Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3567/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: müharibə veteranı müavinətinin hesablanıb ödənilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı cavabdehin üzərinə iddiaçıya 04 avqust 1992-ci ildən 28 avqust 2018-ci il tarixədək olan dövr üçün müharibə veteranlarına şamil edilən müavinatın hesablanaraq ödənilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-483/2019 saylı iş üzrə 07.10.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 dekabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1969-cu il tarixdə Füzuli şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı cavabdehin üzərinə iddi açıya 04 avqust 1992-ci ildən 28 avqust 2018-ci il tarixədək olan dövr üçün müharibə veteranlarına şamil edilən müavinatın hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müharibə veteranı adı ona sonradan verilsə də, Qarabağ müharibəsində iştirakına görə veteran adı aldığına görə, Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il tarixli Fərman və Sərəncamlarına əsasən ötən dövrlərə görə almadığı müavinət hesablanaraq ona verilməlidir. Birinci instansiya məhkəməsinin 06.05.2019-cu il tarixli iş № 2-1(085)-638/2019, (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya 28.08.2015-ci il tarixdən 28.08.2018-ci il tarixədək müddət üçün müharibə veteranlarına şamil olunan müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.05.2019-cu il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.10.2019-cu il tarixli iş № 2-1(105)-483/2019 (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Hökümə Babayeva) qərarı ilə birinci instansiya məhkəməsinin 06.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılma sı, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Buna görə də hesab edirlər ki, iddiaçıya veteranlar üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı halda sosial müavinətin verilməsi ona veteran adının verilməsindən sonrakı dövr üçün nəzərdə tutulmuşdur və əvvəlki 3 ilə görə iddiaçıya sosial müavinət ödənilməməlidir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2-1(105)-483/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07.10.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməs inin 07 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi t ərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Buna görə də hesab edirlər ki, iddiaçıya veteranlar üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı halda sosial müavinətin verilməsi ona veteran adının verilməsindən sonrakı dövr üçün nəzərdə tutulmuşdur və əvvəlki 3 ilə görə iddiaçıya sosial müavinət ödənilməməlidir. Bununla da həmin qərar ilə maddi hüquq normala rı düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 28.09.2018-ci ildən müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 28 avqust 2018-ci ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və əvvəlki dövrlərlə bağlı ödəniş edilməsindən imtina edir. İddiaçıya 2018-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qa rabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2018-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmış, yəni iddiaçı 2018-ci ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Azərbaycan Respublikası “Veteranlar haqqında" Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqan ı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanunu nun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmu ş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının “Veteranlar haqqında" Qanunun 7-ci maddəsinə əsasən veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edi ldikdə həyata keçirilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçıya 2018-ci ildə müharibə veteranı vəsiqəsi verilməsi onun statusunu sadəcə leqallaşdırmışdır və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 07.10.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.10.2019-cu il tarixli 21(105)-483/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3567/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3567/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver