Məhkəmə qərarları › İş №2-1(102)-3590/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3590/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3590/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1 Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi (ümumi iş stajı); əmək kitabçasının mötəbərliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1 Filialına qarşı “##.##.1998-##.##.2005-ci illərdə işlədiyi müddətin nəzərə alınaraq ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin X1 Filialı ##.##.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 19 il 6 ay 23 gün təşkil edir. ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən, ##.##.2006-cı il tarixindən ##.##.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ##.##.1998-ci il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx” ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasında qeyd edilmiş ##.##.1975-ci il tarixdən ##.##.1976-cı il tarixədək Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmrində düzəliş edilmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ##.##.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.1998-##.##.2005-ci illərdə “xxxx” Açıq Səhmdar Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1958-ci il təvəllüdlüdür. ##.##.1975-ci ildən ##.##.1976-cı ilə kimi Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda fəhlə işləmişdir. ##.##.1976-##.##.1978-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra yenidən ##.##.1979-cu ildən ##.##.1980-ci ilə kimi Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda fəhlə, ##.##.1982-ci ildə təkrar olaraq Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda fəhlə işləmişdir. ##.##.1984-cü ildən ##.##.1997-ci ilədək Cəlilabad rayon “Bəxtiyar” adına üzümçülük sovxozunda “Kamaz” vinovoz avtomaşınında, ##.##.1998-ci ildən ##.##.2009-cu ilədək “xxxx” ASC-də sürücü işləmişdir, bunu təsdiq edən əmək kitabçası və şahidləri var. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi iş stajları nəzərə alınmamış və ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur.

4. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.

5. Şirvan Inzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı ##.##.1998-##.##.2005-ci illərdə “xxxx” Açıq Səhmdar Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin X1 Filialının üzərinə qoyulmuşdur.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və Q.V.Əliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 7.1. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslanaraq iddiaçının ##.##.2023-cü il tarixə 25 il sığorta stajına malik olmasına və 65 yaşının tamamlanmasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Iş üzrə cavabdeh tərəfindən iddiaçının mübahisələndirilmədiyi sığorta stajı onun ##.##.1976-cı il tarixdən ##.##.1978ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 19 il 6 ay 23 gün təşkil edir. Mübahisələndirilən dövr - iddiaçının əmək kitabçasında qeyd edilmiş onun ##.##.1998-ci il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx” ASC-də işlədiyi müddət, yəni iddiaçının ##.##.1998-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi müddətdir. Cavabdehin mövqeyinə görə, iddiaçının ##.##.2005-ci il tarixdən ##.##.2009-cu il tarixədək şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması onun ##.##.2005-ci il tarixdən əvvəlki dövrdə də işləməsini sual altına alır. Kollegiya qeyd edilən məsələyə münasibətdə bildirir ki, iddiaçının ##.##.1998-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi müddətdə qüvvədə olmuş normativ hüquqi aktlara, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən, ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. 7.2. Iddiaçının ##.##.2005-ci il tarixdən ##.##.2009-cu il tarixədək şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması onun ##.##.2005-ci il tarixdən əvvəlki dövrdə işləməməsini birmənalı sübut etmir. Belə ki, iddiaçıya münasibətdə (##.##.2006-cı ildən sonra) və ya ümumiyyətlə (##.##.2006-cı ilədək), sığorta haqlarının ödənilməməsi, ##.##.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün iş stajına daxil edilməsi məsələsi həll edilərkən onun ziyanına şərh oluna bilməz. Təsadüfi deyil ki, məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin # ###### tarixinədək yaranmış borclarla bağlı dövlət tərəfindən amnistiya tətbiq edilmiş, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. 7.3. Işin araşdırılması zamanı məhkəmə tərəfindən sorğu göndərilərək iddiaçının işlədiyi Cəmiyyətdən onun işə qəbul və işdən azad edilməsi barədə əmrlərdən çıxarışlar, eyni zamanda, Cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq dövlət orqanlarından məlumatlar əldə edilmişdir. Qeyd edilənlər əmək kitabçasındakı qeydlərin mötəbərliyini bir qədər də möhkəmələndirmişdir.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

14. Həmçinin kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ##.##.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. # ###### 2006-cı il tarixədək iş stajı işdə olan mötəbər sübutlarla təsdiq olunduğundan, iddiaçının əməkhaqqından məcburi dövlət sosial sığorta tutulmasından asılı olmayaraq ümumi iş stajına daxil edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

15. Hazırkı iş üzrə iddiaçı ##.##.1958-ci il təvəllüdlü olmaqla, onun yaşa görə əmək pensiyası almaq hüququ 65 yaşının tamam olduğu ##.##.2023-cü tarixində yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən dövrlərlə bağlı iddiaçının əmək kitabçasında müvafiq qeydlər mövcuddur ki, cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini istisna edən sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar aşkar edilməmişdir.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar