Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3598/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Müslümov İlham Ağamirzə oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız “xxxx” QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılmaması; icra olunan funksional vəzifənin (işin) eyniliyi; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Müslümov İlham Ağamirzə oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu ##.##.2021-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı Müslümov İlham Ağamirzə oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu ##.##.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim R.Həsənov) ilə iddia təmin edilmiş, iddiaçı Müslümov İlham Ağamirzə oğluna ##.##.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər İ.Quliyev – məruzəçi, V.Əzizova və G.Cabbarova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı ##.##.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılmaqla), ##.##.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Qanunu tətbiq edilməlidir (## #### 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). Bu baxımdan, qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu ## #### 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki əsas mövcud olmalıdır: 1) # ###### 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 2) # ###### 2006-cı il tarixədək azı 12,6 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajının olmamasına istinad olunmuşdur. Cavabdehin dəlili ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi “xxxx” ASC-nin və X1 QSCnin fəaliyyət sahəsi sözügedən arayışlarda istinad edilən müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyildir. İddiaçının çalışdığı “xxxx” vəzifəsi müəssisələr tərəfindən verilmiş güzəştli arayışlar da nəzərə alınmaqla həm Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın 28-ci Nəqliyyat bölməsinin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 1-ci bəndinin "teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” (Kod 23001000— 14241) peşəsinə, həm də Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndindəki “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşəsinə uyğundur. İddiaçının ##.##.2006cı il tarixədək 12 il 6 aydan artıq xüsusi iş stajını toplaması yuxarıda qeyd olunan müvafiq güzəştli arayışlar ilə təsdiq edilir. İddiaçının ##.##.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını tamamladığı nəzərə alındıqda, o, qeyd edilən tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbində haqlı olmuşdur. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, müvafiq siyahılarda qeyd olunan bənd yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan xxxxnə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində çalışan xxxxnə də şamil olunmalıdır.
6. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu ## #### 2021-ci il tarixdən təyin edilməli olması ilə əlaqədar düzgün hüquqi nəticəyə gəlsə də, pensiya ödənişlərinin hansı tarixdən ödənilməli olması məsələsinə münasibət bildirməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan ## #### 2024-cü il tarixli, *-**-*/*-M-******/**** nömrəli imtina məktubundan görünür ki, iddiaçının cavabdeh inzibati orqana ## #### 2024-cü il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi ilə bağlı ## #### 2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilməsi iş materialları ilə də öz təsdiqini tapmışdır. Ona görə də, iddiaçıya 57 yaşının tamam olduğu ## #### 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, inzibati orqana müraciət etdiyi ## #### 2024-cü il tarixdən əvvəlki üç ildən hesablama aparılaraq iddiaçıya pensiya ödənişi həyata keçirilməlidir.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Başqa sözlə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız “xxxx” QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız “xxxx” QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıya uyğun olaraq təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində müvafiq peşədə çalışan şəxslərin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və Siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).
12. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
13. Məhkəmə kollegiyası onu da vurğulayır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Hazırkı iş üzrə iddiaçının ##.##.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi iş stajı tamamlandığından “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbləri tətbiq edilməlidir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının ##.##.2006-cı il tarixdən sonrakı sosial sığorta stajının güzəştli iş stajına aid olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir.
14. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
15. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.