Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3618/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizənin təmin olunmaması, cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan verilmiş kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və müvafiq şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə cavabdehin ərizələrinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il və ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadlarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına əsasən iddiaçı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, *** saylı evin ** saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
2. Qanuni qüvvəyə mindikdən sonra həmin qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsini, həmin iş üzrə icraatın təzələnməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən iş üzrə birinci instansiya məhkəməsində icraat davam etdiyi dövrdə mübahisəli mənzil ##.##.1994-cü il tarixli, ****** nömrəli order əsasında digər fiziki şəxsin – X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarış verilmişdir. Daha sonra həmin mənzil ##.##.2023-cü il tarixli, *Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X1 adına özgəninkiləşdirilmişdir və hazırda onun mülkiyyətindədir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Elvin Əliyev) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir.
6. Apellyasiya instansiya məhkəməsi həmin qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilmiş halın (sözügedən mənzilin ##.##.1994-cü il tarixli, ****** nömrəli order əsasında digər fiziki şəxsin – X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın verilməsinin) sonradan məlum olması və həmin halın cavabdehdən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilə bilməməsi müəyyən olunmur. Ərizənin məzmunundan da aydın olur ki, cavabdeh inzibati orqan sözügedən mənzillə bağlı mübahisə məhkəmə müstəvisində olan ərəfədə həmin mənzilə dair digər bir şəxsin hüquqlarını qeydiyyata alaraq, ona çıxarış təqdim edir. Halbuki, iş materiallarından da aydın olduğu kimi, hazırkı iddia ##.##.2023-cü il tarixdə qaldırılmış, hər üç instansiyada məhkəmə qərarı mübahisələndirilmiş, cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi mütəmadi olaraq məhkəmə iclaslarında iştirak edərək iddiaya qarşı etirazını (yazılı və şifahi formada) müdafiə etmiş, lakin ##.##.2023-cü il tarixdə digər şəxsə çıxarışın verilməsi ilə bağlı dəlili qeyd etməmişdir. Ümumiyyətlə, ərizədə qeyd olunan hal qanuni qüvvəsini almış məhkəmə qərarının ləğv edilib yeni açılmış halla bağlı icraatın təzələnməsi üçün əsas kimi də qiymətləndirilmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Burada müvafiq icra hakimiyyəti dedikdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestr xidməti daşınmaz əmlakların hüquqi rejimi və qeydiyyatı üzrə vahid informasiya bazasına malik yeganə dövlət orqanıdır. Buna görə də, mübahisəli mənzilə dair digər şəxsin hüquqlarının qeydiyyata alınması faktı bu orqanın diqqətindən kənarda qala bilməzdi. Yəni bu hal obyektiv surətdə əvvəlcədən məlum idi və sonradan aşkar edilmiş yeni hal kimi təqdim edilə bilməz.
7. Cavabdeh həmçinin ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, X2 və X1 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Elvin Əliyev) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdehin müvafiq şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsi mümkün sayılmamışdır.
9. Apellyasiya instansiya məhkəməsi həmin qərardadını onunla əsaslandırmışdır ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğu halda, yalnız hüquq və qanuni maraqları birbaşa pozulan şəxs özü müstəqil şəkildə məhkəməyə müraciət edə bilər. Üçüncü şəxsin mövqeyi onun öz iradəsi olmadan başqa bir orqanın müraciəti ilə əvəz edilə bilməz. Halbuki bu işdə inzibati orqan tərəfindən verilmiş ərizədə maraqlı şəxslərin öz mövqeyini müdafiə etmələri müəyyən olunmur. Belə olan halda, hazırkı situasiyada cavabdeh inzibati orqan sözügedən ərizə ilə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.
10. Cavabdeh kassasiya şikayətləri verərək, həmin qərardadların ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və müvafiq şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizələrinin təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətlərinin dəlilləri
11. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və müvafiq şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə ərizələrinin dəlilləri ilə eynilik təşkil edir.
kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
14. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
15. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində həmin məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
17. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyünə hazırkı qərarın “Kassasiya instansiyası məhkəməsinin mövqeyi” hissəsində münasibət bildiriləcəkdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün əsasların mövcudluğu məsələsi qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
21. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
23. Həmçinin nəzərə alınmalıdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həmçinin ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
24. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da qeyd edilən qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
25. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün İnzibati Prosessual Məcəllənin 100cü maddəsində təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ilkin icraat zamanı qeyd edilən hallar cavabdehə məlum olmuş və ya diqqətli və məsuliyyətli olacağı təqdirdə xidməti vəzifəsinə görə ən azından ona məlum olmalı idi. Bununla yanaşı, cavabdehin istinad etdiyi halların və ya sübutların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı, eləcə də cavabdehin onları təqdim etmək imkanına malik olmadığı da iş üzrə materiallardan müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də onun belə imkanını istisna edən səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Bu mənada, ilkin icraat zamanı cavabdeh tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış onun ziyanına təfsir edilməlidir. Bundan başqa, həm də cavabdeh tərəfindən istinad edilən halların məhkəmənin gəldiyi nəticəyə və cavabdehə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli və həlledici təsir göstərmək keyfiyyətinə malik olmadığı da nəzərə alınmalıdır. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar etibarlı hüquqmüəyyənedici sənəd əsasında sözügedən mənzil üzərində iddiaçının hüququnun qeydə alınması barədə tələbinin təmin olunmasından imtinaya səbəb ola bilməz.
27. Beləliklə, iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmadığından, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tələb etməkdə haqlı sayıla bilməz.
28. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadında iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi inzibati məhkəmə icraatının iştirakçılarının dairəsini belə müəyyən etmişdir – tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Burada tərəflər qismində iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh çıxış edir.
30. İnzibati Prosessual Məcəllənin 28-ci maddəsi isə üçüncü şəxslərin icraata cəlb olunmasının iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin (yəni cəlb olunmaq istəyən) şəxslərin vəsatəti əsasında. Mahiyyətcə, məhkəmə icraatının iştirakçıları (iddiaçı, cavabdeh və artıq cəlb olunmuş üçüncü şəxslər) müvafiq təkliflə çıxış edə, cəlb olunma məsələsini məhkəmənin diqqətinə çatdıra bilərlər. Lakin belə olan halda təşəbbüs yenə də məhkəməyə məxsus olur. Belə ki, cəlb olunub-olunmama nəticədə məhkəmə tərəfindən həyata keçirilmiş olur və burada həlledici olan məhkəmənin gələcəyi qənaətdir.
31. İnzibati Prosessual Məcəllə inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət vermək hüququnu nəzərdə tutmadığı halda, cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət verilə biləcəyini təsbit etmişdir. Lakin burda diqqət edilməli məqam belə bir şikayəti kimin verə biləcəyidir.
32. İnzibati Prosessual Məcəllənin 28.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
33. Göründüyü kimi, qanunverici sözügedən normada yalnız məhkəmə icraatına cəlb olunmamış və bu səbəbdən cəlbetmə barədə vəsatət qaldıran şəxslərin həmin vəsatətin təmin olunmasından imtina edilməsi haqqında qərardaddan şikayət vermək hüququnun olduğunu nəzərdə tutmuşdur. Məhkəmə icraatının iştirakçılarının (iddiaçı, cavabdeh və artıq cəlb olunmuş üçüncü şəxslərin) isə prosessual qanunvericilikdə belə bir hüququnun olduğu təsbit edilməmişdir.
34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin şikayət vermək hüququ olmadığından, onun cəlbetməyə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermək hüququ istisna edilir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir. Qərar qətidir.