Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3607/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətsiz əlillik dərəcəsinin bərpa edilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2022-ci il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və ona əlillik qrupunun təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçının orqanizminində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən və diaqnoz təsdiq olunmadığından iddia tələbi təmin olunmamalıdır.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
6. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona 1999-cu ildən təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaçıya 1999-cu ildən təyin edilmiş müddətsiz əlilliyi əlillik qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması halına istinadən 2022-ci ildə ləğv etmişdir. Cavabdeh əlillik qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olduğunu bildirsə də, bu sübutların nədən ibarət olduğunu ümumiyyətlə açıqlamamış, işə baxan birinci, eləcə də, apellyasiya instansiyası məhkəməsi vahid məhkəmə təcrübəsini nəzərə almamış, bu istiqamətdə araşdırma aparmamış, cavabdehdən qərarın düzgünlüyünü şübhə altına alacaq sübutları tələb etməmişdir. İşə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hal ətraflı araşdırılmalı, cavabdehdən əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar tələb edilməlidir. Digər tərəfdən, belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Belə ki, həmin normanın tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Normada nəzərdə tutulan “məlum olduğu gün” dedikdə, inzibati orqanın aktın ləğv olunmasına dəlalət edən halları həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından inzibati orqanın səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə edib-etməməsi, ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Qeyd olunan hal da təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı, iddiaçıya 1999-cu ildən təyin edilmiş əlilliyin bundan 23 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana məlum olduğu an dəqiq təsbit edilməlidir. Həmçinin hazırkı halda, iddiaçı cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmiş, cavabdehin qənaətinə görə, müayinə zamanı onda əlillik təyinatına əsas verən diaqnoz aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, cavabdeh inzibati orqanın da ekspertlərinə həvalə edilmişdir. Bu baxımdan, ekspertiza tədqiqatı təkcə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin cavabdehin tibbisosial ekspertinin iştirakı ilə həyata keçirilərək rəy verilmişdir. Bununla da, rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyi nümayiş etdirilmişdir. Beləliklə də, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən yuxarıda sadalanan hallar araşdırılmalı, cavabdeh tərəfindən iddiaçının əlillik qərarının düzgünlüyünü, həqiqətən də, şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar təqdim edildiyi təqdirdə, onun müayinə olunaraq hazırkı sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə zərurət yaranarsa, cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən iş üzrə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilməli, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.
7. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdehin ##.##.2022-ci il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona ##.##.1999-cu il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, cavabdehin ##.##.2022-ci il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilmiş və cavabdehin üzərinə iddiaçıya ##.##.1999-cu ildə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi qoyulmuşdur.
9. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar apellyasiya icraatı zamanı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparılmışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana sorğu göndərilərək iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsinin əsaslandırılması, ona təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanması əsasları və bu icraatın ilk dəfə nə vaxt başlanması barədə məlumat verilməsi tələb olunmuşdur. Həmçinin, iddiaçıya ilkin əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutların mövcud olub-olmaması, mövcud olduğu halda həmin sübutların təqdim edilməsi və onların ilkin təyinatı hansı əsasla şübhə altına almasının əsaslandırılması, iddiaçıya 1999-cu ildən təyin edilmiş əlilliyin 23 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana hansı tarixdə məlum olması və ##.##.2022-ci il tarixli qərar qəbul edilənədək iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına almağa imkan verən halları müəyyən etmək üçün nə vaxt və hansı tədbirlərin görülməsi barədə məlumat təqdim olunması tələb edilmişdir. Cavabdeh orqan tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının inzibati icraata cəlb edilməsi üçün əsas olmuş inzibati icraat materialı olaraq digər fiziki şəxs – X1 tərəfindən inzibati orqana verilmiş ərizə təqdim edilmişdir. Sözügedən ərizənin məzmunundan görünür ki, müraciət edən şəxs ona ödənilən pensiyanın dayandırıldığını, lakin tanıdığı hazırkı iş üzrə iddiaçının hər hansı xəsarət almadan ikinci qrup əlil olduğunu və 1000 manat pensiya aldığını, müddətsiz əlillik təyin edilmiş şəxslərin yoxlanılmamasından narazı olduğunu bildirmiş, iddiaçının əyani baxışla yenidən yoxlanılmasını xahiş etmişdir. Cavabdeh orqan sorğuda qeyd edilmiş digər məsələlərə aydınlıq gətirməsə də, iddiaçı barəsində inzibati icraatın başlanmasına əsas qismində təqdim etdiyi fiziki şəxsin ərizəsi mübahisəyə mahiyyəti üzrə baxılmasına imkan verdiyindən əlavə tədqiqatın aparılmasına lüzum olmamışdır. Göründüyü kimi, cavabdeh orqan iddiaçı barəsində inzibati icraatı digər fiziki şəxsin mülahizələrinin qeyd olunduğu ərizə əsasında başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən müraciət əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübut kimi qəbul edilə bilməz. Belə ki, ərizədə sadalanan məlumatlar subyektiv mülahizə xarakteri daşıyır, tibbi sənədlərə və ya digər obyektiv mənbələrə əsaslanmır. Ərizə müəllifi yalnız şəxsi müşahidə və narazılıqlarını ifadə etmiş, lakin iddiaçının ilkin əlillik təyinatının düzgünlüyünü şübhə altına almağa imkan verən hüquqi və tibbi dəlillər təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müddətsiz təyin edilmiş əlilliyin ləğvi yalnız əsaslı sübutlar mövcud olduqda mümkündür və belə sübutlar konkret faktlara, tibbi arayışlara və digər etibarlı sənədlərə əsaslanmalıdır. Odur ki, müraciət edən şəxsin fərziyyələri hüquqi baxımdan “əsaslı sübut” standartına cavab vermədiyindən, inzibati orqanın əvvəlki inzibati aktı təftiş etmək imkanı hüquqi baxımdan mövcud olmamışdır. Buna görə də cavabdeh orqanın iddiaçı barəsində inzibati icraatı yalnız fiziki şəxsin müraciəti əsasında başlaması qanunvericiliyin tələb etdiyi hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinə zidd hesab olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh orqan məhkəmə kollegiyasının sorğusuna münasibətdə iddiaçıya 1999-cu ildən təyin edilmiş əlilliyin 23 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana məlum olduğu anla bağlı konkret məlumat verməmişdir. Lakin inzibati icraatın yalnız fiziki şəxsin müraciəti əsasında başlanması onu göstərir ki, inzibati orqanda əlilliyin ləğv edilməsinə əsas olmuş hallarla bağlı heç bir məlumat mövcud olmamış (qeyd olunan hal 1 illik müddətin başlanğıcının müəyyən edilməsi zərurətini aradan qaldırır) və icraatın başlanmasının yeganə əsası fərziyyələrə əsaslanan həmin müraciət olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş ilkin əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar təqdim edilmədiyindən, iddiaçının müayinə olunaraq hazırkı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi zərurəti olmamışdır.
10. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali 96.3, 11. Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, müddətsiz əlilliyin təyin olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın mümkün olmadığının qəbul edilməsidir. Belə yanaşma, bir tərəfdən, şəxsin mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlillik təyin olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz təyin olunması həm dövlət orqanlarının və həm də şəxsin əlavə inzibati yükdən azad olunması məqsədlərinə xidmət edir. Yəni qanunverici müddətsiz əlillik təyin edilmiş şəxslərin reabilitasiya imkanlarının tükəndiyini və onların təkrar müayinəyə cəlb edilməsi zərurətinin aradan qalxması imkanını nəzərə alır. Bununla da qanunverici, bir tərəfdən şəxsi təkrar müayinələrlə bağlı yükdən və stresdən (xüsusən də onların səhhəti ilə bağlı həssas vəziyyəti nəzərə alındıqda), digər tərəfdən isə, dövləti reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edir. Bu baxımdan, müddətsiz əlilliyin təyini üçün əsasların mövcudluğunun hər bir halda yenidən yoxlanılması yuxarıda qeyd olunmuş hüquqi mövqeyə, həmin institutun mahiyyətinə, şəxsin hüquqi təhlükəsizliyinin və etimad hüququnun qorunması ilə bağlı prinsiplərin tələblərinə zidd olardı.
15. Bununla yanaşı, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
16. Təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğv edilməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, şəxsə müddətsiz əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin ləğv edilməsi və ya əlillik təyin olunmuş şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
17. Həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qanunvericiliyin tələblərinə görə, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
18. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.