Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3516/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə və fərdi yaşayış evlərinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və fərdi yaşayış evlərinə mülkiyyət hüququnun məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının ##.##.2011-ci il tarixdə vəfat etmiş atası-mərhum X1 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1987-ci ildə БТИ (Texniki İnventarizasiya Bürosu) tərəfindən texniki pasport tərtib edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, sözügedən ünvanda yerləşən 1952,6 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 267 kv.m olan “A” və ümumi sahəsi 188 kv.m olan “B” tikililərindən ibarət birmərtəbəli fərdi yaşayış evlərinə mülkiyyət hüququnun mərhum X1 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh isə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə istinadən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 1952,6 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 267 kv.m olan “A” və ümumi sahəsi 188 kv.m olan “B” tikilidən ibarət birmərtəbəli fərdi yaşayış evlərinin 1964-cü il tarixdən mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda 1952,6 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinin iddiaçının atası X1 və istifadəsində olması faktı texniki pasporta əsasən təsdiq edilir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh hüquqmüəyyənedici sənədin təqdim edilmədiyini əsas gətirərək, onun müraciətinin təmin olunmasından imtina etmişdir. Halbuki, texniki pasport Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinin tələblərinə uyğundur. Eləcə də iddiaçı hüququn məxsusluğu barədə arayışın verilməsini tələb etdiyindən, cavabdehin çıxarışın verilməsindən imtinanın əsası olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinadı əsassızdır.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, fərdi yaşayış evi və torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bu səbəbdən iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün mövcud olmalı olan hüquqmüəyyənedici sənədlərin konkret siyahısı təsbit edilmişdir ki, həmin sənədlərdən birinə malik olmaq hüququn dövlət qeydiyyatına alınmasına yönələn tədbirlərin cavabdeh tərəfindən görülməsi öhdəliyi yaradır. Lakin hazırkı halda iddiaçıda adıçəkilən sənədlərdən hər hansı biri mövcud olmamışdır. İddiaçı tərəfindən təqdim edilən pasport isə hüquqmüəyyənedici sənəd qismində nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda, nə də Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda öz əksini tapmamışdır. Xüsusi ilə adıçəkilən Siyahıda hüquqmüəyyənedici sənəd qismində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun, eləcə də üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportun adı çəkilsə də, təqdim edilən pasportdan da görünür ki, həmin pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport və ya üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, konkret müddəaların tələbindən də göründüyü kimi, məhz Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasport hüququn dövlət qeydiyyatı üçün əsas qismində çıxış edir. Həmçinin qeyd edilməlidir ki, qanunverici, hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın və hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsinə aid hüquqi əsasları fərqləndirməmiş, əksinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara dair vahid siyahı müəyyən etmişdir. Başqa sözlə, həm hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarış, həm də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış yalnız sözügedən Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslara görə verilə bilər və istər çıxarışın, istərsə də arayışın verilməsinə dair iddia tələblərinə qiymət verilməsi zamanı həmin Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğu yoxlanılır.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Nigar Nəbizadə) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının mərhum atası X1 adına 1952,6 kv.m torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Bu texniki pasport 2001-ci il ######ın #-dək tərtib olunmuş və daşınmaz əmlak obyektinin texniki göstəricilərini, ünvanını və torpaq sahəsinin ölçüsünü əks etdirir. İddiaçı müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arayışın verilməsindən imtina olunmuş və əsas kimi təqdim edilən texniki pasportun hüquqmüəyyənedici sənəd olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş texniki pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmadığını əsas gətirərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqi barədə hüquqi sənədlərin Siyahısı”nın 1.11-ci bəndində açıq şəkildə göstərilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqmüəyyənedici sənədlərdən biridir. İddiaçı tərəfindən təqdim edilmiş texniki pasport БТИ (Texniki İnventarizasiya Bürosu) tərəfindən 1987-ci ildə tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, БТИ (Texniki İnventarizasiya Bürosu) həmin dövrdə bilavasitə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Bu, həm SSRİ-nin mərkəzi hüquqi-normativ bazasında, həm də Azərbaycan SSR-in daxili strukturunda təsdiqlənmişdir. Beləliklə, БТИ tərəfindən verilmiş texniki pasportlar, əslində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi adından verilmiş sənəd statusundadır. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunan texniki pasport – 2001-ci il ######ın #-dək SSR dövründə qanuni səlahiyyətli orqan (BTİ) tərəfindən tərtib olunub, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun formalaşdığı dövrə aiddir, həmçinin həyətyanı sahənin və obyektin texniki göstəriciləri pasportda göstərilmişdir. Bu isə, onun Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli Fərmanına əlavə olunmuş Siyahının 2.4-cü bəndinə uyğun olaraq qanuni hüquqmüəyyənedici sənəd statusuna malik olmasına əsas verir. Həmçinin qeyd edilməlidir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi texniki pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmədiyini əsas götürərək iddianı rədd etsə də, bu sənəd BTİ tərəfindən verildiyindən, faktiki olaraq nazirliyin səlahiyyətli struktur bölməsi tərəfindən verilmiş sayılır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, yerli baxış zamanı apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan fərdi yaşayış evinin faktiki olaraq naturada mövcud olmadığı, həmçinin, texniki pasport ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə sözügedən texniki pasportun göstərilən əraziyə aid olub-olmaması, qeyd olunan fərdi yaşayış evinin mövcud olubolmaması barədə ətraflı araşdırma aparmamışdır
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 2 ünvanında yerləşən 1952,6 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 267 kv.m olan “A” və ümumi sahəsi 188 kv.m olan “B” tikililərindən ibarət birmərtəbəli fərdi yaşayış evlərinə mülkiyyət hüququnun 1964-cü il tarixdən atası mərhum X1 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair 1987-ci ildə БТИ (Texniki İnventarizasiya Bürosu) tərəfindən tərtib edilmiş texniki pasporta istinad edir.
26. Birinci instansiya məhkəməsi həmin texniki pasportu hüquqmüəyyənedici sənəd hesab etməyən cavabdehin mövqeyi ilə razılaşmış və iddianı təmin etməmişdir.
27. İddianı təmin etmiş apellyasiya instansiyası məhkəməsi isə, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci və 2.4-cü bəndlərinə istinadən sözügedən texniki pasportun həmin dövrdə bilavasitə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş səlahiyyətli orqan olan БТИ (Texniki İnventarizasiya Bürosu) tərəfindən, yəni əslində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin adından verildiyini, həmin sənəddə həyətyanı sahənin ölçülərinin və obyektin texniki göstəricilərinin nəzərdə tutulduğuna əsaslanaraq, həmin texniki pasportu hüquqmüəyyənedici sənəd qismində tanımışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 17-ci bəndində istinad edilən normalara əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, həmçinin Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur.
29. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlaka dair texniki pasportların hamısı deyil, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasportlar, habelə yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər qismində təsbit olunmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilən texniki pasportu tərtib etmiş БТИ-nin (Texniki İnventarizasiya Bürosunun) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş səlahiyyətli orqan qismində qəbul etsə də, həmin halı təsdiq edən müvafiq sənədlər (həmin orqanların təşkilinə, strukturuna, tabeliyinə, eləcə də Texniki İnventarizasiya Bürosunun statusuna, yurisdiksiyasına dair) iş materiallarına əlavə edilməmişdir. Başqa sözlə, sözügedən texniki pasportu tərtib etmiş Texniki İnventarizasiya Bürosunun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində olduğu iş üzrə materiallardan müəyyən edilmir.
31. Həmçinin cavabdeh kassasiya şikayətində fərdi yaşayış evinin faktiki olaraq naturada mövcud olmadığını, həmçinin, texniki pasportda əksini tapmış məlumatlarla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğunu bildirir. Apellyasiya instansiyası məhkəməsi isə həmin dəlillərə münasibət bildirməmiş, yerində baxış keçirməklə həmin tikililərin mövcud olub-olmadığı, eləcə də təqdim edilmiş texniki pasportun həmin tikili və torpaq sahəsinə aid olub-olmadığı istiqamətində hər hansı araşdırma aparmamışdır.
32. Nəzərə alınmalıdır ki, bu qərarın 17-ci bəndində istinad edilən normalara görə, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq texniki pasportlar boş torpaq sahəsinə deyil, yalnız üzərində fərdi yaşayış evi və ya bağ evi olan əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı).
33. İşə təkrar baxılması zamanı mübahisəli torpaq sahəsi və tikililərə yerində baxış keçirilməli, tikililərin mövcud olub-olmadığı müəyyən edilməli, həmçinin iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin başqa şəxs və ya şəxslərə məxsus olub-olmadığı da araşdırılmalıdır. Həmin halların müəyyən olunmasının mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınmalıdır.
34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
36. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.