Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3501/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; mülki əqdlər əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə dair mülki məhkəmə icraatı qaydasında baxılmalı mübahisələr; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə ##.##.2014-cü il tarixdə DƏDRX-də mülkiyyət hüququ barədə aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilərək onun əsasında verilən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona məxsus Quba rayonu İqrik kəndində yerləşən 1.32 ha torpaq sahəsinə ##.##.2014-cü il tarixdə DƏDRX-də mülkiyyət hüququ barədə aparılmış dövlət qeydiyyatının etibarsız bilinərək onun əsasında verilən çıxarışın ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakim R.Həsənov) ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər G.Cabbarova – məruzəçi, V.Əzizova və İ.Quliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçının adına ##.##.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla, onun adına çıxarış verilmişdir. Həmçinin, iddiaçı tərəfindən Xudaverdiyev Aftandil İslam oğlu adlı şəxsə onun adından səlahiyyətlərin icra edilməsi məqsədilə etibarnamə verilmiş, həmin etibarnamə əsasında Aftandil adlı şəxs iddiaçının adından çıxış edərək, iddiaçı ilə Üçüncü şəxs arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamışdır. Sözügedən torpaq sahəsi həmin müqavilənin predmeti qismində çıxış etmiş, müqaviləyə əsasən torpaq sahəsi alıcı qismində çıxış edən Üçüncü şəxs satılmışdır. Həmin müqavilə əsasında Üçüncü şəxs adına sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmış, onun adına müvafiq çıxarış verilmişdir. İddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında mübahisələndirilərək, müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi irəli sürülmüş, hazırda həmin tələb üzrə mülki iş məhkəmə icraatında olmaqla, hazırkı inzibati iş üzrə icraatla əlaqədar olaraq mülki iş üzrə icraat dayandırılmışdır (Sumqayıt Kommersiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı). İndiki halda iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsinə dair məhz onun öz adına aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız hesab edilməsindən ibarət olmuşdur. İddia tələbinin əsası kimi onun tərəfindən etibarnamənin yalnız torpaq sahəsi ilə bağlı istifadə hüququnun ötütülməsinə dair hərəkətlərin edilməsi üçün verilməsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair müraciət edilməsi üçün verilməməsi, bununla bağlı müraciət ərizəsinin onun tərəfindən verilməməsi, saxta olması və s. hallara istinad etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının adına sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətləri məhz iddiaçının xeyrinə həyata keçirilmiş əlverişli faktiki xarakterli hərəkətlərdə ifadə olunmaqla, iddiaçı üçün onun xeyrinə əlverişli hüquqi nəticənin yaranmasına səbəb olmuşdur. Həmçinin, iddiaçı özü də sözügedən əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu qəbul edir, cavabdeh tərəfindən də məhz mövcud olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İndiki halda, cavabdehin hərəkətləri inzibati akt qismində çıxış etməsə də, məhz faktiki xarakterli hərəkətlərində ifadə olunmaqla, həmin hərəkətləri mahiyyət etibarilə iddiaçıya münasibətdə əlverişli hüquqi nəticənin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, onu təsdiq edilməsi) yaranmasına səbəb olmuşdur. Bu halda, iddiaçının cavabdehin onun üçün əlverişli hüquqi nəticə yaranmasına səbəb olan hərəkətlərini mübahisələndirmək üçün həmin hərəkətlərin onun hansı hüquq və qanunla qorunan maraqlarını pozmasına dair halları əsaslandırmaqla, ona dair sübut təqdim etməlidir. Nəticə etibarilə cavabdehin iddiaçı üçün onun xeyrinə hüquqi nəticə yaradan hərəkətlərinin onun hansı hüquq və qanunla qorunan maraqlarını pozması halı müəyyən edilməmişdir, hansı ki, iddianın mümkünlüyü baıxmından həmin halın müəyyən edilməsi zəruri olmuşdur.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
11. Belə ki, hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: 1) mübahisələndirilən 1.32 ha torpaq sahəsinə münasibətdə iddiaçının öz adına aparılmış mülkiyyət hüququ barədə qeydin etibarsız hesab edilməsi; 2) həmin qeyd əsasında alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə satılmış torpaq sahəsi ilə bağlı üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi.
12. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə belə bir halın mövcudluğu təsdiq edilmir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.1-6.2-ci bəndlər).
14. İddia tələbinin ikinci hissəsi ilə bağlı kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli; ##.##.2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * nömrəli qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
15. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının pozulması ehtimal olunan hüququnun ümumi (publik) hüquq sahəsindən irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarında Ali Məhkəmənin hüquqi mövqeyinə ondan ibarət olmuşdur ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarları, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı).
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.
18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.