Məhkəmə qərarları › İş №2-1(102)-3482/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3482/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3482/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs İbrahimova Maysara Musa qızı) qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarından üçüncü şəxsin nümayəndəsi Qurbanova Yeganə Qurban qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.1987-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, keçmiş Kirovabad (indiki Gəncə) Zona Texniki İnventarlaşdırma Bürosu tərəfindən Daşkəsən rayonu Xoşbulaq kəndində ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır.

2. ##.##.1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kənd sakini X3 mülkiyyətində olan Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evini doğma qızı İbrahimova Maysara Musa qızına vəsiyyət etmişdir. X14, Maysara İbrahimovanın və Məmməd İbrahimovun iştirakı ilə yazılmış və Daşkəsən RİHB-nin Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin ##.##.2012-ci il tarixli **/**** saylı məktubdan görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi 1987-ci il aparılmış inventarlaşdırma zamanı X3 faktiki istifadəsində olan mülk kimi onun adına qeyd edilmişdir. Mülkün arxiv işində torpaq ayrılmasına və tikililərə dair rəsmi sənədlər yoxdur. Mülk sahəsi 24.5 kv.m bir yaşayış otağı olan “A” literli yaşayış binasından ibarət olmaqla ümumi torpaq sahəsi 1589.0 kv.m-dir.

4. Məmmədova Мərcan Hüseyn qızı ##.##.1997-ci il tarixdə vəfat etmişdir.

5. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İbrahimova Maysara Musa qızının cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Qətnamənin məzmunundan bəlli olur ki: - ##.##.2007-ci il tarixli müqavilə ilə İbrahimova Maysara Musa qızının nümayəndəsi kimi Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2002-ci il tarixli JN 069A (kod ********) saylı şəhadətnaməyə və Azərbaycan Respublikası DƏRDX Gəncə Ərazi İdarəsinin ##.##.2007-ci il tarixli *** nömrəli arayışına əsasən M.İbrahimovaya məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsini X1. - Daşkəsən rayon Dövlət Notariat Kontorunun ##.##.2015-ci il tarixli ** saylı məktubunda İbrahimova Maysara Musa qızına məxsus olmuş ##.##.2002-ci il tarixli JN069A (kod ********) saylı şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi M.İbrahimovanın vermiş olduğu və Gəncə şəhəri * saylı DNK tərəfindən təsdiq edilmiş ##.##.2005-ci il tarixli *E-*-**** saylı etibarnaməyə əsasən ##.##.2007-ci il tarixdə nümayəndəsi İddiaçı tərəfindən vətəndaş X1 Daşkəsən rayon DNK-da satılaraq *Ə-*-*** saylı reyestrlə rəsmiləşdirilmişdir.

6. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, **** nömrəli məktubunda qeyd edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №*******) çıxarışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında X1 məxsusdur.

8. ##.##.2015-ci il tarixli, AA****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adına 5********** reyestr nömrəsi ilə qeydə alınmışdır (Əsas: Daşkəsən rayon DNK ##.##.2007-ci il tarixli *Ə-*-*** nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğı-satqı müqaviləsi; DTXK Daşkəsən rayon şöbəsi ##.##.2002-ci il tarixli JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə).

9. ##.##.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X1 xüsusi mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №*******) çıxarışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

11. Daşkəsən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin ##.##.2021-ci il tarixli, ** nömrəli məktubunda İddiaçı Daşkəsən rayon, Xoşbulaq kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikinti layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib edildiyi, tikintinin verilmiş layihə əsasında aparıldığı və tikinti quraşdırma işlərinin tam başa çatdırıldığı və həmin fərdi yaşayış evinin sənədləşdirilməsinə etiraz edilmədiyi qeyd edilmişdir.

12. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdehə müraciət etmişdir.

13. Cavabdehin ##.##.2021-ci il tarixli, ************ nömrəli imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin başqa şəxsə məxsus olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisindən 0.06 ha torpaq sahəsi almış və bu torpaq sahəsi üzərində olan hüquqları ##.##.2018-ci il tarixdə qeydə alınaraq ona müvafiq olaraq çıxarış verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış sahəsi inşa etdirərək müvafiq layihələndirmə aparmışdır. Fərdi yaşayış evinə dair layihə Daşkəsən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən qeydə alınaraq yoxlanılmışdır. Cavabdehə müraciət edərək mülkiyyətində inşa etdirdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

16. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, arxiv sənədlərinin araşdırılması zamanı “Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A saylı şəhadətnaməyə əsasən İbrahimova Maysara Musa qızına Daşkəsən rayonu Xoşbulaq kəndində 0.06 ha həyətyanı torpaq sahəsinin verildiyi müəyyən edilmişdir. Daşkəsən rayon notariat kontorunun ## ###### 2007-ci il tarixli, 4Ə-1-*** reyestr nömrəli müqaviləsinə əsasən, İbrahimova Maysara Musa qızı 0.06 ha torpaq sahəsini X1. Müqaviləni İbrahimova Maysara Musa qızının adından etibarnamə üzrə nümayəndəsi İddiaçı imzalamışdır. Həmin müqavilə əsasında X1 ##.##.2015-ci il tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə "ASAN xidmət” mərkəzində notariat kontorunun ##.##.2018-ci il tarixli, 4Ə-**** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X1 0.06 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Həmin müqavilə əsasında İddiaçı ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ## ######## 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin başqa şəxsə, X3 məxsus olduğu müəyyən edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 24.5 kv.m olan fərdi yaşayış evinə dair X3 adına ##.##.1987-ci il tarixində texniki pasport tərtib edildiyi müəyyən edilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüsünün sənəd üzrə 600.0 kv.m, faktiki isə 1589.0 kv.m olduğu qeyd edilmişdir. Həmin fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

17. Gəncə İnzibati Məhkəməsinin ## ######## 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim F.Hüseynov) ilə iddia təmin edilmiş, İddiaçı ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli çıxarışla mülkiyyətində olan Daşkəsən rayon, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ anlayışına tərkib hissəsi olan sərəncam vermək hüququ isə özündə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəni, şəxs hüquqdan sui-istifadə etmədiyi müddətcə əmlakından (əşyasından) öz arzusu ilə istifadə edə bilər. Qanunvericiliyə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər və torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

19. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

20. Cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin koordinatları, JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları ilə üstüstə düşür. Belə ki, ##.##.2007-ci il tarixli *Ə-*-*** nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X1 adına RX seriyalı ****** nömrəli çıxarış sənədi qeydə alınmış, həmin çıxarış və ##.##.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı adına RX seriyalı ******* nömrəli çıxarış sənədi qeydiyyata alınmışdır. - ##.##.1987-ci il tarixli, ** nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan ümumi sahəsi 24.5 kv.m göstərilən yaşayış otağına dair tərtib olunmuş texniki pasportda, tikilinin yerləşdiyi torpaq sahəsinin dəqiq yerləşmə mövqeyi və koordinatları (X,Y) əks olunmadığından, eləcə də, plandakı ölçülərlə planın miqyası arasında uyğunsuzluğun mövcud olaması səbəbindən, sözügedən tikilinin JN-069 A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.06 ha torpaq sahəsinin üzərində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.

21. Məhkəmənin qərardadı əsasında əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/****-**/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti (tikililərinin planlı yerləşməsi, sahəsi və s. texniki göstəriciləri) ilə X3 adına Qeydiyyata alınmış, ##.##.1987ci il tarixli, ** nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportun göstəriciləri arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin ##.##.1987-ci tarixli, ** nömrəli Qeydiyyat vəsiqəsinin surətində qeydiyyata alınan ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. - Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti (tikililərinin planlı yerləşməsi, sahəsi və s. texniki göstəriciləri) ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Gəncə filialı tərəfindən 2018-ci il tarixdə tərtib edilmiş layihə sənədlərinin göstəriciləri arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin faktiki vəziyyətinin tərtib edilmiş layihə sənədləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı (hakimlər A.İsgəndərova – məruzəçi, R.Mamedov və İ.Həsənov) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ######## 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki: - həm cavabdehin etiraz qeydlərinin, həm də apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh orqan və üçüncü şəxs sözügedən fərdi yaşayış evinin X3 məxsus olduğunu iddia edirlər. Buna baxmayaraq, nə cavabdeh orqan, nə də üçüncü şəxs sözügedən fərdi yaşayış evinin X3 məxsus olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №*******) çıxarışa əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə mübahisələndirilən fərdi yaşayış evinin ********** qeydiyyat nömrəli ##.##.2018-ci il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi təsdiq olunur. - məhkəmə qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/****-**/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mübahisələndirilən fərdi yaşayış evinin ##.##.1987-ci tarixli, ** nömrəli Qeydiyyat vəsiqəsinin surətində qeydiyyata alınan ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti (tikililərinin planlı yerləşməsi, sahəsi və s. texniki göstəriciləri) ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Gəncə filialı tərəfindən 2018-ci il tarixdə tərtib edilmiş layihə sədənlərinin göstəriciləri arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin faktiki vəziyyətinin tərtib edilmiş layihə sənədləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. - sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmiş, mülkiyyətçi – iddiaçı isə mülkiyyətində olan daşınmaz əmlakla bağlı sərəncam vermək hüququnu realizə etmiş – üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Belə ki, sərəncam vermək hüququ özündə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəni, şəxs hüquqdan sui-istifadə etmədiyi müddətcə əmlakından (əşyasından) öz arzusu ilə istifadə edə bilər.

24. Üçüncü şəxsin nümayəndəsi Qurbanova Yeganə Qurban qızı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

25. Mübahisəli ərazidə olan fərdi yaşayış evi üçüncü şəxsin anası X3 tərəfindən inşa edilmişdir. Bununla da bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı bütün məhkəmə proseslərində bildirmişdir ki, 0.06 ha torpaq sahəsini Maysara İbrahimovadan alarkən onun üzərində hər hansı bir tikili olmamış və 2007-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Lakin İddiaçı həmin evi inşa etməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

26. Mübahisəli ərazidə hüquqi sənədi olan 0.06 ha torpaq sahəsi ilə birlikdə X3 ümumi istifadəsində 0.19 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində hüquqi sənədi olan 0.06 ha torpaq sahəsində Mərcan Məmmədova yaşaması üçün fərdi yaşayış evi inşa etdirmişdir. Mərcanın vəfatından sonra isə həmin fərdi yaşayış evində Mərcanın qızı Maysara İbrahimova yaşamışdır. Maysara İbrahimova mübahisəli ərazidə istifadəsində olan 0.13 ha torpaq sahəsinin 0.06 İddiaçı etibarnamə əsasında vermişdir. Lakin Maysara İbrahimova yaşlı və xəstə olduğuna görə uzun müddət Gəncə şəhərində yaşayan övladı Yeganə Qurbanovanın yanında qalmışdır. Keçirdiyi ağır xəstəliyə görə ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Bunu fürsət bilən Qoşqar Həmzəyev hüquqi sənədi olan 0.06 ha torpaq sahəsinin üzərində inşa edilmiş Mərcan Məmmədovaya məxsus fərdi yaşayış evini zəbt edərək evin üz fasadını qara suvaqla suvadaraq və evin dam örtüyünü yenisi ilə əvəz etmişdir. Daha sonra isə Maysara İbrahimovadan aldığı etibarnamə ilə üzərində inşa edilmiş fərdi yaşayış evi olan 0.06 ha torpaq sahəsini oğluna satmışdır.

27. Mərcan Məmmədova sözügedən 0.06 ha torpaq sahəsinin üzərində yaşamaq üçün ilk olaraq 24, 5 kv.m olan bir otaqlı fərdi yaşayış evi inşa etdirmiş və buna dair sənəd almışdır. X4 həmin evdə digər iki yaşayış otağı və bir mətbəx inşa etdirmişdir. Lakin həmin otaqlar dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də ekspert evə baxış keçirərkən ##.##.1987-ci tarixli, ** nömrəli Qeydiyyat vəsiqəsinin surətində qeydiyyata alınan ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi ilə eynilik təşkil etmədiyini müəyyən etmişdir. Əgər qeyd olunan tikilinin (fərdi yaşayış evi, mənzil və s.) köhnə və ya yeni tikili olub-olmaması, tikilinin inşasının hansı tarixə uyğun olub-olmaması müəyyən edilərdisə, həmin evin 2018-ci ildə İddiaçı tərəfindən yox, 1987-ci il də Mərcan Məmmədova tərəfindən inşa olunduğu məlum olardı.

28. Buna görə də qeyd olunan tikilinin (fərdi yaşayış evi, mənzil və s.) köhnə və ya yeni tikili olub-olmamasının, tikilinin inşasının hansı tarixə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Gəncə filialı tərəfindən ekspertin ayrılması ilə bağlı məhkəməyə vəsatət verilsə də, vəsatət təmin olunmamışdır.

29. Kassasiya şikayətində Mülki Məcəllənin 139 və 240-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

33. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən mübahisələndirilən fərdi yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №*******) çıxarışa əsasən iddianın xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsində qeyd edilən sənədləri cavabdehə təqdim etmiş, Cavabdeh orqan isə imtinasında fərdi yaşayış evinə dair həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hər hansı konkret imtina əsasını irəli sürməmişdir.

41. Məhkəmə kollegiyası reyestrdəki məlumatın həqiqiliyi prezumpsiyasına istinad edərək bildirir ki, mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmaqla ona daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №*******) çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş hallar hazırkı qərarın işin halları hissəsində göstərildiyindən həmin xüsusatları təkrarlamağa zərurət yoxdur.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli çıxarışla mülkiyyətində olan Daşkəsən rayon, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı: Üçüncü şəxs İbrahimova Maysara Musa qızının nümayəndəsi Qurbanova Yeganə Qurban qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar