Məhkəmə qərarları › İş №2-1(102)-3606/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3606/2025

10.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3606/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: tam reabilitasiya olunma barədə qərar ləğv edilməklə əlillik dərəcəsinin bərpa edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin onun barəsində ##.##.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və II dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdehn onun barəsində ##.##.2024-cü il tarixli “diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərarının ləğv edilməsini və ona II dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1970-ci ildə Gədəbəy rayonu, Anqıran kəndində anadan olmuşdur. Uzun illərdir ki, psixi xəstəlikdən əziyyət çəkir. 2007ci ildə tayadan yıxılma nəticəsində kəllə-beyin travmaları almış, dəfələrlə müalicələr almışdır. Nəticədə ona 2010-cu ildə II dərəcəli əlillik verilmişdir. Son müayinələrdən sonra ona ##.##.2026-cı ilə kimi əmək qabiliyyətsiz, II dərəcəli əlillik təyin edilmişdir. Müalicələri davam etmiş, lakin buna baxmayaraq ##.##.2021-ci il tarixdə əlilliyinin təyinatı dayandırılmışdır. Belə ki, cavabdeh idarə tərəfindən əlilliyi etibarsız hesab edilmişdir. Bundan başqa, bu barədə alt sistem üzrə əlilliyin dayandırılması barədə ona elektron məlumat telefonuna göndərilmişdir. Buna baxmayaraq, ona ##.##.2024-cü il tarixinədək pensiya ödənişi davam etmişdir. Hazırda pensiya ödənişi dayandırılmışdır. Ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinə heç bir hüquqi və qanuni əsas olmamışdır. O, həmin müddətdə xəstə olmuş və xəstəxanada yatmışdır. Bu da xəstəliyinin ağırlaşması ilə əlaqədar olmuşdur. Əlilliyin yenidən təyin olunması müayinələrinə gəlməsi barədə məktublar ünvanına gəlsə də, o, xəstəxanada olduğundan bu məktubları ala bilməmişdir. Bu məktublar barədə ona heç bir məlumat daxil olmamışdır. Belə olan halda cavabdehin bu hərəkətləri qanuni hesab edilə bilməz.

3. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qanunvericilik müddəalarına istinad edilmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

4. Gəncə Inzibati Məhkəməsinin (hakim: L.K.Əliyeva) ## ##### 2025-ci il tarixli, 2- 1(114) ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdehn İddiaçı barəsində ##.##.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və onun II dərəcə əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyi cavabdeh Cavabdehn üzərinə qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı onun diaqnozu nəzərə alınmadan, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, Ş.Q.Rzaquliyev və A.V.Isgəndərova) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 8.1. Işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı “Keçirilmiş qapalı kəlləbeyin travması nəticəsində müşahidə olunan psixotik hallar. Şəxsiyyət dəyişikliyi ilə” diaqnozu əsasında ##.##.2010-cu il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən ##.##.2014-cü il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Qapalı kəllə-beyin travması nəticəsində müşahidə edilən psixotik hallar şəxsiyyət dəyişməsi ilə” diaqnozu əsasında ##.##.2015-ci il tarixindən 1 il müddətinə ikinci dərəcə əlillik, eyni diaqnoza əsasən ##.##.2016-cı il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, hallusinator depressiv sindiromlar, Emosional iradi pozuntular” diaqnozu əsasında ##.##.2021-ci il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, lakin o, əyani müayinəyə gəlmədiyindən, aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2024-cü il tarixli, *-**-*/*-*- ****/**** nömrəli qərar əsasında ##.##.2021-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Bundan sonra, qərardan narazı olan iddiaçının müraciəti səbəbindən o, yenidən ##.##.2024-cü il tarixində komissiyaya dəvət edilmiş və təqdim edilmiş sənədlər də nəzərə alınmaqla əyani müayinə edilmişdir. Anamnestik məlumatlar və əyani müayinə nəticəsində xəstəliyin əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun öz təsdiqini tapmaması” qərarı ləğv edilmiş və ##.##.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Beləliklə, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı cavabdehin onun barəsində ##.##.2024-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarının ləğv edilməsi və II dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsidir. 8.2. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş əlilliyin sonradan, yəni hazırda mübahisələndirilən ##.##.2024-cü il tarixli qərarla ləğv edilməsi səbəbi kimi əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılmasını qeyd etmişdir. Qeyd edilməlidir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. 8.3. Kollegiya xüsusi olaraq vurğulayır ki, istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsasların mövcudluğunu sübut etməlidir. Hazırkı halda iddiaçıya əlillik təyinatının əsaslılığının araşdırılması Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ##.##.2024-cü il tarixli imtina qərarında “əvvəlki əlillik təyin olunmasına dair qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilən hallar dəqiq qeyd olunmalı idi. Yəni, iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar ortaya çıxmalı və bunu təsdiq edən sənədlər inzibati icraat materiallarına əlavə edilməli idi. Başqa sözlə, cavabdeh ümumi qaydada və hər hansı bir aparılmış müayinələrin nəticəsini və ya əsaslı şübhələri təsdiq edəcək dəlilləri toplamadan iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki əlverişli inzibati aktının - qərarının düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən etmədən vaxtından əvvəl müayinə təyin etməklə ona əlillik təyinindən imtina etmiş və nəticədə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

10. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2-ci və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

14. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

15. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, şəxsə müddətsiz əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin ləğv edilməsi və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbulu “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

16. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.” Hazırkı iş üzrə iddiaçının əyani müayinəsi əsasında onun əlillik vəziyyəti Tibbi- 18. sosial ekspert komissiyası tərəfindən ##.##.2021-ci ildə qiymətləndirilmiş və ona beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra cavabdeh iddiaçıya təyin edilmiş əlilliyin müddəti başa çatmamış onu ləğv etmiş və bunu, Agentlik tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması, sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurətinin yaranması ilə əsaslandırmışdır. Lakin cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını, o cümlədən iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsini əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

19. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

21. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI : Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar