Məhkəmə qərarları › İş №2-1(102)-351/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-351/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-351/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının növünün dəyişdirilməsi ilə əlaqədar keçmiş dövr üzrə pensiya fərqi məbləğinin ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə pensiya fərqi məbləğinin ödənilməsi” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3204/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfin dən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən yenidən hesablanmışdır.

4. İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında onun əmək pensiyasının növü dəyişdirilmiş və xx.xx.2022-ci il tarixdən ona “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçdiyindən ona əvvəl təyin edilmiş yaşa görə əmək pensiyası ilə sonradan təyin edilmiş əlilliyə görə əmək pensiyası arasındakı fərq məbləğinin ödənilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyasının məbləğləri arasındakı fərqin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində təyin edilən əlillik üzrə müəyyən olunmuş 775,36 manat məbləğində pensiyanın xx.xx.2018-ci il tarixdən ödənilməmiş fərq məbləğinin – 2326,08 manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixdən Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, uzun müddət Silahlı Qüvvələrdə tibb bacısı vəzifəsində çalışmışdır. Hərbi xidmət vəzifələrini yerinə yetirdiyi zaman, yəni iş otağında arxiv materiallarını yerləşdirərkən hündürlükdən yıxılaraq başından zərbə almışdır. Daha sonra müayinə nəticəsində ona “qapalı kəllə beyin travması, baş beynin silkələnməsi” diaqnozu qoyulmuşdur. Həmin travmadan sonra sağlamlığında bir sıra problemlər yaranmışdır. Sağlamlığında qeyd olunan problemləri və travmaları məhz hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1716 nömrəli xəstəlik haqqında şəhadətnaməsi təsdiqləyir. Ona xx.xx.2018-ci il tarixdən “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlillik təyin olunmuşdur. Buna görə də, xx.xx.2022-ci il tarixli müraciəti əsasında iddiaçı hərbi qulluqçu kimi yaş a görə əmək pensiyasından əlilliyə görə əmək pensiyasına keçmişdir. İddiaçının yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası arasında olan fərq məbləğinin ödənilməsi barədə müraciəti isə cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq təmin edilməmişdir. İddiaçının pensiyasının tərkib hissəsini təşkil etdiyindən ona məxsus olan həmin fərq məbləği cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Qeyd olunanlara əsasən pensiya növləri arasındakı fərq məbləği cavabdeh tərəfindən ona ödənilməlidir.

9. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinə uyğun ol araq 37 il 1 ay 19 gün xidmət müddəti və iş stajı üçün təminat xərcliyinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (723,65 manat təminat xərcliyinin 62 faizi (50%+12%) – 448,66 manat məbləğində) təyin edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 21 il xidmət müddətinə görə yenidən hesablanmışdır (777,9 manat təminat xərcliyinin 58 faizi (55%+3%) 451,18 manat məbləğində). İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyasının növü dəyişdirilmiş və xx.xx.2022-ci il tarixdən ona “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlilliyə görə təminat xərcliyinin (969,20 manat) 80 faizi – 775,36 manat məbləğində əmək pensiyası və 77,54 manat maddi yardım təyin edilmişdir. Yaşa görə əmək pensiyası ilə əlilliyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, cavabdehin iddiaçıya ödənilməli olan hər hansı borc məbləği, həmçinin iddianın təmin olunması üçün hər hansı faktiki və ya hüquqi əsas yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 232,62 manat maddi yardım məbləği əmək pensiyasının üzərinə əlavə olunmaqla onun müvafiq kart hesabına köçürülmüşdür. 1

0. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 14 may 2024-cü il tarixli, 2-1(112)-862/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçdiyindən ona əvvəl təyin edilmiş yaşa görə əmək pensiyası ilə sonradan təyin edilmiş əlilliyə görə əmək pensiyası arasındakı fərq məbləğinin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İşin hallarına görə, xx.xx.2018-ci il tarixində iddiaçının həm yaşa görə əmək pensiyası, həm də, əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı əlilliyə görə əmək pensiyası hüququndan istifadə etməyərək ilk öncə yaşa görə əmək pensiyası almaqda davam etmişdir. xx.xx.2022-ci il tarixdə isə əlilliyə görə əmək pensiyası hüququndan istifadə etmək qərarına gəlməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir və cavabdeh tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq ona bu barədə ərizə təqdim etdiyi tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

12. İddiaçı hazırda ona yaşa görə əmək pensiyası hüququnun yarandığı dövrdə əlil liyə görə əmək pensiyası hüququnun da mövcud olmasına istinad etməklə ona təyin olunmuş əmək pensiyaları arasındakı fərq məbləğinin ödənilməsini tələb edir. Halbuki, istər iddiaçı əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi üçün cavabdehə müraciət etdiyi vaxt (xx.xx.2022-ci il tarixdə), istərsə də hazırda qüvvədə olan qanunvericiliyin normalarında əmək pensiyasının bir növündən başqa növünə keçirilmə baş verdikdə, əmək pensiyası məbləğləri arasındakı fərq məbləğlərinin ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının pozulması, eləcə də, iddiaçının tələbinin faktiki və hüquqi əsaslarının olması məhkəmə araşdırması zama nı müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mehriban Qarayeva /sədrlik edən və məruzəçi/, İkram Şirinov və Pərviz Hüseynov) 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3204/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möveyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Maddə 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçməsi ilə əlaqədar ona əvvəl təyin edilmiş yaşa görə əmək pensiyası ilə sonradan təyin edilmiş əlilliyə görə əmək pensiyası arasındakı fərq məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Bu zaman iddiaçı tələbinin əsası kimi, yaşa görə əmək pensiyası hüququnun yarandığı dövrdə həm də əlilliyə görə əmək pensiyası hüququnun da mövcud olmasına istinad edir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əvvəl təyin edilmiş yaşa görə əmək pensiyası ilə sonradan təyin edilmiş əlilliyə görə əmək pensiyası arasındakı fərq məbləğinin ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tər əfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilə n məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3204/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar