Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3584/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “apellyasiya şikayətinin mümkünlüyü”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 cavabdehnə qarşı (3-cü şəxslər: Nəsimi rayon Icra Şöbəsi və üçüncü şəxs1) “pulun ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində birinci icraat
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, * saylı Bakı Inzibatı-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## ### 2016-cı il tarixli qərarı ilə mərhum əri X1 Azərbaycan Respublikası DIN cavabdehnin X2 Idarəsində polis nəfəri vəzifəsində 1980ci ildən 1997-ci ilə kimi (X5) dəniz səviyyəsindən 1500 - 2000 metrədək yüksəklikdə işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi vəzifəsinin Azərbaycan Respublikası DIN cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra sənədi ## ###### 2018-cı ildə icraya yönəldilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş müvafiq məhkəmə qərarının icra olunması ilə bağlıdır.
3. Bakı Inzibati Məhkəməsinin 2021-ci il ## ### tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
5. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı Inzibati Məhkəməsinin 2021-ci il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində birinci icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2021-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayətinin mümkün sayılmayaraq icraata qəbulundan imtina edilmişdir.
birinci instansiya məhkəməsində ikinci icraat
8. Bakı Inzibati Məhkəməsinin 2022-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Məhkəmə hesab etmişdir ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçının mərhum əri X1 ödənilməli olan müavinətə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, təyin edilmiş müavinətin məbləğinin hesablanıb ödənilməsi məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. Inzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş müavinətlərə münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş müavinətin ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir.
10. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2022-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində ikinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2023-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2022-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi * saylı Bakı Inzibatı-Iqtisadi Məhkəməsinin *- *(**)-***/**** nömrəli, ## ### 2016-cı il tarixli qərarında iddiaçının tələbi X1 üçüncü şəxs1 cavabdehnin X2 idarəsində polis nəfəri vəzifəsində işlədiyi 1980-cı ildən-1997-ci ilə kimi (X5) dəniz səviyyəsindən 1500- 2000 metrədək yuxarıda işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi ilə bağlı olmuşdur. Iddiaçının həmin məzmunda tələbi məhkəmə tərəfindən təmin edilmiş, cavabdehin üzərinə iddia tələbinə uyğun məzmunda öhdəlik qoyulmuşdur. Lakin həmin qərarda icra olunmalı – ödənilməli olan müavinətlərin (artımların, əmsalların) məbləği göstərilməmişdir. Cavabdeh isə ödənişi öz mülahizəsinə görə hesabladığı məbləğə icra etmişdir. Hazırkı halda isə iddiaçı X1 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçının indiki tələbləri (dəqiq miqdarı göstərilən müavinət, faiz məbləği) əvvəlki məhkəmə baxışının predmeti olmadıqlarından apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən əsasla iddianın mümkün sayılmaması işin faktiki hallarına uyğun olmamışdır.
apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2023-cü il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 cavabdehnə qarşı “pulun ödənilməsi” tələbinə dair inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
birinci instansiyası məhkəməsindəki üçüncü icraat
17. Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hazırkı halda iddiaçının müavinətin düzgün hesablanmadığı və kassasiya məhkəməsinin də müavinətin məbləğinin müəyyən edilməsi tələbinin mahiyyəti üzrə baxılmasının mümkün olması barədə göstərişindən çıxış edərək mərhum Q.Zalıyevin 1980-1997-ci ilıərdə aldığı əmək haqqı ilə bağlı sorğu vermiş və sorğuya əsasən məhkəməyə sonuncunun 1980- 1997-ci illərdə 17 il ərzində aldığı əmək haqqı barədə məlumat deyil, yalnız arxivdə mövcud olan 1980-cı ilin iyul ayı üzrə, 1988-ci ilin dekabr ayı, 1989-cu ilin may ayı, 1989cu ilin noyabr ayı, 1989-cu Ilin dekabr ayı, 1990-cı ilin sentyabr ayı, 1997-ci ilin oktyabr ayı üzrə aldığı əmək haqqı barədə məlumat təqdim edilmişdir. Təqdim edilən əmək haqqı barədə arxiv sənədlərinin tam şəkildə mövcud olmadığı, eləcə də mərhumun həm keçmiiş SSR dövründə, həm də müstəqillik əldə etdikdən sonrakı Respublika dövrünə düşən dövr üzrə aldığı əmək haqqı barədə məlumat tam olmadığından məbləğin tam şəkildə hesablnması,rus rublu ilə aldığı məbləğin azərbaycan manatına olan çevrilməsini, eləcə də 1992-ci ildən sonrakı dövrdə aldığı məbləğin azərbaycan manatına olan denominasiyasını müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, nə qədər ki, mərhum Q.Zalıyevin işlədiyi 1980-1997-ci ilədək olan 17 ilin hər bir ilinin əmək haqqı barədə məlumat təqdim edilə bimir, bu halda müəyyən edilə bilinməyən əmək haqqı məbləğinə uyğun yüksəkliyə görə müavinətin hesablanması və həmin məbləğin yeni azərbaycan manatına olan denominasiyası və indeksasiyası nəticəsində yekun ödənilməli məbləğin hesablanması mümkün deyildir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi mərhum Q.Zalıyev 1997-ci ildə tərxis olunsa da ödənilməmiş müavinətin ödənilməsi ilə bağlı xidmət etdiyi quruma qarşı 2016-cı il tarixdə müvafiq tələblə məhkəmədə çıxış etmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda şəxsin hərəkətsizliyinə münasibətdə yuxarıda istinad edilən və mahiyyəti vurğulanan “bona fides” prinsipinin əhəmiyyəti mütləq nəzərə alınmalıdır. Ali Məhkəmənin *-*(***)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarında artıq ödənilmiş məbləğin pensiya orqanı tərəfindən şəxsdən tələb edilməsinə dair iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, hətta cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. Iddiaçının vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, iddiaçının da məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin də vurduğu ziyana görə həmməsuliyyətli olduğu nəzərə alınmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehə əmək pensiyası ilə yanaşı sosial müavinətin ödənilməsində tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını nəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış) prinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri yalnız tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoymaqla ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. Eləcə də, Ali Məhkəmənin *-*(***)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarında da oxşar münasibət üzrə qeyd edilmişdir ki, işin halları nəzərə alındıqda yol verilmiş pozuntu ilə bağlı tərəflərin müştərək (birgə) məsuliyyət daşımalı olduqlarına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur. Həm iddiaçı, həm də cavabdehin təqsirli davranışlara yol verdikləri iş üzrə təsdiq olunur. Yuxarıda qeyd edilən Ali Məhkəmənin mövqeyini də nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, mərhum Q.Zalıyevə ödənilməli olan yüksəkliyə görə müavinət məbləğinin müstəqil qaydada hazırkı icraatda hansı əmək haqqı məbləğindən hesablanmasının müəyyən edilə bilməməsi təkcə cavabdeh orqanın müavinətin ödəmək vəzifəsini vaxtında icra etməməsi ilə bağlı deyil, həm də mərhum Q.Zalıyevin keçmiş Azərbaycan SSR dövründən etibarən 17 il ərzində, eləcə də 1997-ci ildə təxis olunarkən son haqq hesab olaraq tələb etməməsi kimi hərəkətsizlik şəklində göstərdiyi davranışına və bu davranışın onun üçün yaratdığı mənfi hüquqi nəticəyə də bağlıdır. Başqa sözlə, hazırkı iddianın təmin edilə bilinməməsində müvafiq hərəkətsizlik göstərən hər iki tərəfin həmməsuliyyət (birgə məsuliyyət) daşıdıqları nəzərə alınmalıdır.
20. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi, Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.
22. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
23. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsinin səbəbi 30 günlük şikayət vermə müddətinin hesablanmasında texniki yalnışlığa yol verilməsi səbəbindən olmuşdur. Məhkəmə kollegiyası vəfat edən ərinin hüquqlarını müdafiə edən iddiaçının ədalətli məhkəmə araşdırması və məhkəmə əlçatanlığı hüquqlarının qorunmasını təmin etmək yerinə, müddətin bərpası ilə bağlı iddiaçıya münasibətdə ciddi tələblərdən çıxış etmişdir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
25. Inzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 75.3. Məhkəmə qərarı bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, IPM-in 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində verilir.
31. Işin mübahisəsiz hallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)- **/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ##.##.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi vəkil1 məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə müddət ötürülməklə (son müddət ##.##.2025-ci il) ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Bununla da, cavabdeh Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür.
32. Iddiaçının kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, müddətin ötürülməsinin səbəbi 30 günlük şikayət vermə müddətinin hesablanmasında texniki yalnışlığa yol verilməsi səbəbindən olmuşdur
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin hazırkı iş üzrə müddətin iddiaçının təqsiri olmadan ötürüldüyü müəyyən edilmir.
34. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
35. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəblərdən ötürüldüyündən apellyasiya instansiyası məhkəməsi həmin şikayət üzrə аpellyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.
36. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün sayılmayarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.