Məhkəmə qərarları › İş №2-1(102)-3588/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3588/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3588/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: adın və soyadın dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “adın və soyadın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1974-cü il tarixdə tərtib edilmiş *** nömrəli “Doğum haqqında akt” qeydindən görünür ki, X3 ##.##.1974-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. “Ata haqqında” məlumat qarafasında - X8, doğulduğu tarix - 1949, “Ana haqqında” məlumat qarafasında - İddiaçı Əli qızı, doğulduğu tarix - 1953-cü il qeyd edilmişdir.

2. ##.##.2014-cü il tarixdə tərtib edilmiş “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydindən görünür ki, Cavabdeh tərəfindən “X4”nın soyadı “Kərimova”, adı “Gülnarə” adına dəyişdirilmişdir.

3. “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan və ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı X2 ilə evli olmuş, onun ##.##.1994-cü il təvəllüdlü X1 və ##.##.1996-cı il təvəllüdlü X6 adlı övladları var, X2 ##.##.2020-ci ildə ölmüşdür.

4. Cavabdeh ##.##.2025-ci il tarixli məktub ilə imtina etmiş və bildirmişdir ki, “...“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz.”

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin ad qrafasında “Gülnarə” adının dəyişdirilərək “Könül” adına və “Kərimova” soyadının dəyişdirilərək “Əliyeva“ soyadına düzəliş edilməsi üzrə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhərində 1993-cü ildə ailə həyatı qurmuş və iki övladı da Lənkəran şəhərində anadan olmuşdur. 1998-ci ildə ailəvi olaraq Rusiya Federasiyasına köçərək orada yaşamışdır. Həyat yoldaşı ##.##.2020-ci il tarixində vəfat etmiş, iki övladı isə həmin tarixdən hal-hazıra kimi qeyd olunmuş ünvanda yaşayır. Hazırda müvəqqəti olaraq Lənkəran şəhərində yaşayır. 2014-cü ildə Cavabdeh ad və soyadı dəyişdirilmişdir. Belə ki, doğum haqqında Şəhadətnamənin və Şəxsiyyət vəsiqəsinin ad qrafasında Könül adı dəyişdirilərək Gülnarə, soyadı qrafasında Əliyeva soyadı dəyişdirilərək Kərimova qeyd olunmuşdur. Hal-hazırda növbəti dəfə soyadın və adın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 2014-cü ildə bacısının toy məclisində iştirak etmək üçün Rusiya Federasiyasından Lənkəran şəhərinə gəlmiş, təxminən 1 aydan sonra Rusiya Federasiyasına qayıdarkən Rusiya Federasiyasının ərazisindən məcburi geri qaytarılmışdır. Çünki Lənkəran şəhərində olduğu müddətdə qəbul olunmuş yeni qərara görə Rusiya Federasiyasında pasport qeydiyyatında olmadığından Rusiya Federasiyası ərazisindən məcburi çıxarılmışdır. Həmin vaxt həyat yoldaşı rəsmi əmək fəaliyyəti ilə məşğul olduğundan və uşaqları məktəbdə təhsil aldıqlarından maneəsiz məcburi qaydada qeydiyyata alınmışlar. O isə həmin vaxt rus dilini bilmədiyindən və rəsmi əmək fəaliyyəti ilə məşğul olmadığından pasport qeydiyyatına alınmamışdır.

7. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – A.Hüseynova).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Gülnarə” adından “Könül” adına, “Kərimova” soyadından “Əliyeva” soyadına dəyişdirilməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh orqanın imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

9. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, ad, soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir.

10. Eyni zamanda, məhkəmə tərəfindən bildirilmişdir ki, hazırkı iş üzrə adının əvvəlki ad ilə, soyadın əvvəlki soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Quliyev, hakimlər – T.Kərimov, P.Əhmədov).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı məhkəməyə konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının real problemlərlə qarşılaşması və bu problemin getmək istədiyi ölkənin qanunvericiliyinə uyğun şəkildə həll edə bilməməsi (iddiaçı ad və soyadının dəyişdirilməsi zərurətini hazırkı ad və soyadı ilə Rusiya Federasiyasına gedə bilməməsi ilə əlaqələndirir) qənaətinə gəlmək üçün yetərli əsasların mövcudluğu da iş üzrə materiallarla təsdiq olunmur.

14. Kollegiya qeyd etmişdir ki, hər bir şəxs getdiyi ölkənin qanunlarına əməl etməlidir. İşin mübahisəsiz halıdır ki, (iddiaçı izahatı ilə etiraf edir) o, digər ölkənin ərizəsində yaşamaq üçün qanunvericiliyin tələbinə əməl etməmiş, ad və soyadını dəyişdirərək təkrarən həmin ölkəyə getmiş, bu dəfə də yenə əvvəlki kimi qanunsuz yaşamağa davam etmişdir. İddiaçının mövqeyi ilə razılaşmaq o anlama gələr ki, o, hər dəfə niyyətinə çatmaq üçün ad və soyadını dəyişərək digər ölkəyə gedərək qanunsuz yaşayacaq, sonradan problem yaranarsa, niyyətinə çatmaq üçün yenidən ad və soyadını dəyişəcəkdir. Bu isə qanuni deyil.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi faktiki halları tam araşdırmamış, hətta araşdırma ilə bağlı iddiaçıya yardım etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırarkən iddiaçının Azərbaycan Respublikasına hansı qaydada gəldiyini araşdırmamışdır. Çünki iddiaçı hazırkı ad və soyadı ilə Azərbaycan Respublikasına gəlsəydi, Rusiya Federasiyasına qayıdışında hər hansı çətinlik yarana bilməzdi. Əgər iddiaçının Rusiya Federasiyasına qayıdışında çətinlik vardırsa, yəni sərhəddən Rusiya Federasiyasına buraxılmırsa, deməli, onun Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlişində hansısa hərəkətlər olunmaqla səhvə yol verilmişdir. Məhkəmə kollegiyası tərəfindən bu hal araşdırılmamışdır. Halbuki bu hal araşdırılsaydı, bu halda iddiaçının hazırkı ad və soyadının dəyişdirilməsinin vacib zərurəti müəyyən olunardı.

17. Belə ki, iddiaçının hazırkı ad və soyadı ilə Rusiya Federasiyasına gedə bilməməsinə səbəb onun Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı konsulluğu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi”ndə əvvəlki adı və soyadının qeyd edilməsi və bu qayıdış sənədi ilə Azərbaycan Respublikasına gəlməsi olmuşdur. Nəticədə iddiaçı, Azərbaycan Respublikasına əvvəlki ad və soyadı ilə qayıtdığından, Rusiya Federasiyasının ölkədən çıxış sənədlərində hazırkı ad və soyad adlı şəxs Rusiya Federasiyasında olduğu və ölkəni tərk etmədiyi görsənir. Rusiya Federasiyasına getmək üçün tələb olunan sənədlərdə isə iddiaçının hazırkı ad və soyadıdır. Hətta iddiaçı ad və soyadının dəyişdirilməsinə dair məhkəmə qətnaməsini təqdim etməsinə baxmayaraq, Rusiya Federasiyasına buraxılmamışdır. Rusiya Federasiyasının sərhəd xidməti tərəfindən bu barədə hər hansı yazılı sənəd təqdim edilmədiyindən bu barədə sübutu məhkəməyə təqdim etmək mümkün olmamışdır.

18. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının Rusiya Federasiyasına gedə bilməməsinin əsas səbəbi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı konsulluğu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi”ndə əvvəlki adı və soyadının qeyd edilməsidir. Apellyasiya instansiyası məhkəməsi isə bu halları, yəni iddiaçının Azərbaycan Respublikasına hansı qaydada gəldiyini araşdırmamışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçı Rusiya Federasiyasını əvvəlki ad və soyadla olsa da, qanuni əsaslarla (Azərbaycan Respublikası konsulluğu tərəfindən verilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi”nə əsasən) tərk etdiyi halda, geri qayıdarkən hazırkı ad və soyadına görə Rusiya Federasiyasının dövlət sərhəddini qanunsuz olaraq keçmə kimi qiymətləndirilməklə müvafiq cəzaya məruz qala bilər. Çünki hazırkı ad və soyadla iddiaçı ölkəni tərk etmədiyinə görə Rusiya Federasiyasında olduğu görünür. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etdiyi kimi demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirmə aparılan zaman iddiaçını ad və soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. Hesab edirlər ki, göstərilən səbəb iddiaçının hazırkı ad və soyadının əvvəlki ad və soyadına dəyişdirilməsi üçün kifayət qədər zəruri etdiyi halda məhkəmə kollegiyası işin faktiki halları üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan düzgün olmayan nəticəyə gəlmişdir.

19. Beləliklə, iddiaçının Rusiya Federasiyasına qayıda bilməməsinin səbəbi elə dövlətin orqanı olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı konsulluğu olmuşdur ki, həmin konsulluq tərəfindən verilmiş sənədə əsasən iddiaçı əvvəlki ad və soyadı ilə Rusiya Federasiyasını tərk etdiyi üçün yenidən həmin ölkəyə övladlarının yanına getmək üçün əvvəlki ad və soyadına qayıtmağa məcburdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz edilməmiş

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.

22. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ...32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün ... məhdudlaşdırıla bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları” 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. ... 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ad və soyadın növbəti dəfə dəyişdirilməsinə nail olmaqdan ibarətdir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.1974-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Sonradan ərizə ilə Cavabdeh müraciət edərək, 2014-cü il tarixdə “Könül” adından “Gülnarə” adına, “Əliyeva” adından “Kərimova” soyadına dəyişdirmişdir və bu barədə Azərbaycan Respublikası Cavabdeh tərəfindən şəhadətnamə tərtib edilmişdir. Sonradan iddiaçı cavabdehə müraciət edərək, soyadının yenidən əvvəlki soyada və adının əvvəlki ada dəyişdirilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız hesab edərək bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur.

33. Sözügedən Qaydalarda ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər müəyyən edilir. Başqa sözlə, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Qaydaların 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallarda mümkündür.

34. İşə baxmış məhkəmə kollegiyası haqlı olaraq bildirmişdir ki, demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirmə aparılan zaman iddiaçını ad və soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı isə bununla bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər göstərməmiş, Rusiya Federasiyasında qeydiyyatsız yaşadığı üçün deportasiya olunması səbəbindən birinci dəfə ad və soyadını dəyişdirməsini, sonradan yenidən həmin ölkəyə gedərək illərlə əvvəlki qaydada (qeydiyyatsız) yaşamasını, bununla bağlı barəsində vaxtı ilə məhkəmə işi olmasını, hazırkı ad və soyad ilə bağlı yaranmış problemdən Rusiya Federasiyasına gedə bilməməsini, övladlarının orda olmasını və vaxtı ilə yaşadıqları mənzilin ona aid olmasını bildirir. İddiaçı konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

35. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə məhz sözügedən Qaydaların 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin etməməklə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur.

36. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin “hazırkı uyğunsuzluğun konsulluğun təqsirinə görə əmələ gəlməsi” dəlilinə münasibətdə qeyd edir ki, qayıdış şəhadətnaməsi xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilir. Göründüyü kimi, məhz iddiaçı tərəfindən Azərbaycana gəlməsi üçün sadalanan hallardan biri irəli sürülərək qayıdış şəhadətnaməsi alınmışdır. İddiaçıya köhnə ad və soyadın göstərilməsi, ən azından şəhadətnamə təqdim edildiyi andan ona məlum olmuş, bu şəhadətnamə ilə müəyyən hərəkətlər etmiş (pasport əvəzi bu sənəddən istifadə etmiş) və Rusiya Federasiyasından çıxdığı anadək şəhadətnaməyə düzəliş etmək imkanının olmasına baxmayaraq buna dair hər hansı müraciət etməmişdir. Beləliklə, iddiaçının “hərəkətsizlik” göstərərək bununla bağlı hər hansı etiraz etməməsi, eləcə də deportasiya olunmamaq üçün ad və soyadının dəyişdirməsi kimi əvvəlki “tərcübəsini” onu deməyə əsas verir ki, sənədləşmə zamanı iddiaçının özü tərəfindən qəsdən köhnə ad və soyadın təqdim edilməsi halı istisna olunmur. Habelə nəzərə alınmalıdır ki, hazırkı iddia predmeti cavabdeh olmayan başqa inzibati orqanın (konsulluq idarəsinin) qayıdış şəhadətnaməsi verilən zaman hərəkətlərinin qanuniliyi deyil, tələb məhz ad və soyadın növbəti dəfə dəyişdirilməsidir.

37. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar