Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3480/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; iddia müddəti; mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı ilə iddiaçıya 2020-ci il üçün mənfəət vergisi üzrə 346197,90 manat əlavə vergi hesablanmışdır.
2. Sonradan iddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə 2020-ci il üçün mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Buna görə də, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərar qəbul edilmidir.
3. İddiaçı həmin qərardan inzibati qaydada şikayət vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir.
4. Sonradan iddiaçı ##.##.2022-ci il tarixdə 2020-ci il üçün mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Bununla bağlı, cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli uyğunsuzluq məktubu göndərilmişdir.
5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçıya 2020-ci il üçün mənfəət vergisi üzrə 72305,67 manat əlavə vergi hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı ##.##.2022-ci i tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 96478,95 manat vergi borcu, 34774,99 manat faiz borcu olmaqla cəmi 131253,94 manat borcun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyət növü meyvə və tərəvəzin topdan satışından ibarətdir. Müəssisə ##.##.2018-ci il tarixdə yaradılmış və qeyd olunan müddət ərzində həmin fəaliyyətlə məşğul olmuşdur. 2020-ci il ərzində 2994046 manat dəyərində meyvə və tərəvəz tərəflərindən xarici ölkələrə ixrac olunmuşdur. ##.##.2021-ci il tarixdə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla bəyannamə və araşdırma üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmiş, bundan sonra 346194,90 manat vergi borcu hesablanmışdır. Qəbul edilmiş qərarın surəti müəssisəyə göndərilmişdir. ##.##.2021-ci il tarixdə müəssisə 2020-ci il üçün mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Buna baxmayaraq vergi orqanı öz qərarında dəyişiklik etməmiş, hesablanmış borc məbləğini olduğu kimi saxlamışdır. Qeyd olunan qərardan şikayət verilmiş və araşdırma aparılmışdır. Dövlət Vergi Xidmətinin **************** nömrəli qərarı ilə inzibati şikayət qismən təmin edilmiş, cavabdehin “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022ci il tarixi, **************** nömrəli qərarı ləğv edilmişdir. Həmin qərara əsasən cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmiş, vergi borcu 96478,95 manat, faiz borcu isə 34774,99 manat olmaqla cəmi 131253,94 manat vergi borcunun olması qeyd olunmuşdur. Yəni şikayətləri əsasında vergi borcu müəyyən qədər azaldılmışdır. Lakin bu qərarla tam razı deyillər, hesab edirlər ki, həmin qərar ləğv olunmalı, vergi borcu tam silinməlidir. Belə ki, qərardan verilən şikayətdən də göründüyü kimi X14 və Qasımov İlyas İbrahim oğlundan alınmış kimi görünən meyvələrin alış aktları tərəflərindən ləğv edilmişdir. Həmin şəxslərin adları müəssisənin xərc siyahısından silinmişdir. Nəticə etibarilə 2020-ci il ərzində alış aktı əsasında 2713788,58 manatlıq mal (bu etibarilə 2020ci il ərzində alış aktı əsasında 2713788.58 manatlıq mal (bu məbləğin 213388.62 manat pul vəsaiti 2021-ci ildə yazılmış və qeyd hissədə də 2020-ci ilə aid olması göstərilmişdir) elektron qaimə əsasında isə (mal 2020-ci ildə alınsa da, qaiməsi 2021-ci ildə daxil olmuşdur) 419728,02 manatlıq mal alışı olmuş, 4612,75 manat mal alınan xidmətlərə görə xərcləri çıxmışdır. Müəssisə tərəfindən alınan bütün mallar ancaq xaricə ixrac olunmuşdur, yəni yerli bazarda heç bir satış olmamışdır. Xaricə ixrac olunan malla bağlı isə müvafiq gömrük bəyannamələri verilmiş, heç bir yayınma halı olmamışdır. Qeyd olunanlar vergi borcunun tamamilə əsassız hesablanmasına dəlalət edir.
8. Daha sonra iddiaçı ##.##.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.
10. Cavabdeh iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, ##.##.2023-cü il tarixli **************** nömrəli qərar ilə iddiaçı barəsində 2020-ci ilin mənfəət vergisi üzrə hesablama aparılmışdır. Vergi uçot bazası üzrə iddiaçının fəaliyyətinin meyvə və tərəvəzin topdan satışı olmaqla 2020-ci il ərzində ümumi dəyəri ƏDV-siz 2994046,12 manat olmaqla müxtəlif adda meyvə məhsulları ixrac etdiyi məlum olmuşdur. Belə ki, göstərilən dövr üzrə Cəmiyyət tərəfindən ##.##.2022-ci il tarixində təqdim edilmiş 2020-ci ilin illik mənfəət vergisi bəyannaməsinə elektron qaydada uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Yaranmış kənarlaşmalarla əlaqədar olaraq Cəmiyyətə ##.##.2022-ci il tarixli **************** nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmişdir. Sözügedən məktubla 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin və kənarlaşma ilə bağlı izahedici məktubun təqdim edilməsi iddiaçıya bildirilmişdir. Lakin həmin dövrə dəqiqləşmiş bəyannamə təqdim edilməmiş, nəticədə cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. İddiaçı cəmiyyət ##.##.2022-ci il tarixdə təqdim etdiyi bəyannamə ilə 27495,87 manat məbləğində vergi öhdəliyini müəyyən etdiyini nəzərə alaraq, mübahisələndirilən qərarla əlavə olaraq 72305,67 manat məbləğində vergi öhdəliyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, cəmiyyət 2020-ci il ərzində 2994046,12 manat məbləğində və 3742145,0 kq miqdarında meyvə (alma, nar, heyva, xurma, nektarin, üzüm, və armud) ixrac etmişdir. İddiaçı MMC barəsində vergi orqanın hesablama aparmasının səbəbi cəmiyyətin xərclərinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Yəni 2994046,12 manat məbləğində gəlirinin olması işin mübahisəsiz halıdır. Cəmiyyət tərəfindən ##.##.2022-ci il tarixdə vergi orqanına 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və sözügedən bəyannamə ilə gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin məbləği 2844000,38 manat göstərilmişdir. Bu mənada xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı ##.##.2022-ci il tarixli 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etmiş və halhazırda mübahisələndirilən qərarla formalaşmış vergi öhdəliyi ilə eyni məbləğdə vergi öhdəliyi müəyyən etmişdir. Belə ki, həmin bəyannaməyə nəzər saldıqda görmək olur ki, malların təqdim edilməsindən əldə edilən gəlirin məbləği 2994046,12 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin cəmi məbləği isə 2495038,43 manat, ödənilməli mənfəət vergisinin məbləği isə 99801,54 manat göstərilmişdir. ##.##.2023-cü il tarixli qərar əsasında da vergi öhdəliyi həmin məbləğdə müəyyən olunmuşdur. Eləcə də, iddiaçı verginin hesablanmasında Nazirlər Kabinetinin ** nömrəli qərarını tətbiq etmişdir. Göstərilən bu xüsusatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2022-ci il tarixli **************** nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” qərarında da əks olunmuşdur. İddiaçının mübahisələndirilən dövrü və tədiyyəni əhatə edən ##.##.2022-ci il tarixli **************** nömrəli qərardan verdiyi inzibati şikayətə baxmış şikayət instansiyandakı icraat zamanı ##.##.2022-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri qəbul edilmiş və məhz sözügedən bəyannamə təqdim edildiyi üçün iddiaçının inzibati şikayəti təmin edilmişdir. İnzibati araşdırmanın nəticəsi olaraq iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş vergi bəyannaməsi tərəflərindən təsdiq edilmişdir. Göründüyü kimi, ##.##.2023-cü il tarixli qərar inzibati araşdırma ilə müəyyən edilmiş, habelə iddiaçı cəmiyyətin özünün vergi orqanına bəyan etdiyi vergi öhdəliyi ilə tamamilə uyğunluq təşkil etdiyindən əsaslı və qanuni inzibati akt hesab edilməlidir. Vergi orqanına təqdim edilən ##.##.2022-ci il tarixli bəyannamədə 2844000,38 manat məbləğində gəlirin əldə edilməsi bağlı xərclər sənədlərlə öz təsdiqini tapmamışdır. Maddi hüquq normalarının tələbləri baxımından cavabdeh inzibati orqan haqlı olaraq 2844000,38 manat məbləğində xərcin hamısı vergitutma obyektinin müəyyən edilməsində nəzərə almamış və şərti rentabellik üsulu ilə hesablama aparılmışdır. İddiaçının istinad etdiyi və müvafiq bazada mövcud olan alış aktları araşdırılmışdır. Adına elektron alış aktları tərtib edilmiş şəxslərdən olan X14 (FİN: 4CWAC2S) guya təqdim etdiyi meyvəyə görə 226067,48 manat məbləğindəki alış aktı və Qasımov İlyas İbrahim oğlunun (FİN: 4UMBX81) guya təqdim etdiyi meyvəyə görə 230809,50 manat məbləğindəki alış aktı iddiaçı cəmiyyətin özü tərəfindən ləğv edilmişdir. Bu haqda cəmiyyətin rəhbəri hələ inzibati araşdırma zamanı verdiyi izahatda bu xüsuatları təsdiqləmişdir. Eyni zamanda araşdırma zamanı digər vergi ödəyiciləri Qasımov İlyas İbrahim oğlu (VÖEN: 8303314802) ##.##.2021-ci il tarixli izahatında, X5 (VÖEN: 8303369292) ##.##.2021-ci il tarixli izahatında, Fərəcov Elnur İlham oğlu (VÖEN: 8100900482) ##.##.2021-ci il tarixli izahatında, X2 (VÖEN: 8303369442) ##.##.2021-ci il tarixli izahatında, Feyzullayev Elnur Hakim oğlu (VÖEN: 8100900502) ##.##.2021-ci il tarixli izahatında Cəmiyyətə heç bir mal satışının həyata keçirmədiklərini bildirmişlər. ##.##.2021-ci il tarixli ərizədə X14 heç bir müqaviləyə qol çəkmədiyini, heç bir bağ təsərrüfatı olmadığını, Qasımov İlyas İbrahim oğlu ##.##.2021-ci il tarixli məktubda meyvə yetişdirmədiyini, buğda əkini ilə məşğul olduğunu, X4 ##.##.2022-ci il tarixli şikayətində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmadığını, hər hansı torpaq sahəsinə malik olmadığını, maliyyə əməliyyatı aparmadığını, Fərəcov Elnur İlham oğlu ##.##.2021ci i tarixli izahatında iddiaçı cəmiyyəti tanımadığını, hər hansı işbirliyi olmadığını, kənd təsərrüfatı məhsulları yetişdirmək üçün torpaq sahəsinə malik olmadığını, X2 ##.##.2021ci il tarixli izahatında hər hansı kənd təsərrüfatı məhsulları satışı ilə məşğul olmadığını, onun adına göndərilmiş alış aktlarından xəbəri olmadığını, Feyzullayev Elnur Hakim oğlu ##.##.2021-ci il tarixli izahatında iddiaçı cəmiyyətlə hər hansı qarşılıqlı əməliyyat aparmadığını bildirmişlər. Eləcə vergi orqanında mövcud olan uçot baza məlumatları əsasında müəyyən edilmişdir ki, X14 adına 226067,48 manat, X4 adına 123503 manat, Fərəcov Elnur İlham oğlunun adına 348380 manat, X2 adına 102236 manat, Feyzullayev Elnur Hakim oğlunun adına 351170 manat, Qasımov İlyas İbrahim oğlunun adına isə 230809 manat məbləğində, o cümlədən cəmi 1382165 manat məbləğində elektron alış aktları tərtib edilmişdir. İşin qeyd olunan fərdi hallarından görünür ki, adlarına alış aktları tərtib edilmiş şəxslərin böyük əksəriyyəti iddiaçı ilə hər hansı təsərrüfat əməliyyatı aparmadıqlarını, hər hansı mal satmadıqlarını bildirmişlər. Nəticədə müəyyən olunur ki, istinad edilən elektron alış aktları vergi tutulan dövriyyənin formalaşmasında xərcləri təsdiq edən sənəd kimi nəzərə alına bilməz.
11. Gəncə İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı (hakim L.Əliyeva) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması, mümkün sayıldığı təqdirdə isə iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Mamedov – məruzəçi, M.Məmmədov və A.İsgəndərova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, bir haldakı iddiaçının elektron qaimə fakturalar əsasında aldığı malların bir hissəsinin təqdim edilməməsi səbəbindən hesabat dövrünün sonuna mal qalığı kimi əks etdirilmiş və cavabdeh vergi orqanı da iddiaçının həmin malların təqdim edilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, bu halda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar əsasında hesablanmış məbləğinin düzgünlüyü öz təsdiqini tapmadığından ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən qəbul olunmuş ##.##.2023-cü il tarixli, **************** nömrəli vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməmişdir. Cavabdeh tərəfindən irəli sürülmüş, Vergi Məcəlləsinin 67.17-ci maddəsinə ##.##.2022-ci il tarixindən qüvvəyə minmiş əlavəyə əsaslanan apellyasiya dəlilini araşdıraraq belə nəticəyə gəlir ki, həmin dəlil hüquqi əsas daşımır və mübahisəli vergi öhdəliyinin müəyyən edilməsində tətbiq oluna bilməz. Belə ki, Vergi Məcəlləsinə ## ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanunla edilmiş dəyişiklik nəticəsində 67-ci maddəyə əlavə edilmiş 67.17-ci maddə, yalnız bu dəyişiklik qüvvəyə mindiyi tarixdən – yəni ## ###### 2022-ci ildən sonra həyata keçirilmiş vergi dövrlərinə və həmin dövrlər üzrə yaranmış öhdəliklərə münasibətdə tətbiq oluna bilər. Hazırkı işdə isə cavabdeh tərəfindən qəbul edilən vergi qərarı 2023-cü ilə aid olsa da, bu qərarın hüquqi əsası təşkil edən vergi yoxlaması ilə əhatə olunan dövr 2020-ci ildir. Yəni, vergi orqanı tərəfindən hesablanmış vergi öhdəliyinin mənbəyi və obyektləri, 2020-ci ildə baş vermiş əməliyyatlara əsaslanır. Belə olan halda, vergi öhdəliyinin hesablanması zamanı həmin dövrdə – yəni 2020-ci ildə qüvvədə olan hüquqi normalar tətbiq edilməli, sonradan edilmiş dəyişikliklərə istinadla ödəyicinin vəziyyəti ağırlaşdırılmamalıdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması, mümkün sayıldığı təqdirdə isə iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
18. Kassator əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi ilə bağlı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, mübahisələndirilən qərar iddiaçıya ##.##.2023-cü il tarixdə göndərilmiş, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə saat 16:56:04-də qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı olan İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarı qəbul etməklə həmin qərarın təqdim olunma tarixi ##.##.2023-cü il tarixi olmuşdur. Həmin qərarlar iddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə ## ### 2023-cü il tarixli iddia ərizəsi ilə mübahisələndirilmişdir. Bununla da, iddiaçı cəmiyyət iddia müddətini ötürməklə cavabdehin ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət etdiyindən onun iddia tələbi mümkün sayılmamalıdır.
19. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 35.1, 38.1, 58.7, 68.1, 69.4 və 87.8-ci maddələrinə, Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2015-ci il tarixli qərarına istinad olunmuşdur.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 70. Vergi ödəyiciləri ilə yazışma ... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. ... 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. ...
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. ... Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır. Ona görə də, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
26. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
27. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
29. Hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
31. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
33. Beləliklə, göründüyü kimi mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
34. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ilk öncə ##.##.2022-ci i tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 96478,95 manat vergi borcu, 34774,99 manat faiz borcu olmaqla cəmi 131253,94 manat borcun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ##.##.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin ## #### 2023cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.
35. Cavabdehin dəlillərinə əsasən iddiaçının mübahisələndirdiyi ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar iddiaçıya ##.##.2023-cü il tarixdə göndərilmiş, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə saat 16:56:04-də qəbul edilmişdir. Beləliklə, iş üzrə iddiaçı olan İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə göndərilmiş qərarı qəbul etməklə həmin qərarın təqdim olunma tarixi ##.##.2023-cü il tarixi olmuşdur. Cavabdeh qeyd etdiyi dəlilin əsası kimi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatı birinci instansiya məhkəməsinə təqdim etmişdir.
36. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsi inzibati akt barədə məlumat verilməsi ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
37. Göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.). Hazırkı iş üzrə cavabdeh iddiaçıya mübahisələndirilən qərarı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir.
38. İddia müddəti axımının başlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə, həmçinin Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ##.##.2023-cü il tarixdə iddiaçıya göndərilmiş və ##.##.2023-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının mübahisələndirilməsi barədə ərizə isə məhkəməyə ##.##.2023-cü ildə verilmişdir.
39. Beləliklə, hazırkı iş üzrə iddiaçı İPM-in 38.1-ci maddəsində göstərilən 30 günlük iddia müddətini ötürmüşdür. Hüquq nəzəriyyəsinə əsasən ötürülmüş iddia müddəti o halda bərpa edilə bilər ki, müddətin üzrlü səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim edilsin, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilsin. Belə sübutlar təqdim edilmədiyi halda ötürülmüş müddətin bərpa edilməsinə yol verilmir.
40. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə müddətin bərpa edilməsinə dair vəsatət verilsə də, həmin vəsatətə müddətin hansı üzrlü səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə sübutlar əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırkı iş üzrə qeyd edilən tələblərə cavab verən üzrlü səbəblərin mövcud olması müəyyən edilməmişdir.
41. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
42. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə ## #### 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).
44. Yuxarıda qeyd edilən bütün halları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürdüyündən iddia mümkün iddia kimi qəbul edilə və mahiyyəti üzrə qiymət verilə bilməz. Başqa sözlə hazırkı iddia tələbi iddia müddətinin ötürülmə əsası ilə mümkünsüz iddiadır.
45. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin ##.##.2023cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.