Məhkəmə qərarları › İş №2-1(102)-3587/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3587/2025

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3587/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı 44 günlük Vətən Müharibəsində iştirak etmiş və ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad olunması uğrunda gedən döyüşlər zamanı “Barotravma” xəsarəti almışdır.

2. ##.##.2024-cü il tarixli, **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı ilə iddiaçıya təyin olunmuş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatından (##.##.2022) sonrakı residiv yırtığı” diaqnozlarının səbəb əlaqəsi “Ümumi xəstəlikdir”, “Barotravma (##.##.2020). ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozlarının səbəb əlaqəsi isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq müəyyən edilmişdir.

3. İddiaçıya “Arxa qütbün və ləkənin degenerasiyası, OS – İşemik makulopatiya VİS OD = 1,0 (vahid) VİS OS = 0,04 k/etmir (yüzdə dörd)” diaqnozuna əsasən üçüncü dərəcə (orqanizmin funksiyalarının 50 faiz pozulması ilə) əlillik təyin edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli qərarında qeyd olunmuş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış hemiotomiya, hemioplastika cərrahi əməliyyatından (##.##.2022) sonrakı residiv yırtığı” və “Barotravma (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 5 metr məsafədən eşitməsi ilə” diaqnozlar şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir, hal-hazırda da iddiaçıda müşahidə edilir və hərbi xidmət dövrü ilə səbəbli əlaqəsi vardır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024cü il tarixli, **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə dəyişiklik edilərək, cavabdeh tərəfindən qəbul edilmiş həmin tarixli qərar üzrə diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya, ernioplaslika cərrahi əməliyyatından (##.##.2022) sonrakı residiv yırtığı” “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Diaqnoz: “Barotravma (##.##.2020). ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqin iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsində iştirak edərkən, ##.##.2020-ci il tarixdə döyüş əməliyyatları zamanı “Barotravma” xəsarəti almışdır, travmanın alınma şəraiti N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli, *** nömrəli arayışı ilə təsdiq olunur. Travmadan bir ildən çox müddət keçdikdən sonra iddiaçı ##.##.2021-##.##.2021-ci il tarixlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Soltərəfli çəp qasıq yırtığı. Hepatosteatoz. Vertebrogen lumbalgiya. Soltərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sol qulaqda 4 metr, sağ qulaqda 6 metr məsafədən eşitmə” diaqnozu ilə müalicə olunmuşdur. ##.##.2021-ci il tarixdə üzərində “Herniotomiya, hernioplastika” cərrahi əməliyyatı icra olunmuşdur. ##.##.2023-cü il tarixdə iddiaçı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə edilmiş və ona “İşemik maklopatiya” diaqnozu qoyulmuş, xəstəliyi travma ilə əlaqələndirilməmişdir. İddiaçı hərbi həkim komissiyasından keçəndə qeyd etmişdir ki, o, “Barotravma” xəsarətini ##.##.2020-ci il tarixdə döyüş əməliyyatları zamanı almışdır. Həmin xəsarəti ağır artilleriya mərmisinin partlaması nəticəsində almışdır. Lakin onun dediklərini qeyd etməmişlər və bildirmişlər ki, guya komissiyadan keçəndə onun özü xəstəliyin səbəbini əlaqələndirə bilməmiş və gözündən hər hansı bir xəsarət almamışdır.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, tibbi ədəbiyyata əsasən, “İşemik makulopatiya” torlu qişanın qan-damar sistemi vasitəsi ilə yetəri qədər qidalanmaması nəticəsində yarana bilər. Buna səbəb kimi mərkəzi retional vena trombozu, diabetik retinopatiya, uveitlər torlu qişanın qopması, qlaukoma, yeni törəmələr, miopik və yaşa bağlı dəyişiklikləri göstərmək olar. Bundan başqa kontuziya, qapalı kəllə-beyin travmaları, açıq kəllə-beyin travmaları zamanı gözün torlu qişasında “şüşəvari” cisimdə qansızmalar nəticəsində makula nahiyyəsində ödem əmələ gəlir, bu səbəbdən görmə surətlə zəifləyir və nəticədə “İşemik makulopatiya” əmələ gələ bilir. Lakin iddiaçıda yuxarıda qeyd olunan xəsarətlər müəyyən edilməmişdir. “Barotravma” nəticəsində isə “İşemik makulopatiya”nın yaranması mümkün deyildir, bu barədə elmi ədəbiyyatda hər hansı məlumat yoxdur. “Barotravma” diaqnozu ümumi diaqnozu ifadə edir. Hər bir boşluğu olan orqanın (qulaq, mədə, ağciyər, sidik kisəsi) barotravması ola bilər. Qulağın barotravması hərbi sursatın (mərmi) partlaması nəticəsində əmələ gələn hava dalğası nəticəsində törənən zədələri ifadə edir. Zərbə dalğası güclü olanda təbil pərdəsində rupturaya (dəlik) və ya onun tamamilə dağılmasına səbəb olaraq orta və daxili qulağa zərbə vura bilər. Bu halda qulaqda çox vaxt keçiçi olaraq eşitmə zəyifliyi ola bilər. Yüngül zədələnmələrdə sadəcə keçici olaraq təbil pərdəsində qızartı və ödem yarana bilər, hansı ki, 1 həftəyə sağalır. İddiaçı barəsindəki ##.##.2023-cü il tarixli, *** nömrəli travma haqqında arayışda onun hansı orqanının barotravma alması qeyd olunmayıb.

8. Şirvan İnzibati Məhkəməsinin (hakim: Amilya Hüseynova) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman fiziki və əqli cəhətdən sağlam olmuş, müharibəyə yararlı hesab edilmiş və N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmət keçmişdir. Yəni sağlamlığı, görmə, eşitmə ilə bağlı hər hansı şikayət və ya problem II Qarabağ Müharibəsi baş verən zamana kimi yaranmamış, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli müayinə vərəqəsindən də göründüyü kimi, oftolmoloq tərəfindən qeyd edilmişdir ki, iddiaçının şikayəti sol tərəfli görmə zəifliyindəndir. Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Odur ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş diaqnoz: “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlığı. Soltərəfli çap qasıq yırtığına görə aparılmış herniotomiya, ernioplaslika cərrahi əməliyyatından (##.##.2022) sonrakı residiv yırtığı” səbəbli əlaqə-“Ümumi xəstəlikdir” olaraq deyil, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Ceyhun Quliyev və İlham Əsədov) ## ###### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının N saylı hərbi hissədə xidməti MAHHXHQ kimi ##.##.2020-ci il tarixdən başlamışdır, Vətən Müharibəsinin başlanma tarixi isə ##.##.2020-ci il tarixə (7 gün sonra) təsadüf edir. Həmin 7 gün ərzində iddiaçının hər hansı xəstəlikdən əziyyət çəkməsi və ya travma alması ilə bağlı cavabdeh sübut təqdim etməmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı bütün xəsarətləri məhz Vətən Müharibəsi gedişində, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın qismən ləğv edilməsini və iddiaçıya təyin olunmuş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04ə qədər azalması korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatından (##.##.2022) sonrakı residiv yırtığı” diaqnozlarının səbəb əlaqəsinin “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” olaraq müəyyən edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati icraatla bağlı qanunvericiliyin tələbindən göründüyü kimi yazılı inzibati aktın əsaslandırılması mütləqdir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”;

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Hazırkı işdə iddiaçı cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli, **** nömrəli qərarla təyin olunmuş diaqnozlar üzrə “Ümumi xəstəlik” səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olaraq dəyişdirilməsini tələb edir. İddiaçının məqsədi, gələcəkdə ona təyin olunmuş əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməsinə və bunun üzərindən daha yüksək sosial təminata nail olmaqdan ibarətdir.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddiaçıya təyin olunmuş “Sol gözün işemik makulopatiyası nəticəsində görmə itiliyinin 0,04-ə qədər azalması, korreksiya etmir. Sağ gözün görmə itiliyi 1,0 olmaqla. Vertebrogen lumbalgiya remissiya mərhələsində. Aşıq-qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlılığı. Soltərəfli çəp qasıq yırtığına görə aparılmış herniotomiya, hernioplastika cərrahi əməliyyatından (##.##.2022) sonrakı residiv yırtığı” diaqnozlarının səbəb əlaqəsinin “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” olaraq müəyyən edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Lakin cavabdeh buna dair mövqeyini əsaslandırmamış və həmin diaqnozların səbəb əlaqəsinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə bağlı olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar