Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3611/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya 2012-ci ildə 1 il, 2015ci ildə 1 il, 2016-cı ildə 5 il müddətinə, müvafiq olaraq “davamlı depressiv paranoid psixoz, tez-tez təkrarlanan kəskinləşmələrlə intiharetmə cəhdləri”, “psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəli epizod. Rekurrent depressiv pozuntu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Iddiaçı ##.##.2011–##.##.2011-ci il tarixlərində Yevlax rayon Mərkəzi Xəstəxanasında, ##.##.2011–##.##.2012-ci il tarixlərində Mingəçevir rayon Mərkəzi Xəstəxanasında (üç dəfə), ##.##.2014–##.##.2014, ##.##.2017–##.##.2017 və ##.##.2023–##.##.2023-cü il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2017–##.##.2017 və ##.##.2018–##.##.2018-ci il tarixlərində isə Gəncə Psixiatriya Xəstəxanasında müxtəlif psixiatrik diaqnozlarla (“rekurrent depressiv pozuntu. Psixotik əlamətlərlə”, “davamlı depressiv paranoid psixoz. Tez-tez təkrarlanan kəskinləşmələrlə”) stasionar müalicə almışdır.
3. Əlillik müddəti bitdikdən sonra TSEK-ə göndərilməsi üçün iddiaçı barəsində Mingəçevir PND tərəfindən ##.##.2023-cü il tarixli, T********TJI nömrəli göndəriş tərtib edilmişdir.
4. Həmin göndərişdə iddiaçının əsas diaqnozu XBT-10 üzrə F20 “Şizofreniya”, ağırlaşması isə F20.0 “Paranoid şizofreniya, şizofreniyanın paranoid forması” kimi göstərilmişdir.
5. Cavabdeh həmin göndərişi ##.##.2023-cü il tarixdə qiymətləndirərək, “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək, əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2021-ci il tarixədək əlilliyi olan şəxs olmuşdur. Paranoid formalı şizofreniya diaqnozu ilə uzun müddət müalicə olunmuşdur. Səhhəti hazırda da qənaətbəxş deyil. O, 2011-ci ildən psixi xəstədir. Gəncə Psixiatriya Xəstəxanasında, Mingəçevir PND-də, daha sonra isə 2020-ci ilədək yenidən Gəncə Psixiatriya Xəstəxanasında stasionar müalicə almaqla qeyd etdiyi tarixədək ikinci qrup əlil olmuş, mütəmadi psixiatrik dərmanlar qəbul etmişdir. Əsas diaqnozu F20 kodlu şizofreniya, ağırlaşması isə F20.0 kodlu paranoid şizofreniyadır və xəstəlik fasiləsiz gedişlidir. ##.##.2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra ona əlillik təyin edilməmişdir. ##.##.2023-cü il tarixdə ** nömrəli TSEK-in ekspert həkimləri tərəfindən əyani müayinə edilmiş, tərtib olunan akt Mərkəzi Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmişdir. Onun xəstəliyi düzgün qiymətləndirilməmiş və nəticədə, əlillik təyinatından əsassız olaraq imtina edilmişdir.
8. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti sonuncu dəfə əlavə əyani müayinə aparılmaqla Mingəçevir PND-nin ##.##.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmişdir. Qiymətləndirmədə diaqnoz “Şizofreniya, paranoid forma; paranoid şizofreniya”, mərkəzə göndərilmənin/imtinanın səbəbi isə “diaqnozun öz təsdiqini tapmaması” kimi göstərilmiş və diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.
9. Şəki Inzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi”nin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsin ##.##.2024-cü il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “şizofreniya, paranoid forma” xroniki psixi xəstəliyi müəyyən edilir. Təyin edilmiş diaqnoz düzgündür — F20.0”.
10. Şəki Inzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı ## ######## 2023-cü il tarixli, *******0009 nömrəli Forma 088 göndərişi əsasında 5 il müddətinə III dərəcə əlilliyin (orqanizm funksiyalarının 35-60 faiz pozulmasının müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinin yoxlanılması məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsin ##.##.2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, iddiaçıda “şizofreniya, paranoid forma” xroniki psixi xəstəliyi müəyyən edilmiş və F20.0 diaqnozunun düzgün olduğu göstərilmişdir. Iş materialları və iddiaçının sağlamlıq vəziyyətinə dair sənədlər əsasında 7.3.2.1-ci bənddə nəzərdə tutulan “reallığın qiymətləndirilməsinin pozulmasına və əmək qabiliyyətinin azalmasına səbəb olan 2 ildən çox davam edən qəribə davranış və kvazipsixotik epizodlar; ətrafdakılarla münaqişə yaradılması və gündəlik fəaliyyətə mənfi təsir” əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, göndərişdə göstərilən diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin imtinası isə həmin diaqnozun təsdiq olunmamasına əsaslanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3-cü bəndində şizofreniya, şizotipik və sayıqlama pozuntuları nəzərdə tutulmuşdur. Məhkəmə işin halları və istinad olunan normalar əsasında hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçıya ## ######## 2023-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.Ə.Musayev (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və Z.C.Tahirov) ## ###### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı iddiaçı İddiaçı “III dərəcə əlilliyin (orqanizm funksiyalarının 35-60 faiz pozulmasının müəyyən edilməsi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilərək, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən 5 il müddətinə orqanizm funksiyalarının pozulmasının II dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 14.1. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, əlilliyin dərəcəsinin müəyyən edilməsində səhvə yol verilmiş, tibbi göndərişdə göstərilən diaqnozlara münasibətdə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndi düzgün müəyyən edilməmişdir. Kollegiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3-cü bəndinin “Qeyd” hissəsində göstərilən halları iddiaçı barəsində tərtib edilmiş tibbi sənədlərdə göstərilən məlumatlarla müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, faktiki olaraq cavabdeh orqanın nəzərə alınmasını zəruri saydığı bütün hallar hazırkı işdə mövcud olmuşdur. Belə ki, ambulator kartalarda neqativ simptomların təzahür dərəcəsi özünü ünsiyyətə həvəsin olmaması, suallara ləng və qapalı cavablar, emosional solğunluq və maraq dairəsinin məhdudluğu kimi göstərmişdir. Iddiaçının atasına qarşı mənfi münasibəti və həyat yoldaşına qarşı aqressiv davranışı, o cümlədən onu döyməsi faktı tibbi sənədlərdə qeyd edilmişdir ki, bu hallar iddiaçının sosial münasibətlərində mövcud ciddi pozuntuları birbaşa əks etdirir. Həmçinin, 2007-ci ildən davam edən psixi xəstəlik və 2011-2023-cü illərdə fasilələrlə aparılmış stasionar müalicələr xəstəliyin gediş tipi və davametmə müddətinin uzun olmasını təsdiq edir. Xəstəliyin xroniki və proqrediyent xarakter daşıması əlillik altsistemindən təqdim olunan sənədlərdə 2012-ci, 2015-ci və 2016-cı illərdə təyin olunmuş əlillik qərarları və 2023-cü ildə yenidən stasionar müalicələrin aparılması ilə təsdiqlənir. Psixotik epizodların tezliyi və davametmə müddəti 2012–2016-cı illərdə növbəli ağır dərəcəli epizodlar və 2014-cü, 2017-ci, 2018-ci və 2023cü illərdə stasionar müalicələrə əsasən müəyyən edilir. Remissiyanın natamam xarakter daşıması vaxtaşırı aparılan müalicələrə baxmayaraq iddiaçının ruhi vəziyyətinin yalnız qismən və müvəqqəti sabitləşməsində ifadə olunmuşdur. Produktiv simptomlar arasında eşitmə hallüsinasiyaları, aqressiv davranışlar, o cümlədən ailə üzvlərinə qarşı münasibətdə problemlər qeydə edilmişdir. Müalicə və reabilitasiya müdaxilələrinin effektivliyinə münasibətdə iddiaçının ruhi vəziyyətinin müalicələrdən sonra müvəqqəti sabitləşməsi göstərilmişdir. Nəhayət, avtonom həyat və sosial əlaqələr baxımından iddiaçının ailə üzvlərinə qarşı münasibətinin gərgin və aqressiv olması, xüsusilə, atasına qarşı mənfi münasibət və həyat yoldaşına qarşı zorakılıq hallarının mövcudluğu, eləcə də ünsiyyət bacarıqlarının zəifliyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının psixi funksiyalarının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı zəruri olan bütün məlumatlar onun barəsində tərtib edilmiş tibbi sənədlərdə öz əksini tapmışdır. Cavabdeh orqan sadalanan amillərin qiymətləndirilməsi nəticəsində iddiaçıya qoyulmuş diaqnozun öz təsdiqini tapmadığını bildirsə də, sözügedən amillərin qiymətləndirilməsinin hansı qaydada aparılması, hansı göstəricilərin nəzərə alınması (və ya alınmaması) və nəyə görə məhz “diaqnozun öz təsdiqini tapmaması” nəticəsinə gəlinməsi əsaslandırılmamışdır. 14.2. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsin ##.##.2024-cü il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “şizofreniya, paranoid forma” xroniki psixi xəstəliyi müəyyən edilir. Təyin edilmiş diaqnoz düzgündür — F20.0. Birinci instansiya məhkəməsi isə iddiaçının sağlamlıq vəziyyətini “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.3.2.1-ci bəndi əsasında qiymətləndirmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin bənd “şizotipik pozuntu”nu nəzərdə tutur və F21 XBT kodu ilə təsnif edilmişdir. Iddiaçıya isə səhiyyə müəssisəsi tərəfindən F20 XBT kodu ilə “şizofreniya, paranoid forma” diaqnozu qoyulmuş və bu diaqnoz ekspert rəyi ilə təsdiq edilmişdir. Odur ki, qiymətləndirmə istinad olunan Əlavənin 7.3.1.1–7.3.1.3-cü yarımbəndləri əsasında aparılmalıdır. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçı barəsində tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi (Mingəçevir şəhər PND) iddiaçının sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.3.1.3-cü bəndinə uyğun olduğunu bildirsə də, faktiki olaraq sözügedən Əlavənin 7.3.1.2-ci bəndinin məzmunu baxımından iddiaçının sağlamlıq vəziyyətini aşağıdakı kimi təsvir etmişdir: “Şizofreniya, epizodik gediş, artan defisit (çatışmazlıq) ilə. Ildə 2 dəfədən az olmayan psixotik epizodlar və neqativ simptomatikanın daimi artması ilə xarakterizə edilir. Remissiyalar rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunur, artan neqativ simptomatika isə xəstəni əmək qabiliyyətindən məhrum edir, həmçinin əhəmiyyətli dərəcədə gündəlik vəzifələrin yerinə yetirilməsinə, ətrafdakılarla əlaqə qurmağa və özünəqulluğa mane olur. Xəstələr reallığı çətin dərk edir və doğru mühakimə yürüdə bilmirlər. Bir çox tələbatlarını ödəmək üçün xəstələr daimi yardıma ehtiyac duyurlar. Orqanizmin funksiyalarının pozulması faizi 71–80 faizdir (5 il müddətinə)”. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya qoyulmuş tibbi diaqnoz öz təsdiqini tapdığından və əlilliyin təyin edilməsinə əsas verdiyindən cavabdeh orqanın imtinası hər bir halda əsassız olmuşdur. Bununla belə, iddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.3.1.2-ci yarımbəndində nəzərdə tutulduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddiaçıya ##.##.2023-cü il tarixdən 5 il müddətinə orqanizmin funksiyalarının 65–80 faiz pozulmasının müəyyən edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra– xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında 61-80 faiz;
21. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
7. Psixi və davranış pozuntuları 7.3. Şizofreniya, şizotipik və sayıqlama pozuntuları Qeyd. Şizofreniya zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - neqativ simptomların təzahür dərəcəsi, (nitq və özünüifadənin kasadlaşması, emosional solğunluq, sosial təcridolunma, motivasiyanın zəifləməsi, diqqətin tükənməsi, qərar planlaşdırılması və qəbul edilməsi qabiliyyətinin məhdudlaşması); - xəstəliyin 1 ildən az olmayan müddətdə müşahidə nəticəsində müəyyən edilən gediş tipi; - xəstəliyin davametmə müddəti və proqrediyentliyi (prosessual dəyişikliklərin artma sürəti); - psixotik epizodların (kəskinləşmələrin) tezliyi; - remissiyanın keyfiyyəti (tam, natamam, olmaması) və onun davametmə müddəti; - produktiv simptomların təzahür dərəcəsi (sayıqlama, hallüsinasiyalar, aqressiv və suisidal da daxil olmaqla nizamsız davranış); - müalicəvi və reabilitasiya müdaxilələrinin effektivliyi. - Avtonom həyat, ailə və sosial əlaqələr qurmaq və özünəqulluq qabiliyyəti. 7.3.1. şizofreniya (formadan asılı olmadan)- F20 Qeyd. Neqativ simptomatika- əhəmiyyətli dərəcədə enmiş əmək qabiliyyəti, gündəlik fəaliyyət zamanı çətinliklər, ətrafdakılarla ünsiyyətin, sosial marağın azalması şəklində özünü göstərir. 7.3.1.2. şizofreniya, epizodik gediş artan defisit (çatışmazlıq) ilə, ildə 2 dəfədən az olmayan psixotik epizodlar; neqativ simptomatikanın daimi artması və bununla əlaqədar əmək qabiliyyətinin itirilməsi, gündəlik vəzifələrin yerinə yetirilməsi, ətrafdakılarla əlaqələrin qurulması və özünəqulluğun əhəmiyyətli dərəcədə məhdudlaşması, rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunan remissiyalar; reallığın çətin dərk edilməsi və doğru mühakimə yürüdülə bilinməməsi, bir çox tələbatlarını ödəmək üçün daimi yardıma ehtiyacın olması.– OFP faizi- 65-80, müddəti- 5 il.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. ...
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri çərçivəsində işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə müəyyən edilmiş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə qiymətləndirilərək ona “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə imtina cavabı verilmişdir. Iddiaçı həmin imtina ilə razılaşmayaraq ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
29. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina qərarında, habelə apellyasiya və kassasiya şikayətlərində diaqnozun öz təsdiqini tapmadığını qeyd etsə də, birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırma zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 088) göstərilən diaqnoz məhkəmə-psixiatriya ekspertizasının rəyi, eləcə də ixtisaslaşdırılmış tibb müəssisəsinin rəyləri ilə təsdiq edilmiş və həmin diaqnozun əlilliyin təyin edilməsinə əsas verdiyi müəyyən olunmuşdur.
30. Hazırkı qərarın 4-cü bəndində qeyd edilən, Mingəçevir PND tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli, T********TJI nömrəli göndərişdən göründüyü kimi, iddiaçıda əsas diaqnoz kimi F20 kodlu “Şizofreniya”, ağırlaşma kimi isə F20.0 kodlu “Paranoid şizofreniya, şizofreniyanın paranoid forması” göstərilmişdir.
31. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyi verilmişdir. Həmin ekspert rəyindən görünür ki, iddiaçıda F20.0 kodlu “şizofreniya, paranoid forma” xroniki psixi xəstəliyi müəyyən edilir. Bu nəticəni anamnestik məlumatlar — iddiaçının uzun müddətdir psixi xəstə olması, “səslər” eşitməsi, gecə yuxusunun pozulması, əvvəllər “psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəli epizod. Rekurrent depressiv pozuntu” diaqnozu ilə ikinci dərəcəli əlilliyinin müəyyən edilməsi, müxtəlif dövrlərdə Yevlax rayon Mərkəzi Xəstəxanasında, Mingəçevir rayon Mərkəzi Xəstəxanasında, Gəncə Psixiatriya Xəstəxanasında və Respublika Psixiatriya Xəstəxanasında müvafiq psixiatrik diaqnozlarla stasionar müalicə alması, habelə Yevlax rayon Mərkəzi Xəstəxanasında “şizofreniya, paranoid forma” diaqnozu ilə qeydiyyatda olması və hazırkı müayinə zamanı aşkar edilən əlamətlər (ünsiyyətə həvəssiz daxil olması, təfəkkürünün patoloji olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s.) təsdiq edir.
32. Iş materiallarında olan iddiaçıya aid tibbi sənədlərdə onun uzun müddət xroniki psixi xəstəlikdən əziyyət çəkməsi, bununla əlaqədar “rekurrent depressiv pozuntu. Psixotik əlamətlərlə”, “davamlı depressiv paranoid psixoz. Tez-tez təkrarlanan kəskinləşmələrlə” diaqnozları ilə müxtəlif dövrlərdə dəfələrlə stasionar müalicə alması, xəstəliyin gedişi, remissiya dövrlərinin xarakteri, neqativ və produktiv simptomların təzahürü, eləcə də sosial münasibətlərinə və gündəlik fəaliyyətinə təsiri barədə kifayət qədər tibbi məlumat öz əksini tapmışdır.
33. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Mingəçevir şəhər Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş ## ###### 2025ci il tarixli, *** nömrəli rəydən görünür ki, həmin tibb müəssisəsi iddiaçıda aşkar edilən şizofreniya xəstəliyini belə təsvir etmişdir: “Şizofreniya, epizodik gediş, artan defisit (çatışmazlıq) ilə; ildə 2 dəfədən az olmayan psixotik epizodlar və neqativ simptomatikanın daimi artması ilə xarakterizə edilir. Remissiyalar rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunur, artan neqativ simptomatika isə xəstəni əmək qabiliyyətindən məhrum edir, həmçinin əhəmiyyətli dərəcədə gündəlik vəzifələrin yerinə yetirilməsinə, ətrafdakılarla əlaqə qurmağa və özünəqulluğa mane olur. Xəstələr reallığı çətin dərk edir və doğru mühakimə yürüdə bilmirlər. Bir çox tələbatlarını ödəmək üçün xəstələr daimi yardıma ehtiyac duyurlar”.
34. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş T********TJI nömrəli göndərişin, məhkəmə-psixiatriya ekspertizasının rəyinin və ixtisaslaşdırılmış tibb müəssisəsinin rəylərinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçıda göndərişdə əsas diaqnoz kimi göstərilən F20 kodlu şizofreniya, o cümlədən F20.0 kodlu paranoid şizofreniya diaqnozu təsdiq olunur.
35. Həmin xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “Psixi və davranış pozuntuları” bölməsinin 7.3.1.1–7.3.1.3-cü yarımbəndlərinə əsasən orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aiddir.
36. “Əlilliyin müəyyən olunması meyarları”nın həmin yarımbəndlərindən görünür ki, F20 kodlu şizofreniya (formasından asılı olmayaraq) aşağıdakı hallarda əlilliyin təyin edilməsinə əsas verir: - şizofreniya, natamam remissiya, epizodik gediş, sabit defisit (çatışmazlıq) ilə, psixotik epizodlar arasında artması müşahidə edilməyən davamlı neqativ simptomatikanın formalaşması, bütövlükdə sərbəst yaşamaq bacarığı fonunda bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması halında orqanizmin funksiyalarının 35–60 faiz pozulmasına görə 5 il müddətinə (7.3.1.1-ci bənd); - şizofreniya, epizodik gediş, artan defisit (çatışmazlıq) ilə, ildə 2 dəfədən az olmayan psixotik epizodlar; neqativ simptomatikanın daimi artması və bununla əlaqədar əmək qabiliyyətinin itirilməsi, gündəlik vəzifələrin yerinə yetirilməsi, ətrafdakılarla əlaqələrin qurulması və özünəqulluğun əhəmiyyətli dərəcədə məhdudlaşması, rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunan remissiyalar; reallığın çətin dərk edilməsi və doğru mühakimə yürüdülə bilinməməsi, bir çox tələbatlarını ödəmək üçün daimi yardıma ehtiyacın olması hallarında isə orqanizmin funksiyalarının 65–80 faiz pozulmasına görə 5 il müddətinə (7.3.1.2-ci bənd); - şizofreniya, fasiləsiz gediş. Müşahidə dövründə remissiyanın qeydə alınmaması, davranışın sayıqlama və hallüsinasiyaların təsiri altında olması; xəstəliyin ilk 5 ili ərzində neqativ simptomların intensiv artması səbəbindən özünəqulluq, ev işləri, ailə və sosial əlaqələr, şəxsi gigiyena və s. sahələrdə fəaliyyət qabiliyyətinin itirilməsi, xəstəliyə və ətraf reallığa qarşı tənqidin tam olmaması, kənar şəxslərin müşahidəsi və qulluğu olmadan yaşaya bilməməsi hallarında isə orqanizmin funksiyalarının 85–100 faiz pozulmasına görə müddətsiz olaraq əlilliyin təyin edilməsinə əsas verir (7.3.1.3-cü bənd).
37. Hazırda iddiaçıda aşkar edilən F20 kodlu xəstəliyin meyarların 7.3.1.2-ci bəndində göstərilən patofunksional pozuntularla müşayiət olunduğu iş materiallarında olan stasionar müalicə sənədləri və apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Mingəçevir şəhər Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş yuxarıda qeyd olunan rəy ilə təsdiq edilmişdir.
38. Belə ki, iş materiallarında olan stasionar müalicə sənədlərindən müəyyən edilir ki, müayinələr zamanı iddiaçının ruhi xəstə olduğu, özünə qapandığı, təmasda passiv və ünsiyyətdə həvəssiz olduğu, ailə üzvləri ilə tez-tez münaqişələr yaşadığı, atası ilə münasibətinin yaxşı olmadığı, özünün bildirdiyinə görə beyninə fikirlər gəldiyi və sanki kimsə tərəfindən idarə olunduğu aşkar edilmişdir.
39. Bundan başqa, Mingəçevir şəhər Psixo-Nevroloji Dispanseri tərəfindən apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq verilmiş rəydə iddiaçının sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.3-cü yarımbəndinə uyğun olduğu qeyd edilsə də, rəyin məzmunundan aydın olur ki, iddiaçıda aşkar olunan patofunksional əlamətlər əslində meyarların 7.3.1.3-cü deyil, 7.3.1.2-ci yarımbəndinə uyğun olmuşdur. Həmçinin rəyin nəticə hissəsində həmin xəstəliklə əlaqədar iddiaçıya münasibətdə orqanizmin funksiyalarının pozulması faizi 71–80 faiz göstərilmişdir.
40. Belə ki, rəydə iddiaçının xəstəliyinin epizodik gedişli olması, artan neqativ simptomatika ilə müşayiət olunması, ildə iki dəfədən az olmayaraq psixotik epizodların baş verməsi, remissiyaların natamam xarakter daşıması, əmək qabiliyyətinin itirilməsi, gündəlik fəaliyyət, sosial münasibətlər və özünəqulluğun əhəmiyyətli dərəcədə məhdudlaşması göstərilmişdir. Bu əlamətlər meyarların 7.3.1.2-ci yarımbəndində əksini tapmışdır.
41. Göründüyü kimi, iddiaçıda F20 kodlu xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.2-ci bəndində göstərilən — ildə 2 dəfədən az olmayan psixotik epizodlar, neqativ simptomatikanın daimi artması və bununla əlaqədar əmək qabiliyyətinin itirilməsi, gündəlik vəzifələrin yerinə yetirilməsinin, ətrafdakılarla əlaqələrin qurulmasının və özünəqulluğun əhəmiyyətli dərəcədə məhdudlaşması, rezidual hallüsinator və paranoid simptomatikanın natamam saxlanması ilə müşayiət olunan remissiyalar — kimi patofunksional əlamətlərlə müşayiət olunduğu və bu baxımdan orqanizmin funksiyalarının 65–80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verdiyi müəyyən edilir.
42. Bu baxımdan, kollegiya apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin əlilliyin müəyyən olunması üçün əsasların mövcudluğu barədə düzgün nəticəyə gəlsə də, tətbiq edilməli olan meyarı səhv seçməsi barədə mövqeyi ilə razılaşır.
43. Belə ki, iddiaçıda aşkar edilən F20 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” nın 7.3.1-ci bəndində əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi nəzərdə tutulduğundan, iddiaçının sağlamlıq vəziyyətinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyində göstərildiyi kimi meyarların 7.3.2.1-ci yarımbəndi (F21 kodlu xəstəliyin qiymətləndirilməsi) əsasında deyil, 7.3.1.1–7.3.1.3-cü yarımbəndləri üzrə qiymətləndirilməli olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanunvericiliyin tələblərinə uyğundur.
44. Bundan başqa, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
45. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin edilməsi məsələsini həll edərkən cavabdeh həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və digər əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlilliyin təyin edilməsi ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatın, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsinə dair normalarının tələblərini nəzərə almağa borcludur.
46. Bu mənada, əlilliyin təyin edilməsi üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin əlillik meyarları üzrə qiymətləndirilməsi ilə qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin edilməsini fərqləndirmək lazımdır. Bu fərqləndirmə, bir tərəfdən, şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması, digər tərəfdən isə müəyyən edilmiş həmin hallara uyğun hüquqi nəticə barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi sahəsində cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən inkar edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən isə şəxsin tibbi və instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin edilməsi isə bu qiymətləndirmənin nəticələrindən asılıdır. Qiymətləndirmə nəticəsində müəyyən edilmiş xəstəliyin və diaqnozun qanunvericilikdə əlilliyin təyin edilməsinə əsas verən hal və meyarlara uyğun gəldiyi təqdirdə, cavabdeh şəxsə əlillik təyin etməyə borcludur. Yəni əlilliyin təyin edilməsi üçün tələb olunan şərtlər mövcud olduqda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, bağlı səlahiyyətidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə həm cavabdehin iddiaçının faktiki sağlamlıq vəziyyətini obyektiv göstəricilər əsasında qiymətləndirməsini, həm də qiymətləndirmə nəticəsində müəyyən edilmiş xəstəlik və diaqnozun qanunvericilikdə əlilliyin təyin edilməsinə əsas verən hallara uyğun gəldiyi təqdirdə şəxsə əlilliyin təyin edilməsindən imtina barədə qərarı tam həcmdə yoxlaya bilər.
48. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı, cavabdehin hazırkı mübahisənin predmeti olan qərarına həm də bu prizmadan qiymət verilməlidir.
49. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.