Məhkəmə qərarları › İş №2-1(102)-347/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-347/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-347/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-1(103)-1863/2021 nöm rəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 12 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələblərinə əsasən “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetiril məsi üçün ezam olunmuş hərbi qulluqçulara həmçinin əmrdən çıxarışlar əsasında verilir. Lakin onun təqdim etdiyi müvafiq arayışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Bununla əlaqədar qanunvericiliyin tələblərinə əsasən hazırkı müraciəti əsasında ona “Müharibə veteranı” adının verilməsinin imkan xaricində olduğu göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-ci il 9 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sabiq ədliyyə polis-polkovnik leytenantı İddiaçı müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ə rizə ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 7 oktyabr tarixli, 2-1(112)-207/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Penitensiar xidmətin 1 saylı cəza çəkmə müəssisəsində xidmət edərkən 1992-ci il 5 may tarixli, 17 saylı əmrlə, 1992-ci il 13 may tarixdən 1992-ci il 25 may tarixədək, sərhədlərin bütövlüyünün qorunması məqsədi ilə Zəngilan rayonuna-döyüş bölgəsinə ezam olunmuşdur. Zəngilan döyüş bölgəsində olduğuna görə ona Azərbaycan Vətən Müharibəsi Veteranları birliyi tərəfindən 14376 saylı, 1997-ci il 23 yanvar t arixli vəsiqə verilmişdir. 'Müharibə veteranı" vəsiqəsi verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin ona "Müharibə veteranı" vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, onun təqdim etdiyi arayışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Sənədləşmə ilə o məşğul olmamış, Zəngilan şəhərinin müdafiəsi ilə bağlı döyüşlərdə iştirak etmiş, onun komandirlik etdiyi əməkdaşlardan bir neçə nəfərinə "müharibə veteranı" vəsiqəsi verilmişdir. Zərurət yaranarsa, şahid qismində həmin şəxsləri məhkəməyə dəvət edə bilər. Binəqədi Rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrin adlı siyahısında hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və mü ddəti aşağıdakı kimi göstərilmişdir: 1992-ci il 5 may – 1992-ci il 25 may, 865 saylı h/h. İddiaçı cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının “Müharibə veteranı” adının verilməsi barədə daxil olmuş müraciətinə Ədliyyə orqanlarında “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi üzrə komissiyada baxılmışdır. İddiaçının təqdim etdiyi 1 saylı X4 üzrə 1992-ci il 5 may tarixli, 17 nömrəli əmrdən çıxarışa əsasən o, 1992-ci il 13 may – 1992-ci il 25 may tarixlərdə Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmuşdur. “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələblərinə əsasən “Müharibə veteranı” adı və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara həmçinin əmrdən çıxarışlar əsasında verilir. Lakin iddiaçının təqdim etdiyi müvafiq əmrdən çıxarışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat qeyd olunmamışdır. İddiaçı tərəfindən onun döyüşlərdə iştirakını təsdiq edən digər sənədlər təqdim olunmadığından sözügedən əmrdən çıxarış əsasında ona “Müharibə veteranı” adının verilməsi mümkün deyildir. birinci instansiya məhkəməsinin gə ldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli, 2-1(112)-207/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sübut kimi iş materiallarına əlavə edilmiş onun Zəngilan şəhəri döyüş bölgəsinə ezam edilməsi barədə əmrdən çıxarışa istinad etsə də, həmin əmrdə sonuncunun ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci i l 9 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddia tələbinin əsaslarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki ş ərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-1(103)-600/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsin dəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(102)-939/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzə qəbul etdiyi 2021-ci il 16 fevral tarixli qərarda özü iddiaçının Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmasını təsdiq edən ən azından 2 rəsmi sənədi (Binəqədi rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin 2012-ci il 12 iyun tarixli, 974 saylı arayışı və 1 saylı cəza çəkmə müəssisəsinin 17 nömrəli, 1992-ci il 5 may tarixli əmri) müəyyən etsə də, həmin mötəbər sübutları tam və hərtərəfli araşdırılmadan, Müdafiə Nazirliyinin işlər idarəsinin mərkəzi arxivinin “N nömrəli hərbi hissə komandirinin 1992-ci il 13 may tarixli nizami hissə üzrə əmrlərində iddiaçının barəsində məlumat aşkar olunmamışdır” məzmunlu 2020-ci il 16 mart tarixli, 9/2-3535 saylı arxiv arayışına istinadən iddiaçının sözügedən hərbi hissəyə ezam olunması qənaətinə gəlir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, iddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi deyildir, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin işçisi olmuşdur ki, belə olan halda iddiaçı sözügedən hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilə bilməzdi. Lakin apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 16 fevral tarixli qərarından göründüyü kimi, apellyasiya məhkəm əsi özü inzibati mübahisə üzrə hər hansı bir obyektiv, tam və hərtərəfli araşdırma aparmadan, sadəcə olaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyini 2021-ci il 16 fevral tarixli qərarına köçürməklə kifayətlənmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-1(103)-1863/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında hər hansı sübut olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ olmamışdır. Belə ki, iş materiallarında iddiaçının 1992-ci il 13 may – 1992-ci il 25 may tarixlərdə Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunması barədə sənədlər mövcud olsa da, onun ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat qeyd olun mamışdır. Eyni zamanda, iddiaçı digər müvafiq təsdiqedici sənəd təqdim etməmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə Zəngilan Rayon Polis Şöbəsinin 2021-ci il 5 oktyabr tarixli, 202-2805-1221 saylı arayışı, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsindən “şəxsi vərəqə”-nin təsdiq edilmiş arxiv surəti təqdim edilsə də kollegiya bu sənədlərə hüquqi münasibət bildirməmişdir. Kollegiya həmçinin iddiaçının xidmət müddətində xüsusi rütbəli əməkd aş kimi səfərbərlik və hərbi xidmətə cəlb edilməkdən möhlət hüququ olduğunu nəzərə almamışdır Cavabdehin məhkəmə iclaslarında iştirakı tələb edilsə də təmin edilməmişdir. İddiaçı döyüş əməliyyatlarında iştirak etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli, 633 saylı Fərmanına əsasən həmin müddət üçün 3 qat xidmət haqqı almağı barədə təqdim etdiyi maliyyə sənədlərinə də Kollegiya tərəfindən münasibət bildirilməmişdir. Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarına edilmiş 2006-cı il 18 iyul tarixli, 174 saylı Qərara əsasən “Müharibə veteranı” və müvafiq olaraq vəsiqənin verilməsi Ədliyyə Nazirliyində yaradılmış komissiya tərəfindən icra edilir, iddiaçıya isə imtina komissiyanın keçirilməsi barədə protokolun surəti təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı barədə lazımi sənədlər toplanmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr ta rixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının əraz ilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azər baycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövq əladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ma ddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçı 1974-cü il 26 oktyabr tarixdən 1976-cı il 19 noyabr tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bakı şəhəri Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən verilmiş Binəqədi rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrinin adlı siyahısına əsasən, İddiaçı hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və müddəti 1992-ci il 5 may 1992-ci il 25 may, 865 h/h kimi qeyd edilmişdir. 28. 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin 1992-ci il 5 may tarixli, 17 saylı əmrindən çıxarışa əsasən, İddiaçı 1992-ci il 13 may tarixdən 1992-ci il 25 may tarixədək Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmuşdur.

29. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 2020-ci il 16 mart tarixli, 9/2-3535 saylı arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin may 1992-ci il tarixli ni zami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarındakı mövqeyinə uyğun olaraq işdə biri-birinə zidd olan mövqelərin araşdırılması və bu ziddiyyətin aradan qaldırılması üçün Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə sorğu ünvanlamış və göstərmişdir ki, işin materiallarına əlavə olunmuş Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən verilmiş məlumata əsasən İddiaçı 1992-ci il 5 may - 1992-ci il 25 may tarixlərdə N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Qeyd olunan iş üzrə zərurət yarandığından, İddiaçı 1992-ci il 5 may - 1992-ci il 25 may tarixlərində N nömrəli hərbi hissəyə ezam olunması faktını təsdiq edən ilkin s ənədlərin növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunur.

31. Sorğuya cavab olaraq İdarə tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü İddiaçı 1974-cü il 28 oktyabr tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 1974cü il 10 dekabr tarixdən 1976-cı il 9 noyabr tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Ezam olunması barədə heç bir məlumat yoxdur.

32. Daha sonra məhkəmə kollegiyası tərəfindən Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə təkrar sorğu ünvanlanaraq bildirilmişdir ki, iş materiallarına əlavə olunmuş Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən verilmiş məlumata əsasən İddiaçı 1992-ci il 5 may - 1992-ci il 25 may tarixlərdə N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış 2021-ci il 26 iyul tarixli, 943 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçının ezam olunması barədə heç bir məlumat yoxdur. Yaranmış ziddiyyətlə əlaqədar məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

33. İkinci sorğuya cavab olaraq İdarə tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü İddiaçı 1974-cü il 28 oktyabr tarixdə Xətai rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 1974-cü il 10 dekabr tarixdən 1976-cı il 9 noyabr tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Ezam olunması barədə heç bir məlumat yoxdur. Təkrar yoxlama apar ıldı. İddiaçı ezam olunması barədə heç bir məlumat yoxdur.

34. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 2021-ci il 1 iyul tarixli, 06/13-560 nömrəli məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı «Müharibə veteranı» adının verilməsi barədə daxil olmuş müraciəti ilə əlaqədar bildiririk ki, 1 saylı X4 üzrə 1992-ci il 5 may tarixli, 17 nömrəli əmrdən çıxarışa əsasən, o, 1992-ci il 13 may - 1992-ci il 25 may tarixlərdə Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmuşdur. «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələblərinə əsasən «Müharibə veteranı» adı döyüş əməliyyatları ap aran hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı İlə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara həmçinin əmrdən çıxarışlar əsasında verilir. Lakin İddiaçı təqdim etdiyi müvafiq əmrdən çıxarışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat qeyd olunmamışdır. Eyni zamanda, İddiaçı digər müvafiq təsdiqedici sənəd təqdim etməmişdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 9 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə vet eranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

36. İş materiallarında (o cümlədən, apellyasiya instansiyası məhkəməsində icraat başa çatdıqdan sonra iddiaçı tərəfindən təqdim olunmuş - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin 2021-ci il 25 oktyabr tarixli, 17/17-2216 №li arayışına əlavə edilm iş “şəxsi vərəqə”nin kserosurətində) iddiaçının 1992-ci il 13 may - 1992-ci il 25 may tarixlərdə Zəngilan şəhərinə ezam olunması barədə məlumat mövcud olsa da, ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat göstərilməmişdir.

37. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərt (...döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş.. hərbi qulluqçulara) iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

38. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında hər hansı sübut olmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-1(103)-1863/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar