Məhkəmə qərarları › İş №2-1(102)-3595/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3595/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3595/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılov Zahid İlyas oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyətindən irəli gələn mübahisəyə dair iddianın qeyri-mümkünlüyü, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılov Zahid İlyas oğlunun cavabdeh Cavabdeh qarşı “buraxılmış müddət ərzində əməkhaqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçının inzibati icraat qaydasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı qaldırdığı “ötürülmüş müddət üçün əməkhaqqının ödənilməsi” tələbinə dair iddia Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə mübahisəyə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə mümkün sayılmamış və həmin qərardad Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

2. Bundan sonra iddiaçının mülki icraat qaydasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı qaldırdığı “işə bərpa, ötürülmüş müddət üçün əməkhaqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ləğv edilərək, iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Növbəti dəfə iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “ötürülmüş müddət üçün əməkhaqqının, eləcə də, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə hazırkı tələblə bağlı ləğv edilməmiş məhkəmə qərardadlarının olduğu, bu səbəbdən həmin tələbə inzibati məhkəmədə baxılmasının yolverilməz olduğu əsas gətirilərək iddia mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

4. Bundan sonra iddiaçı Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilməyərək, şikayət üzrə kassasiya mümkün sayılmamışdır.

5. İddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair ərizə ilə Cavabdeh müraciət etmişdir.

6. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və ona məhkəmə müdafiəsindən istifadə etmək hüququnu izah etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı əsasında buraxılmış 3 il 7 ay ərzində hər ay 600 manat məktəb direktorunun vəzifə maaşı olmaqla, 25800 manat məbləğində əməkhaqqının və 20000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İnzibati-İqtisadi Kollegiyasının ##.##.2020-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “ötürülmüş müddət üçün əməkhaqqının ödənilməsi” tələbinə dair inzibati qaydada qaldırdığı iddianın mümkün sayılmamasına dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı apellyasiya məhkəməsinin aidiyyət məsələsinə dair bu qərardadını qanuni hesab edərək, müddətin uzanmaması üçün kassasiya şikayəti vermək hüququndan istifadə etməmişdir. İddiaçı eyni tələblə mülki qaydada iddia qaldırmış, lakin yekunda Ali Məhkəmənin qərarı ilə işin icraatına xitam verilmiş və ona inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Nəticə etibarilə, Cavabdeh ##.##.2020-ci il tarixli əsassız qərardadına görə onun 3 il 7 ay ərzində hər ay 600 manat vəzifə maaşı olmaqla 25800 manat məbləğində əməkhaqqı ödənilməmiş qalmışdır. İddiaçı hesab edir ki, 3 il ərzində iştirak etdiyi çoxsaylı (9 məhkəmə prosesi) məhkəmə çəkişmələri, proseslərin uzanması, hüquqlarının bərpa edilməsi üçün qarşılaşdığı maneələr, son olaraq Cavabdeh qanunsuz və əsassız qərardadı onun düşüncə və şüuruna mənfi təsirlər göstərmişdir. Bu baxımdan, keçirdiyi mənəvi sarsıntı və stresslərin əvəzi olaraq ona 20000 manat mənəvi ziyanın ödənilməsi təmin edilməlidir.

9. Gəncə İnzibati Məhkəməsinin (hakim: Ruhiyə Tağıyeva) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün yaranan mübahisələr inzibati hüquq münasibətləri ilə bağlı olmalı, mübahisənin predmetini inzibati orqanların inzibati aktları və ya faktiki xarakterli hərəkətləri təşkil etməli, mübahisənin tərəfləri ümumi hüququn subyektləri olmalı, eyni zamanda iddia İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən birinə aid edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti, həmin orqanların inzibati hüquq münasibətləri çərçivəsində həyata keçirdikləri fəaliyyət deyildir. Ona görə də məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti daxilində olan hərəkət və ya hərəkətsizliyinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Odur ki, Cavabdeh ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti inzibati hüquq münasibətləri ilə bağlı fəaliyyət hesab oluna və məhkəmə inzibati hüququn subyekti kimi çıxış edə bilməz.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya şikayətinin verildiyi Cavabdeh İnzibati Kollegiyasının ## ###### 2024cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə məhkəmə tərkibinin özü-özünə etirazı təmin edilmiş və iş başqa apellyasiya məhkəməsinə verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Toğrul Axundov və Səyyad Qafari) ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı mübahisə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyətindən yaranmışdır. Bu fəaliyyət isə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, məhkəmənin publik orqan olaraq inzibati hüquq sahəsindəki fəaliyyətinə aid deyildir. Bu baxımdan, kollegiya iddiaçının məhkəmə qərardadının inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akta bərabər sayılmasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. İddiaçı məhkəmənin qərardadı ilə razılaşmadığı təqdirdə, ondan kassasiya şikayəti verə bilərdi. İşdən görünür ki, iddiaçı bu hüququndan sonradan istifadə etmiş, lakin şikayət vermək müddəti ötürüldüyündən kassasiya məhkəməsi tərəfindən şikayət üzrə kassasiya mümkün sayılmamışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı mübahisədə iddiaçı Cavabdeh mübahisənin predmet aidiyyəti ilə bağlı ##.##.2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə ona maddi və mənəvi ziyan vurulduğunu iddia edir. Bu baxımdan iddiaçının hüquqi marağı və məqsədi iddia etdiyi maddi və mənəvi ziyanın Cavabdeh alınaraq ona ödənilməsinə nail olmaqdan ibarətdir. İddiaçı, tələbinin əsası kimi, sözügedən məhkəmə qərardadı ilə səhv istiqamətləndirildiyinə və bunun nəticəsində məhkəmə çəkişmələri uzandığına görə 3 il 7 ay müddətində əməkhaqqından məhrum olduğu, eyni zamanda məhkəmə çəkişmələri ilə bağlı stress keçirdiyi üçün ona maddi və mənəvi ziyan vurulduğuna istinad edir.

28. Bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

29. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

30. Nəzərə alınmalıdır ki, məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyətindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmin mübahisələrə ancaq yuxarı instansiya məhkəmələri tərəfindən apellyasiya və kassasiya icraatı qaydasında baxıla bilər. Eyni zamanda, məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı bu və ya digər maddi hüquq normasını düzgün tətbiq edib-etməməsinə, prosessual normaların tələblərinə əməl edib-etməməsinə yalnız həmin icraat çərçivəsində yuxarı instansiya məhkəmələri tərəfindən qiymət verilə və pozulmuş hüquqların bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülə bilər.

31. Hazırkı halda, iddiaçı sözügedən məhkəmə qərardadından kassasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verməmiş və nəticədə kassasiya şikayəti mümkün sayılmamışdır. Belə olan halda da, cavabdehin sözügedən qərardadın qəbul olunmasında ifadə olan hərəkətləri “məhkəmənin qanunsuz hərəkətləri” anlamında qiymətləndirilə bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar