Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3470/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerləşmə cizgisinin verilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.
2. Iddiaçı cavabdehə müraciət edərək, ona ayrılmış torpaq sahəsinin cizgisinin verilməsini xahiş etmiş, cavabdeh ## #### 2024-cü il tarixli, *-**/*-R-**/*-***/*/**** nömrəli məktubla bildirmişdir ki, Abşeron Rayon Icra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdeh təhvil verilmədiyindən, ona ayrılmış torpaq sahəsinin cizgisinin verilməsi mümkün deyildir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamına və Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun ## #### 1999-cu il tarixli, ** nömrəli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Subtropik sovxozunda yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. Iddiaçı iddia ərizəsində işin hallarına istinad edərək qeyd etmişdir ki, ona torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə cizgi verilməmişdir. Cizginin olmaması torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasını mümkünsüz edir.
5. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə, həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə məlumat Cavabdeh yoxdur. Iddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar olmadığından imtina əsaslı olmuşdur.
6. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ###### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamına və Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun ## #### 1999-cu il tarixli, ** nömrəli əmrinə əsasən Maştağa Subtropik sovxozunda fərdi ev tikmək üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir. Bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və E.Ə.Əliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi 25 il bundan öncə, yəni 1999-cu ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 0,10 ha torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdeh məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə, iddia tələbində də torpaq sahəsinə dair yerləşmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq-aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri naturada müəyyən edilməli idi. Bundan əlavə, “Yerli Icra Hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində digər qurum tərəfindən ayrılmış torpaq sahəsinə dair rayon icra hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmayıb. Bundan əlavə, Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun ərazisində həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
17. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
18. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
19. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.
20. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamına və Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun ##.##.1999-cu il tarixli ** nömrəli əmrinə əsasən ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizginin verilməsindən ibarətdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmadan cavabdehin üzərinə torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi qoymuşdur.
22. Məhkəmə kollegiyası razılaşır ki, torpaq ayrılan zaman ayırmanı həyata keçirən orqanın əsas öhdəliyindən biri də ayrılmış sahənin naturada yerləşmə vəziyyətini müəyyənləşdirməyə imkan verən müvafiq cizginin tərtib edilməsi olmuşdur. Belə ki, torpaq ayırma vahid bir proses kimi ayrılma barədə qərarla yanaşı, həm də ayrılmış sahənin naturada yerləşmə vəziyyətini müəyyənləşdirməyə imkan verən müvafiq cizginin tərtib edilməsini ehtiva edir. Bununla yanaşı, ayrılma zamanı həmin cizginin tərtib edilməməsi sonradan tərtib edilmə imkanını da istisna etmir. Sonradan tərtib edilmə zamanı həlledici olan ayrılmış sahənin naturadakı yerinin düzgün müəyyənləşdirilməsidir. Məhkəmə icraatında torpaq sahəsinə cizginin tərtib edilməsi öhdəliyinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulması ayrılmış yerin müəyyənləşdirilməsindən asılıdır. Bunun üçün isə bütün mümkün düzünə və dolayı sübutların məcmusuna qiymət verilməlidir. Həmin sübutlar, ilk növbədə, inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım qaydasında əldə edilən, eləcə də iddiaçı tərəfindən təqdim olunan və məhkəmə tərəfindən xidməti vəzifəsinə görə toplanılan mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərinə cavab verən düzünə və dolayı sübutların məcmusundan ibarət ola bilər. Məhkəmələr tərəfindən yuxarıda qeyd olunan hallar müəyyən edilmədən torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin yerli icra hakimiyyətlərinin üzərinə qoyulması digər məhkəmə mübahisələrinin yaranmasına zəmin yaratmış olar.
23. Iş materiallarından müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi 1999-cu ildə, yəni 27 il bundan öncə ayrılmışdır. Məhkəmə tərəfindən isə həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olub-olmaması dəqiqləşdirilməmiş, faktiki istifadəsində torpaq sahəsi olduğu halda, həmin torpaq sahəsinin Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı və Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun ##.##.1999-cu il tarixli ** nömrəli əmri ilə iddiaçıya ayrılan torpaq sahəsi olub-olmaması müəyyənləşdirilməmişdir. Bundan başqa, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı mübahisəli halın olub-olmaması da müəyyən edilməmişdir.
24. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsi hasara alınmış və üzərində fərdi yaşayış evi tikilmiş, evin tikilməsinə Abşeron Rayon Icra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli, *** saylı sərəncamı ilə icazə verilmişdir. Lakin iş materiallarında bu halı təsdiq edən müvafiq sənədlər yoxdur. Digər tərəfdən, iş materiallarında olan Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi üzərində hər hansı tikili inşa olunmayıb.
25. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
27. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda əks olunmuş mövqeləri rəhbər tutmaqla, işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlməlidir.
28. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.