Məhkəmə qərarları › İş №2-1(102)-3462/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3462/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3462/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, X2, X1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən 1,47 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair Xaçmaz rayon torpaq şöbəsi tərəfindən onların adına ## #### 1997-ci il tarixli, JN-2126 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir.

2. Eyni zamanda, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 1,47 ha torpaq sahəsinə dair inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı il tarixli, JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmiş və aktın tərtib edilməsi əsası olaraq Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, *-***a/**** nömrəli qətnaməsi göstərilmişdir.

3. Iddiaçı İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 1,47 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmiş, cavabdehin ##.##.2023cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-2126 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 1,47 ha torpaq sahəsinin faktiki yeri vahid məlumat bazasında (DWG) dövlət reyestrində digər şəxsin adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin cizgisi ilə kəsişir.

4. Daha sonra iddiaçı yenidən ##.##.2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək, 1,47 ha torpaq sahəsinə dair adına dövlət reyestrindən çıxarış verilmiş şəxs barədə ona məlumat verilməsini xahiş etmiş, müraciətə cavab olaraq cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, müraciət olunan torpaq sahəsinə dair Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, *-***a/**** nömrəli qətnaməsinə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı il tarixli, JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 5.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia olunan 1,47 ha torpaq sahəsi ona və ailə üzvlərinə ayrıldığı 1997-ci ildən bu günədək istifadəsindədir. Vəkil sorğusuna cavab olaraq Qusar Rayon Məhkəməsi tərəfindən ## ###### 2023-cü il tarixli, məktubla bildirilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında *-***a/**** nömrəli iş mövcud deyildir. Bu səbəbdən, həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Onun və ailə üzvlərinin adına olan JN-2126 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 1,47 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsinə maneə törədən yalnız inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına verilmiş JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktıdır. Həmin dövlət aktı Qusar Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli, *- ***a/**** nömrəli qətnaməsinə əsasən işlənmişdir. Göstərilən qətnamə isə Qusar Rayon Məhkəməsində qeydiyyatdan keçməyən “qətnamə”dir. Yəni, həmin dövlət aktı mövcud olmayan (saxta) qətnamə əsasında verilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilməmişdir.

8. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) ## ##### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Qusar Rayon Məhkəməsinin mövcud olmayan qətnaməsi əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının qanunsuz olmasına münasibətdə nəzərə almaq lazımdır ki, üçüncü şəxs tərəfindən torpaq sahəsinə çıxarışın alınması və buna dair etirazının olmaması onun (iddiaçının) iradə ifadəsini nümayiş etdirir. Qeyd olunan torpaq sahəsinin üçüncü şəxsin istifadəsində 10 ildən artıq olması və həmin sahənin geri qaytarılması ilə bağlı iddiaçının hər hansı bir tələbinin olmaması yuxarıda qeyd olunan razılıq əlamətinin olmasına dəlalət edir. Hətta qeyd olunan torpaq sahəsinə dair qanunsuz olaraq üçüncü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi təsdiqlənsə belə, onun 10 ildən artıq torpaq sahəsi üzərində fasiləsiz və etirazsız mülkiyyət hüququnun həyata keçirilməsi həmin əmlakın onun mülkiyyəti hesab edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Iddiaçı tərəfindən təqdim edilən sübutlarla mübahisə predmetinə dair Torpaq Məcəlləsinin 73-cü maddəsində nəzərdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarından hər hansı əsas müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən torpağa dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir.

11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) ## ###### 2024cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Efendiyeva (Əfəndiyeva) Zahidə Fateh qızı, Abdullayeva (Əfəndiyeva) Züleyxa Rauf qızı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

14. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının verilməsinə əsas olan sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xxxx MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzin arxivində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına tərtib edilmiş JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına verilmiş JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ləğv edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 17.1. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq, əvvəla, onu qeyd edir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin adına verilmiş dövlət aktının mötəbərliyi istiqamətində araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarının 49-cu bəndinin a) yarımbəndindən görünür ki, Armudpadar kəndində 9,6 ha torpaq sahəsi ayrılmaqla “Ələddin-Ə” kəndli fermer təsərrüfatının yaradılması barədə Yergüc sovxozunun AIK-in ##.##.1996-cı il tarixli qərarının təsdiq edilməsi qərara alınmışdır. Sorğuya əlavə edilmiş Yergüc inzibati ərazi vahidinin nümayəndəsi tərəfindən təsdiq edilmiş Armudpadar kəndində yaşayan və pasport qeydiyyatında olan vətəndaşların siyahısının 805-809-cu bəndlərində iddiaçı və ailə üzvləri olan - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, X2, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adları və 0,08 ha həyətyanı torpaq sahələri olduğu göstərilmişdir. Xaçmaz rayon AIK-in sözügedən ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı əsasında Armudpadar kəndində yerləşən 1,47 ha torpaq sahəsinə dair iddiaçı və onun ailə üzvləri olan üçüncü şəxslərin adına 1997-ci il tarixdə JN-**** nömrəli (KOD 30209048) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq cavabdehin hazırkı qərarın 4-cü bəndində qeyd olunan məktubundan göründüyü kimi, sözügedən torpaq sahəsinə dair üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına 2006-cı il tarixdə JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Iddiaçı tələbinin əsası olaraq hazırda qüvvədə olan və məhkəmə araşdırması zamanı mötəbərliyi təsdiq edilən sözügedən 1,47 ha torpaq sahəsinə dair JN-**** nömrəli (KOD 30209048) dövlət aktına istinad edərək, üçüncü şəxsin dövlət aktını mübahisələndirir. Iddiaçı və ailə üzvlərinin adına olan dövlət aktında göstərilən 1,47 ha torpaq sahəsi ilə üçüncü şəxsin adına olan dövlət aktında göstərilən eyni ölçüdə torpaq sahəsinin eyni torpaqlar olması isə işin tərəflər arasında mübahisələndirilməyən halıdır, üçüncü şəxs də məhkəmə iclasında izahatında bu halı təsdiq etmişdir. Belə ki, üçüncü şəxs izahatında iddiaçı tərəfindən hazırda iddia olunan 1,47 ha torpaq sahəsinin 2500 dollar məbləğinə ona satıldığını və həmin torpaq sahəsinə dair adına dövlət aktı aldığını bildirmişdir. 17.2. Üçüncü şəxsin adına JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının tərtib edilməsinə əsas olaraq Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, *-***a/**** nömrəli qətnaməsi göstərilsə də, iddiaçının vəkili tərəfindən verilmiş vəkil sorğusuna cavab olaraq Qusar Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli məktubundan görünür, məhkəmənin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında *-***a/**** nömrəli iş mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyasının sorğuları nəticəsində də üçüncü şəxsin adına JN-9068 (KOD ********) nömrəli dövlət aktının tərtib edilməsinə əsas olan sənədlər cavabdeh orqanın, eləcə də “xxxx” MMC-nin arxivində aşkar edilməmişdir. Beləliklə, 1,47 ha torpaq sahəsinə dair üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 adına tərtib edilmiş JN- 9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən məlumatların həqiqiliyi və aktın mötəbərliyi müəyyən edilməmişdir. Məhkəmə araşdırması nəticəsində mübahisələndirilən dövlət aktında göstərilən məlumatların həqiqiliyi – Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, 2 ***a/**** nömrəli qətnaməsi ilə üçüncü şəxsə 1,47 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmamışdır. 17.3. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı reyestrdəki qeydiyyatı əks etdirən sənəd olduğundan inzibati akt kimi qiymətləndirilə bilməz. Həmin dövlət aktı inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Hazırkı halda kollegiya hesab edir ki, üçüncü şəxsin adına JN-9068 (KOD ********) nömrəli dövlət aktı mövcud olmayan məhkəmə qətnaməsi əsas götürülməklə tərtib edildiyindən, və bununla da, həmin dövlət aktının mötəbərliyi müəyyən edilmədiyindən üçüncü şəxs inzibati orqana qarşı etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati və real aktlara münasibətdə tətbiq edilən anlayışdır. 17.4. Bundan əlavə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı işə Mülki Məcəllənin 178.5-ci maddəsinin tətbiqi ilə bağlı mövqeyi də yanlışdır, həmin norma hazırkı işin hallarına tətbiq edilə bilməz. Belə ki, qeyd olunan maddəyə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Göründüyü kimi, şəxs 10 il ərzində faktiki sahiblik etdiyi torpaq sahəsinin mülkiyyətçisi o halda sayılır ki, torpaq sahəsinə dair reyestrdə adına aparılmış qeydiyyatın əsassız olduğunu bilməmiş olsun. Hazırkı işin hallarından isə görünür ki, torpaq sahəsi üçüncü şəxsin faktiki istifadəsində olmuş olsa belə, həmin torpaq sahəsinə dair öz adına tərtib edilmiş JN 9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının mötəbər sənəd olmadığını bilirdi. Belə ki, üçüncü şəxs məhkəmə iclasında izahatında həmin torpaq sahəsini dövlət aktında göstərildiyi kimi məhkəmə qətnaməsi əsasında deyil, iddiaçı tərəfindən 2500 dollar məbləğində pul qarşılığında ona faktiki olaraq satıldığını qeyd etmişdir. Torpaq sahəsinə dair, həqiqətən də, belə alqı-satqının aparıldığına dair isə iş materiallarında sübut əhəmiyyətli sənəd (notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi) mövcud deyildir, üçüncü şəxs tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq qeyd edir ki, Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarına əsasən 1,47 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə ayrılmasına baxmayaraq, mövcudluğu və mötəbərliyi təsdiq edilməyən Qusar Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, *-***a/**** nömrəli qətnaməsi əsas göstərilərək həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə JN-9068 (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktı qanunsuz və əsassız olaraq tərtib edildiyindən və bununla da, iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, həmin dövlət aktı ləğv edilməlidir.

18. Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5 qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin öz qərarında bildirdiyi Qusar Rayon Məhkəməsinin ## ###### 2006-ci il tarixli, *-***a/**** nömrəli qətnaməsinin mövcud olmaması dəlili əsaslı deyil. Belə ki, qeyd edilən məhkəmə qətnaməsinin hər hansı bir sistemdə olub-olmaması ona məlum deyil və qətnamənin hər hansı bir kortetekada aşkarlanıb-aşkarlanmaması onun səhvi deyil. O, qətnamə qəbul edilən zaman qanunun tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin qətnamə əsasında ona akt tərtib edilmişdir. O, hüquqi savadı olmayan şəxs kimi məhkəməyə müraciət etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq sonrakı icra işləri görülmüş və onun adına dövlət aktı tərtib edilmişdir. Həmin qətnamənin sistemə işlənib-işlənməməsi, yaxud mötəbər olub-olmaması haqqında məlumatlı olmamışdır. Məhkəmə qərarında Qusar Rayon Məhkəməsinin qətnaməsində ona 1,47 ha torpaq sahəsinin ayrılması ilə bağlı məlumat olmadığını qeyd edilir. Qusar Rayon Məhkəməsinin qətnaməsi əslində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədədir. Yəni, 2006-cı ildə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən belə bir iddia ilə məhkəməyə müraciət etmək olardı. Bu, tam hüquqauyğun hərəkət hesab edilirdi və müvafiq qətnamə aktın verilməsi üçün əsas sayılırdı. Nəticə etibarilə, məhkəmənin hərfi şəkildə “qətnamədə torpağın ayrılmasına dair göstəriş yoxdur” dəlili əsassızdır.

20. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində iddiaçı torpağın onun tərəfindən alındığını etiraf etmişdir. Məhkəmə də öz qərarında buna istinad edir. Məhkəmə qətnamə üzrə torpağın ona verilməməsi ilə bağlı göstəriş olmamasını dəlil gətirərkən onlar arasında olan faktiki alqı-satqı münasibətlərini nəzərə almamışdır. Bu zaman əslində qeyd edilən qətnamənin doğru olması təsdiqlənir. Çünki aralarında olan alqı-satqı münasibəti qətnamə ilə təsdiq edilmiş və nəticə etibarilə məhkəmənin tələb etdiyi notarial qaydada tərtib edilmiş alqı-satqı müqaviləsinə ehtiyac qalmamışdır.

21. Məhkəmənin birinci instansiya məhkəməsinin 10 il istifadəsində olan torpaq sahəsinin əsassız qeydiyyat aparılmasından xəbərdar olmağı dəlili də əsassızdır. O, məhkəmə qətnaməsi əsasında torpağa dair aktı almışdır və işdən sübut olunur ki, həmin torpaq sahəsini o, istifadə etmişdir. Torpaq sahəsinin ona faktiki satılması iddiaçının izahatından da məlum olur. Yəni mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə o, vicdanlı davranmışdır. Bütün dəlillər bunu sübut edir. Məhkəmə qətnaməsi əsasında verilmiş dövlət aktı ilə o, torpaq sahəsinə 2023-cü ilə qədər sahiblik etmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.... ...

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

26. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə JN-9068 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsinə dair lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.

33. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin kassasiya şikayətində qeyd etdiyi hallarla bağlı apellyasiya icraatı zamanı tam və hərtərəfli araşdırma aparmışdır. Odur ki, üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə təkrar qiymət verilməsinə zərurət qalmamışdır.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar