Məhkəmə qərarları › İş №2-1(102)-3458/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3458/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3458/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1968-ci il təvəllüdlü iddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək texniki peşə məktəbində təhsil almış və ##.##.1987-ci il tarixdən əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının tələb olunan güzəştli sığorta stajı olsa da, onun ümumi sığorta stajı 20 ildən az (15 il 5 ay 9 gün) təşkil edir. Belə ki, iddiaçının ##.##.1995-##.##.2005-ci il tarixləri arasında öz hesabına məzuniyyətdə olduğu dövrlərin, eləcə də ##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək əyani formada təhsil aldığını təsdiq edən sənəd təqdim etmədiyindən, təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyildir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda onun ümumi və zərərli sahədə topladığı staj ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa əsas verir. O, bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun ümumi iş stajının 20 ildən az olduğunu əsas gətirərək, onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh onun əyani peşə təhsili aldığı dövrü və öz hesabına məzuniyyətdə olduğu dövrləri onun ümumi stajına daxil etməmişdir. Halbuki, onun işlədiyi dövrdə həm peşə təhsili müddəti, həm də öz hesabına müəssisə tərəfindən məcburi buraxıldığı məzuniyyət müddəti ümumi iş stajına daxil edilirdi. Həmin müddətlərin ümumi staja daxil edilməməsi barədə normativ akt sonradan qəbul olunmuşdur. Odur ki, cavabdehin imtinası tam əsassızdır.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının ##.##.2006cı il tarixədək ümumi iş stajı 20 ildən az təşkil edir. İddiaçının əmək kitabçasında və Etilen- Polietilen Zavodunun ##.##.2022-ci il tarixli arayışında onun ##.##.1989-cu il tarixdən ##.##.2012-ci il tarixədək həmin müəssisədə işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun ##.##.1995-ci il – ##.##.1995-ci il, ##.##.1999-cu il – ##.##.1999-cu il, ##.##.2000-ci il – ##.##.2000-ci il, ##.##.2000-ci il – ##.##.2000-ci il, ##.##.2001-ci il – ##.##.2001-ci il, ##.##.2001-ci il – ##.##.2001-ci il, ##.##.2001-ci il – ##.##.2001-ci il, ##.##.2002 – ##.##.2002-ci il, ##.##.2003-cü il – ##.##.2003-cü il,##.##.2003-cü il – ##.##.2003-cü il, ##.##.2003-cü il – ##.##.2003-cü il, ##.##.2003-cü il – ##.##.2003-cü il, ##.##.2004-cü il – ##.##.2004-cü il, ##.##.2005-ci il – ##.##.2005-ci il, ##.##.2005-ci il – ##.##.2005-ci il, ##.##.2005-ci il – ##.##.2005-ci il, ##.##.2006-cı il – ##.##.2006-cı il, ##.##.2006-cı il – ##.##.2006-cı il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 1 il 5 ay 13 gün) öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu fakt Etilen-Polietilen Zavodunun arxivçisi və Mərkəzi Filialın mütəxəssisi tərəfindən ##.##.2023-cü il tarixli birgə aktla təsdiq edilib. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş diplomda onun ##.##.1984-cü il – ##.##.1987-ci il tarixləri arasındakı dövr ərzində təhsil aldığı müddətin əyani olub-olmaması barədə heç bir qeydin mövcud olmaması və bunu təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Könül Həbibova) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə cavabdeh 1995-2006-cı illərdə hər ilə münasibətdə olan dövrləri toplamaqla iddiaçının ümumilikdə 1 il 5 ay 13 gün öz hesabına məzuniyyətdə olduğuna istinad etmişdir ki, qeyd olunan dəlilin heç bir normativ əsası mövcud deyil. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda istinad olunmuş kassasiya instansiya məhkəməsinin qərarlarında isə hazırkı dəlilə dair birbaşa heç bir mövqe bildirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin qüvvəyə mindiyi ##.##.1999-cu il tarixədək qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Qanunun tələblərinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzrlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda, işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir (maddə 29-30). Həmin Qanunun 2-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Bundan əlavə, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər isə təqvim üzrə heç bir halda və ümumilikdə 6 aydan artıq olmamışdır. Cavabdehin ikinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, “xxxx” Qanunun 10.7ci maddəsinə əsasən, peşə təhsili müəssisələrində təhsil alma əyani formada həyata keçirilir. Göründüyü kimi, norma dispozitiv məzmunlu deyildir və adıçəkilən Qanunda qiyabi sözü belə işlədilməmişdir. Hazırkı halda iddiaçının attestatının mötəbərliyi mübahisələndirilmir və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının qiyabi formada peşə təhsili alması qeyri-mümkündür. Bununla da müəyyən olunur ki, cavabdehin ##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək təhsil aldığı dövrlər ilə bağlı dəlili də əsassız olmuşdur.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İsmayıl Quliyev /sədrlik edən və məruzəçi/ Vəfa Əzizova və Gülnar Cabbarova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.

11. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh hazırda iddiaçının 14 il 1 ay 10 gün güzəştli iş stajına və 19 il 3 ay 9 gün ümumi iş stajına malik olduğunu qəbul edir. Belə ki, cavabdeh ilk əvvəl mübahisələndirsə də, sonradan iddiaçının ##.##.1984-##.##.1987-ci il tarixləri arasındakı əyani təhsil dövrünü nəzərə almışdır. Cavabdehin apellyasiya şikayətinin dəlili iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrlərlə bağlıdır. Belə ki, cavabdeh iddiaçının ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu müddətin yalnız 6 ayını nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş “Azərkimya” İstehsalat Birliyi Etilen-Polietilen Zavodu tərəfindən verilmiş ##.##.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı ##.##.1995- ##.##.2005-ci il tarixləri arasındakı müəyyən dövrlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, işlədiyi müəssisə ödəniş edə bilmədiyinə görə məcburən işçiləri məzuniyyətə çıxarırdı, o və iş yoldaşları növbəli şəkildə məcburən məzuniyyətə çıxarılmışdır. Göründüyü kimi, iddiaçının mübahisəli dövrlərdə ödənişsiz məzuniyyətdə olması işin halları və iddiaçının izahatı ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, ödənişsiz məzuniyyətdə olan dövrlərin altı ayının iş stajı kimi nəzərə alınması, altı aydan artıq olan dövrlərin isə nəzərə alınmaması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi vardır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli və ##.##.2022-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarları). İddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətin altı ayı nəzərə alınsa belə, onun güzəştli şərtlərlə pensiya təyini üçün tələb edilən 20 il iş stajı tamam olmur.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar, yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

29. Bu qərarın 15 və 17-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanması.

30. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən biri, yəni ümumi stajla bağlı şərt iddiaçıya münasibətdə ödənilmir. Belə ki, iddiaçının 2006-cı il ######ın #-dək qanunvericiliklə tələb olunan 20 il ümumi sığorta stajını topladığı iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

31. İşin müəyyən edilmiş hallarına görə, hazırda tərəflər arasında mübahisə iddiaçının ##.##.1995-##.##.2005-ci il tarixləri arasında öz hesabına məzuniyyətdə olduğu dövrlərlə bağlıdır. İddiaçı həmin müddətin sosial sığorta stajı kimi tam nəzərə alınmalı olduğunu hesab edir.

32. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin ödənişsiz məzuniyyətdə olduğu dövrlər üzrə müddətin yalnız 6 ayı onun sosial sığorta stajına daxil edilir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

33. Beləliklə, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

34. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar