Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-358/2021 09.02.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı iş üzrə (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qa x rayon filialına qarşı “müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-430/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixində 032473 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdə iddiaçıya müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz edilmişdir.
2. İddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ona verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin hesablanıb verilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir.
3. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının sözügedən müavinəti almaq hüququ ona “müharibə veteranı” adı və vəsiqəsi verildiyi xx.xx. 2019-cu il tarixindən yaranmışdır və həmin tarixdən də ona müvafiq müavinət təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixində veteranlıq aldığı dövrdən əvvəlki üç il müddətin sosial müavinətinin hesablanaraq iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2019-cu ildən ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət verilməyə başlanılmışdır. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinətin əvvəlki dövrlər ü çün ödənilməmiş hissəsinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu əsassız olaraq bundan imtina etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1168/2020 nömrəli qərarına əsasən (hakim – İ.H.Cabbarov) iddia tələbinin təmin edilməsi, cavabdehin üzərinə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən müharibə veteranı statusu verilmişdir və mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət hesablanaraq ona ödənilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1168/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-430/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.İ.Məlikov, hakimlər – R.R.Rəfiyev və İ.H.Şükürov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1168/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apel lyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)430/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliklə müharibə veteranları üçün əvvəllər kommunal və digər xid mətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının tələbi əsaslı və qanuni sayıla bilməz. Buna görə də hesab edilir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən düzgün qənaətə gəlməmişdir.
13. Eyni zamanda, xx.xx.2019-cu il tarixindən etibarən müharibə veteranlarına ödənilən müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur ki, təqaüd təyinatına görə müavinətdən tamamilə fərqlənən digər bir sosial ödəniş formasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.4-cü maddəsinə əsasən təqaüd təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Göründüyü kimi, qanunvericilikdə təqaüdlərin əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmamışdır. Deməli, hazırkı halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinət almaq hüququ istisna edilir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsasları nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi h alda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. Həmin maddənin 4-cü bəndinə görə, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 19. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyy atlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 168 nömrəli Fərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. 22. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasə n Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
23. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.
24. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı xx xxxxxx 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. 25. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müav inətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSAS İYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Hazırkı qərarın 17-20-ci bəndlərində göstərilən normalara əsasən hər bir vətəndaşın qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququ var, sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir və qanunvericiliyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət müəyyən edilmişdir.
32. Hazırkı qərarın 21-ci bəndində göstərilən Prezident təqaüdü təsis edildikdən sonra müharibə veteranlarına sözügedən müavinətin verilməsi dayandırılmış, onun əvəzində Prezident təqaüdü verilməsinə başlanılmışdır.
33. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə də Prezident təqaüdünün təsis edildiyi tarixdən, yə ni xx.xx.2019-cu il tarixindən sonra “müharibə veteranı” adı və vəsiqəsi almış şəxlərə “müharibə veteranı” vəsiqəsi aldığı tarixdən əvvəlki üç ilə görə müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı), həmin tarixdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1563/2020 nömrəli qərarı).
34. Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi iddiaçı xx.xx.2019-cu il tarixində, yəni Prezident təqaüdü təsis edilməmişdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “ Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq olunmalıdır.
35. Hazırkı qərarın 25-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırkı iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır.
36. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qan un isə xx.xx.2006-cı il tarixindən qüvvəyə minmişdir. Odur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən f aktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
38. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
39. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21( 107)-430/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.