Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3623/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli və ##.##.2006cı il tarixli, *** nömrəli sərəncamlarına əsasən, Sabunçu rayon Ləhiş ərazisində **** nömrəli bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsinə dair göstəriş verilmişdir.
2. Sahəsi 0,12 ha olan həmin bağın iddiaçının istifadəsinə verilməsinə dair onunla Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında ##.##.2006-cı il tarixli, ***** nömrəli müqavilə bağlanmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək, sözügedən bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.
4. Cavabdeh, mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən bağ sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə olunduğunu, onun iddia etdiyi torpaq sahəsinə daxil ola bilmədiyini, göstərilən bağ sahəsində digər fiziki şəxsə məxsus bağ evinin və tikililərin mövcud olduğunu, bundan əlavə, bağ sahəsinin yol tərəfindən hasar boyu elektrik xətti (6kv) keçməsinin müəyyən olunduğunu, elektron kadastr məlumatlarına əsasən bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, həmçinin bağ sahəsinə texniki baxış keçirmək üçün mütəxəssislərə tam şərait yaradılmadığını və göstərilən sahənin bir hissəsinin elektrik xəttinin mühafizə zolağına düşdüyünü əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia edilən sahəyə ##.##.2024-cü il tarixdə iddiaçının və üçüncü şəxs kimi üçüncü şəxs2 iştirakı ilə yerli baxış keçirildi. Sözügedən sahə üçüncü şəxs2 tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə olunur. Göstərilən torpaq sahəsi sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0,15 ha təşkil edir (üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur). Göstərilən torpaq sahəsinin şimal tərəfindən yoldan hasarboyu yüksək gərginlikli (4 kVt-lıq) elektrik xətti keçir. Ümumi sahənin (0,15 ha) və ümumi sahədə şərti olaraq göstərilən 0,12 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Ləhiş bağlar massivi ərazisidir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli və ##.##.2006-cı il tarixli *** nömrəli sərəncamlarına və Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış ##.##.2006-cı il tarixli, ***** nömrəli müqaviləyə əsasən qanuni istifadəsinə verilmiş Sabunçu rayonunun Ləhiş ərazisində **** nömrəli 0,12 ha bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq, cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.
8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdehin mütəxəssisləri tərəfindən ##.##.2022-ci il tarixində sözügedən ünvana keçirilən texniki baxış zamanı göstərilən bağ sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu məlum olmuşdur. İddiaçı iddia etdiyi torpaq sahəsinə daxil ola bilmir. Belə ki, göstərilən bağ sahəsində digər fiziki şəxsə məxsus bağ evi və tikililər mövcuddur. Bundan əlavə, bağ sahəsinin yol tərəfindən hasar boyu elektrik xəttinin (6kv) keçdiyi, bağ sahəsinin elektrik şəbəkəsinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs2 və Bakı şəhəri Sabunçu rayon Kürdəxanı bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
10. Üçüncü şəxs üçüncü şəxs2 iddiaya qarşı etirazı onunla əsaslandırımışdır ki, hazırkı iş üzrə iddiaçı 2016-ci ildə ona qarşı “bağ sahəsindən çıxarılma, tikililərin cavabdehin hesabına sökülərək bağ sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-***/** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırkı inzibati işin və Sabunçu rayon Məhkəməsində baxılmış mülki işin predmetini Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha olan eyni torpaq (bağ) sahəsi təşkil edir. Sabunçu rayon Məhkəməsinin qərardadı ilə torpaqşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2016-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1997-ci il tarixli, *** nömrəli və ##.##.2006-cı il tarixli, *** nömrəli sərəncamlarına və Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış ##.##.2006-ci il tarixli, ***** nömrəli müqaviləyə əsasən hazırkı iş üzrə iddiaçıya verilmiş Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan **** nömrəli bağ sahəsi ilə Kürdəxanı bələdiyyəsi ilə bağlanmış ##.##.2005-ci il tarixli, *** nömrəli icarə müqaviləsinə əsasən üçüncü şəxs2 ayrılmış Ləhiş bağlar massivi ərazisində olan **** nömrəli bağ sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün olmamışdır. Beləliklə, iddiaçının çıxarışın verilməsi tələbinə dair iddia ərizəsində iddia etdiyi torpaq sahəsinin üçüncü şəxs2 qanuni istifadə və sahibliyində olan bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilmir. Qətnamə ##.##.2016-ci il tarixində qəbul edilib, ondan apellyasiya şikayəti verilməyib və hal-hazırda qanuni qüvvədədir. Bu baxımdan iddiaçının iddiası təmin edilə bilməz.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) ## ### 2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ sahəsinə dair iddiaçının adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. İddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması barədə müraciətindən cavabdeh inzibati orqan tərəfindən imtina olunarkən, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən bağ sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə olunduğuna, vətəndaşın iddia etdiyi torpaq sahəsinə daxil ola bilmədiyinə, göstərilən bağ sahəsində digər fiziki şəxsə məxsus bağ evinin və tikililərin mövcud olduğuna, bundan əlavə, bağ sahəsinin yol tərəfindən hasar boyu elektrik xətti (6kv) keçməsinin müəyyən olunduğuna, elektron kadastr məlumatlarına əsasən bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmadığından bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə, həmçinin bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmadığına və göstərilən sahənin bir hissəsinin elektrik xəttinin mühafizə zolağına düşdüyünə istinad olunmuşdur. İş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən də göründüyü kimi, iddiaçı tərəfindən **** nömrəli bağ sahəsi kimi iddia edilən sahəyə iddiaçının və üçüncü şəxs kimi üçüncü şəxs2 iştirakı ilə yerli baxış keçirilmiş və sözügedən sahənin (yəni iddiaçıya məxsus torpaq sahəsinin) üçüncü şəxs2 tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə olunduğu, göstərilən torpaq sahəsinin sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq 0,15 ha təşkil etdiyi müəyyən edilmişdir (üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur). Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinada göstərdiyi hallar iddiaçının özünə məxsus bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olunmasına əsas ola bilməz. Belə ki, iddiaçı qanunla qorunan mülkiyyət hüququnun həyata keçirilməsi (üçüncü şəxs2 tərəfindən mişar daşı ilə hasara alınaraq istifadə olunan ona məxsus torpaq sahəsinin boşaldılması ilə bağlı qanunla müəyyən olunmuş qaydada tədbirlərin həyata keçirilməsi) üçün həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmalıdır. Cavabdehin digər dəlilinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, iddiaçıya ayrılmış bağ sahəsinin bir hissəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması – bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır.
13. Cavabdeh və üçüncü şəxs üçüncü şəxs2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.
apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Günel Abbasova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Elvin Əliyev) ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs üçüncü şəxs2 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
17. Üçüncü şəxs üçüncü şəxs2 kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, üçüncü şəxs üçüncü şəxs2 kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, sahəsi 0,12 ha olan **** nömrəli bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında ##.##.2006-cı il tarixli, ***** nömrəli müqavilə bağlanılmış, birlik tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
33. Bu qərarın 21-ci bəndində istinad edilən normalara əsasən, 2007-ci il ###ın ##dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. İddiaçının hüququnun reyestrdə qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu hazırkı iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
35. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.