Məhkəmə qərarları › İş №2-1(102)-3543/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3543/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3543/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsgəndərova Nazifə Vəli qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İsgəndərova Nazifə Vəli qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İsgəndərov Yunus İsgəndər oğlu) qarşı “Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (##.##.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: 40601004)) torpaq sahəsi və 0.78 ha (##.##.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD 40600001)) torpaq sahəsi üzərində 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı İsgəndərova Nazifə Vəli qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (##.##.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: 40601004) torpaq sahəsində və 0.78 ha (##.##.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD 40600001) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı (hakim F.Hacızadə) ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər V.Məlikov – məruzəçi, R.Rəfiyev və T.Həsənov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər Z.Quliyev – məruzəçi, K.Bədəlov və N.Rəsulbəyova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərardadı (hakim F.Hacızadə) ilə iddia mümkün sayılmamışdır.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər V.Musayev – məruzəçi, R.Rəfiyev və T.Musayev) ilə Şəki İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmişdir.

10. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmənin ##.##.2025-ci il tarixli qərardadının ünvanına göndərilmədiyini, yalnız ##.##.2025-ci il tarixdə tərəfindən Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edildikdən sonra qərardadın ona təqdim olunduğunu, bununla da qərardaddan apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmədiyini bildirmişdir. İş materiallarından görünür ki, sözügedən məhkəmə aktı ##.##.2025-ci il tarixdə, saat 10:17-də iddiaçının və onun vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq, sözügedən məhkəmə aktının iddiaçıya təqdim edilməsi tarixi həmin qərarın elektron kabinetdə yerləşdirildiyi ##.##.2025-ci il qəbul edilməli və prosessual müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Şəki İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün ##.##.2025-ci il olmuşdur. Bununla belə apellyasiya şikayəti ##.##.2025-ci il tarixdə (2 ay, 3 gün sonra) poçt vasitəsilə məhkəməyə göndərilmiş, nəticədə İPM-nin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

14. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

15. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməli, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətləri də təmin edilmir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadları).

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe ilə bağlı çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İsgəndərova Nazifə Vəli qızı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar