Məhkəmə qərarları › İş №2-1(102)-3625/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3625/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3625/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlavə inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli *** nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən * saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, məhəllə 3215, ev 8 (yeni qaydalarla: AZ 1114, ünvan 3) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sahəsi 70.09 kv.m) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) ##.##.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi 1122170233).

3. İddiaçı ##.##.2023-cü il tarixdə cavabdehə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə əlavə sahənin də üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. İddiaçıya məhkəməyə müraciət edənə qədər cavabdeh tərəfindən onun müraciətinə cavab verilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qalan 40 kv.m nəzərə alınmaqla ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 64,92 kv.m olan mənzil sahəsi mülkiyyət hüququnu təsdiq edən çıxarışla ona məxsus olmuşdur. Bundan sonra mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında cavabdehə müraciət edilmiş, cavabdeh çıxarışla qeyri-yaşayış sahəsini adına rəsmiləşdirsə də, ölçü 70,09 kv.m kimi göstərilmişdir. Halbuki, həmin qeyriyaşayış sahəsinin sərəncamından da görünür ki, sahəsi çoxdur. Həmin əlavə sahə nəzərə alınmadan çıxarışın verilməsi əsassızdır.

6. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, qeyri-yaşayış sahəsinə əlavə 62,2 kv.m sahə inşa olunmuş və həmin sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

7. Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəmi sahə (layihədə 26,4 kv.m göstərilən) çıxılmaqla yerdə qalan 40 kv.m sahə əlavə kimi nəzərə alınmaqla ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin əlavə tikililərin inşa edilməsi barədə mövqeyi adıçəkilən tələblərlə ziddiyyət təşkil edir. Mənzil qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlakda yenidən qurma işlərinin artırılması, əlavə tikililərin inşa edilməsinə dair hər hansı qadağan mövcud deyil. Həmin yenidən qurma işlərinin aparılması və əlavə tikililərin inşa edilməsi aidiyyəti inzibati orqanın razılığı və texniki tələblər gözlənilməklə mümkündür ki, səlahiyyətli qurum kimi yerli icra hakimiyyəti orqanı da razılaşdırılmış layihə, qəbul komissiyası aktı və texniki rəyə uyğun olaraq müvafiq sərəncamla 66,40 kv.m əlavə tikilinin inşa edilməsi ilə birgə 142,80 ölçüdə olan əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsinə razılıq vermişdir. Bu zaman isə, cavabdehin istinad etdiyi imtina əsasları müəyyən edilməmiş, sərəncamla qeyri-yaşayış sahəsi kimi iddiaçının hər hansı şəxsin hüquqi maraqlarına toxunmadan əmlakın istifadəsinin qanuniliyi tanınmışdır. Nəzərə alınmalıdır ki, inzibati orqanın adıçəkilən sərəncamı qüvvədədir, hər hansı orqan tərəfindən ləğv edilməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər P.Hüseynov – sədrlik edən, Ş.Məmmədova və M.Qarayeva) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əlavə sahəyə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli *** nömrəli Sərəncamına istinad etsə də, həmin sərəncamda əlavə sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. İddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi əlavə sahə qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsinə və binaya bitişik əlavə sahədir. Həmin əlavə sahəyə aid hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri iddiaçı tərəfindən həm inzibati orqana, həm də məhkəməyə təqdim edilməmişdir. Belə ki, qeyd olunan əlavə tikili ilə əlaqədar sənədlər, o cümlədən əlavə sahənin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Bundan başqa, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi əlavə sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşir. Həmin sahə yaşayış binasının sakinlərinin ümumi paylı mülkiyyətindədir. Həmin sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması digər sakinlərin hüquqlarının pozulmasına səbəb olar.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər Z.Quliyev – sədrlik edən, N.Rəsulbəyova və K.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə aid adına mülkiyyət hüququna dair müxtəlif rəqəmlər (70,09 kv.m, 66,40 kv.m. və 64,92 kv.m.) yer almaqla yanaşı, iddiaçının inşa etdiyi əlavə tikili kimi 66,40 kv.m. rəqəmi yazılmışdır. Eyni zamanda işin 62-ci səhifəsində olan ##.##.2022-ci il tarixli cavabdehin tərtib etdiyi “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda əlavə tikilinin faktiki sahəsi yuxarıda göstərilmiş rəqəmlərdən fərqli bir rəqəm, yəni 62,2 kv.m qeyd edilmişdir. Belə olan halda “əlavə tikili”nin 66,40 kv.m. ölçüdə olmasının haradan götürülməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İşə təkrar baxıldığı zaman, zərurət yarandığı təqdirdə, Binəqədi Rayon İcra Hakimiyyəti işə cəlb edilməli və sözügedən məsələlər tam və hərtərəfli araşdırılmalıdır. Mübahisə predmeti olan sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşməsinə dair sübutlar işdə yoxdur, bundan başqa iddiaçıdan həmin sahədən neçə il istifadə etməsi, bununla bağlı mübahisələrin olub-olmaması istiqamətində izahat alınmalıdır.

ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər E.Əliyev – sədrlik edən, G.Abbasova və A.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 70.9 kv.m-dən əlavə olaraq ümumi isifadədə olan torpaq sahəsində daşınmaz əmlak inşa edərək binanın konturlarından kənara çıxmaqla yanaşı həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir. Bundan əlavə, mübahisənin mühüm məqamı ondan ibarətdir ki, iddiaçının mülkiyyət hüququnu əldə etmək istədiyi sahənin bir hissəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi istifadədə olan binada yerləşən mənzillərin mülkiyyətçilərə məxsus sahədə yerləşməsidir. İddiaçı tərəfindən sonradan (nə inzibati icraat zamanı inzibati orqana, nə də ki əvvəlki məhkəmə icraatları zamanı təqdim edilməmişdir) təqdim edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surəti hüquq müəyyənedici sənəd deyil. Belə ki, qanunvericilikdə torpaq sahəsinin ayrılması (icarəyə verilməsi) kollegial qaydada həyata keçirildiyi nəzərə alındıqda buna dair bələdiyyənin qərarı və iclas protokolu da məhkəməyə təqdim edilməmişdir. Həmçinin sonradan təqdim edilmiş “müqavilə”dən irəli gələrək ödəniş qəbzinin tarixi məhkəmə icraatı gedişatının tarixinə (##.##.2025) təsadüf edir. İddiaçı tərəfindən müqavilənin bağlanıldığı tarixə və ya həmin tarixə yaxın torpağa dair hər hansı ödəniş qəbzi də təqdim edilməmişdir. Hazırkı mülkiyyət hüququnun qeydə alınmasının tələb edildiyi daşınmaz əmlakın inşasına icazə və buna dair hüququn tanınmasının hüquqi rejimi qanunvericilikdə fərqli qaydada tənzimlənir. Belə ki, işin faktiki hallarından göründüyü kimi əlavə sahə çox mənzilli binaya bitişik olsa da, qeyri-yaşayış sahəsi kimi faktiki olaraq yeni daşınmaz əmlak inşa edilmişdir. Belə olan halda qeyd edilən binanın konturlarından kənar inşa edilmiş daşınmaz əmlak Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları nəzərə alınmaqla inşa edilməli və sənədləşməli idi, yəni həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi, tikintiyə icazə, layihənin razılaşdırılması və s. sənədlər mövcud olmalı idi. Sözügedən sərəncamın 70.9 kv.m. ilə bağlı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi istisna edilməklə, qalan hissəsi etibarsız inzibati aktdır. Belə ki, “vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli *** nömrəli sərəncam müvafiq çıxarışda əks olunan daşınmaz əmlakın 70,09 kv.m hissəsi istisna olmaqla, qalan hissədə yuxarıda qeyd edilən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarından yan keçməyə, yəni sui-istifadəyə səbəb olan əsasdır. Həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarının hazırkı işin faktiki hallarına tətbiqi nəzərə alındıqda, ##.##.2022-ci il tarixli *** nömrəli Sərəncamının 70,09 kv.m hissəsi istisna olmaqla, qalan hissəsinin etibarsız olduğu müəyyən olunur.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

19. Kassator bir daha qeyd edir ki, iddiaçının qeyd olunan qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına əsas olan hüquqmüəyyənedici sənəd Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli *** nömrəli Sərəncamıdır ki, həmin sərəncam dəyişdirilməmiş, qüvvədə olmaqla hər hansı orqan tərəfindən ləğv edilməmiş və ya məhkəmə qaydasında etibarsız sayılmamışdır. Qeyd olunan sərəncamda və ##.##.2022ci il tarixli texniki rəydə mənzilin ümumi sahəsinin ölçüləri, yəni 142,80 kv.m olması və çıxarışı olan sahədən əlavə 66,40 kv.m sahənin mövcudluğu konkret olaraq qeyd edilmiş, həmçinin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün bütün şəraitin yaradılması göstərilmiş, qeyri-yaşayış sahəsinin eskiz layihəsi təsdiq edilmişdir. Eləcə də, iddiaçının qeydə alınmasını tələb etdiyi əlavə sahənin altındakı 40 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla, binanın 1-ci mərtəbəsində yerləşən daşınmaz əmlakdan giriş-çıxışı olmuş, uzun müddət iddiaçının faktiki istifadəsində və sahibliyində olmuşdur. Sonradan, Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında ##.##.2006-сı ildə bağlanılmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” *** saylı müqaviləyə əsasən 99 il müddətinə illik icarə haqqı müəyyən edilməklə iddiaçının icarəsinə verilmiş, həmin müqavilə də hazırda qüvvədə olmaqla, icarə haqqı məbləği iddiaçı tərəfindən bələdiyyə büdcəsinə ödənilir.

20. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26-ci maddəsinə, Mənzil Məcəlləsinin 10, 20.3, 21.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 386, 417.1.4 və 418.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.1 və 8.0.10cu maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından 40 kv.m sahəyə hüququn qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, məhəllə 3215, ev 8 (yeni qaydalarla: AZ 1114, ünvan 3) ünvanında yerləşən sahəsi 70.09 kv.m olan mənzil iddiaçı İddiaçı mülkiyyətində olmuşdur.

33. Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamına əsasən həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış və buna uyğun olaraq qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyət hüququ (tam) ##.##.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

34. İddiaçı hündürmərtəbəli binada birinci mərtəbədə həmin mənzilə bitişik 40 kv.m sahəyə hüququn qeydə alınmasını xahiş edir.

35. 40 kv.m qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması üçün iddiaçı həmin sahənin və altında yerləşən torpaq sahəsinin qanuni əsaslara ona ayrılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

36. İş üzrə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinin tələbləri mövcud olmamışdır.

37. Odur ki, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar