Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3489/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İsgəndər oğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İsgəndər oğlunun cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “## ####### 2021-cı il tarixdən ## ####### 2024-cü il tarixə kimi müvafiq illər üzrə toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə aparılmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış pensiya məbləğ fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı İsgəndər oğlu ##.##.1960-cı il təvəllüdlüdür (FİN: *******).
2. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavə təyin edilmiş şəxs kimi ##.##.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləməyə davam etmiş, ##.##.2008-ci il tarixdən isə hakim vəzifəsinə təyin edilərək bu vəzifədə işləmişdir.
3. İddiaçı ona pensiya təyin edildikdən sonra da işləməyə davam etmiş, fərdi hesabında pensiya kapitalı toplanmış və pensiyasının yenidən hesablanması üçün ilk dəfə ##.##.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh ##.##.2024-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edərək, iddiaçıya ##.##.2024-cü il tarixdən 3229,59 manat əmək pensiyası məbləği müəyyən etmişdir. Cavabdeh hesablamanı yalnız müraciət tarixindən etibarən aparmış, əvvəlki üç illik dövr üzrə yenidən hesablama aparmamışdır.
4. Bundan sonra iddiaçı müraciət etdiyi tarixdən əvvəlki üç illik dövr üzrə pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün ##.##.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi ## ####### 2024-cü il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 188190,66 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 76 aya bölünməklə (188190,66:76 ay (65 il-64 il 8 ay=4 ay+72 ay (144 ay-72))=2476,19 manat) həmin tarixədək mövcud olmuş pensiyasının (753,40 manat) üzərinə əlavə edilmiş, əmək pensiyası həmin tarixdən 3229,59 manat (753,40+2476,19) məbləğində müəyyən edilmiş və ona ödənilməli olan 559,13 manat fərq məbləği 2024-cü ilin noyabr ayında pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ## ####### 2021-cı il tarixdən ## ####### 2024-cü il tarixə kimi müvafiq illər üzrə toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə aparılmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış pensiya məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 2001-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən pensiyaya çıxmışdır. Həmin tarixdən hazırkı günədək başqa sahələrdə əmək fəaliyyətini davam etdirmiş, fərdi şəxsi hesabında kifayət qədər pensiya kapitalı toplanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə, işləyən əmək pensiyaçılarına pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir, sonrakı dövr üzrə qazanılan hissələr üzrə kapital toplanması davam etdirilir və müəyyən hallarda pensiya avtomatlaşdırılmış qaydada yenidən hesablanır. O, ## ####### 2024-cü ildə pensiyanın yenidən hesablanması barədə müraciət etmiş, müraciəti nəzərə alınaraq pensiyası həmin tarixdən yenidən hesablanaraq ödənilmiş, lakin əvvəlki dövrlər üzrə yenidən hesablanmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, ötən dövr üçün hesablanan pensiya, müraciət tarixindən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin # ####### 2020-ci il tarixli qərardadında və Konstitusiya Məhkəməsinin # ###### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, 37.3.1-ci maddə yaşa görə pensiya hüququ olan bütün şəxslərə, o cümlədən güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə çalışan hərbi qulluqçulara da şamil edilir. Cavabdeh inzibati orqan ## ###### 2024-cü il tarixli cavab məktubu ilə tələbinin təmin olunmasından imtina etdiyindən, o, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.
7. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalın yenidən hesablanması üçün ilk dəfə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. 188190,66 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci və 45-ci maddələrinə uyğun olaraq 76 aya bölünməklə aylıq 2476,19 manat hesablanmış, mövcud 753,40 manat pensiyaya əlavə edilərək, 3229,59 manat məbləğində müəyyən edilmişdir. 559,13 manat fərq məbləği də 2024-cü ilin noyabr ayında ödənilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, # ###### 2025-ci ildən pensiya məbləği 3491,19 manat olmuşdur. İddiaçının ## ####### 2024-cü il tarixli müraciətindən əvvəlki dövrlər üzrə yenidən hesablanma tələbi ilə bağlı cavabdeh bildirir ki, Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, həmin tarixdən əvvəl müraciət olmadığından əmək pensiyasının yenidən hesablanması həyata keçirilməmişdir. Yenidən hesablanmış məbləğin əvvəlki dövr üzrə ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh orqanın üzərinə ## ####### 2021-ci il tarixindən ## ####### 2024-cü il tarixinə olan müddət ərzində (toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə apararaq) iddiaçının pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin ona ödənilməsi öhdəliyi qoyulmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Ə.Musayev /sədrlik edən və məruzəçi/, T.V.Musayev və T.H.Həsənov) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 11.1. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının fərdi hesabında toplanmış sığorta kapitalı artıq ##.##.2024cü il tarixdə istifadə edilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 37.3.2-1ci maddələrinə əsasən pensiyanın yenidən hesablanması üçün 6 illik müddət və müraciət şərti tələb olunduğundan, iddiaçının əvvəlki dövr üzrə pensiyasının yenidən hesablanması mümkün deyildir. 11.2. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu mövqeyini əsaslı hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hakim vəzifəsində işlədiyi dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin əvvəlki redaksiyası pensiyanın yenidən hesablanmasını şəxsin müraciəti ilə şərtləndirməmiş, pensiya təyin edildikdən sonra 6 il və daha artıq əmək fəaliyyəti göstərilməsi halında pensiyanın yenidən hesablanmasını nəzərdə tutmuşdur. Sonrakı qanunvericilik dəyişiklikləri isə bu məsələyə aydınlıq gətirərək, həmin hesablamanın avtomatlaşdırılmış qaydada aparılmasını müəyyən etmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının pensiyasını hazırda qüvvədə olan müraciət şərtinə əsasən deyil, onun hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial təminatları nəzərdə tutan hüquqi tənzimləmə nəzərə alınmaqla yenidən hesablamalı idi. Məhkəmə həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edərək, yenidən hesablanmış pensiya məbləğinin müraciət tarixindən əvvəlki ən çoxu üç il üzrə ödənilməli olduğu nəticəsinə gəlmişdir. 11.3. Pensiyanın indeksləşdirilməsi məsələsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanması və indeksləşdirilməsi həyata keçirilmiş, iddiaçı da ona hazırda ödənilən pensiya məbləği ilə razı olduğunu bildirmişdir. Buna görə də məhkəmə həmin hissə üzrə əlavə araşdırma aparılmasına zərurət görməmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri:
13. Kassasiya şikayətində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə ##.##.2022-ci il tarixindən sonra “əmək pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanması” barədə dəyişikliyin edilməsi, həmin dəyişiklikdən əvvəl yenidən hesablanmanın məhz şəxsin müraciəti əsasında həyata keçirildiyini göstərir. Əks halda, dəyişiklikdən sonra Qanuna 37.3.2-1-ci maddə əlavə edilməz, qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması digər şəxslərdən fərqli olaraq onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti ilə şərtləndirilməzdi. Cavabdeh hesab edir ki, ##.##.2022-ci il tarixindən əvvəl iddiaçının müraciəti olmadan onun əmək pensiyasını Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 il işlədiyinə görə yenidən hesablamaq səlahiyyətinə malik olmamışdır. İddiaçının ##.##.2024cü il tarixinədək əmək pensiyasının yenidən hesablanması barədə müraciəti olmadığından, cavabdehin həmin tarixdən sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli qərarı qanunauyğun və əsaslı olmuşdur.
14. Kassasiya şikayətində daha sonra qeyd edilmişdir ki, şəxsə əmək pensiyasının müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi üçün onun pensiya hüququnun yaranma tarixinin müraciət edilən tarixdən əvvəl olması müəyyən edilməlidir. Cavabdehin mövqeyinə görə, məhkəmə iddiaçının müraciət etdiyi ##.##.2024-cü il tarixinə malik olduğu pensiya kapitalını deyil, ən azından ##.##.2021-ci il tarixinə malik olduğu pensiya kapitalı əsasında hesablanmalı olan məbləği müəyyən etməli idi. Cavabdeh hesab edir ki, məhkəmə şəxsin pensiya kapitalının hüququnun yarandığı tarixə deyil, müraciət edilən ##.##.2024-cü il tarixinə indeksləşdirilməsi nəticəsinə gəlməklə qanunun tələbindən kənara çıxmışdır.
15. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçının daha əvvəlki tarixlərdə cavabdehə müraciəti olmadığından və Qanunda qulluq stajına görə əlavə təyin edilmiş şəxslərə münasibətdə avtomatlaşdırılmış qaydada pensiyanın yenidən hesablanması imkanı nəzərdə tutulmadığından, iddiaçının pensiyasının 6 ildən bir avtomatlaşdırılmış qaydada yenidən hesablanmasını cavabdehdən tələb etmək əsassızdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr ... 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanun qəbul edilənədək (##.##.2022-ci il tarixdə qüvvəyə minmiş) qüvvədə olan redaksiya: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Həmin maddənin hazırda qüvvədə olan redaksiyası: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin, bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir; Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ...
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları nəticə etibarilə düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilmir.
23. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavə təyin edilmiş şəxs kimi ##.##.2001-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, o, pensiya təyin edildikdən sonra da əmək fəaliyyətini davam etdirmiş, ##.##.2008-ci il tarixdən hakim vəzifəsinə təyin edilərək həmin vəzifədə işləmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarında iddiaçının əmək pensiyasının ##.##.2008-ci il tarixdə yenidən hesablandığı göstərilsə də, iş materiallarından bu halın təsdiq olunduğu müəyyən edilmir. Əksinə, cavabdehin iddiaya etirazından, apellyasiya və kassasiya şikayətlərindən, habelə iddiaçının kassasiya şikayətinə etirazından görünür ki, iddiaçı pensiya təyin edildikdən sonra işlədiyi dövr üzrə əmək pensiyasının yenidən hesablanması üçün ilk dəfə ##.##.2024-cü il tarixdə cavabdehə müraciət etmiş və cavabdeh pensiyanı ilk dəfə həmin tarixdən yenidən hesablamışdır.
25. Cavabdeh iddiaçının müraciəti əsasında pensiyanı yalnız ##.##.2024-cü il tarixdən yenidən hesablamış, müraciət tarixindən əvvəlki üç illik dövr üzrə yenidən hesablama aparmaqdan və yaranmış məbləğ fərqini ödəməkdən imtina etmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, Qanunun 37.3.2-1-ci maddəsinə əsasən qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının yenidən hesablanması müraciət əsasında həyata keçirildiyindən, müraciət tarixindən əvvəlki dövr üzrə ödəniş aparılması mümkün deyildir.
26. İddiaçı isə bununla razılaşmayaraq, ##.##.2024-cü il tarixli müraciətindən əvvəlki üç il üzrə - ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək toplanmış pensiya kapitalına münasibətdə indeksləşmə aparılmaqla pensiyasının yenidən hesablanmasını və yaranmış məbləğ fərqinin ödənilməsini tələb etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinin əvvəlki redaksiyası pensiyanın yenidən hesablanmasını şəxsin müraciəti ilə şərtləndirməmiş, pensiya təyin edildikdən sonra 6 il və daha artıq əmək fəaliyyəti göstərilməsi halında yenidən hesablanma hüququ nəzərdə tutmuşdur. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi yaranmış məbləğ fərqinin müraciət tarixindən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğu qənaətinə gəlmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Qanunun 37.3.1-ci maddəsinin ##.##.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasından görünür ki, həmin normanın tətbiqi üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması nəzərdə tutulmuşdur. Həmin redaksiyaya görə, şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi əmək pensiyasının yenidən hesablanması üçün hüquqi əsaslardan biri kimi müəyyən edilmişdir.
30. Həmin redaksiya əmək pensiyasının yenidən hesablanmasını şəxsin müraciəti ilə şərtləndirməmişdir. Başqa sözlə, həmin dövrdə qüvvədə olmuş hüquqi tənzimləmə pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləmə faktının mövcudluğunu əmək pensiyasının yenidən hesablanması üçün yetərli hüquqi əsas kimi qəbul etmişdir.
31. Qanunun 37.3.1-ci maddəsinə ##.##.2022-ci il tarixdən edilmiş dəyişikliklə əmək pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanması qaydası daha dəqiq tənzimlənmiş, eyni zamanda Qanunun 37.3.2-1-ci maddəsi ilə Qanunun 20-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həyata keçirildiyi müəyyən edilmişdir.
32. Lakin hazırkı mübahisədə həlledici məsələ ondan ibarətdir ki, iddiaçının pensiyanın yenidən hesablanması hüququnun yaranması üçün zəruri olan faktiki şərtlər ##.##.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyanın tətbiq olunduğu dövrdə mövcud olmuşdur. Buna görə də sonrakı qanunvericilik dəyişikliyi iddiaçının əvvəllər yaranmış hüququnu tamamilə aradan qaldıran və ya həmin hüququn ötən dövr üzrə həyata keçirilməsini istisna edən qayda kimi şərh edilə bilməz.
33. Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Bu hüquqi mövqe həmin normanın ümumi xarakter daşıdığını və güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin də sonrakı əmək fəaliyyəti nəticəsində topladıqları pensiya kapitalına görə pensiyalarının yenidən hesablanması hüququna malik olduqlarını təsdiq edir.
34. İşin hallarından göründüyü kimi, iddiaçı 2001-ci ildə əmək pensiyası təyin edildikdən sonra da işləyən əmək pensiyaçısı olmuş, onun fərdi hesabında pensiya kapitalının toplanması davam etmiş və o, pensiya təyin edildikdən sonra 6 ildən artıq müddətdə əmək fəaliyyətini davam etdirmişdir. Bu baxımdan, Qanunun 37.3.1-ci maddəsinin ##.##.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulmuş şərtlər iddiaçıya münasibətdə həmin redaksiyanın qüvvədə olduğu dövrdə yaranmışdır.
35. Buna görə də, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququnun yalnız ##.##.2024-cü il tarixli müraciətlə yarandığı barədə cavabdehin mövqeyi əsaslı sayıla bilməz. Müraciət bu halda hüququ yaradan maddi-hüquqi fakt deyil, artıq yaranmış hüququn həyata keçirilməsi üçün inzibati icraatın başlanmasına səbəb olan prosessual vasitə kimi qiymətləndirilməlidir.
36. Əmək pensiyasının ötən dövr üçün ödənilməsi qaydasını müəyyən edən norma Qanunun 32.1-1-ci maddəsidir. Həmin normaya görə, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir; bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği isə ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair # ####### 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə əsasən, həmin maddədə nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ daha əvvəl yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana daha sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
38. Bu hüquqi mövqedən çıxış etməklə, iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ daha əvvəl yaranmış olsa da, onun ##.##.2024-cü il tarixli müraciəti nəzərə alınmaqla yaranmış pensiya məbləği fərqinin müraciət tarixindən əvvəlki ən çoxu üç il üzrə ödənilməsi mümkündür.
39. Kassasiya şikayətində irəli sürülən “2021-ci il tarixə mövcud pensiya kapitalı ilə 2024-cü il tarixə mövcud pensiya kapitalının fərqli olması” barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, iddia tələbinin və məhkəmə qərarlarının mahiyyəti ##.##.2021–##.##.2024-cü illər üzrə müvafiq illərdə toplanmış pensiya kapitalı nəzərə alınmaqla və qanunvericilikdə nəzərdə tutulmuş indeksləşmə qaydası tətbiq edilməklə yenidən hesablamanın aparılmasından ibarətdir. Başqa sözlə, əvvəlki üç illik dövr üzrə ödənilməli məbləğ müəyyən edilərkən həmin dövrün hər bir mərhələsi üzrə mövcud olmuş və indeksləşdirilmiş pensiya kapitalı, həmin dövrdə faktiki ödənilmiş pensiya məbləği və qanunvericiliyin tətbiq etdiyi hesablanma qaydası nəzərə alınmalıdır.
40. Buna görə də, cavabdehin ##.##.2024-cü il tarixinə mövcud kapital əsasında pensiyanı həmin tarixdən hesablaması, müraciət tarixindən əvvəlki üç il üzrə yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyini istisna etmir. Həmin fərqin konkret məbləğinin müəyyən edilməsi cavabdeh inzibati orqanın yenidən hesablamanı qanunun tələblərinə uyğun aparması ilə müəyyənləşdirilməlidir.
41. Qanunun 37.3.2-1-ci maddəsində müraciət şərtinin nəzərdə tutulması da bu nəticəni dəyişdirmir. Hazırkı işdə iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət etmiş və həmin müraciət əsasında inzibati icraat başlanmışdır. Mübahisə müraciətin olubolmaması ilə deyil, həmin müraciət əsasında aparılmış yenidən hesablamanın müraciət tarixindən əvvəlki üç illik dövrə şamil edilib-edilməməsi ilə bağlıdır.
42. Qanunun 37.3.2-1-ci maddəsi yenidən hesablamanın “bu Qanuna uyğun olaraq” həyata keçirilməsini nəzərdə tutur. Bu isə həmin müraciət əsasında başlanmış icraatda Qanunun 32.1-1-ci maddəsinin və həmin maddənin tətbiqinə dair formalaşmış məhkəmə təcrübəsinin də nəzərə alınmasını tələb edir. Müraciət şərti şəxsin əvvəllər yaranmış pensiya hüququnu aradan qaldıran və ya əvvəlki üç il üzrə ödəniş imkanını istisna edən qayda kimi şərh oluna bilməz.
43. “İnzibati icraat haqqında” Qanunun 11, 16 və 24-cü maddələrinin məzmunundan da görünür ki, inzibati orqan qanunun tələblərinə riayət etməyə, tətbiq edilməli hüquq normasını maraqlı şəxsin vəsatəti əsasında və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə tətbiq etməyə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam və obyektiv araşdırmağa borcludur. Pensiya hüququnun reallaşdırılmasını təmin edən inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da nəzərə almalıdır.
44. Bu baxımdan, cavabdehin yalnız ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə hesablamanın aparılması ilə kifayətlənməsi və iddiaçının müraciət tarixindən əvvəlki ən çoxu üç il üzrə yaranmış pensiya məbləği fərqinin ödənilməsini istisna etməsi qanunun yuxarıda göstərilən tələblərinə uyğun hesab edilə bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi barədə tələbi əsaslı olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı nəticə etibarilə qanuni və əsaslı hesab edilməlidir. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.