Məhkəmə qərarları › İş №2-1(102)-3474/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3474/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3474/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbrahimov Müqabil Kərim oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması barədə qərarlar ləğv edilməklə, tutulmuş pul vəsaitinin geri qaytarılması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimov Müqabil Kərim oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1965-cu təvəllüdlü iddiaçıya ##.##.2019-cu il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli və ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarlarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği azaldılmış və artıq ödəmə müəyyən edilmiş, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə onun pensiya məbləğindən hər ay 139,77 manat olmaqla, ümumilikdə 559,08 manat tutulmuşdur.

3. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı ##.##.2019-cu il tarixdən Müdafiə Nazirliyində dövlət qulluğunda mütəxəssis vəzifəsinə qəbul olunmuş, lakin bu barədə Filiala məlumat vermədiyi üçün, pensiyaya qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilmişdir. Nəticədə, pensiyanın məbləği ##.##.2022-ci il tarixindən yenidən hesablanaraq pensiyanın sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2447,85-347,46=2100,39x50%=1050,20 manat) olmaqla 1397,66 (347,46+1050,20) manat və 10% miqdarında maddi yardımın məbləği ilə (139,77 manat) birlikdə cəmi 1537,43 manat müəyyən edilmişdir. Eyni zamanda, pensiyanın məbləği ##.##.2019-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmış və iddiaçıya ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin ##.##.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata endirilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tələb edilən 39245,18 manat pul məbləğindən tutulmamış pul vəsaitinin tələb edilməsinin cavabdehə qadağan olunmasını, tutulmuş pul vəsaitinin isə geri qaytarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hərbi qulluqçu kimi sonuncu artımla aylıq 2692,64 manat məbləğində pensiya ödənilmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra iddiaçı həmçinin ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin koordinasiya qrupunda (hərbi deyil, mülki xarakterli vəzifədə) işləmiş, ##.##.2019-cu il tarixdən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində dövlət qulluqçusu kimi (hərbi deyil, mülki xarakterli vəzifəyə) işə qəbul olunmuşdur. İddiaçı mülki xarakterli vəzifənin icrası zamanı da əmək haqqı ilə birlikdə pensiyasını 2022-ci ilin noyabr ayına qədər problemsiz şəkildə almağa davam etmişdir. 2022-ci ilin dekabr ayından onun pensiya məbləği azaldılaraq 1397,66 manat ödənilməyə başlanılmışdır. Bununla bağlı iddiaçının müraciətlərinə cavab olaraq cavabdeh bildirmişdir ki, onun dövlət qulluqçusu kimi əmək fəaliyyətini davam etdirməsi nəzərə alınaraq pensiya məbləği 50% miqdarında azaldılmış və ona artıq ödənilmiş məbləğin tutulmasına başlanılmışdır.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya ##.##.2019cu il tarixdən 58 il 11 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 2447,85 manata artırılmaqla ona ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən, hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə (dövlət qulluqçusu və s.) işlədikdə, əmək pensiyasına qulluq stajına görə əlavə 50 faiz miqdarında ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma zamanı iddiaçının ##.##.2019-cu il tarixindən Azərbaycan Respublikası Müdafiə Nazirliyində mütəxəssis vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu, lakin bu barədə Mərkəzi Filiala məlumat vermədiyindən, əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Buna görə də iddiaçının əmək pensiyası (2447,85 manat) 2022-ci ilin dekabr ayında yenidən hesablanaraq sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə hissəsi (2100,39x50%=1050,20 manat) isə 50 faiz miqdarında olmaqla, 139,77 manat maddi yardım məbləği ilə birlikdə ümumilikdə 1537,43 (347,46+1050,20+139,77) manat məbləğində müəyyən edilib. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası ##.##.2019-##.##.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanaraq ona ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin ##.##.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddəyə əsasən, iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata (##.##.2022 ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 139,77 manat olmaqla, ümumilikdə 559,08 manat tutulmuşdur) azaldılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıdan 39245,18 manat pul məbləğindən tutulmamış pul vəsaitinin tələb edilməsi cavabdehə qadağan edilmiş, tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin iş üzrə pensiya işində belə bir razılıq mövcud olmamış, eləcə də razılıq olmadığı halda məhkəmə qaydasında tutulma ilə bağlı tədbirlərin cavabdeh tərəfindən görülməsi də müəyyən edilməmişdir, pensiya işində də hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Həmçinin iş materialları ilə də müəyyən edilir ki, iddiaçıya edilmiş ehtimal olunan artıq ödəməyə münasibətdə etimad hüququ qorunmaqdadır. Belə ki, həmin artıq ödənilmənin aparılmasında “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı biri mövcud olmamış, artıq ödəməyə münasibətdə rüşvət, hədə-qorxu və ya aldatma həyata keçirilməmiş, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmiş, pensiyanın artıq ödənilməsinə münasibətdə qanunsuz mövcud olduğu bilinməmiş, bilinməli olmamışdır. İş materiallarından da göründüyü kimi, artıq ödəmənin mövcud olması cavabdehin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, ödəmənin artıq aparılması cavabdehin əməkdaşları tərəfindən aparılmış ehtimal olunan səhv hesablama ilə əlaqədar olmaqla iddiaçının təqsiri sferasından kənar olmuşdur. Əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv olunmasa belə, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının hər hansı müdaxiləsi olmadan ona aparılmış ehtimal olunan səhv hesablama, artıq ödəmə adı ilə ödənilmiş pul vəsaitinin istər məhkəmə qərarı, istər məhkəmə qərarı olmadan cavabdeh tərəfindən tutulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə əsas ola bilməz. Odur ki, pul vəsaitinin tutulması cavabdehə qadağan edilməli, tutulmuş pul vəsaitinin geri qaytarılması cavabdehə həvalə olunmalıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

10. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli və ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarlarının ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ceyhun Məmmədov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Pərviz Hüseynov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli və ##.##.2023-cü il tarixli, *-**-*/*-*- ****/**** nömrəli qərarlar ləğv edilmiş və tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda məhkəmə qaydasında tutulur. Lakin hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakını təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli və ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarları ləğv edilməli və tutulmuş məbləğ geri qaytarılmalıdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.5 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Maddə 9.5.1 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 20.14 (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 37.3.4. Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Maddə 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 38.2. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir.

Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Maddə 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun əmək pensiyasının yenidən hesablanmasına dair cavabdehin ##.##.2022-ci il tarixli, *********** nömrəli və ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarlarının ləğv edilməsinə və həmin qərarlar əsasında onun pensiyasından tutulmuş məbləğin geri qaytarılmasına nail olmaqdan ibarətdir.

26. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya ##.##.2019-cu il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü və 38-ci maddələrinə istinadən, iddiaçının ##.##.2019-cu il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət qulluğunda mütəxəssis vəzifəsinə qəbul olunduğu halda, bu barədə həmin orqana məlumat vermədiyi üçün, ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək ona pensiyaya qulluq stajına görə əlavənin 50 faiz məbləğində deyil, tam məbləğdə ödənildiyi əsas gətirilmiş və mübahisələndirilən qərarlarla onun əmək pensiyasının məbləği azaldılmış və iddiaçıya artıq ödəmə hesablanmışdır.

27. Sözügedən qərarların ləğv edilməli olduğu qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi, iddiaçının etimad hüququnun qorunduğuna, həmçinin cavabdeh tərəfindən inzibati icraatın lazımi qaydada aparılmadığına istinad etmişdir.

28. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh, eyni zamanda, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarları).

29. Hazırkı mübahisəyə münasibətdə cavabdeh, iddiaçının ##.##.2019-cu il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət qulluğu vəzifəsində işlədiyini, lakin cavabdehə bu barədə məlumat vermədiyini bildirir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının ##.##.2019-cu il tarixindən Azərbaycan Respublikası Müdafiə Nazirliyində işlədiyi vəzifənin həqiqətən də dövlət qulluğu vəzifəsi olub-olmadığını, dövlət qulluğu vəzifəsi olduğu halda, bununla bağlı onun və ya işəgötürənin cavabdehə məlumat verib-vermədiyini araşdırmamışdır.

30. Halbuki, həmin halların araşdırılması iş üzrə obyektiv qərarın qəbul edilməsi, həmçinin “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olubolmadığının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən, tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn hamılıqla qəbul olunmuş ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən, həm də iddiaçının davranışına münasibətdə qeyd edilənləri nəzərə almalı idi.

33. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qərarın 31-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir.

34. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları araşdırmadan, iddiaçının ##.##.2019cu il tarixdən ##.##.2022-ci il tarixədək onun pensiyaya qulluq stajına görə əlavəni tam məbləğdə almasının qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməkdə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz.

35. Məhkəmə həmçinin, bu qərarın 16-cı bəndində istinad olunan normalar baxımından əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısının, əmək pensiyasını təyin edən orqana məlumat vermək öhdəliyi ilə bağlı davranışını “bona fides” prinsipi baxımından qiymətləndirməyə borcludur.

36. Digər tərəfdən, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, cavabdeh tərəfindən sözügedən qərarlar əsasında iddiaçıya artıq ödəmə müəyyən edilmiş və həmin artıq ödəmə ilə bağlı onun pensiya məbləğindən ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə hər ay 139,77 manat olmaqla, ümumilikdə 559,08 manat tutulmuşdur.

37. Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Başqa sözlə, həmin normada artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası – könüllü və ya məcburi qaydada geri qaytarılma təsbit olunmuşdur. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olmadığı təqdirdə, məhkəmə qaydasında tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü geri qaytarmağa razılığı, inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt vasitəsi ilə (qəbul etməklə) həmin vəsaiti geri almaq imkanı verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt vasitəsi ilə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bu zaman əmək pensiyaçısının müvafiq razılığının alınması qanunun tələbidir. Əgər əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, istinad olunan norma cavabdeh tərəfindən məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-*/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

38. Göründüyü kimi, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərinə əməl olunmamış, artıq ödənilmiş pensiya məbləği iddiaçının razılığı olmadan onun pensiyasından tutulmuş, bununla da “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin pozuntusuna və bunun üzərindən də iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxiləyə yol verilmişdir.

39. Bundan əlavə, apellyasiya məhkəməsi, inzibati aktın ləğv olunmasını şərtləndirən halların cavabdehə məlum olduğu zaman kəsiyinin müəyyən edilməsi və bunun üzərindən müddətlə bağlı tələbə cavabdeh tərəfindən əməl olunması istiqamətində də araşdırma aparmalıdır. Belə ki, bu qərarın 17-ci bəndində istinad olunan normaya görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

40. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq yoxlanılmalı və müəyyən edilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar