Məhkəmə qərarları › İş №2-1(102)-3486/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3486/2025

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3486/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı, 44 günlük Vətən Müharibəsi dövründə Şəki rayon X2 və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü vəzifəsində işləmişdir.

2. İddiaçı, Şəki rayon Mərkəzi Xəstəxanasının ##.##.2020-ci il tarixli, **** nömrəli əmrinə əsasən xəstə daşımaq məqsədilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Ağdam şəhərinə, ##.##.2020-ci il tarixli, **** nömrəli əmrinə əsasən eyni məqsədilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur.

3. Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ##.##.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı, geniş miqyaslı əks-hücum əməliyyatlarının həyata keçirilməsi zamanı xəsarət alanlara xidmət göstərmək məqsədilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi iş fəaliyyətini Ağdam rayon Mərkəzi Xəstəxanasında yerinə yetirmişdir.

4. X1 Mərkəzinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə şəhid olmuş və yaralanmış şəxslərin X1 Mərkəzinə daşınmasında iştirak etmişdir.

5. Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən cavabdehə müraciət edilərək, iddiaçı da daxil olmaqla 20 nəfər sürücünün təcili və tibbi yardım avtomaşınları ilə birlikdə Ağdam rayon Mərkəzi Xəstəxanasına və X1 Mərkəzinə yaralı və şəhidlərin daşınması üçün ezam edildiyi, həmin sürücülərin müharibənin sonunadək yerdəyişmə üsulu ilə növbəlilik əsasında göstərilən işlərdə iştirak etdiyi, müharibə bitdikdən sonra isə avtomaşınları ilə birlikdə öz iş yerlərinə geri qayıtdıqları qeyd olunmuş və həmin sürücülərə “Müharibə veteranı” adının verilməsinin qanunauyğunluğu barədə münasibətin bildirilməsi xahiş edilmişdir.

6. Cavabdeh iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixləri arasında Cavabdeh döyüş əməliyyatları aparan hərbi hissələrində xidmət etmədiyini (işləmədiyini) əsas gətirərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq ezam olunduğu tarixlərdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid və yaralıların X1 Mərkəzinə daşınmasında iştirak etdiyini, bu səbəbdən də cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.

9. Cavabdeh iddiaya qarşı etirazında imtinasının dəlillərinə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı və şəhidləri döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vüqar Musayev /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Əyyub Kərimov) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin iddia tələbinə etirazının başlıca dəlili iddiaçı ilə aralarında hər hansı rəsmi əmək (xidmət) münasibətinin olmaması ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərləri və şəhidləri döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, müvafiq Əsasnaməyə əsasən, hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduqları halda, mülki şəxslərə də “Müharibə veteranı” adı verilir.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir və o, bu məqsədlə Cavabdeh qarşı hazırkı iddianı qaldırmışdır.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 44 günlük Vətən Müharibəsi dövründə Şəki rayon X2 və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü vəzifəsində işləmiş iddiaçı, xəstəxananın müvafiq əmrlərinə əsasən xəstə daşımaq məqsədilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Ağdam şəhərinə, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuş və döyüş bölgələrindən yaralı və şəhidlərin Ağdam rayon Mərkəzi Xəstəxanasına və X1 Mərkəzinə daşınmasında iştirak etmişdir.

30. Qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin icraatında olmuş analoji faktlara əsaslanan oxşar işdə (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı) X1 Mərkəzinin ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək hərbi hospital kimi fəaliyyət göstərdiyi qeyd olunmuşdur.

31. Cavabdeh iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixləri arasında Cavabdeh döyüş əməliyyatları aparan hərbi hissələrində xidmət etmədiyinə (işləmədiyinə) istinadən iddiaçı ilə aralarında hər hansı rəsmi əmək (xidmət) münasibətinin olmadığını əsas gətirərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

32. İşə baxan məhkəmələr isə cavabdehin imtinasını əsassız hesab etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduqları halda, mülki şəxslərə də “Müharibə veteranı” adının verildiyini qeyd etmişlər.

33. Bu qərarın 19-cu bəndində istinad edilən Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxslərə “Müharibə veteranı” adı onların ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti dövlət orqanları (Cavabdeh, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

34. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə düzgün cavabdehin müəyyən edilməsi baxımından iddiaçının mülki şəxs kimi ezam olunduğu yer həlledici əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsi isə həmin istiqamətdə hər hansı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə iddiaçının hərbi hissələrə (bölmələrə) və ya orqanlara istinad olunan Əsasnamənin tələb etdiyi qaydada ezam olunub-olunmadığını aydınlaşdırmadan, həmin dövrdə Ağdam rayon Mərkəzi Xəstəxanasının və ya X1 Mərkəzinin hərbi hospital kimi fəaliyyət göstəribgöstərmədiyini, fəaliyyət göstərdiyi halda hansı dövlət orqanının (Cavabdeh, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və s.) tabeliyində fəaliyyət göstərdiyini və ya hansı orqana təhkim olunduğunu müəyyənləşdirmədən, eləcə də oxşar vəziyyətlərə münasibətdə Cavabdeh inzibati praktikasını dəqiqləşdirmədən, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmalı olduğu qənaətinə gəlmişdir.

36. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı, mümkünlük şərtlərinin ödənilməsi baxımından bu qərarın 34-35-ci bəndlərinə uyğun olaraq iddiaya cavab verməli qurum müəyyən olunmalı, iddianın düzgün cavabdehə qarşı qaldırılmadığının müəyyən edildiyi təqdirdə, bununla bağlı iddiaçıya hüquqi yardım göstərilməli, iddianın mümkünlüyünə mane olan halların müəyyən edilmədiyi təqdirdə isə, iddiaya mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar