Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3537/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qarajın sökülməsinə görə kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2011-ci il tarixli ****** nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.
2. ##.##.1998-ci il tarixli 30/**** reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Sarayevo küçəsi **B saylı binanın qabağında yerləşən qaraja dair iddiaçı İddiaçı adına texniki pasport tərtib edilmişdir. Texniki pasporta görə qaraj 1998-ci ildə tikilmiş, bünövrəsi mişar daşından, divar və dam örtüyü metaldan olmuş, sahəsi 18 kv.metr təşkil etmişdir.
3. Xətai Rayonu İcra Hakimiyyəti başçısının aparatının ##.##.2024-cü il tarixli *- **/*-***/**** nömrəli məktubundan görünür ki, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, eləcə də yuxarıda qeyd olunan ünvanda uzun illər əvvəl sakinlər tərəfindən zəbt olunaraq çəpərlənmiş bağ sahələri sökülmüş, quraşdırılmış dəmir qarajlar isə götürülərək mərhələli şəkildə abad həyətlər salınmışdır. ünvan 3 13 “V” ünvanlarında da çoxsaylı sakinlərin rayon İcra Hakimiyyəti başçısının səyyar qəbullarında qaldırılan müraciətlərini nəzərə alaraq qeyd olunan ünvanlarda abadlıq işləri aparılmış, müvafiq işlər görülərək sakinlərin rahatlığı üçün yaşıllıqların salınması və sair kimi işlər görülmüş, eyni zamanda həmin ərazidə yerləşən metal lövhələrdən quraşdırılmış dəmir qarajlar müvəqqəti xarakter daşıdığından götürülərək sahiblərinə təqdim edilmiş və kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.
4. “xxxx” MMC-nin **/**-*** nömrəli ##.##.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlardan görünür ki, İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 18.0 kv.metr olan qeyri yaşayış binasının (qaraj) 2024cü il tarixə olan bazar dəyəri 32 000 (otuz iki min) manat təşkil edir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi **B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etsə də, cavabdeh iddiaçının ərizəsini cavablandırmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi **B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə 30.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən **B saylı evin * saylı mənzilində 30 ildən çoxdur ki, yaşayır. Yaşadığı binanın qarşısında öz vəsaiti hesabına qaraj inşa edərək ondan istifadə etmişdir. Bakı şəhəri, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30/**** reyestr nömrəli, ##.##.1998-ci il tarixli texniki pasport əsasən artıq 25 ildən çoxdur ki, həmin qaraj ona məxsusdur. İddiaçıya məxsus 18 kv.m sahədən ibarət qaraj Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən onun razılığı olmadan sökülmüşdür. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi **B saylı binanın qarşısında yerləşən iddiaçıya məxsus 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini rəsmi şəkildə cavabdehdən xahiş etsə də, ona heç bir cavab verilməmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, qeyd olunan ünvana baxış keçirilən zaman Xətai rayonu, Sarayevo küçəsində yerləşən **B nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən qeyri-qanuni zəbt olunmuş bağ sahələrinin və konstruktiv qarajların abadlıq-quruculuq işləri çərçivəsində sökülməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan ünvanda iddiaçıya məxsus daş qarajda qeyri-qanuni konstruktiv əlavələr inşa edilmiş və bu səbəbdən iddiaçının iştirakı ilə qeyd olunan əlavələr daş qaraja maddi ziyan dəymədən sökülmüşdür. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 1999-cu il tarixli, imtiyazı olan şəxslərə qaraj üçün torpaq sahəsinin ayrılması haqqında Sərəncamına əsasən “Əlillərin sosial müdafiəsi haqqında” Qanunu ilə yalnız dayaq hərəkət sistemi pozulmuş şəxslərə, müharibə əlillərinə və 1-ci dərəcə əlillərə onların yaşadıqları ərazidə qaraj üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin qanunun həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 1998-ci il tarixli, *** saylı Sərəncamı qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamına əsasən çox vaxt qarajlar binaların həyətində uşaq və idman meydançaları yanında və ya həmin sahə hesabına, yaxud yaşıllıq zonasında eyni zamanda müəyyən edilmiş ölçülərdən (3x6 m) artıq sahədə tikilmişdir. Müvafiq imtiyazı olmayan vətəndaşlar tərəfindən qanunsuz qaraj tikilməsi və ya təsərrüfat məqsədli tikinti üçün ayrılmış sahənin sonradan qaraj kimi istifadə edilməsi halları xeyli artmaqdadır. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, ətraf binaların sakinlərinin haqlı narazılığına səbəb olur. Odur ki, Bakı Şəhər icra Hakimiyyətinin ## ###### 1999-cu il tarixli, ** saylı Sərəncamın 1.1-ci bəndinə əsasən yalnız avtomaşın (əl ilə idarə edilən avtomaşınlar da daxil olmaqla) sahibi olan və onu özləri idarə edən, dayaq-hərəkət sistemi pozulmuş və 1-ci dərəcə əlillərə yaşadıqları həyətlərin ərazisində qaraj yerləşdirməyə müvəqqəti icazə verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, iddiaçı İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, **B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qarajın sökülməsinə görə 30.000 (otuz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli məlumatına əsasən ekspertiza təyini haqqında qərardadda qeyd edilən qeyri-yaşayış sahəsi hal-hazırda mövcud olmadığından orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin yaşayış sahəsinə baxış keçirmədən, müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilmədən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla ekspertiza təyini haqqında qərardadda qeyd edilən tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün deyil. İşdə olan “xxxx” MMC-nin **/**-*** nömrəli ##.##.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlardan görünür ki, İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 18.0 kv.metr olan qeyri yaşayış binasının (qaraj) 2024-cü il tarixə olan bazar dəyəri 32 000 (otuz iki min) manat təşkil edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görünür ki, iddiaçı ona məxsus qarajın sökülməsinə görə 30.000 manat məbləğində kompensasiya tələb edir, hansı ki, yuxarıda göstərilənlər nəzərə alındıqda məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı sayılmalı və həmin məbləğdə təmin edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
16. Kassator, eyni zamanda, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi **B saylı binanın qarşısında yerləşən 18 kv.m. sahədən ibarət qaraj daşınmaz əmlak kimi iddiaçının adına dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə qeyd olunan əmlakla bağlı mübahisəni iddiaçının mülkiyyət hüququnun pozulduğu kimi qiymətləndirmişdir.
17. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə obyektiv araşdırma aparmadan, qeyd olunan normanın tələbini pozmaqala nəticələnmiş qanunsuz və əsassız qərar qəbul etmişdir.
18. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinə, Mülki Məcəllənin 21.3, 139.1, 139.3 və 146.2-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
26. Hazırkı işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə ##.##.1998-ci il tarixli 30/**** reyestr nömrəli texniki pasporta əsasən ona məxsus olmuş Sarayevo küçəsi **B saylı binanın qabağında yerləşən qarajın cavabdeh tərəfindən sökülməsinə görə 30.000 manat kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
27. İddiaçıya vurulmuş ziyanla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
28. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
29. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
30. Yuxarıda qeyd edilənlərin hazırkı işə tətbiqi nəticəsində, eləcə də, cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə göstərilməlidir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi **B saylı binanın qarşısında yerləşən 18 kv.m sahədən ibarət qaraj ##.##.1998-ci il tarixli 30/**** reyestr nömrəli texniki pasporta əsasən iddiaçıya məxsus olmuşdur.
31. Cavabdeh həm iddia tələbinə etirazında, həm də kassasiya şikayətində qeyd etmişdir ki, Xətai rayonu, Sarayevo küçəsində yerləşən **B saylı binanın ətrafında vaxtilə sakinlər tərəfindən qeyri-qanuni zəbt olunmuş bağ sahələri və konstruktiv qarajlar abadlıqquruculuq işləri çərçivəsində sökülmüşdür.
32. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və proseduralar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.
34. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qarajın faktiki dəyəri, habelə qaraj sökülən zaman onun materiallarının iddiaçıya verilib-verilmədiyini tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır.
36. Cavabdeh qeyd edir ki, mübahisələndirilən ərazidə yerləşən metal lövhələrdən quraşdırılmış dəmir qarajlar müvəqqəti xarakter daşıdığından götürülərək sahiblərinə təqdim edilmiş və kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən xüsusat apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırma predmeti olmamış, iddiaçıya məxsus olan qarajın (texniki pasporta əsasən bünövrəsi mişar daşı, divarları və dam örtüyü metal) sökülməsindən sonra həmin materialların iddiaçıya verilibverilmədiyi, verildiyi halda dəyəri və bu dəyərin tələb olunan kompensasiya məbləğinə təsiri araşdırılmamışdır.
37. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qarajın dəyərini “xxxx” MMC-nin **/**-*** nömrəli ##.##.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı ilə müəyyən etmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin özəl məhkəmə ekspertizasının təqdim etdiyi rəyə əsaslanması barədə mövqeyini əsaslı hesab etmir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Lakin, məhkəmə ekspertizası sahəsinin təkmilləşdirilməsi məqsədilə özəl ekspertiza fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərin baxılması prosesi hələ də davam etdiyindən özəl məhkəmə ekspertlərinin fəaliyyətlərinin hüquqi əsası olan müvafiq şəhadətnamələrin verilməsi prosesinin başlanılmaması nəzərə alınmalıdır.
39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, növbəti apellyasiya baxışı zamanı iddiaçıya məxsus qarajın faktiki qiyməti müəyyən edilməli, bununla bağlı ekspert rəyinin alınmasına zərurət yaranarsa, sadəcə müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində və ya “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər, habelə özəl məhkəmə eksperti tərəfindən müvafiq rəyin verilməsi təmin edilməli, habelə qarajın sökülməsi nəticəsində iddiaçıya hər hansı materialın verilib-verilməməsi araşdırılmalı, müsbət halda, iddiaçıya verilən materialların dəyəri ilə qarajın dəyərinin ümumi müqayisəsi aparılmalı və iddiaçıya ödənilməli kompensasiya məbləği araşdırılaraq hesablanmalıdır. Yalnız bu halların tam və hərtərəfli araşdırılmasından sonra qarajın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi məsələsinə qiymət verilməlidir.
40. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.