Məhkəmə qərarları › İş №2-1(102)-3537/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3537/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3537/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: reyestr qeydinin həqiqiliyi və tamlığı prezumpsiyası; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X7 və Azərbaycan Respublikasının Dövlə t Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3442/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi (keçmiş Yaroslavski küç) 26 saylı “B” və “E” tikililərinin cavabdehin faktiki istifadəsində olan “A” tikilisindən naturada bölünərək əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X11 1 saylı Bakı Ərazi idarəsi tərəfindən çıxarış verilməsinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsi ni xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6290/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən B və E tikililərinə (yeni) ünvan verməklə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11inin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

3. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3442/2024 saylı qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən ka ssasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 21(102)-2178/2023 nömrəli xx. xx.2023-cü il tarixli, 2-1(102)-810/2024 nömrəli (üç ulduzlu) xx.xx.2024-cü il tarixli qərarları) “ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır. Kollegiya qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə həlledici amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının adına Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən qeyriyaşayış binasına 22 mart 2005-ci il tarixli 103 №-li Qeydiyyat vəsiqəsinin və 403 inventar №-li Texniki pasportun verilməsinə dair dövlət reyestr kitabında qeydiyyat mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. Bu halda, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, cavabdeh iddiaçının adına edilmiş Reyestr kitabında İnv. 403, Qeyd 103, kitab 3/2, səh. 4-də yerləşən müvafiq qeydiyyatı mübahisələndirmir, həmçinin sözügedən qeydiyyatın sonradan cavabdeh inzibati orqan tərəfindən hər hansı qaydada ləğvinə və ya etibarsızlığına dair icraat aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə Mülki Məcəllənin 140cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsi iddiaçının tələbini təmin etmənin qanuni əsasını təşkil edir. Həmin maddəyə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas təşkil edir”.

10. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də üçüncü şəxs kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

11. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırk ı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2-1(103)3442/2024 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar