Məhkəmə qərarları › İş №2-1(102)-3585/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3585/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3585/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Quliyev İlqar Balış oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş və yaş həddinə görə qulluğa xitam verilmiş ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Quliyev İlqar Balış oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ##.##.1964-cü il təvəllüdlüdür.

2. İddiaçı ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq etmiş, o cümlədən ##.##.1997-##.##.2007-ci il tarixlərdə Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmiş, həmin qurum ləğv edildiyindən ##.##.2007-ci il tarixdən nazirliyin sərəncamında olmuş, ##.##.2008-##.##.2024-cü il tarixlərdə isə İmişli Rayon İcra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işləmiş, yaş həddinə çatması barədə ərizəsinə əsasən ##.##.2024cü il tarixdə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

3. İddiaçının ədliyyə orqanlarında qulluq illəri ##.##.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil etmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işlədiyindən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh ##.##.2024-cü il tarixli məktubla iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 35 ildən az olduğundan iddiaçıya ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İmişli rayon icra və probasiya şöbəsində 1 dərəcəli ədliyyə qulluqçusu rütbəsilə icra məmuru vəzifəsində işləmişdir. Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli ***-K nömrəli əmri ilə 60 yaşı tamam olduğundan ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatmaqla pensiyaya çıxmağı ilə əlaqədar olaraq ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. O, həmin sənədləri pensiya hesablanıb təyin edilməsi üçün cavabdehə təqdim etmişdir. Lakin cavabdehin ##.##.2024-cü il tarixdə ona göndərilən cavab məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajı 35 ildən az olduğundan ona ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunun tələbləri baxımından mümkün deyildir. Cavabdehin həmin hərəkətini düzgün hesab etmir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə görə ədliyyə orqanlarında qulluqda olmanın yaş həddi 60 yaşdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə uyğun olaraq verilmiş arayışa əsasən onun qulluqda olma stajı 28 il 11 ay 9 gün təşkil etməsini nəzərə alaraq ona pensiya hesablanmalıdır. Eyni zamanda təşkilat pensiya təyinatı üçün nəzərdə tutulmuş onun hesabında toplanmış pensiya kapitalını da nəzərə almamışdır. Belə ki, onun pensiya kapitalı qanunla nəzərdə tutulduğundan xeyli çox, yəni 65 min manatdan çox təşkil edir. Dövlət orqanı onu pensiyaya çıxmaqla əlaqədar işdən azad etdiyi üçün Konstitusiyanın 38-ci maddəsinə müvafiq olaraq pensiya almaq hüququ da təmin edilməlidir.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdə məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.7.1-ci maddəsinin # #### 2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin Qanunun 20.19-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizm funksiyalarının 81-100 faiz (İ dərəcəli) pozulmasına görə əlilliyi müəyyən edilmiş, ədliyyə orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) də ədliyyə işçisi kimi əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iddiaçının qulluq stajı 35 ildən az olduğundan, 65 yaşı tamamlanmadığından və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmadığından ona ədliyyə işçisi kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

9. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı inzibati mübahisənin həlli ilə əlaqədar ədliyyə orqanlarında qulluq stajına uyğun olaraq ədliyyə qulluqçusu kimi pensiya təyinatının aparılmasına dair “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinin köhnə redaksiyasının tələbinin aydınlaşdırılması zəruridir. Belə ki, maddənin tələbindən də göründüyü kimi 0# #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyaya əsasən 25 il qulluq stajı pensiya təyinatı üçün əsas hesab edilirdi. Lakin maddənin tələbindən də göründüyü kimi 25 il ədliyyə qulluq stajı özüözlüyündə göstərilən şərtə uyğun olaraq pensiya təyinatına əsas vermir. Belə ki, göstərilən qulluq stajının məhz xüsusi rütbə nəzərdə tutan vəzifə üzrə olması mütləqdir. Maddənin tələbindən göründüyü kimi xüsusi rütbənin olmaması pensiya təyinatı halını istisna etməsə də, vəzifənin xüsusi rütbə nəzərdə tutan vəzifə olması mütləqdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya həmin dövrə münasibətdə pensiya hüququnun yaranması üçün qanunvericinin müəyyən etdiyi nə 25 illik qulluq stajı, nə də ki, yaş şərti ödənməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin # #### 2017ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən isə ədliyyə işçisinə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilkin şərt xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajın olmasıdır. Hazırda qüvvədə olan maddənin tələbinə əsaslanmaqla da iddiaçının pensiya hüququ yaranmır. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının ədliyyə orqanlarında qulluq illəri ##.##.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil edir. Həmçinin iddiaçı Quliyev İlqar Balış oğlu ##.##.1964-cü il təvəllüdlüdür və hal-hazırda 61 yaşı vardır. Belə olan halda, iddiaçıya ədliyyə qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər ödənilməmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər C.Quliyev – məruzəçi, F.Hüseynov və T.Kərimov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

16. Kassasiya şikayətində Mülki Məcəllənin 1.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 2, 9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 68.2ci maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər ... 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); ... 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

19. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi 18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. ...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının ədliyyə qulluqçusu kimi pensiya hüququnun olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.1-ci maddəsinə görə ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. Ədliyyə orqanlarında qulluq illəri ##.##.2024-cü il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil edir. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməlidir.

30. “Əmək pensiyaları haqqında” Qanunun # #### 2017-ci il tarixə qədər qüvvədə olmuş 9.7.1-ci maddəsində qeyd edilirdi ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə pensiya hüququ vardır.

31. İddiaçının # #### 2017-ci ilə qədər ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olmamışdır.

32. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun # #### 2017-ci il tarixdən qüvvədə olan 9.7-ci maddəsinə görə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

33. İddiaçıya # #### 2024-cü il tarixdən yaş həddinə çatması ilə əlaqədar ədliyyə orqanlarında fəaliyyətinə xitam verilmişdir.

34. # #### 2024-cü il tarixə iddiaçının ədliyyə orqanlarında qulluq illəri 28 il 11 ay 9 gün olmuşdur.

35. İddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olmamışdır.

36. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə qulluqçusu kimi pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 20.1.14-cü maddəsinin şərti, yəni qanunvericiliklə müəyyən edilmiş yaş həddi mövcud olmamışdır. Adı çəkilən Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ vardır, yəni iddiaçı qanunda nəzərdə tutulan pensiya yaşına çatmamışdır.

37. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə mövcud olması zəruridir. Başqa sözlə, iddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ədliyyə işçisi qismində işlədiyi və həmin vəzifədə azı 35 il qulluq stajına malik olduğu təqdirdə, ona həmin pensiya təyin oluna bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ədliyyə orqanlarında qulluq illəri (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 28 il 11 ay 10 gün təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 35 il qulluq stajına malik olmadığından, habelə qanunverciliklə müəyyən edilmiş pensiya yaşına çatmadığından onun yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

38. Odur ki, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı Quliyev İlqar Balış oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar