Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3506/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Səfərov İlqar Mövsüm oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Səfərov İlqar Mövsüm oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Mingəçevir Bələdiyyəsi) qarşı torpaq sahəsinə dair hüququn qeydə alınması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004-cü il tarixli, *** nömrəli sərəncamı ilə qanuni istifadədə olan yaşayış evlərinin və qanuni ayrılmış torpaq sahələrində tikilmiş evlərin torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı zəruri araşdırmaların aparılması və mülkiyyət hüququna dair sənədlərin verilməsinin təmin edilməsi qərara alınmışdır.
2. Daha sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004-cü il tarixli, *** nömrəli sərəncamına istinadla iddiaçının adına Mingəçevir şəhəri şosesinin kənarında 499.92 kv.m həyətyanı torpaq sahəsinə dair A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməklə X2 kitabında qeydə alınmışdır.
3. İddiaçının Mingəçevir şəhərində yerləşən 0,0499 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə cavabdeh tərəfindən təqdim olunmuş ## ###### 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, texniki sənəd olan ləğv olunmuş DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı ****** nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsinə dair X2 kitabında ##.##.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi (kadastr planı) mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhəri şosesinin kənarında yerləşən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004-cü il tarixli *** nömrəli sərəncamı ilə ## #### 2004-cü il tarixli *** nömrəli 499.92 kv.m həyətyanı torpaq sahəsi, X2 kitabında ##.##.2009-cu il tarixində 2073 nömrə ilə uçota alınmış, A №****** nömrəli kadastr göstəriciləri əsas döngə nöqtə koordinatları daxilində olan torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi (mülkiyyətinə verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı uzun müddət Mingəçevir şəhərində yaşadığına görə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004cü il tarixli *** nömrəli sərəncamı ilə Mingəçevir şəhəri şosesinin kənarında 499.92 kv.m həyətyanı torpaq sahəsi ona ayrılmış, bu barədə A seriyalı,****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun adına qeydiyyata alınaraq çıxarışın verilməsi üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq tələbi təmin edilməmişdir.
6. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad etmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 499,92 kv.m torpaq sahəsinin naturada faktiki sahəsi - 0,05 ha təşkil edir, torpaq sahəsinin təyinatı – yaşayış məntəqələrinin torpaqları, uqodiyası - kənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyətçisi - Mingəçevir Bələdiyyəsidir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddia edilən torpaq sahəsi eynilik təşkil edir, torpaq sahəsi başqa subyektlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.
8. Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İddiaçının təqdim etdiyi sərəncamda torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələlər “Həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi” kimi adlandırılmaqla, bu müddətdən daha əvvəl fərdi qaydada fiziki şəxslərə qanuni qaydada verilmiş torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi ilə bağlı müxtəlif qurumlara verilmiş tapşırıqlarla əlaqədardır. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə izah edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Belə ki, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2007-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün Təsviri”nin 1-ci bəndində göstərilmişdir ki, bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir. Həmin Təsvirin 4.3, 4.5-ci, 4.6 və 4.9-cu bəndlərinə əsasən, torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; torpaq sahəsinin qonşu sərhədləri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə göstərilir. Bu müddəalardan göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd qeyd edilməlidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranmasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin ## #### 2004-cü il tarixli *** saylı Sərəncamının iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində qeyd edilməsi özlüyündə qanunsuzdur. Belə ki, həmin sənədi tərtib edən DT və XK-nin Mingəçevir şəhər şöbəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin kadastr göstəricilərinin qeyd olunduğu sənədə tamamilə başqa məsələləri nizamlayan və həmin torpaq sahəsinin ayrılmasını nəzərdə tutmayan Mingəçevir Şəhər İcra Hakimiyyətinin ## #### 2004-cü il tarixli *** saylı Sərəncamını qeyd etməklə qanunsuz sənəd tərtib etmiş və iddia olunan torpaq sahəsinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamı əsasında ayrılması görüntüsünü yaratmağa çalışmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından və Mingəçevir Şəhər İcra Hakimiyyətinin ## #### 2004-cü il tarixli *** saylı Sərəncamı hüququn yaranma əsası kimi qiymətləndirilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Musayev və E.İsayev) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş məlumatla bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində hər hansı bağçılığın adı çəkilməmişdir. Hər bir halda ərazi idarəsinin bütün bağçılıq siyahılarının (elektron variantların köməkliyi ilə) subyektləri yoxlanılmış, iddiaçının adı ilə bağlı qeydlərə rast gəlinməmişdir. Əlavə olaraq bildirilmişdir ki, elektron kadastr baza yoxlanılmış, iddiaçı ilə qonşuluqda yerləşən və ərizəyə əlavə etdiyi sənədlərdən DTXK-nin plan və ölçüsü sənədi mövcud olan qeydiyyata alınmış əmlak barədə məlumatlar elektron kabinetə yerləşdirilmişdir (iş materiallarına əlavə edilmişdir).
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004-cü il tarixli *** nömrəli Sərəncamı əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Səfərov İlqar Mövsüm oğlunun adına 499.92 kv.m həyətyanı torpaq sahəsi üçün tərtib edilmiş plan ölçü sənədi, texniki sənəd deyil, hüquq müəyyənedici sənəddir. Elektron kabinetə yerləşdirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tabeliyində “xxxx” MMC arxivində saxlanılan 1999-cu ildə verilmiş * saylı əlavədə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Səfərov İlqar Mövsüm oğlu sıra sayı 2667, qanuni istifadəsində olan həyətyanı sahə 0.05 ha-dır. Deməli mübahisə edilən torpaq sahəsi 1999-cu ildən iddiaçının qanuni istifadəsindədir. Şəki Apellyasiya Məhkəməsində üç dəfə məhkəmə iclası olmuş, sübutlar toplamaq məqsədi ilə yeni əldə edilən və məhkəmə qərarı ilə başqa bir şəxsin pozulmuş hüquqları bərpa edilməsi, ona mülkiyyət sənədinin verilməsi barədə məhkəmə qərarı olmasına, həmin şəxsin hazırkı iş üzrə iddiaçının qonşuluğunda olması müəyyən edilsə də, məhkəmə öz qanunsuz mülahizəsi ilə apelyasiya şikayətini təmin etməmişdir. ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş cavabdehin məlumatında göstərilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində hər hansı bağçılığın adı çəkilməmişdir. Hər bir halda Ərazi İdarəsinin bütün bağçılıq siyahılarının (elektron variantların köməkliyi ilə) subyektləri yoxlanılmış, iddiaçının adı ilə bağlı qeydlərə rast gəlinməmişdir. Eyni zamanda elektron kadastr baza yoxlanılmışdır, iddiaçı ilə qonşuluqda yerləşən və ərizəyə əlavə etdiyi sənədlərdən DTXK-nin plan və ölçüsü sənədi mövcud olan qeydiyyat alınmış əmlak barədə məlumatlar elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya bağçılıqdan torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə mülkiyyət sənədi Çıxarış alınmışdır. Ancaq göründüyü kimi, iddiaçı Səfərov İlqar Mövsüm oğlunun qanuni istifadəsinə verilmiş hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə mülkiyyət sənədi Çıxarış alınmamışdır. ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş məlumata əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Tağıyev İlqar İsaq oğluna Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004-cü il tarixli *** nömrəli Sərəncamı ilə 699.34 kv.m həyətyanı torpaq sahəsi üçün tərtib edilmişdir. X2 kitabında ##.##.2009-cu il tarixdə 1999 nömrə ilə uçota alınıb. A №******. Sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, əsas döngə nöqtə koordinatları göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tağıyev İlqar İsaq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi, X2 kitabında ##.##.2009-cu il tarixdə 1999 nömrə ilə uçota alınmış A №****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı Qeydiyyat nömrəsinə əsasən Tağıyev İlqar İsaq oğlu Çıxarış almışdır. Deməli, məhkəmə ikili yanaşma edərək 1999cu ildən Səfərov İlqar Mövsüm oğlunun qanuni istifadəsinə verilmiş torpaq sahəsini, mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə etməkdənsə, birinci instansiya məhkəməsinin təhrif edilmiş, izahata əsaslanaraq torpaq sahəsinin guya ki, iddiaçıya 2004-cü ildən ayrılması kimi göstərilir.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır.
21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına əsasən, iddiaçının hüquqi marağı Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004-cü il tarixli *** nömrəli sərəncamı ilə ona ayrıldığını bildirdiyi və bunun əsasında da tərtib edilmiş A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə Mingəçevir şəhəri şosesinin kənarında 499.92 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır.
23. İş üzrə cavabdehin imtinasının və aşağı instansiya məhkəmələrinin iddia tələbini rədd edərkən istinad etdikləri əsas dəlil ondan ibarət olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquq müəyyənedici sənəd mövcud deyil və Mingəçevir Şəhər İcra Hakimiyyətinin ## #### 2004-cü il tarixli *** saylı Sərəncamı hüququn yaranma əsası kimi qiymətləndirilə bilməz.
24. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi Mingəçevir Şəhər İcra Hakimiyyətinin ## #### 2004-cü il tarixli *** saylı Sərəncamının hüquqi mahiyyətini və hüquq müəyyənedici nəticələrini kifayət qədər araşdırmamış və lazımi qaydada qiymətləndirməmişdir. Halbuki, həmin sərəncamın hüquq müəyyənedici sənəd dəyəri daşıyıb-daşımadığına dair məsələ iş materiallarındakı digər əlaqədar sənədlərlə birlikdə dəyərləndirilməlidir.
25. Belə ki, i.v.26-da olan və arxivdə saxlanılan Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən görünür ki, 2667-ci sırada iddiaçının qanuni istifadəsində 0,05 ha torpaq sahəsinin olduğu göstərilib.
26. Bundan başqa, i.v. 21-də olan səlahiyyətli şəxslər tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış məlumatda göstərilmişdir ki, şəhər ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin inventarlaşdırılması işləri başa çatmaq üzrədir. Mövcud qanunvericiliyə əsasən qanuni istifadədə olan yaşayış evlərinin həyətyanı sahələri əvəzsiz olaraq həmin evlərin mülkiyyətçilərinə bağışlanır. Şəhər ərazisində əvvəllər dövlət mülkiyyətində olmuş sonralar özəlləşdirilmiş yaşayış evlərinin həyətyanı sahələrinin ayrılması barədə aidiyyəti orqanların qərarları yoxdur. Həmin evlərin mülkiyyətçilərinə veriləcək torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə torpaq sahəsinin ayrılması barədə qərarın tarixi və nömrəsi yazılmalıdır. Bunu nəzərə alaraq xüsusi sərəncam verilməsi təklif olunmuşdur.
27. Bundan sonra isə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2004-cü il tarixli, *** nömrəli sərəncamı qəbul edilmiş, qanuni istifadədə olan yaşayış evlərinin və qanuni ayrılmış torpaq sahələrində tikilmiş evlərin torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı zəruri araşdırmaların aparılması və mülkiyyət hüququna dair sənədlərin verilməsinin təmin edilməsi qərara alınmışdır.
28. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sözügedən sənədlərin məzmunu, onların hüquqi qüvvəsi, qəbul edilmə məqsədləri, eləcə də bir-biri ilə əlaqəli şəkildə doğurduğu hüquqi nəticələr tam araşdırılmadan gəlinmiş nəticə əsaslı hesab edilə bilməz.
29. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan sənədlərdən və iddiaçının istinad etdiyi sübutlardan görünür ki, analoji hüquqi və faktiki əsaslar üzrə digər şəxslərin oxşar ərazilərlə bağlı hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu hal inzibati praktikada vahid yanaşmanın təmin olunması və şəxslərin qanun qarşısında bərabərliyi prinsipi baxımından xüsusi əhəmiyyət kəsb edir.
30. Apellyasiya instansiyası məhkəməsi isə həmin şəxslərin hüquqlarının hansı hüquqi əsaslarla tanındığı, həmin sənədlərin iddiaçının təqdim etdiyi sənədlərlə oxşar və ya fərqli cəhətlərinin nədən ibarət olduğu, habelə iddiaçıya münasibətdə fərqli hüquqi nəticəyə gəlinməsinin səbəblərini lazımi qaydada araşdırmamışdır. Halbuki, məhkəmə oxşar hüquq münasibətləri üzrə formalaşmış inzibati və hüquq tətbiqetmə praktikasını nəzərə almalı, fərqli yanaşmanın mövcud olduğu halda bunun hüquqi əsaslarını qərarda əsaslandırmalı idi.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
32. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı Səfərov İlqar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.