Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3572/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müvafiq səlahiyyət olmadan qəbul edilmiş sərəncam; Sərəncamın qismən (hissəvi) etibarsız sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Cavabdeh başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 hektar torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Iddiaçı ilə X1 arasında bağlanmış ##.##.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən mənzil Bəxtiyar Vəliyev tərəfindən iddiaçıya bağışlanmışdır.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,13 kv.metr olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 4.
5. Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə “xxxx” ASC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.
6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdehin ## ###### 2021-ci il tarixli, *** saylı sərəncamına əsasən, onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə üçüncü şəxsin istifadəsinə verilmişdir. Üçüncü şəxs həmin sərəncamı əsas gətirərək əmlakın dəyərinin ödənilməsi ilə bağlı aralarında heç bir razılaşma olmadan onun əmlakını sökməyə cəhd göstərmiş, evinə gedən su və qaz xətlərini sındırmış, habelə avtomobil yolunu qazıb yararsız hala salmışdır. Dəfələrlə bununla bağlı üçüncü şəxsin rəhbərliyinə, habelə cavabdehə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır.
7. Cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1500 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 75,13 kv.m (3 otaq yaşayış sahəsi 32,9 kv.m, köməkçi sahə 42,23 kv.m) olan mənzil və köməkçi tikililər (kafe kimi istifadə olunur) mövcuddur. Qeyd olunan mənzil 011011003143-05101- 093001 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyəti torpağıdır. Sahə Xarici dairəvi yolun kənarında yerləşir. Sahənin 3 kv.metr hissəsi su xəttinin mühafizəsindədir. Sözügedən sahə “xxxx” ASC-nin müraciəti olmuş ərazinin hüdudları daxilində yerləşir. Bundan əlavə, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar ərazinin 1087,8 kv.m hissəsinə X1 tərəfindən müraciət olmuşdur.
9. Bakı Inzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) ## ###### 2025-ci tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. 10.
11. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və E.Ə.Əliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, Cavabdeh başçısının ##.##.2021-ci il tarixli, *** saylı sərəncamı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən mənzilin - fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 75,13 kv.m olan torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 13.1. Iş materiallarından müəyyən olur ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən yaşayış sahəsi mənzil kimi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh başçısının ## ###### 2021-ci il tarixli, *** saylı sərəncamına əsasən, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 25,31 ha torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” ASC-nin istifadəsinə verilmişdir. Hal-hazırda iddiaçı həmin torpaq sahəsinin Cavabdeh tərəfindən buna müvafiq səlahiyyəti olmadığı halda, üçüncü şəxsə ayrılmasını qanunsuz hesab etdiyi üçün Icra Hakimiyyətinin müvafiq sərəncamının etibarsız hesab edilməsini tələb edir. Mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən, nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 75,13 kv.metr olan mənzilin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə, iddiaçının gözlənti hüququ olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. 13.2. Nəzərə almaq lazımdır ki, hazırkı işdə Cavabdeh, xüsusi mülkiyyətdə olan (buna dair gözlənti hüququ olan) torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. “Inzibati icraat haqqında” Qanununun 65.1.2-ci maddəsinin tələblərinə əsasən qeyd edilməlidir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə həmin hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 13.3. Iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin mütəxəssis rəyində həmin yaşayış sahəsinin mənzil kimi iddiaçının mülkiyyətində olduğu, torpaq sahəsinin isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyəti torpağı olduğu qeyd edilmişdir. Həmin rəydən də göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində, eləcə də faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ mövcuddur. Cavabdeh isə həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququna malik deyil. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
14. Üçüncü şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə əsasən) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir. Hazırkı halda, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən yaşayış sahəsi mənzil kimi iddiaçının xüsusi mülkiyyətindədir. Iddiaçı həmin yaşayış sahəsinin fərdi yaşayış evi olaraq, onun yerləşdiyi və həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Lakin iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin mütəxəssis rəyində həmin yaşayış sahəsinin mənzil kimi iddiaçının mülkiyyətində olduğu, torpaq sahəsinin isə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyəti torpağı olduğu qeyd edilmişdir. Yəni iddiaçının həmin mənzilin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərində hər hansı hüququ yoxdur. Cavabdeh isə dövlət torpaqlarının balanssaxlayıcısı olmaqla, həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ mövcuddur.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. ... 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 46.1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
19. “Inzibati icraat haqqında” Azərabaycan Respublikasının Qanunu: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, Cavabdeh başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli sərəncamının Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili, 41 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinə münasibətdə etibarsız sayılması ilə bağlı lazımi qaydada araşdırma aparmış, bu barədə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək hüququna malikdir. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə, iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalıdır.
30. Qeyd edilməlidir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilin altında yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydiyyata alınmasa da, onun həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun olması mübahisəsizdir. Buna baxmayaraq, cavabdeh Cavabdeh, iddiaçının gözlənti hüququ olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt (hazırda mübahisələndirilən sərəncam) qəbul etmişdır.
31. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. Istinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
32. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt sözügedən torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.