Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3483/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Təhsildə X8rşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarına izah verilməsi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının akademik və ya peşə tanınması, tanınmaya dair qaydaların prosessual hüquq norması olması, qanunların zamana görə tətbiqi və kolliziyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Təhsildə X8rşı “diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmə qərarına izah verilməsi barədə iddiaçının ərizəsinə dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş ##.##.2005-ci il tarixli, **** nömrəli, BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı icra edilməsi üçün ##.##.2025ci il tarixdə
2. cavabdeh orqana göndərilmiş və könüllü icra üçün 1 ay müddət müəyyən edilmişdir.
3. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, sözügedən məhkəmə qərarının könüllü icra müddətində cavabdeh tərəfindən icra edilmədiyini bildirmiş və həmin qərarın icrasının təmin edilməsi üçün məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ##.##.2025ci il tarixli məlumatda bildirilmişdir ki, sözügedən məhkəmə qərarının icrası məqsədilə iddiaçıya Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş ##.##.2005-ci il tarixli, ВСА ******* nömrəli diplom üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın akademik tanınması haqqında elektron şəhadətnamə şəxsi kabineti vasitəsilə iddiaçıya təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.1-ci bəndinə əsasən, peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Qaydaların 6.2-ci bəndinə əsasən, Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Bununla bağlı sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir, nəticə etibarilə tənzimlənən peşə istiqamətləri üzrə xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınmasının qiymətləndirilməsi sözügedən normativ hüquqi aktla DİM-ə həvalə olunmuşdur. Agentlik yalnız daxil olmuş imtahan nəticələri əsasında yekun inzibati aktın rəsmiləşdirilməsini həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının adı Dövlət İmtahan Mərkəzinə ünvanlanmış müvafiq siyahıya daxil edilmişdir və imtahanın keçirilmə vaxtı, yeri barədə ona rəsmi qaydada məlumat veriləcəkdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli məhkəmə qərarına izah verilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli məhkəmə qərarı cavabdeh tərəfindən tam icra edilməmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə iddiaçının şəxsi kabinetinə akademik tanınma barədə şəhadətnamə yerləşdirilsə də, peşə tanınması barədə şəhadətnamə yerləşdirilməmişdir. İddiaçı bu barədə cavabdehə müraciət etsə də, ona heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanına istinad edilməklə, iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahana dəvət edilmiş, lakin iddiaçı cavabdehə həmin imtahanda iştirak etməyəcəyini bildirmişdir. Çünki iddiaçı diplomun tanınması ilə bağlı cavabdehə ##.##.2023-cü il tarixdə müraciət etmişdir və qanunvericiliyə əsasən cavabdeh 3 ay müddətində qərar qəbul etməli olduğundan, həmin Fərman ona münasibətdə tətbiq oluna bilməz. Odur ki, iddiaçı qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli məhkəmə qərarının hansı qaydada icra edilməsi ilə bağlı izah verilməsini xahiş edir.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Gülşən Əliyeva) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına aşağıdakı şəkildə izah verilmişdir: “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən iddiaçıya verilmiş ##.##.2005-ci il tarixli, **** nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması dedikdə, bütövlükdə tanınmanın (həm akademik, həm peşə tanınmasının) həyata keçirilməli olması və iddiaçıya akademik tanınma ilə yanaşı, peşə tanınmasına dair müvafiq şəhadətnamənin verilməsi də nəzərdə tutulur.”
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə qərarını icra edərkən sözügedən kvalifikasiyanın akademik tanınmasını həyata keçirərək, bu barədə şəhadətnamə vermiş, peşə tanınmasının həyata keçirilə bilinməsi üçün isə DİM-in təşkil etdiyi imtahanda iddiaçını iştiraka dəvət etmişdir. Cavabdeh orqan bu zaman öz mövqeyini Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə istinad etməklə, belə əsaslandırmışdır ki, Qaydaların 6.2-ci bəndinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Lakin qeyd edilməlidir ki, əvvəla, məhkəmədə işə baxılarkən mübahisənin maddihüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na istinad olunmuşdur. Həmin Qaydalarda isə ixtisasın tanınması akademik və peşə tanınması kimi növlərə bölünməmişdir. Məhkəmə də öz qərarında iddiaçının xarici ölkədə aldığı ali təhsilin kvalifikasiyasının yalnız akademik tanınmasının həyata keçirilməsini cavabdehin üzərinə qoymamışdır. Həmçinin iddiaçının tanınma məqsədilə cavabdeh orqana müraciət etdiyi tarixdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” mövcud deyildi, həmin dövrdə qüvvədə olan normativ akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” olmuşdur. Eyni zamanda, cavabdeh orqan iddiaçının ##.##.2023-cü il tarixli müraciətinə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq ən geci 90 gün müddətində baxmalı olduğu halda bunu etməmiş, təxminən 1 ilədək müddətdə müraciət üzrə hərəkətsizlik nümayiş etdirmiş, həmin müddətdə isə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” ləğv edilməklə, yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul edilmişdir. Cavabdeh orqan inzibati icraatı qanunvericiliyin tələblərinə uyğun olaraq aparmış olsaydı, tanınmanı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na müvafiq həyata keçirmiş, bununla da iddiaçı peşə tanınmasının həyata keçirilməsi məqsədilə əlavə imtahana cəlb edilməmiş olacaqdı. Hazırkı vəziyyətdə isə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” iddiaçının vəziyyətini yaxşılaşdıran, məsuliyyətini yüngülləşdirən norma olmadığından, onun hüquqi qüvvəsinin geriyə şamil edilməsi yolverilən deyildir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və məhkəmə qərarına Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq, “iddiaçının adının DİM-in təşkil etdiyi peşə tanınması imtahanı üçün müvafiq siyahıya salınması” kim izah verilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şamil Rzaquliyev /sədrlik edən və məruzəçi/, Günay Cavadova və Rüfət Məcidov) ## ###### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və məhkəmə qərarına Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən izah verilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Avropa Şurası və UNESCO tərəfindən birgə hazırlanmış və ##.##.1997-ci il tarixdə qəbul edilmiş “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında" Konvensiya (X6) (Azərbaycan Respublikası ##.##.1997-ci il tarixdə qoşulub) Preambula: ...təhsil hüququnun insan hüququ olduğunu... dərk edərək... Kvalifikasyaların ədalətli tanınmasının təhsil hüququnun və cəmiyyətin məsuliyyətinin əsas elementi olduğuna inanaraq... Tanınma anlayışı (Maddə İ): “Səlahiyyətli orqan tərəfindən xarici təhsilə aid kvalifikasiya dəyərləndirilərək təhsil və / və ya əmək fəaliyyətinə buraxılmaq məqsədilə rəsmi şəkildə təsdiqi.” Sübutetmə yükü (Maddə III.3): Ərizəçi tələb olunan məlumatları təqdim etməyə borcludur. Lakin ərizəçinin tələblərə cavab vermədiyini və sənədlər arasında əhəmiyyətli fərq olduğunu sübut etmək məsuliyyəti ərizəçinin deyil, qiymətləndirməni aparan səlahiyyətli orqanın üzərinə düşür. Tanınma prezumpsiyası və “Əhəmiyyətli fərq” (Maddə IV.1 və VI.1): Konvensiya xarici kvalifikasiyanın tanınmasını standart prosedur kimi qəbul edilir. Tanınmadan yalnız o halda imtina edilə bilər ki, təhsil alınan ölkənin sistemi ilə tanınma istənilən ölkənin sistemi arasında “əhəmiyyətli fərq” (substantial difference) olduğu sübuta yetirilsin. Qeyd edilir ki, tanınma qərarının ali təhsil kvalifikasiyası ilə təsdiqlənən bilik və bacarıqlara əsaslandığı hallarda, tanınması istənilən kvalifikasiya ilə tanınmanın həyata keçirildiyi Tərəfdəki müvafiq kvalifikasiya arasında əhəmiyyətli fərqin olduğu sübuta yetirilməyibsə, hər bir Tərəf digər Tərəfdə verilmiş ali təhsil kvalifikasiyalarını tanımalıdır. Tanınmanın məqsədi və nəticələri (Maddə VI.3): Tanınma şəxsə iki əsas hüquqi nəticə yaradır: Təhsili davam etdirmək (növbəti pilləyə və ya doktoranturaya) üçün yerli vətəndaşlarla eyni şərtlər altında çıxış əldə etmək. Həmin dövlətin qanunvericiliyinə uyğun olaraq akademik titullardan istifadə etmək və əmək bazarına daxil olmaq.
16. “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında” Konvensiyaya dair İzahlı Hesabat (rəsmi şərh), Lissabon, ##.##.1997-ci il Maddə İ. ... Tanınma fərdi kvalifikasiyaların qiymətləndirilməsinin bir növüdür. Lakin qiymətləndirmə xarici kvalifikasiyanın dəyəri haqqında hər hansı bir bəyanat ola bildiyi halda, tanınma — səlahiyyətli tanınma orqanı tərəfindən sözügedən kvalifikasiyanın dəyərini qəbul edən və bu tanınmanın tanınması tələb olunan kvalifikasiyanın sahibi üçün yaradacağı nəticələri göstərən rəsmi bəyanatdır. Məsələn, kvalifikasiya müəyyən bir səviyyədə (məsələn, doktorantura) təhsili davam etdirmək, müvafiq tituldan (addan) istifadə etmək və ya gəlir gətirən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə tanına bilər (bax: Bölmə VI).
17. X6 Komitəsinin ##.##.2010-cu il tarixdə beşinci iclasında qəbul edilmiş “Xarici kvalifikasiyaların qiymətləndirilməsi üçün meyarlar və prosedurlar haqqında yenilənmiş tövsiyələr”
34. Qiymətləndirmə, həmçinin, tanınma təcrübəsində ardıcıllığı təmin etmək məqsədilə oxşar tanınma hallarında mövcud olan keçmiş təcrübəni də nəzərə almalıdır. Keçmiş təcrübə bələdçi olmalıdır və təcrübədəki hər hansı əhəmiyyətli dəyişiklik əsaslandırılmalıdır.
39. Bir neçə il əvvəl və / və ya əvvəlki ali təhsil strukturları çərçivəsində verilmiş kvalifiasiyaların tanınması, daha yeni kvalifikasiyaların tanınmasından fərqli çətinliklər yarada bilər. Aşağıdakılar nəzərə alınmalıdır: (a) Kvalifikasiyanın nə dərəcədə köhnəlmiş olması müvafiq sahədən, eləcə də kvalifikasiya verildikdən sonra ərizəçi tərəfindən həyata keçirilən fəaliyyətlərdən asılı olacaqdır; (b) Kvalifikasiyalar əvvəlki strukturlar çərçivəsində verildikdə, səlahiyyətli tanınma orqanları həmin kvalifikasiyanın verildiyi ölkədəki statusuna istinad etməlidirlər. Əgər kvalifikasiyanı verən ölkədə milli kvalifikasiyalar çərçivəsi mövcuddursa, əvvəlki kvalifikasiyaların oraya daxil edilib-edilmədiyi müəyyənləşdirilməlidir; (c) Ümumiyyətlə, daha köhnə kvalifikasiyalar tanınmanın tələb olunduğu ölkədə verilmiş oxşar kvalifikasiyalarla eyni qaydada və tanınmanın hansı məqsədlə tələb olunduğu nəzərə alınmaqla tanınmalıdır. Müvafiq iş təcrübəsinin köhnəlmiş (tarixi keçmiş) kvalifikasiyaları kompensasiya edib-edə bilməyəcəyi nəzərdən keçirilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” İ. Ümumi müddəalar 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. III. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. 3.4. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır. 3.6. Ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 3.8. Tanınmaq və ekvivalentlik haqqında şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir.
19. Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” 1.5.3. əhəmiyyətli fərq – xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi;
2. Tanınmaya dair müraciətin edilməsi 2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: 2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; 2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; 2.4.3. tanınma üçün müraciət edilən təhsil səviyyəsinə (pilləsinə) qəbul üçün istifadə olunan təhsil sənədi; 2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; 2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); 2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. 2.5. Bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər (türk, rus və ingilis dillərində verilmiş sənədlər istisna olmaqla) Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. 2.6. Bu Qaydaların 2.4.2 – 2.4.5-ci yarımbəndlərində qeyd olunan sənədlər Azərbaycan Respublikasının 1994-cü il # ###### tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır. 2.7. Bu Qaydaların 2.6-cı bəndinin tələbləri aşağıdakı kvalifikasiyalara münasibətdə tətbiq edilmir: 2.7.1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar; 2.7.2. Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar; 2.7.3. beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar; 2.7.4. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar. 2.8. Ərizəçinin bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərlə yanaşı, akademik və peşə hazırlıq səviyyəsini və təcrübəsini təsdiq edən əlavə sənədlər təqdim etmək hüququ vardır.
4. Tanınmaya dair tələblər 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri.
6. Peşə tanınması 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. 6.3. Bu Qaydaların 6.2-ci bəndinin tələbi aşağıdakı kvalifikasiyalara şamil edilmir: 6.3.1. bu Qaydaların 2.7.1–2.7.4-cü yarımbəndləri üzrə əldə olunmuş kvalifikasiyalar; 6.3.2. “X1 X5”, “QS X5” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar. 6.4. Bu Qaydaların 6.3.2-ci yarımbəndində qeyd edilən beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamalara istinadən təhsil müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. 6.5. Bu Qaydaların 4.2-ci bəndinə (4.2.4-cü yarımbənd istisna olmaqla) uyğun olaraq ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və məhkəmə qərarına izah verilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və məhkəmə qərarına yeni izah verilməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. Hazırda tərəflər arasında mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının ali təhsilə aid diplom üzrə ixtisasının tanınmasının təkcə akademik tanınmanı deyil, həm də peşə üzrə tanınmanı ehtiva edib-etməməsi ilə əlaqədardır və məhz bununla bağlı iddiaçı məhkəmə qərarına izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
27. İşin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş ##.##.2024cü il tarixli məhkəmə qərarı ilə Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən iddiaçıya verilmiş ##.##.2005-ci il tarixli, **** nömrəli, BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəmə qərarı qismən icra edilərək akademik tanınma həyata keçirilmiş, peşə tanınması isə rədd edilmişdir. Cavabdeh bu qərarını onunla izah etmişdir ki, peşə tanınması hissəsində halhazırda28.qüvvədə olan “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın tələblərinə əsasən, iddiaçı müvafiq imtahanda iştirak etməlidir və yalnız imtahanda uğur qazandıqdan sonra peşə tanınmasına dair şəhadətnamə verilə bilər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında” (Lissabon) Konvensiyaya 1997-ci ildə qoşulmuşdur və özünün tanınma prosedurunu bu Konvensiyanın standartlarına uyğunlaşdırmaq öhdəliyi götürmüşdür.
30. Qanunvericiliyin xronologiyasına diqqət yetirdikdə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş və ##.##.2023-cü il tarixədək qüvvədə olmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tətbiqi dövründə verilmiş diplomlarda peşə tanınması üçün imtahan tələbi mövcud olmamışdır. Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023cü il tarixli, ** nömrəli qərarı qəbul edilmiş və əvvəlki – ##.##.2003-cü il tarixli, ** nömrəli qərar ləğv edilmiş və ##.##.2023-cü il tarixdən yeni Qaydalar qüvvəyə minmişdir. Xüsusilə, yeni Qaydaların 6-cı bəndinə əsasən, peşə tanınması ilə bağlı yeni prosedur nəzərdə tutulmuş və bəzi peşələr – müəllim, mühəndis və hüquq ixtisaslarının tanınması üçün imtahan tələbi müəyyən olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə ali təhsilə aid kvalifikasiyaların tanınması proseduru təsdiq edilmişdir. Bu Fərmanla təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda da peşə tanınmasını tənzimləyən eyni tələblər (6-cı bənd) nəzərdə tutulmuşdur (Prezident Fərmanından irəli gələrək, Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli qərarı ilə təkrarın aradan qaldırılması məqsədilə yuxarıda qeyd edilən Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, ** nömrəli qərarı Qaydalara aid hissədə ləğv olunmuşdur).
31. Beləliklə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair fərqli vaxtlarda 3 Qayda qəbul olunmuşdur. ##.##.2003-cü il tarixdə qəbul edilmiş və ##.##.2023-cü il tarixədək qüvvədə olmuş Qaydalarda peşə tanınması üçün imtahan tələbi mövcud olmamışdır. Lakin, ##.##.2023-cü il tarixdən sonra qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda və daha sonra, Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarda bəzi ixtisaslar üzrə peşə tanınması üçün imtahan tələbi nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 6cı bəndinə əsasən: “6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. 6.3. Bu Qaydaların 6.2-ci bəndinin tələbi aşağıdakı kvalifikasiyalara şamil edilmir: 6.3.1. bu Qaydaların 2.7.1–2.7.4-cü yarımbəndləri üzrə əldə olunmuş kvalifikasiyalar; [2.7.1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar; 2.7.2. Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar; 2.7.3. beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar; 2.7.4. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar]. 6.3.2. “X1 X5”, “QS X5” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.”
32. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli baxımından ilk növbədə müəyyən edilməlidir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün müraciətlərə baxılarkən şəxsin ali təhsilə aid kvalifikasiyanı əldə etdiyi (diplomun verildiyi) tarixdə qüvvədə olan qanunvericilik, yoxsa müvafiq ali təhsilə aid kvalifikasiyanın (diplomun) tanınması üçün inzibati orqana müraciət etdiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq olunmalıdır. Belə ki, hazırkı işdə Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən iddiaçıya ##.##.2005-cı il tarixdə bakalavriat təhsilinə aid diplom verilmişdir və həmin tarixdə qüvvədə olmuş Qaydalara əsasən peşə tanınması ilə bağlı imtahan tələbi olmamışdır. Lakin iddiaçının həmin bakalavriat təhsilinə aid diplomunun tanınması üçün cavabdehə müraciət etdiyi ##.##.2023cü il tarixdə qüvvədə olmuş Qaydalarda isə peşə tanınması ilə bağlı imtahan tələbi təsbit edilmişdir.
33. Bu mənada “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın, o cümlədən peşə tanınmasını tənzimləyən normaların maddi, yoxsa prosessual normalar olduğu aydınlaşdırılmalıdır. Həmçinin, qanunların zamana görə tətbiqi məsələsi həll edilməlidir.
34. Maddi hüquq normaları hüquq münasibətlərinin məzmununu müəyyən edən, şəxslərin hüquq və vəzifələrinin yaranması, dəyişməsi və ya xitam verilməsi əsaslarını təsbit edən normalardır. Bu normalar hüquq subyektlərinin konkret hüquq və vəzifələrini müəyyən edir. Hüquqi müəyyənlik prinsipinə əsasən, maddi hüquq normaları, bir qayda olaraq, onların qüvvəyə mindiyi tarixdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur və geriyə şamil edilmir.
35. Prosessual hüquq normaları isə hüquqların həyata keçirilməsi və müdafiəsi qaydasını, eləcə də müvafiq məsələlərə baxılmasının prosedurunu müəyyən edən normalardır. Bu normalar hüquq və vəzifələrin məzmununu müəyyən etmir, əksinə həmin hüquqların tanınması qaydasını, səlahiyyətli orqanların fəaliyyət prosedurunu və qərar qəbul etmə mexanizmini tənzimləyir. Prosessual normalar, bir qayda olaraq, “dərhal tətbiqetmə” xüsusiyyətinə malikdir və icraatın aparıldığı zaman qüvvədə olan qanunvericilik əsas götürülür.
36. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, xaricdə təhsilin nəticələrinin tanınması təhsil faktının deyil, həmin təhsilin digər dövlətdə hüquqi effektivliyinin tanınması, yəni başqa dövlətin ərazisində qüvvədə olmasının təsdiqidir. Başqa sözlə, xaricdə təhsilin tanınmaması, bir şəxsin müəyyən dövlətdə faktiki olaraq təhsil alması hadisəsinin və ya həmin təhsilin mövcudluğunun inkarı deyil. Əksinə, tanınma institutu həmin təhsilin başqa bir dövlətdə də hüquqi nəticələr doğurmaq qabiliyyətinin, yəni onun hüquqi effektivliyinin qəbul edilib–edilməməsinə aiddir. Bu yanaşma ilk növbədə Avropa Şurasının “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında” Konvensiyasında aydın ifadə olunur. Konvensiyanın 1-ci maddəsinə əsasən, “tanınma” anlayışı ali təhsilə aid kvalifikasiyanın qəbul edən dövlətdə təhsil və ya peşə fəaliyyəti məqsədləri üçün hüquqi nəticələr doğurmasının qiymətləndirilməsini nəzərdə tutur. Konvensiya tanınmanı avtomatik və şərtsiz hüquq kimi deyil, dövlətlərin müəyyən edilmiş obyektiv meyarlar əsasında həyata keçirdiyi inzibatihüquqi prosedur kimi qəbul edir (Maddə IV.1., VI.1. və VI.3.).
37. Məhkəmə kollegiyası hesab edir ki, xarici dövlətlərin ali təhsil kvalifikasiyalarının tanınması ilə bağlı qaydalar diplomun əldə edilməsi ilə bağlı hüququn məzmununu müəyyən etmir, eləcə də faktiki alınan təhsilin həmin dövrdəki mahiyyətini dəyişdirmir. Əksinə, həmin kvalifikasiyanın ölkə daxilində tanınması üçün müraciətə baxılması qaydasını, səlahiyyətli orqan tərəfindən aparılan qiymətləndirmə mexanizmini və qərar qəbul etmənin prosedur əsaslarını müəyyən edir.
38. Buna görə də, müvafiq Qaydalar və peşə tanınmasını tənzimləyən normalar prosessual xarakter daşıyır. Çünki həmin normalar iddiaçının 2005-ci ildə bakalavriat dərəcəsi əldə etməsi faktını yox, həmin sənədin 2023-cü ildə edilmiş müraciət əsasında tanınması prosedurunu tənzimləyir. Bu səbəbdən də, belə normalar qüvvədə olduqları andan etibarən baxılan işlərə tətbiq edilir və müraciətə baxıldığı tarixdə qüvvədə olan qanunvericilik əsas götürülməlidir.
39. Məhkəmə kollegiyası bu məsələni “qazanılmış hüquq” konsepsiyası baxımından da qiymətləndirməyi zəruri hesab edir. Qazanılmış hüquq prinsipinə görə, şəxsin qanunvericiliyə müvafiq qaydada əvvəllər əldə etdiyi hüquqlar sonradan əvəzsiz olaraq ləğv edilə bilməz. Lakin, bu müdafiədən yararlanmaq üçün həmin hüquq müvafiq yurisdiksiya daxilində tam olaraq yaranmalı və qazanılmalıdır. İşin hallarına “qazanılmış hüquq” konsepsiyası baxımdan yanaşdıqda qeyd edilməlidir ki, dövlət suverenliyi prinsipinə əsasən, bir dövlətin ərazisində verilmiş təhsil sənədi digər dövlətin ərazisində avtomatik olaraq eyni maddi hüquqları, o cümlədən müvafiq peşə fəaliyyəti ilə məşğul olmaq hüququnu yaratmır və qazanılmış hüquq deyildir. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası (diplomu) digər dövlətdə avtomatik hüquqi nəticələr yaratmır və hər bir dövlət müstəqil tanınma proseduru nəzərdə tuta bilər. Şəxsin ali təhsilə aid kvalifikasiyasını (diplomunu) müəyyənləşdirdikləri standartlara uyğun olaraq bir dövlət tanıya bilər, başqa dövlət isə tanımaqdan imtina edə bilər. Azərbaycan Respublikası bu sahədə beynəlxalq öhdəliklərə qoşulmuş dövlətlərdəndir və tanınma prosedurunu “Avropa regionunda ali təhsilə aid kvalifikasiyaların tanınması haqqında” (Lissabon) Konvensiyasının standartlarına uyğunlaşdırmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi qaydaya əsasən, qanun qüvvəyə mindiyi gündən ləğv edildiyi günə qədər qüvvədə olur və əgər qanunda xüsusi bir tarix göstərilməmişdirsə, o, rəsmi dərc edildiyi gün qüvvəyə minir. Bununla yanaşı, cəmiyyət və qanunvericilik daim inkişaf etdiyindən, eyni münasibətləri tənzimləyən köhnə qanunun yeni qanunla əvəz olunması hallarında yaranmış və ya davam edən hüquqi vəziyyətlərə hansı qanunun (köhnənin, yoxsa yeninin) tətbiq ediləcəyi sualı yaranır. Buna “qanunların zamanla bağlı kolliziyası” deyilir.
41. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, belə toqquşmaların həlli üçün hüquqda iki əsas prinsip qəbul olunmuşdur. Birinci prinsip – yeni qanunun geriyə qüvvəsinin olmaması prinsipidir. Bu prinsipə görə, qanun yalnız gələcək üçün müəyyən edilir və onun geriyə heç bir qüvvəsi yoxdur. Bu o deməkdir ki, yeni qanun onun qüvvəyə minməsindən əvvəl baş vermiş və artıq başa çatmış hüquqi vəziyyətlərə tətbiq edilə bilməz və yalnız qüvvəyə mindikdən sonrakı hallara şamil olunur. Bununla belə, bu prinsipdən müəyyən istisnalar mövcuddur. Belə ki, qanunverici açıq şəkildə qanunun geriyə qüvvəyə malik olduğunu müəyyən edə bilər (yəni qanunverici xüsusi olaraq qeyd edir ki, bu qanun keçmiş tarixdən etibarən tətbiq ediləcək); şəxsin vəziyyətini yüngülləşdirən qanunlar geriyə tətbiq oluna bilər (əsasən cinayət qanunlarına aiddir); həmçinin şərhedici qanunlar əvvəlki qanunun məzmununu aydınlaşdırmaq məqsədilə qəbul olunduğundan, həmin qanunun qüvvəyə mindiyi tarixə qədər geriyə tətbiq oluna bilərlər.
42. İkinci prinsip – yeni qanunun dərhal tətbiqi prinsipidir. Bu prinsipə əsasən, yeni qanun qüvvəyə mindiyi andan etibarən yeni yaranan vəziyyətlərə tətbiq edilir. Bəs keçmişdə yaranmış, amma hələ də davam edən vəziyyətlər necə tənzimlənir? Bu baxımdan, hüquqi vəziyyətlərin zaman daxilində strukturunun düzgün müəyyən edilməsi zəruridir. Hüquqi vəziyyətlər yalnız yaranma anı ilə məhdudlaşmır, əksinə, müəyyən müddət ərzində davam edərək müxtəlif hüquqi nəticələr doğura bilər. Bu səbəbdən, hüquqi vəziyyətin yaranması ilə onun gələcək təsirlərinin fərqləndirilməsi, əsaslı hüquqi qiymətləndirmə üçün vacibdir. Keçmişdə yaranmış hüquqi vəziyyətlər iki əsas kateqoriyaya bölünür: qeyri müqavilə xarakterli hüquqi vəziyyətlər və müqavilə vəziyyətləri.
43. Müqavilə xarakterli hüquqi vəziyyətlərdə yeni qanun qüvvəyə mindikdən sonra bağlanan müqavilələrə dərhal tətbiq olunsa da, əvvəlki qanunvericilik dövründə bağlanmış və hələ də qüvvədə olan müqavilələrin gələcək təsirləri köhnə qanunla tənzimlənməkdə davam edir. Bu yanaşma tərəflərin müqavilə bağlayarkən mövcud qanunvericiliyə əsaslanaraq formalaşdırdıqları iradənin və gözləntilərin qorunmasına yönəlmişdir. Beləliklə, müqavilə münasibətlərində hüquqi sabitlik prioritet təşkil edir. Yeni qanun bu müqaviləyə müdaxilə edərək, onu dəyişə bilməz (ictimai maraqlar bunu tələb etmirsə).
44. Digər tərəfdən, qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlərdə fərqli hüquqi rejim tətbiq edilir. Yeni qanun bu vəziyyətlərin gələcək təsirlərinə dərhal tətbiq olunur. Əgər qanun dəyişməmişdən əvvəl bir hüquqi status yaranıbsa, keçmişdə baş vermiş təsirlər köhnə qanunla tənzimlənir (çünki geriyə qüvvə yoxdur), lakin yeni qanun çıxdıqdan sonra bu statusun yaradacağı yeni (gələcək) nəticələr mütləq şəkildə yeni qanuna tabe olur.
45. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən prinsiplərdən çıxış edərək belə nəticəyə gəlmək olar ki, keçmişdə yaranmış hüquqi vəziyyətlər və onların artıq baş vermiş təsirləri köhnə qanunvericiliklə tənzimlənir, lakin yeni qanun qüvvəyə mindikdən sonra yaranan yeni hüquqi vəziyyətlərə, eləcə də davam edən qeyri-müqavilə xarakterli vəziyyətlərin gələcək təsirlərinə yeni qanun tətbiq edilməlidir.
46. Məhkəmə kollegiyası müəyyən edir ki, hazırkı işin hallarına tətbiq etdikdə, iddiaçının 2005-ci ildə əldə etdiyi ali təhsilə aid kvalifikasiya (diplom) onun hüquqi vəziyyətinin yaranması mərhələsini təşkil edir və bu hal keçmişdə baş vermiş hüquqi fakt kimi qiymətləndirilməlidir. Lakin, iddiaçının həmin kvalifikasiyanın Azərbaycan Respublikasında tanınması məqsədilə ##.##.2023-cü il tarixdə müvafiq orqana müraciət etməsi və gələcəkdə ondan istifadə etmək niyyəti bu hüquqi vəziyyətin gələcək təsirləri kimi xarakterizə olunur. Başqa sözlə, iddiaçı yalnız keçmişdə əldə etdiyi hüquqi vəziyyətin mövcudluğunu təsdiq etdirmir, eyni zamanda, həmin vəziyyətdən gələcək hüquqi nəticələr əldə etməyə yönəlmiş iradə ifadə edir.
47. Məhkəmə kollegiyası hesab edir ki, belə halda hüquqi münasibət qeyri-müqavilə xarakterli olduğundan, onun gələcək təsirlərinə münasibətdə yeni qanunun dərhal tətbiqi prinsipi nəzərə alınmalıdır. İddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan normativ hüquqi aktlar bu münasibətin hüquqi çərçivəsini müəyyən edir və həmin çərçivə daxilində dövlət tərəfindən müəyyən edilmiş standartlar, tələblər və prosedurlar tətbiq olunmalıdır. Bu baxımdan, iddiaçının hüquqi vəziyyətinin qiymətləndirilməsi məhz ##.##.2023-cü il tarixdə qüvvədə olan Qaydalar əsasında aparılmalıdır.
48. Bu səbəbdən də, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərə baxılarkən şəxsə kvalifikasiyanın verildiyi tarixdə qüvvədə olmuş qanunvericilik deyil, məhz müraciətin edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir.
49. Buna görə də, iddiaçının ##.##.2023-cü il tarixdə etdiyi müraciətə həmin tarixdə qüvvədə olan Qaydaların tələbləri tətbiq edilməli idi.
50. Məhkəmə kollegiyası qeyd edir ki, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların, həm də onu əvəz edən Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 6.2-ci bəndinə əsasən bəzi ixtisaslar üzrə, o cümlədən hüquq ixtisası üzrə peşə tanınması üçün imtahan tələbi nəzərdə tutulmuşdur. Buna görə də, iddiaçı peşə tanınması üçün müvafiq imtahanda iştirak etməli və yalnız həmin imtahandan uğur qazandıqdan sonra ona peşə tanınmasına dair şəhadətnamənin verilməsi mümkündür. Eləcə də, Qaydaların 6.3-cü bəndində peşə tanınması üçün imtahan tələbini istisna edən hallar təsbit olunmuşdur, lakin bu hallardan hər hansı biri iddiaçıya münasibətdə mövcud olmadığından ona şamil edilə bilməz.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaları əvəz edən Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələbləri tətbiq olunmalıdır və iddiaçı peşə tanınması üçün müvafiq imtahanda iştirak etməlidir.
52. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iddiaçının ərizəsi üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2024cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına aşağıdakı məzmunda izah verilməlidir: “Sankt- Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş ##.##.2005-ci il tarixli **** nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması dedikdə, yalnız akademik tanınmanın həyata keçirilməsi və iddiaçıya akademik tanınmaya dair müvafiq şəhadətnamənin verilməsi, peşə tanınmasının isə Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.”
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına aşağıdakı məzmunda izah verilir: “Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş ##.##.2005-ci il tarixli, **** nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması dedikdə, yalnız akademik tanınmanın həyata keçirilməsi və iddiaçıya akademik tanınmaya dair müvafiq şəhadətnamənin verilməsi, peşə tanınmasının isə Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.” Qərar qətidir.