Məhkəmə qərarları › İş №2-1(102)-3591/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3591/2025

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3591/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa; polis işçisi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.2007-ci il tarixdən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə başlamışdır.

2. Iddiaçı 2020-ci ilin yanvar ayının 22-dən fevral ayının 22-dək əsas məzuniyyətindən istifadə etmiş, Azərbaycan Respublikası Cavabdeh ##.##.2020-ci il tarixli, ***-***B-**** nömrəli məktubu ilə onun əsas məzuniyyəti dövründə Rusiya Federasiyasına getməsinə etiraz edilməmişdir.

3. Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin sıravi və kiçik rəis heyəti yığıncağının ##.##.2020-ci il tarixli qərarına əsasən, polis nəfəri, R İddiaçı məzuniyyət müddəti ##.##.2020-ci il tarixdə bitməsinə baxmayaraq, uzun müddət xidmətə çıxmaması, bununla da, onun DIN-in *** nömrəli əmrinin və “Polisin PPX Nizamnaməsi”nin tələblərini kobud şəkildə pozması nəzərə alınaraq, onun DIO-dan xaric olunması barədə BMI-nin rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır.

4. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin ##.##.2020-ci il tarixli, Ə ***-***-** nömrəli əmrinə əsasən, İddiaçı vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da, “Polisin postpatrul xidmətinin Nizamnaməsi”nin, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin və “Azərbayjan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi”nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin “Sıravi və rəis heyətinin yığıncağı”nın qərarı da nəzərə alınmaqla, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidməkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən onun daxili işlər orqanlarında xidmətdən xaric olunması qərara alınmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ## ####### 2020-ci il tarixli, Ə***-***-** nömrəli əmrinin ləğv edilərək R kimi daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilməsi, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Iddiaçı iddia ərizəsində işin hallarına istinad edərək qeyd etmişdir ki, səhhətində ağır problemlər olduğu üçün ilk olaraq göndəriş əsasında Daxili Işlər Nazirliyinin * saylı Poliklinikasına müraciət etmişdir. Çoxsaylı müayinələrdən sonra əməliyyat edilməli olduğunu aydınlaşdırmışdır. ## ###### 2020-ci il tarixdə məzuniyyətə buraxılmış və məzuniyyət dövründə Rusiya Federasiyasına getməyinə Baş Mühafizə Idarəsinin rəisi tərəfindən rəsmi icazə verilmişdir. 2020-ci ilin fevral ayının 5-dən Rusiya Federasiyasının Volodqa şəhərində tibbi müayinələrə başlamış, ## ###### 2020-ci il tarixdə ilk əməliyyata girmiş, daha sonra yenidən müayinələrə getmiş və ## #### 2020-ci il tarixdə yenidən əməliyyat edilmişdir. Ikinci əməliyyatdan sonra təxminən 1 ay müddətində yenidən müayinə edilməsi zərurəti olduğundan, yenidən Rusiya Federasiyasında qalmalı olmuşdur. Daha sonra Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilməmişdir. Əməliyyat edilməyi barədə məlumatları işlədiyi idarəyə vermişdir. Daha sonra Pandemiya səbəbindən Azərbaycan Respublikasına qayıda bilməmişdir. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 20-28 oktyabr tarixlərdə Quba rayonunda Təlim-Tədris və Istirahət Mərkəzində karantin rejimində saxlanılmışdır. ## ###### 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər Rusiya Federasiyasında müalicələr almışdır. ## ####### 2020-ci il tarixdə karantin rejimindən çıxdıqdan sonra ev şəraitində təcrid olunmalı idi. Lakin yaşadığı Ağcabədi rayonuna qayıtdıqdan sonra ## ###### 2020-ci il tarixdə Ağcabədi Rayonlararsı Mühafizə Şöbəsinə dəvət edilmiş və ona işdən çıxarıldığı bildirilmiş və bu səbəbdən əmək kitabçası və attestatı təqdim edilmişdir. Işdən çıxarılmağı barədə əmrdə işdən çıxarılma səbəbi kimi daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət etməsi qeyd olunmuşdur. Yuxarıda qeyd etdiyi kimi, ## ###### 2020-ci il tarixdən, yəni əmək məzuniyyətinə buraxıldığı vaxtdan müalicə üçün Rusiya Federasiyasında olmuş və orada olduğu müddətdə hər hansı bir qanunazidd və ya daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət etməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin verdiyi əmr tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixdə, saat 00.10 dəqiqədə Samur sərhəd nəzarət məntəqəsindən keçərək Rusiya Federasiyasına daxil olmuşdur. Voloqda şəhərində mövcud olan “xxxx” MMC-dən verilmiş, əmək fəaliyyətindən azad etmək haqqında vərəqin kserosurətində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi müalicə olunması, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə müddətin uzadılması, ##.##.2020-ci il tarixdə işə başlamalı olduğu göstərilmişdir. X1 Xəstəxanasından verilmiş digər sənədin kserosurətində isə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi müalicə olunması, ##.##.2020-ci il tarixdə cərrahi əməliyyat aparılması göstərilmişdir. Iddiaçı səy göstərməsinə baxmayaraq, pandemiya ilə əlaqədar respublikaya gələ bilmədiyini, sərhədlərin bağlı olduğunu, təyyarələrin uçmadığını bildirsə də, sorğu əsasnda “xxxx” MMC-dən daxil olmuş uçuş cədvəlindən görünür ki, həmin ərəfədə respublikaya RF-in müxtəlif hava limanlarından təyyarələr gəlmişdir. Bundan əlavə, Azərbaycan Respublikası DIN-in Rusiya Federasiyasındakı nümayəndəliyinə edilən sorğuya cavabda iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi “BUZ BO” Voloqda vilayət xəstəxanasında müalicə olunması müəyyən edilmişdir. Iddiaçının ##.##.2020-ci il tarixdə saat 13.09-da Samur sərhəd nəzarət məntəqəsindən keçərək Azərbaycan Respublikasına daxil olması, ## ####### 2020-ci il tarixə kimi karantin rejimində olması, ## ###### 2020-ci il tarixdə iş yerinə gəlməsi müəyyən edilmişdir. Beləliklə, iddiaçı vəzifəsinə etinasız yanaşaraq respublikaya vaxtında qayıtmamış, vaxtında müalicə olunmamış, səhlənkarlığı səbəbindən pandemiyanı bəhanə etmişdir. Odur ki, o, ## ######## 2020-ci il tarixli “Sıravi və kiçik rəis heyətinin yığıncağı”nın rəyi də nəzərə alınmaqla DIO-da xidmətdən xaric edilmişdir.

8. Şirvan Inzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyin daxili işlər orqanlarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinin tətbiqini isə, başqa hallarla yanaşı, onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirmişdir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etmək, xidmət yerinə vaxtında gəlib vaxtında getmək, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməmək, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, xidməti təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq da daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati aktı, yəni iddiaçının daxili işlər orqanlarından xaric edilməsi barədə ## ####### 2020-ci il tarixli Ə 1338 Ş/h-***-** nömrəli əmri cavabdeh inzibati orqan AR Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsi onun hərəkətlərini “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. Həmçinin əmrin verilməsi üçün əsas olan sənədlərdə iddiaçı İddiaçı xidmətinin mənfi xarakterizə olunduğu, işlədiyi müddət ərzində mükafat almadığı, 7 dəfə isə intizam tənbehinə cəlb edildiyi qeyd edilmişdir. Həmçinin, iddiaçının üzrlü səbəb kimi biletlərin olmadığını bildirərək respublikaya qayıda bilmədiyi halı ilə bağlı da araşdırma aparılmış, “xxxx” QSC-yə sorğu məktubu ilə müraciət edilmiş, məhkəməyə təqdim edilən sorğu cavabına əsasən ##.##.2020-ci il tarixdən 2020ci ilin oktyabr ayının sonuna kimi Rusiya-Azərbaycan aviareyslərin edildiyi və Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına təyyarə enməsi sayı ilə bağlı müvafiq məlumatlar məktuba əlavə edilmişdir. Odur ki, cavabdeh inzibati orqan AR Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsi haqlı olaraq iddiaçının qulluq dövründə yuxarıda qeyd olunan hərəkətlərini daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Cavabdeh AR Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin apardığı inzibati icraat üzrə qəbul etdiyi ## ####### 2020-ci il tarixli əmri əlverişsiz inzibati akt kimi “Inzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir.

10. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/ P.V.Hacıyev və P.T.Əhmədov) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Cavabdeh ## ####### 2020-ci il tarixli, Ə***-***-** nömrəli əmri ləğv edilmiş, İddiaçı Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsinə işə bərpa edilməsi və işə bərpa edildiyi günə qədər məcburi işburaxmaya görə ödənilməmiş əməkhaqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan -Internet resurslarından əldə edilmiş çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixdə iddiaçının adından elektron ünvan 1 saytına müraciət olunaraq, Azərbaycan Respublikasına qayıtmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bundan əlavə, “xxxx” QSC-nin cavabdeh inzibati orqana ünvanladığı ##.##.2021-ci il tarixli, **/**** nömrəli məktuba əlavə olunmuş cədvəldən görünür ki, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasından Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına (28 dəfə) təyyarə enməsi qeydə alınmışdır. “xxxx” QSC tərəfindən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş məktubda bildirilir ki, ##.##.2020-ci il tarixdən 2020-ci ilin oktyabr ayının sonunadək yalnız avqust ayında həyata keçirilən Moskva-Bakı reysi üzrə vətəndaşların sərbəst şəkildə bilet alaraq uçuşdan istifadə etməsi mümkün olmuşdur. Digər reyslər xüsusi təyinatlı olduğundan, həmin reyslər üzrə sərbəst bilet satışı həyata keçirilməmişdir. Şərh olunan sübutlardan göründüyü kimi, iddiaçı müvafiq icazə əsasında Rusiya Federasiyasına müalicə almaq üçün getmiş, müalicənin sonunda isə Covid-19 virusunun yayılması ilə əlaqədar iradəsindən asılı olmayan səbəblərdən yaşadığı ölkəyə qayıtmaq imkanı olmamışdır. Lakin cavabdeh orqan həmin dövrdə yaranmış vəziyyəti, iddiaçının ölkəyə qayıtmaq cəhdlərini və imkanlarını düzgün qiymətləndirməmiş, əksinə, həmin vaxt kəsiyində Rusiya Federasiyasından Azərbaycan Respublikasına 28 dəfə təyyarə enməsi halını iddiaçının ziyanına şərh etmişdir. Rusiya Federasiyasından 7 ay ərzində Azərbaycan Respublikasına cəmi 1 sərbəst reysin olması istənilən şəxsin həmin reysdən yararlanmaq imkanının nə dərəcədə məhdud olmasını, bununla da, həmin zaman kəsiyində iddiaçının da öz ölkəsinə qayıtmasının demək olar qeyri-mümkün olmasını deməyə əsas verir. Işin hallarından görünür ki, iddiaçı çalışdığı sahə üzrə davranış və əmək-hüquq münasibətlərini tənzimləyən qanunvericilik normalarının tələblərini pozmamış, xidmət yerinə bilərəkdən və yaxud qəsdən gec qayıtmamış, bununla da, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət etməmişdir. Cavabdeh mübahisələndirilən əmrdə həm də iddiaçının əvvəllər də intizam tənbehinə məruz qalmasını və bundan nəticə çıxarmamasını əsas gətirsə də, bunun yarada biləcəyi hüquqi nəticələri düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı 2019-cu ildə intizam tənbehinə məruz qalmışdır ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi polis əməkdaşının intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozması halında xidmətdən xaric edilə bilmək imkanını müəyyən etmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı İddiaçı Ağcabədi RMŞ hissənin ##.##.2020-ci il tarixli * saylı əmri ilə 2020-ci ilin ###### ##-dən fevral ayının 26-dək məzuniyyətə buraxılmış, müalicə olunması üçün məzuniyyət vaxtını Rusiya Federasiyasında keçirməsinə icazə verilmişdir. İddiaçı məzuniyyət vaxtının ##.##.2020ci il tarixdə bitməsinə baxmayaraq o, heç bir üzrlü səbəb olmadan vaxtında iş yerinə qayıtmamış, məzuniyyət müddətinin bitməsindən təxminən 8 aydan artıq yaxın müddət keçdikdən sonra ## ###### 2020-ci il tarixdə iş yerinə qayıtmışdır. İddiaçı məzuniyyət müddəti dövründə heç bir müalicə götürməmiş, “xxxx” MMC-dən verilmiş əmək fəaliyyətindən azadetmə haqqında vərəqin kserosurətində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək müalicə olunması, ##.##.2020-ci il tarixdə işə başlaması, verilmiş digər sənədin surətində isə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək müalicə olunması, ##.##.2020-ci il tarixdə əməliyyat olunması qeyd edilmişdir. Daxili Işlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinə sorğu verilmiş, sorğuya cavabda İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək “BUZ BO” Voloqda vilayət xəstəxanasında müalicə aldığı qeyd edilmişdir. İddiaçı ##.##.2020-ci il tarixdə Samur sərhəd nəzarətindən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. Işdə olan İddiaçı xəstəlik tarixinə dair ****** nömrəli çıxarışından görünür ki, iddiaçının səhhəti ilə bağlı vəziyyəti kafi hesab olunmuş və ##.##.2020-ci il tarixdə xəstəxanadan buraxılmışdır. Iddiaçı ## ###### 2020-ci il tarixdən Azərbaycan Respublikasına qayıtdığı günə qədər (##.##.2020) Rusiya Federasiyasında müalicələr aldığını bildirsə də, bunu təsdiq edən heç bir tibbi sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı Covid-19 virusunun yayılması ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıda bilmədiyini bildirsə də, işdə olan “xxxx” QSC-nin ##.##.2021-ci il tarixli, **/**** nömrəli məktubuna əlavə olunmuş cədvəldən görünür ki, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasından Azərbaycan Respublikasının ayrı-ayrı hava limanlarına mütəmadi olaraq (28 dəfə) təyyarə enməsi qeydə alınmışdır. O cümlədən, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş *-**-**/*-****/** nömrəli məktubla İddiaçı tərəfindən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə heç bir müraciətin olmaması bildirilmşdir. Göründüyü kimi, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasına qayıtmaqla bağlı heç bir israrlı qərarı olmamış, Azərbaycan Respublikasına qayıtmasına köməklik edilməsi ilə bağlı nə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə, nə əməkdaşı olduğu Daxili Işlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə müraciəti, beləliklə də Azərbaycan Respublikasına qayıtmaq niyyəti olmamışdır. Bundan başqa, məhkəmə qərar qəbul edərkən, karantin dövründə ölkə vətəndaşlarının ölkəyə qayıtmasında heç bir maneənin olmamasını, İddiaçı ölkəyə qayıtmaq üçün səy göstərməməsini, bununla bağlı onun müvafiq qurumlara müraciətinin olmamasını, o cümlədən daxili işlər orqanında işlədiyi müddət ərzində heç bir mükafat almamasını, 7 dəfə intizam tənbehinə cəlb edildiyini, iş yerini tərk edərək heç bir üzrlü səbəb olmadan uzun müddət başqa ölkədə qalaraq iş yerinə qayıtmamaqla qəsdən etinasızlıq etdiyini nəzərə almamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

20. Iddiaçının hazırkı işdə hüquqi marağı ## ####### 2020-ci il tarixli, Ə***-***-** nömrəli əmrin ləğv edilərək R kimi daxili işlər orqanlarında xidmətə yenidən bərpa edilməkdən ibarətdir.

21. Ilk növbədə, qeyd edilməlidir ki, “Polis haqqında” Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən, polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda və polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir. Həmin maddənin IV hissəsinə əsasən, polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

22. “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü bəndində qeyd edilir ki, xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına bu intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə.

23. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən, intizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır.

24. Həmin Əsasnamənin 126-cı bəndinə əsasən, xidməti intizam qaydaları pozuntusunun törədildiyi gündən 3 (üç) ildən artıq müddət keçdikdə intizam tənbehi tətbiq edilmir.

25. Göstərilən normaların məzmunundan görünür ki, qanunverici intizam məsuliyyətinin tətbiqini müəyyən zaman hədləri ilə məhdudlaşdırmışdır. Belə müddətlərin müəyyən edilməsinin məqsədi, bir tərəfdən, xidməti intizamın operativ şəkildə təmin edilməsinə və intizam pozuntusuna vaxtında reaksiya verilməsinə nail olmaq, digər tərəfdən isə əməkdaşın qeyri-müəyyən müddət ərzində keçmiş davranışına görə intizam məsuliyyətinə cəlb edilmək təhlükəsi altında saxlanılmasının qarşısını almaqdır. Bu baxımdan intizam tənbehinin tətbiqi müddəti yalnız prosessual xarakterli formal tələb deyil, həm də hüquqi müəyyənliyin və intizam məsuliyyətinin vaxtında həyata keçirilməsinin təminatlarından biridir.

26. Əsasnamənin 120-ci bəndində nəzərdə tutulmuş on günlük müddətin başlanğıcı intizam pozuntusunun törədildiyi tarixə deyil, səlahiyyətli orqana həmin pozuntunun məlum olduğu günə bağlanmışdır. Bununla yanaşı, Əsasnamənin 126-cı bəndi pozuntunun törədilməsindən sonra intizam məsuliyyətinin tətbiqi üçün üç illik mütləq son hədd müəyyən edir. Beləliklə, həmin normalar fərqli funksiyaya malik olmaqla birlikdə tətbiq edilir: 120-ci bənd pozuntu aşkar edildikdən sonra inzibati orqanın nə qədər müddətdə hərəkət etməli olduğunu, 126-cı bənd isə pozuntunun törədilməsindən etibarən, intizam məsuliyyətinin tətbiqinin, ümumiyyətlə, hansı son müddətədək mümkün olduğunu müəyyən edir.

27. Bununla yanaşı, intizam pozuntusunun birdəfəlik hərəkət və ya hərəkətsizlikdən ibarət olması ilə, müəyyən müddət ərzində davam edən davranış formasında təzahür etməsi fərqləndirilməlidir. Birdəfəlik pozuntuda intizam məsuliyyətinin tətbiqi müddətinin hesablanması, bir qayda olaraq, konkret pozuntu faktına münasibətdə həyata keçirilir. Davam edən pozuntuda isə hüquqa zidd vəziyyət şəxsin üzərinə düşən xidməti vəzifəni yerinə yetirməməsi nəticəsində müəyyən zaman ərzində fasiləsiz və ya təkrarlanan şəkildə davam edir.

28. Davam edən pozuntunun mövcudluğu Əsasnamənin 120-ci bəndində müəyyən edilmiş müddətin əhəmiyyətini aradan qaldırmır və inzibati orqana əvvəllər məlum olmuş pozuntu epizodlarına görə istənilən vaxt intizam tənbehi tətbiq etmək hüququ vermir. Əgər konkret pozuntu faktı inzibati orqana məlum olmuş və həmin fakta münasibətdə qanunla müəyyən edilmiş müddətdə intizam tənbehi tətbiq edilməmişdirsə, pozuntunun sonrakı dövrdə davam etməsi əvvəlki epizoda münasibətdə artıq keçmiş müddətin yenidən başlanmasına səbəb vermir. Əks yanaşma, 120-ci bənddə müəyyən edilmiş müddəti davam edən pozuntulara münasibətdə faktiki olaraq əhəmiyyətsiz edərdi.

29. Lakin bu nəticə o demək deyildir ki, şəxs eyni xarakterli xidməti vəzifə pozuntusunu sonrakı dövrdə davam etdirdikdə, həmin davranışa görə, ümumiyyətlə, intizam məsuliyyətinə cəlb edilə bilməz. Davam edən və ya təkrarlanan pozuntu çərçivəsində qanunla müəyyən edilmiş müddət daxilində baş vermiş sonrakı pozuntu halları intizam məsuliyyətinin ayrıca faktiki əsasını təşkil edə bilər. Başqa sözlə, əvvəlki dövr üzrə tənbeh müddətinin keçməsi, sonrakı dövrdə törədilmiş və müddəti keçməmiş pozuntu faktlarını hüquqi əhəmiyyətdən məhrum etmir.

30. Məsələn, əməkdaşın üzərinə düşən xidməti vəzifəni uzun müddət ərzində yerinə yetirməməsi halında, inzibati orqanın həmin vəziyyətdən əvvəldən xəbərdar olması ona uzun müddət əvvəl baş vermiş və barəsində tənbeh müddəti keçmiş konkret epizodu sonradan intizam tənbehinin müstəqil əsası kimi götürmək imkanı vermir. Bununla belə, əməkdaş həmin vəzifəni sonrakı dövrdə də yerinə yetirmirsə və intizam tənbehinin tətbiqinə bilavasitə yaxın dövrə aid pozuntu halları mövcuddursa, həmin hallar qanunla müəyyən edilmiş müddət daxilində olmaq şərtilə intizam məsuliyyətinin əsası kimi qiymətləndirilə bilər.

31. Buna görə də, davam edən pozuntularda müddət qaydası iki istiqamətdə nəzərə alınmalıdır: bir tərəfdən, müddəti artıq keçmiş əvvəlki pozuntu faktları sonrakı pozuntuların mövcudluğu bəhanəsi ilə yenidən intizam məsuliyyətinin müstəqil əsası kimi istifadə edilə bilməz; digər tərəfdən isə həmin davranış sonrakı dövrdə də davam etmiş və yeni pozuntu faktları yaranmışdırsa, müddət daxilində olan bu faktlar əsasında intizam tənbehinin tətbiqi mümkündür. Bu yanaşma, həm intizam məsuliyyətinin müddətlə məhdudlaşdırılması məqsədini qoruyur, həm də davam edən hüquqa zidd davranışın, yalnız onun əvvəllər başlanması səbəbindən intizam-hüquqi nəticələrdən kənarda qalmasının qarşısını alır.

32. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının məzuniyyəti ##.##.2020-ci il tarixdə bitməsinə baxmayaraq, o, iş yerinə gəlməmişdir. Bunun səbəbi tərəflərin dəlilləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan hallarına əsasən, əvvəlcə müalicə alması, əməliyyatda olması, sonradan isə pandemiya ilə əlaqədar sərhədlərin bağlı olması ilə bağlıdır.

33. Ilk növbədə, iddiaçının məzuniyyətinin bitdiyi gün müalicə alması, daha sonra əməliyyat edilməsi, xəstəxanada olması halları 2020-ci ilin fevral-mart aylarında baş vermişdir. Bu halların cavabdeh quruma həmin an bəlli olması da həm tərəflər arasında mübahisələndirilmir, həm də iş materiallarında olan izahatlardan və raportlardan şəxsin səhhəti ilə əlaqədar ölkəyə qayıda bilməməsinin cavabdehə məlum olduğu təsdiqlənir.

34. Belə ki, iş materiallarında olan Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin 08-## ######## 2020-ci il tarixli 352 və *** nömrəli məktubları əsasında aparılmış araşdırmanın nəticəsinə dair tərtib edilmiş ##.##.2020-ci il tarixli rəydə qeyd edilmişdir ki, İddiaçı hissənin ##.##.2020-ci il tarixli, * nömrəli əmri ilə cari ilin yanvar ayının 21-dən fevral ayının 26-dək növbəti məzuniyyətə buraxılmış, müalicə olunması üçün məzuniyyət vaxtını Rusiya Federasiyasında keçirməsinə icazə verilmişdir. ##.##.2020-ci il tarixdə məzuniyyət müddətinin bitməsinə baxmayaraq, o, üzrsüz səbəbdən Azərbaycan Respublikasına qayıtmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı məzuniyyət dövründə heç bir müalicə götürməmiş, məzuniyyət dövrünün bitməsindən bir ay sonra koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərin tətbiqi ilə bağlı ölkəyə girişin məhdudlaşdığını bəhanə gətirərək Respublikaya qayıtmamışdır. Polis nəfəri İddiaçı üzrsüz səbəbdən uzun müddət xidmətə çıxmadığına və onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmadığına görə hərəkətləri ##.##.2020-ci il tarixdə hissənin «Sıravi və rəis heyətinin yığıncağı»nda geniş müzakirə olunmuş, xidməti postunda yatdığına görə, Ağcabədi RMŞ-nin ##.##.2019-cu il tarixli, ** nömrəli əmri ilə elan olunmuş «töhmət» intizam tənbehi də nəzərə alınaraq, onun ciddi intizam tənbehinə cəlb olunması barədə qərar qəbul olunaraq Baş Idarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Materiallara baxış keçirilərkən R İddiaçı yol verdiyi qəbahətlərin ağırlığı «Sıravi və rəis heyətinin yığıncağı»n qəbul etdiyi qərara uyğun gəlmədiyi nəzərə alınaraq, materiallar yenidən baxılması üçün Ağcabədi RMŞ-yə geri qaytarılmış və nəticəsi barədə Baş idarəyə məlumat verilməsi tələb olunmuşdur. Bu müddət ərzində onunla və ailə üzvləri ilə bir daha söhbətlər aparılmış, qayıdaraq xidmətini davam etdirilməsi bildirilmişdir. O, yenidən müxtəlif bəhanələrlə gəlməkdən yayınmışdır. Polis nəfəri İddiaçı hərəkətləri ##.##.2020-ci il tarixdə yenidən Ağcabədi RMŞ-nin «Sıravi və rəis heyətinin yığıncağı»nda müzakirə olunmuş, uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmadığı və onunla aparılmış izahat işlərindən nəticə çıxarmadığı və Azərbaycan Respublikasına qayıtmağa təşəbbüs göstərmədiyinə görə onun daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə qərar qəbul edilərək, Baş idarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Polis nəfəri, R İddiaçı ##.##.2007-ci il tarixdən daxili işlər orqanlarında, həmin tarixdən də Ağcabədi Rayonlararası Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləyir və xidmətdə mənfi xarakterizə olunur. Işlədiyi müddət ərzində mükafat almamış, 7dəfə isə intizam tənbehinə cəlb edilmişdir. Vəzifə borcunun icrasına etinasız yanaşaraq uzun müddət xidmətə çıxmadığına, onunla aparılmış izahat işlərindən heç bir nəticə çıxarmayaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına və ölkəyə qayıtmağa təşəbbüs göstərmədiyinə, bununla da «Polisin post-patrul xidmətinin Nizamnaməsi»nin, «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin və «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsi»nin tələblərini kobud şəkildə pozduğuna görə, hissənin «Sıravi və rəis heyətinin yiğincağı»nın qərarı da nəzərə alınmaqla, Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri, R İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmağa layiqdir.

35. Qeyd edilməlidir ki, məhz həmin hallara istinadən şəxsin işdən çıxarılması yuxarıda qeyd edilən Əsasnamənin bəndlərindəki müddətlərin ötürülməsi əsası ilə qanunsuz sayıla bilər. Lakin iddiaçı ümumilikdə götürdükdə intizam tənbehinin tətbiqi üçün müəyyən edilmiş müddətlər çərçivəsində də işə gəlməmişdir. Başqa sözlə, işdə olmama ilə bağlı hal fevral-sentyabr aylarında davam etmişdir. Əsasnamədə nəzərdə tutulan müddətlər çərçivəsində (yəni, əmrin qəbulundan 10 gün əvvəl, xidməti araşdırma aparılıbsa, 1(bir) ay ərzində - yəni, sentyabr ayı ərzində) iddiaçının işə gəlməməsi ilə bağlı fakt mövcud olduğundan, işə üzrsüz səbəbdən gəlməmə vəziyyəti onun barəsində intizam tənbehi tədbirinin tətbiqinə əsas verə bilər. Iddiaçının xidmətdən xaric edilməsi 2020-ci ilin fevral-mart aylarında müalicədə olması və səhhətinə görə işə gəlməməsi ilə bağlı deyil, qeyd edilən müddətlər çərçivəsində (2020-ci ilin fevral - sentyabr ayları) işdə olmamasına əsaslanır.

36. Lakin burada diqqət edilməli əsas məqam, məhz iddiaçının üzrsüz səbəbdən işdə olmamasının müəyyən edilməsidir. Işə gəlməmə faktının özünün mövcudluğu intizam məsuliyyətinin tətbiqi üçün kifayət etmir; həmin davranışın intizam pozuntusu kimi qiymətləndirilməsi üçün şəxsin xidmətə çıxmamasının ondan asılı olmayan obyektiv səbəblərlə bağlı olmadığı, başqa sözlə, onun xidmət yerinə qayıtmaq üçün real imkanı olduğu halda, bundan istifadə etmədiyi müəyyən olunmalıdır.

37. Hazırkı işdə bu məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, iddiaçının işdə olmadığı dövr COVID-19 pandemiyasının yayılması ilə əlaqədar dövlətlər tərəfindən sərhədlərin bağlandığı, beynəlxalq sərnişin daşımalarının əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı və vətəndaşların dövlətlərarası hərəkət imkanlarının adi dövrlə müqayisədə əsaslı şəkildə dəyişdiyi xüsusi bir dövrə təsadüf etmişdir. Buna görə də iddiaçının Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmamasının üzrlü və ya üzrsüz səbəblərdən baş verməsinə adi şəraitdə ölkəyə qayıtmama halı kimi qiymət verilə bilməz.

38. Bununla yanaşı, pandemiya dövründə dövlət sərhədlərinin ümumi qaydada bağlı olması faktı da özlüyündə iddiaçının bütün mübahisəli dövr ərzində Azərbaycana qayıtmaq imkanından tamamilə məhrum olduğunu təsdiq etmir. Ümumi sərhəd məhdudiyyətlərinin mövcudluğu ilə, konkret şəxsin Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün həmin dövrdə tətbiq edilmiş xüsusi mexanizmlərdən istifadə etməklə ölkəyə qayıtmaq imkanının olub-olmaması fərqləndirilməlidir. Bu səbəbdən, mübahisənin həlli üçün müvafiq dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasının faktiki və hüquqi imkanları ayrıca araşdırılmalıdır.

39. Xüsusilə müəyyən edilməlidir ki, intizam tənbehinin tətbiq edilməsi üçün Əsasnamədə nəzərdə tutulmuş müddətlər baxımından əhəmiyyət daşıyan dövrdə Rusiya Federasiyasında olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qaytarılması hansı qaydada həyata keçirilmiş, müntəzəm və ya xüsusi (çarter, təxliyyə) aviareysləri təşkil edilmişdirmi, quru sərhədindən vətəndaşların buraxılması üçün istisnalar mövcud olmuşdurmu, ölkəyə qayıtmaq istəyən vətəndaşların əvvəlcədən qeydiyyata alınması və növbəlilik sistemi tətbiq edilmişdirmi və belə imkanlardan istifadə etmək üçün vətəndaşın hansı hərəkətləri etməsi tələb olunmuşdur? Başqa sözlə, araşdırmanın predmeti, yalnız “sərhədlər açıq və ya bağlı olmuşdurmu” məsələsinin aydınlaşdırılmasından ibarət olmamalıdır. Müəyyən edilməli əsas məsələ, iddiaçının müvafiq dövrdə özündən ağlabatan şəkildə gözlənilə biləcək təşəbbüsü göstərdiyi halda Azərbaycana qayıtmasının real olaraq mümkün olubolmamasıdır.

40. Əgər ümumi sərhəd məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün xüsusi prosedurlar mövcud olmuşdursa, həmin prosedurların iddiaçı üçün əlçatan olub-olmadığı və onun bunlardan istifadə etmək üçün hansı tədbirləri görüb-görmədiyi araşdırılmalıdır.

41. Bu baxımdan, iddiaçının Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə və ya konsulluq qurumlarına, Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və həmin dövrdə vətəndaşların ölkəyə qaytarılmasının təşkilində iştirak edən digər səlahiyyətli dövlət orqanlarına müraciət edibetmədiyi, xüsusi reyslərə və ya ölkəyə buraxılma üçün tətbiq edilmiş qeydiyyat sistemlərinə daxil olmaq üçün təşəbbüs göstərib-göstərmədiyi, belə müraciətlər etmişdirsə, onların nəticələrinin necə olduğu müəyyən edilməlidir.

42. Eyni zamanda, yalnız iddiaçının hansı dövlət orqanına müraciət etdiyini müəyyən etməklə kifayətlənmək olmaz. Səlahiyyətli qurumlardan müvafiq dövr üzrə məlumatlar tələb edilməklə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasından ölkəyə faktiki qaytarılma mexanizmi, həmin mexanizmin tətbiq edildiyi tarixlər, reyslərin və ya digər keçid imkanlarının mövcudluğu, qeydiyyat və növbəlilik qaydaları, müraciət edən şəxsin ölkəyə qaytarılması üçün orta və ya faktiki gözləmə müddətləri, müraciətlərin neçə faizinin müsbət nəticələndiyi, habelə iddiaçının həmin mexanizmdən istifadə etmək imkanına təsir göstərə biləcək digər hallar müəyyən edilməlidir.

43. Bu məqsədlə, zərurət olduqda Dövlət Sərhəd Xidmətinə, Xarici Işlər Nazirliyinə, diplomatik nümayəndəliklərə, Nazirlər Kabinetinə, eləcə də müvafiq dövrdə xüsusi reyslərin və vətəndaşların ölkəyə qaytarılmasının təşkilində iştirak etmiş digər səlahiyyətli qurumlara sorğular göndərilməli, həmin dövrdə qüvvədə olmuş qərarlar, qaydalar və faktiki tətbiq barədə məlumatlar əldə edilməlidir. Yalnız bundan sonra iddiaçının ölkəyə qayıtmamasının obyektiv maneələrdən, yoxsa onun özündən asılı olan hərəkətsizlikdən irəli gəldiyi barədə əsaslandırılmış nəticəyə gəlmək mümkündür.

44. Bununla yanaşı, iddiaçının təşəbbüs göstərib-göstərməsinin qiymətləndirilməsi də formal xarakter daşımamalıdır. Şəxsin hər hansı bir dövlət orqanına müraciət etməməsi yalnız o halda onun əleyhinə qiymətləndirilə bilər ki, həmin dövrdə belə müraciətin ölkəyə qayıtmaq üçün real və işlək mexanizmin tərkib hissəsi olduğu, şəxsin bundan xəbərdar ola bildiyi və həmin prosedurdan istifadə etməsinin ondan ağlabatan şəkildə gözlənilə bildiyi müəyyən edilmiş olsun. Eyni qaydada, müraciətin edilməsi də özlüyündə üzrlü səbəbin mövcudluğunu təsdiq etmir, həmin müraciətdən sonra şəxsin ölkəyə qayıtmaq üçün ona təqdim edilmiş real imkanlardan istifadə edibetmədiyi də qiymətləndirilməlidir.

45. Bu araşdırmanın məhz intizam tənbehinin tətbiqinə yaxın dövrə münasibətdə aparılması xüsusi əhəmiyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, əvvəlki dövrə aid işə gəlməmə hallarına münasibətdə intizam tənbehinin tətbiqi müddəti keçmişdirsə, həmin hallar intizam tənbehinin tətbiq edilməsi üçün hüquqi əsası ola bilməz. Buna görə də, Əsasnamənin 120-ci bəndində nəzərdə tutulmuş müddət çərçivəsində olan işə gəlməmə hallarına münasibətdə, iddiaçının məhz həmin zaman kəsiyində Azərbaycana qayıtmaq üçün real imkanının olub-olmadığı müəyyən edilməlidir. Beləliklə, iddiaçının uzun müddət işdə olmaması faktı müəyyən edilsə də, onun həmin davranışının “üzrsüz səbəbdən xidmətə çıxmama” kimi tövsif edilməsi üçün müvafiq dövrdə ölkəyə qayıtmasına mane olan obyektiv məhdudiyyətlərin davam edibetmədiyi, 46.alternativ qayıdış imkanlarının mövcud olub-olmadığı və belə imkanlar mövcud olmuşdursa, iddiaçının onlardan istifadə etmək üçün özündən ağlabatan şəkildə gözlənilən təşəbbüsü göstərib-göstərmədiyi tam və hərtərəfli araşdırılmalıdır. Yalnız belə araşdırmadan sonra şəxsin ölkəyə qayıtmamasının onun iradəsindən kənar səbəblərlə bağlı olduğu, yaxud real qayıdış imkanı olduğu halda zəruri təşəbbüs göstərməməsi nəticəsində baş verdiyi və buna uyğun olaraq işdə olmamasının üzrlü və ya üzrsüz olduğu barədə hüquqi nəticəyə gəlmək mümkündür.

47. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

48. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçılara aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

49. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

51. Işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda əks olunmuş mövqeləri rəhbər tutmaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlməlidir.

52. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar