Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3624/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiyanın pensiyaçının razılığı olmadan tutulmasının qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçıya ##.##.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirmiş, ##.##.2019-cu il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir.
2. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyası fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına uyğun olaraq ##.##.2019-cu il tarixdə toplanmış pensiya kapitalı 72 aya bölünməklə yenidən hesablanmışdır. Sonradan isə həmin hesablamanın düzgün aparılmadığı qənaətinə gəlinərək ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçının pensiya məbləği 1047,44 manat, yenidən hesablanmış pensiya məbləği 969,49 manat təşkil etmişdir. Pensiyanın yenidən hesablanmasının səbəbi: “Təyinat tarixindən yenidən hesablama– ##.##.2019-cu ildən işdən çıxma zamanı kapital 92 əvəzinə 72 bölünüb– artıq vermə” olaraq göstərilmişdir. Həmin qərara əsasən iddiaçının pensiyasının əvvəlki hesablanma zamanı artıq məbləğdə ödənildiyi göstərilmiş və son üç il üzrə 2345,99 manat artıq ödəniş müəyyən edilərək həmin məbləğin iddiaçının pensiyasından hər ay hər ay 96.94 manat olmaqla hissəhissə tutulmasına başlanılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının tutulmaların aparılması hissəsində ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2009-cu il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Lakın o, əmək fəaliyyətini davam etdirmişdir. “Əmək pinsiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 2019-cu ildə pensiya təyin olunduqdan sonraki dövr üzrə qazanılan sığorta kapitalına uyğun əmək pensiyası yenidən hesablanmışdır. 2020-ci ilin son aylarında cavabdeh tərəfindən bildirilmişdir ki, ona 1684 manat artıq ödənilmişdir və həmin vəsait ondan tutulmuşdur. 2021-ci ilin sonunda yenidən cavabdeh iddiaçını xəbərdar etmişdir ki, 1052 manat vəsait ondan tutulacaqdır. İddiaçı öz narazılığını bildirəndən sonra həmin məbləğ ondan tutulmamışdır. Hazırda isə yenidən ona bildirildi ki, əmək pensiyası düzgün hesablanmayıb və ödənilmiş 2345,99 manat pul vəsaiti onun pensiyasından tutulacaqdır. İddiaçı 2019-cu ilin oktyabr ayında işdən çıxmışdır. Həmin vaxtdan artıq üçüncü dəfədir ki, əmək pensiyasının hesablanması düzgün olmadığı ona bildirilmiş və onun razılığı olmadan ya da ki, məhkəməyə müraciət etmədən pensiyasından müəyyən məbləğ tutulmuşdur. Əgər həqiqətən də iddiaçıya əmək pensiyası yenidən hesablanarkən düzgün müəyyən edilməmişdirsə, onda bunun məsuliyyətini iddiaçı yox, həmin səhvi törətmiş dövlət qulluqçusu düzəltməlidir. İddiaçı hesab edir ki, onun hüquqları pozulmuşdur. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuz olmaqla qanunverciliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçıya # ###### 2009-cu il tarixindən Fondun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin editmişdir. ##.##.2019-cu il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10666,48 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, iddiaçının 10666,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 92 aya (61 il 6 ay-59 il 10 ay=20 ay+(144-72)) bölünməklə 155,94 manat (10666,48:92) əmək pensiyasının (437,60 manat) üzərinə əlavə edilərək pensiya məbləği 553,54 manata (437,60+115,94) (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 969,49 manat) ona ödənilməli olduğu halda, pensiya məbləği səhvən 619,57 manata (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 1047,44 manat)) artırılmaqla ödənilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilmiş, cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*- ****/**** nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı 13-cü “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” bəndinə əsasən tutulmaların aparılması hissədə ləğv edilmiş, iddiaçının əmək pensiyasından tutulmaların aparılması qanunsuz hesab olunmuş və həmin qərar əsasında tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Lakin hazırki iş üzrə həmin şərtlərdən hər hansı birinə əməl olunması müəyyən olunmur. Bundan başqa qeyd edilmişdir ki, cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, bunun əvəzinə ondan artıqödəmə altında pul vəsaitinin tutulması məqsədilə yenidən pensiya məbləğinin hesablanması barədə qərar qəbul etmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, G.Abbasova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək pensiyasını yenidən hesablayarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı ***-VIQD nömrəli Qanununun Keçid müddəalarının hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, ##.##.2023-cü il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (##.##.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Keçid müddəlarındakı məhdudiyyət əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmuşdur və cavabdehə həmin normalara istinad edib, ləğv olunmuş normanı tətbiq edərək əmək pensiyaçısının ziyanına olan pensiyanın yenidən hesablanmasını aparmaq hüququ vermir. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, ##.##.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, ##.##.2017-##.##.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təminatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. İddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ ##.##.2017-ci ildən əvvəl yarandığından iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir.
11. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarım qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti işin halları, eləcədə iddiaya dair etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62 ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxan zaman iddianın təmin edilməsinin qanuniliyi ilə bağlı düzgün nəticəyə gəlsə də, lakin qərarını düzgün istiqamətdə əsaslandırmamışdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
22. İşin hallarından görünür ki, iddiaçıya ##.##.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı pensiya təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirmiş, ##.##.2019-cu il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyası fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına uyğun olaraq ##.##.2019-cu il tarixdə toplanmış pensiya kapitalı 72 aya bölünməklə yenidən hesablanmışdır. Sonradan isə həmin hesablamanın düzgün aparılmadığı qənaətinə gəlinərək ##.##.2024-cü il tarixli, *-**-*/*-*- ****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla iddiaçının pensiya məbləği 1047,44 manat, yenidən hesablanmış pensiya məbləği 969,49 manat təşkil etmişdir. Həmin qərara əsasən iddiaçının pensiyasının əvvəlki hesablanma zamanı artıq məbləğdə ödənildiyi göstərilmiş və son üç il üzrə 2345,99 manat artıq ödəniş müəyyən edilərək həmin məbləğin iddiaçının pensiyasından hər ay hər ay 96.94 manat olmaqla hissəhissə tutulmasına başlanılmışdır.
23. İddiaçının hüquqi marağı da məhz cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*- ****/**** nömrəli qərarının tutulmaların aparılması hissəsində ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılmasına yönəlmişdir.
24. Göründüyü kimi, iddiaçı həmin qərarı bütövlükdə deyil, yalnız tutulmaların aparılması hissəsində mübahisələndirmişdir.
25. Lakin apellyasiya instansiyası məhkəməsi qəbul edilmiş qərarın tam hissədə qanuniliyinə qiymət vermişdir. Halbuki birinci instansiya məhkəməsi iddia tələbi həddində qərarı araşdırmışdır.
26. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən atıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
27. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir.
28. Oxşar işlər üzrə Ali Məhkəmə tərəfindən qəbul olunmuş bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə, belə razılığın olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitləri könüllü olaraq geri qaytarmağa razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır.
29. İddiaçının belə razılıq verməsi iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən artıq ödənilmiş hesab edilən məbləğin tutulması üçün məhkəməyə müraciət edildiyi də müəyyən olunmamışdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəldiyindən həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
31. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.