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən, məhkəmə işi hərtərəfli araşdırmamışdır. Həmin torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Torpaq sahəsində qaz quyusunun olması barədə üçüncü şəxslərin arqumentləri nəzərə alınmamışdır. Belə ki, üçüncü şəxs2 və qeyriləri müxtəlif dövlət qurumlarına, eləcə də Bakı İnzibati Məhkəməsinə göndərdikləri şikayət məktublarını belə əsaslandırmışlar ki, iddiaçı tərəfindən tikinti norma və qaydaları gözlənilmədən, evlər arasında ara məsafələri saxlanılmadan tikinti işləri həyata keçirilmiş və müvafiq inzibati orqanlar həmin tikinti işlərinin aparılmasına göz yummuşlar. Eləcə də iddiaçı istismarı müvəqqəti olaraq dayandırılmış neft-qaz quyusunun üzərində ev tikmişdir. Halbuki həmin neft-qaz quyusundan müxtəlif vaxtlarda qaz sızmaları olmuşdur. üçüncü şəxs2 və qeyriləri, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına ona görə etiraz edirlər ki, torpaq sahəsində həm ağzı qaynaqlanmış qaz quyusu vardır, bu da partlayışa səbəb olub, onların həyatı üçün təhlükə yarada bilər, həm də tikinti normaları gözlənilməmişdir. Məlumdur ki, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. İddia edilən torpaq sahəsinin Kontrakt sahəsinin daxilində olduğunu təsdiq edən xəritədən çıxarış təqdim edilmiş, eləcə də yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir.
22. Hesab edirlər ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə X3 Sovetinin ##.##.1991-ci il tarixli, */*** №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə Avropa İnsan Haqları Konvensiyasının * saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən istifadəyə nəzarət).
23. Bundan başqa, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərin ayrıayrı fiziki şəxslərin mülkiyyətinə verilməsi həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradır, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxarır.
24. Bu isə neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkə iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir.
25. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarında müəyyən edilmiş hallara görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, onların daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1-ci əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə görə, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4-cü maddəsinə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1-ci maddəsinə əsasən, bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədəmüvafiq hesab edir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət vermədən və işin mahiyyəti ilə bağlı məsələyə münasibət göstərilməmişdən öncə iddianının mümkülük məsələsi ilə bağlı halları vurğulamağı zəruri hesab edir.
35. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi Səbail Rayon İcra Hakimiyyətinin ## #### 2020-ci il tarixli */**-*** nömrəli məktubunun qanunsuz hesab edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılmasına yönəlmişdir. Yəni, iddiaçının məqsədi tikinti işlərinin maneəsiz şəkildə aparılmasından ibarətdir.
36. İş materiallarından görünür ki, apellyasiya icraatı zamanı iddiaçının vəkili ##.##.2025-ci il tarixdə “Bakı şəhəri, ünvan 1 şosesi, sahə 261 ünvanında yerləşən 0.0228 ha torpaq sahəsi və torpaq sahəsində inşa olunmuş daşınmaz əmlak xüsusi mülkiyyətdir, buna dair iddiaçının mülkiyyət hüquqları Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ##.##.2022-ci il tarixdə 1122083518 nömrə ilə qeydiyyata alınaraq, çıxarış verilmiş, həmçinin də həmin daşınmaz əmlaka dair texniki pasport tərtib edilmişdir” məzmunlu ərizə ilə müraciət etmişdir.
37. Qeyd edilmiş ərizənin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı olan tikinti işləri aparmaq istədiyi daşınmaz əmlaka hüquqlar artıq qeydiyyata alınmış, üstəlik inşa olunmuş evə texniki pasport da verilmişdir.
38. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə ümumiyyətlə qiymət verməmiş, o cümlədən hazırda mübahisənin mövcud olub-olmasına və iddiaçının hazırkı iddia tələbinin təmin edilməsində hüquqi marağnının qalıbqalmamasına aydınlıq gətirməmişdir.
39. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
40. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən bildirir ki, təkrar apellyasiya baxışı zamanı ilk öncə inzibati mübahisənin ümumiyyətlə mövcud olub-olmaması aydınlaşdırılmalı və iddiaçının hüquqi marağının qaldığı təqdirdə iddia tələbinə mahiyyəti üzrə qiymət verilməlidir.
42. Məhkəmə kollegiyası həmçinin bildirir ki, təkrar apellyasiya baxışı zamanı iddianın mümkün sayılacağı təqdirdə “mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsində və ya yaxınlığında neft quyusunun olub-olmamağı, olduğu təqdirdə istismarının dayandırılılıb-dayandırılmamağı, eləcə də bunun həmin torpaq sahəsində tikintinin aparılmasına maneə təşkil edib-etməməyi” kimi halların araşdırılması zəruridir.
43. Maraqlısı odur ki, istər birinci instansiya icraatı zamanı, istərsə də apellyasiya baxışı zamanı məhkəmə qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə sadalanan hallarla bağlı ekspert qarşısında suallar qoyulsa da, müvafiq xidmət haqqının ödənilməməsi səbəbindən həmin rəy məhkəməyə təqdim olunmamışdır.
44. İddiaçı isə apellyasiya şikayətinin dəlillərində bu ödənişdən imtina etmədiyini irəli sürmüşdür.
45. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi düzgün qərarın qəbuluna imkan verən sadalanmış bu mühüm faktiki hallar müəyyən edilməsi üçün təkrar ekspertiza və ya araşdırma aparmadan iş üzrə iddianın təmin edilməsi barədə qərar çıxarılmasını mümkün hesab etmişdir.
46. Bundan başqa, mübahisələndirilən məhkəmə qərarından görünür ki, işə baxmış məhkəmə kollegiyası qərarını “üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 ilə iddiaçı arasında barışıq əldə olunmasını və hazırda biri-birilərinə qarşı hər hansı iddia və tələblərinin olmamasını” rəhbər tutmaqla iddianı təmin etmişdir.
47. Kollegiya göstərilən mövqe ilə razılaşmayaraq qeyd edir ki, işə baxmış məhkəmə kollegiyası ekspertiza təyin etməklə mübahisəli tikintiyə müdaxilənin qanuniliyinin müəyyən edilməsini zəruri hesab etmişdirsə, bu halda həmin imkanı sonadək tükətməli idi. Nəzərə almaq lazımdır ki, bu halların aydınlaşdırılması müvafiq olaraq iddia tələbinin əsaslılığına qiymət verilməsi baxımından həlledicidir.
48. Xüsusi ilə qeyd olunmalıdır ki, apellyasiya icraatı zamanı iddiaçı ilə üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 arasında barışığın əldə olunması, digər üçüncü şəxs olan üçüncü şəxs1 dəlillərinə qiymət verməmək və ya araşdırmamaq, eləcə də tikintinin həyata keçirilməsini mümkün hesab etmək üçün əsas deyildir.
49. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
51. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
53. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.