Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3627/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş məbləğin qaytarılması; etimadın qanunla qorunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vəsaitin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ##.##.2020-##.##.2020-ci il dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bülletendə olmuşdur.
2. Bundan sonra, cavabdeh əvvəlki dövr üzrə orta aylıq əmək haqqı barədə iddiaçıya arayış təqdim etmiş və iddiaçı həmin arayışa əsasən cavabdehə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 5784,64 manat müavinət ödəmişdir.
3. İddiaçı tərəfindən cavabdehə ünvanlanan sonuncu - ##.##.2024-cü il tarixli *- **-*/*-*****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş cavabdehə aid (SSN. 2505196100278) ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı ****** nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında yenidən baxılmışdır. Baxış zamanı “Elektron hökumət portalı vasitəsilə altsistemə daxil edilmiş ************************* nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yanlış hesablandığı məlum olmuşdur. Belə ki, vəkillik fəaliyyətinə görə (fəaliyyət növünün kodu 0300) məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat təqdim etdiyi, başqa sözlə, “işçi'’ olmadığı və öz-özünü sığortaedən şəxs olduğu halda müavinətin yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi hesablandığı məlum olmuşdur. Belə ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri deyil, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq əmək haqqı əsas götürülməlidir. Bu səbəbdən ************************* nömrəli haqq-hesab cədvəlinə əsasən “xxxx” ASC-nin Nəsimi filialındakı AZ72BRES0038019440********** nömrəli hesaba ödənilmiş 5784,64 manat (beş min yeddi yüz səksən dörd manat altmış dörd qəpik) məbləğində müavinətdən artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin Filialın xəzinə hesabına geri qaytarılması ilə bağlı tərəflərindən ##.##.2022-ci il tarixli *********** nömrəli, ##.##.2022-ci il tarixli *********** nömrəli, ##.##.2022-ci il tarixli *********** nömrəli, ##.##.2022-ci il tarixli *********** nömrəli və ##.##.2023-cü il tarixli *-**-*/*-N-******/**** nömrəli məktublar ünvanlanmışdır. Buna baxmayaraq, artıq ödənilmiş müavinət məbləğinin bugünədək geri qaytarılması təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 4962,82 manat (dörd min doqquz yüz altmış iki manat səksən iki qəpik) məbləğində artıq ödənilmiş müavinətin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı ****** nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinə iddiaçı tərəfindən yenidən baxılmışdır. Baxış zamanı Cavabdeh tərəfindən “Elektron hökumət” portalı vasitəsilə MEİS-ə daxil edilmiş ************************* nömrəli haqq-hesab cədvəli üzrə ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin Cavabdeh tərəfindən gəlirlərin yanlış daxil edildiyi üçün (haqq - hesab cədvəlindən çıxarış əlavə olunur) nəticədə yanlış hesablanaraq ödənildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Hesablama Palatasının ## ###### 2022-ci il tarixli AHO4/3.*-****-*** nömrəli qərarına əsasən “Fond tərəfindən vəsaitlərin və dövlət əmlakının idarə olunması”nın auditi aparılmış və artıq ödənilmiş müavinət məbləği audit yoxlaması nəticəsində müəyyən edilmişdir. “Sosial sığorta haqqında” Qanunun 16-cı maddəsinə və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir. Əsasnamənin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancının məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancının həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda hesablanıb verilir. Bildirilir ki, SN00006 seriyalı ****** nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən sosial sığorta hadisəsi 2020-ci ildə baş verdiyi üçün müavinət məbləğinin hesablanması zamanı Komitənin rəsmi nəşrində dərc olunmuş 2019-cu il üzrə orta aylıq əməkhaqqı məbləği əsas götürülməlidir. Komitənin 2019-cu il üzrə sosial-iqtisadi inkişafa dair rəsmi nəşrinə əsasən, 2019-cu il Respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği otuz dörd manat səksən qəpik müəyyən edilmişdir. Cavabdeh əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə və əmək qabiliyyətinin itirildiyi tarixdən əvvəlki son 12 ay ərzində vəkil (öz-özünü sığortaedən fiziki şəxs) olaraq fəaliyyət göstərdiyi halda (sığortaolunanların hesabından çıxarış əlavə olunur) son 12 ay üzrə gəlirlərini Əsasnamənin 28-ci bəndində qeyd edilən qaydada Komitənin müəyyən etdiyi məbləğ üzrə deyil, “işçi” olmadığı və öz-özünü sığortaedən şəxs olduğu halda müavinəti yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi (aylıq qazanca uyğun olaraq və həmin qazanc Statistika Komitəsinin məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmuşdur) daxil etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin # #### 2019-cu il tarixli 191704********** nömrəli “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formasının tərtib edilməsi Qaydalarının 1-ci bəndində sığortaedənlər tərəfinən hesabat tərtib edilərkən fəaliyyət növünün kodları sadalanmış, həmçinin qeyd edilmişdir ki, hesabatın tərtib edilməsi və hesabatdakı nəzarət funksiyaları bu koddan asılı olaraq müəyyənləşdirilir. Həmin Qaydaya əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üçün fəaliyyət növünün kodu 0300 qeyd edilmişdir. Cavabdeh tərəfindən verilən hesabatdan da görünür ki, hesabat vəkillər üçün müəyyən edilmiş fəaliyyət növünün kodu üzrə verilmişdir. Vəkil öz-özünü sığorta etdiyi, başqa sözlə öz xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyətini özü həyata keçirən fiziki şəxs statusunda olduğu üçün sığortaedən hesab edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2021-ci il tarixli 2105*****71 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta məqsədilə sığotaedənlərin və sığortaolunanların uçotu” Qaydasının 1.2.6-cı bəndinə əsasən özözünü sığortaedənlər - öz xeyrinə sığorta fəaliyyətini həyata keçirən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar), xüsusi notariuslar, sərbəst mediatorlar, fərdi qaydada fəaliyyət göstərən vəkillərdir. Öz-özünü sığortaedən fiziki şəxslərin müavinət üçün müraciəti zamanı hər hansı rəhbər və ya digər üçüncü şəxslər iştirak etmir, bu səbəbdən də müavinətlərin təyin edilməsində fiziki şəxs özü məsuliyyət daşıyır. Filial tərəfindən Cavabdeh ilkin olaraq # #### 2022-ci il tarixli *********** nömrəli və ## ###### 2022-ci il tarixli *********** nömrəli məktublarla Əsasnamənin müvafiq bəndlərinə istinad edilərək müraciət olunmuş, məcburi dövlət sosial sığorta haqları hesabına artıq ödənilmiş 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində müavinətin geri qaytarılması bildirilmişdir. Filialın məktubuna cavab olaraq yazılmış, Əsasnamənin qeyd olunan müvafiq bəndlərinin izahları ilə əlaqədar cavabdehin # ######## 2022-ci il tarixdə 22610845909 nömrə ilə qeydiyyata alınmış məktubuna # ######## 2022-ci il tarixli *********** nömrəli məktubla cavab verilmişdir. Cavabdeh ## ######## 2022-ci il tarixdə 22610925580 nömrə ilə qeydiyyata alınmış məktub ilə müraciət edərək artıq ödənilmiş müavinət məbləğinin nə üçün rəhbər şəxs tərəfindən ödənilməli olduğunun izahının verilməsini xahiş etmiş, ##.##.2022-ci il tarixli *********** nömrəli məktubu ilə müraciətlə bağlı ətraflı izah verilmişdir. Cavabdeh ## ####### 2022-ci il tarixdə 22610998179 nömrə ilə qeydiyyata alınmış eyni məzmunlu məktubla Filiala müraciət etmiş, yenidən izah verilməsini xahiş etmişdir. Filial ## ####### 2022-ci il tarixli *********** nömrəli məktubla müraciəti cavablandırmış və qanunvericiliyə uyğun olaraq bir daha müvafiq izah vermişdir. Filial tərəfindən ## ### 2023-cü il tarixli *-**-*/*-N-******/**** nömrəli məktubla Cavabdeh müraciət edilərək artıq ödənilmiş müavinətin geri qaytarılmadığı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq müavinət məbləğinin geri qaytarılması təmin edilməmişdir. Bu səbəblə, Filial tərəfindən ## #### 2024-cü il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla Cavabdeh sifarişli poçt göndərişi ilə bir daha müraciət edilərək artıq ödənilmiş müavinətin geri qaytarılmayacağı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmiş, Cavabdeh ## #### 2024-cü il tarixdə məktubu əldə etmiş, lakin məsələyə dair öz münasibətini bildirməmiş və müvafiq tədbir görməmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçıya görə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş 5784,64 manat (beş min yeddi yüz səksən dörd manat, altmış dörd qəpik) məbləğində müavinətdən 4989,49 manat (dörd min doqquz yüz səksən doqquz manat, qırx doqquz qəpik) məbləğində müavinət artıq ödənilmişdir və geri qaytarılması tələb edilərək bank rekvizitləri təqdim edilmişdir. Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. İddiaçı tərəfindən Əsasnamənin 28-ci bəndinə istinad edilərək, əmək qabiliyyətimin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin deyil, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq əmək haqqının əsas götürülməli olması qeyd edilsə də, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş orta aylıq əmək haqqının nə qədər təşkil etməsi qeyd edilməmişdir. Əlavə olaraq Əsasnamənin 116cı bəndinə əsasən, artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Göründüyü kimi, Əsasnaməyə edilmiş dəyişikliyə əsasən artıq ödənilmiş müavinət, müavinəti almış şəxs tərəfindən deyil, sığortaedəndən tutularaq geri qaytarılmalıdır. “İşsizlikdən sığorta haqqında” Qanununa əsasən cavabdehin mövcud vəziyyətdə işəgötürən statusu olmamışdır. İddiaçının istinad etdiyi “İşsizlikdən sığorta haqqında” Qanun sosial sığorta ilə bağlı ictimai münasibətləri deyil, işsizlikdən sığorta sahəsini və bu sahə üzrə hüquqi vəziyyəti tənzimləyir. Digər tərəfdən aparılan hesablamalarla bağlı məsuliyyəti Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın müdiriyyəti və baş mühasibi daşıyır. Lakin buna baxmayaraq ödənilmiş həmin məbləğ üzrə nə üçün məhz onun məsuliyyət daşımağı iddiaçı tərəfindən əsaslandırılmamışdır. Bir il ərzində gedən yazışmalardan da aydındır ki, iddiaçı – inzibati orqanın özünün də qeyd etdiyi kimi “işçi” olmadığı və özözünü sığorta edən şəxs olduğu halda müavinəti yanlışlıqla işçi statusuna sahib olan şəxs kimi (aylıq qazanca uyğun olaraq və həmin qazanc Statistika Komitəsinin məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmuşdur) daxil etmiş və nəticədə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq müavinət ödənilməsinə səbəb olmuşdur. Lakin məbləğin ona ödənilməsində səhvlik olmamışdır. Bununla belə səhvə yol verildiyi nəzərdə tutulsa belə aydındır ki, bu hesablamalar inzibati orqanın mühasibi və müdiriyyətinin məsul olduğu məsələlərdir. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 116cı bəndinə əsasən, artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Göründüyü kimi, Əsasnaməyə edilmiş dəyişikliklərə əsasən, artıq ödənilmiş müavinət, müavinəti almış şəxs tərəfindən deyil, sığortaedəndən tutularaq geri qaytarılmalıdır. Həmin Əsashamənin 119-cu bəndinə əsasən, müəssisənin müdiriyyəti və baş mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Belə olan halda səhv ödənilmiş vəsaitin onun tərəfindən geri qaytarılması hazırda verilmiş iddiada kifayət qədər əsaslandırılmamışdır. İddia ərizəsində qeyd edilir ki, aylıq gəlirlər yalnış daxil edilmişdir. Lakin bu həqiqəti əks etdirmir, belə ki aylıq gəlirlər olduğu kimi göstərilməklə daxil edilmiş, sonda isə inzibati orqan özü hesablama qaydasında səhvə yol vermişdir. Digər tərəfdən, işin halları ilə müəyyən olunur ki, pul vəsaiti inzibati orqan tərəfindən ##.##.2020 - ##.##.2020-ci tarixlər aralığında köçürülmüşdür. Hazırda iddiaçı səhvən ödənildiyini nəzərdə tutduğu artıq vəsaitin geri qaytarılmasını tələb edir. Həmçinin yazışmalarda və iddia ərizəsində iddiaçı özü də qeyd edir ki, səhvən ödənildiyini nəzərdə tutduğu məbləğin hesablanması iddiaçı inzibati orqan tərəfindən həyata keçirilmişdir. Yəni, cavabdeh olaraq hər hansı ödənilməli olan müavinət məbləği qeyd edilməmiş, iddiaçı özü ödənilməli olan müavinəti hesablayıb ödəmişdir. Həmin vəsaitin ona ödənilməsi doğrudur və əsassız varlanmaya səbəb olmamışdır. Lakin bununla belə iddiaçı nəzərdə tutduğu səhvən ödənilmiş məbləğin əsassız varlanmaya səbəb olduğunu hesab etsə, belə maddi hüquq norması kimi Mülki Məcəllənin əsassız varlanma fəsli nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi, iddiaçı bu əsası gətirsə belə, tərəfindən ##.##.2020- ##.##.2020-ci illər tarixində köçürülmə həyata keçirilmişdir (baxmayaraq ki, cavabdeh əsassız varlandığını hesab etmir). Həmin tarix aralığından hazırda 4 il keçmişdir. Bu səbəbdən də iddia ərizəsi tam olaraq əsaslandırılmamaqla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş əsassız varlanma üzrə 2 illik iddia müddəti ötürülməklə verilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim A.Almazova) ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Hazırkı işdə qanuna müvafiq olaraq hər hansı inzibati akt qəbul edilməmiş, qeyd edilən normalara riayət edilməmişdir, eləcə də iddiaçının dinləmə hüququ təmin edilməklə inzibati icraat aparıldığı, artıq ödəmənin müəyyən olunması, iddiaçının xeyrinə olan inzibati aktların dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qərar qəbul edildiyi müəyyən olunmur. Cavabdehə 2020-ci 14.09-##.##.2020-ci illərdə xəstəliklə əlaqədar müavinət ödənilmişdir. İddiaçı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Artıq ödənilmiş müavinət məbləğinin tutulması cavabdehin fərdi hallarına uyğun olaraq cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər E.Əliyev – məruzəçi, G.Abbasova və A.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddiaçı dövlət qurumu olaraq kifayət qədər peşəkar kadr heyəti, strukturu və digər texniki imkanlara malik olduğu halda cavabdehə ödənilən müavinətin “səhv” olduğuna dair tutarlı sübutları məhkəməyə təqdim etməmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
14. Kassasiya şikayətində “Sosial sığorta haqqında” Qanununa, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin ## ######## 1998-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” (##.##.2026-cı il tarixədək qüvvədə olan redaksiya):
28. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əməkhaqqı əvəzinə sığortaolunana verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu sığortaolunanın qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir. Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: - əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; - hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; - uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü. - məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər. Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Vəzifə maaşı və ya tarif dərəcəsi almayan sığortaolunanlara bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik sığortaolunanın əməkhaqqına uyğun olaraq müəyyən edilir. Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst mediatorun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir sığortaolunana hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması ... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
22. İşin faktiki hallarından görünür ki, cavabdeh ##.##.2020-##.##.2020-ci il dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə bülletendə olmuşdur. Bundan sonra cavabdeh əvvəlki dövr üzrə orta aylıq əmək haqqı barədə iddiaçıya arayış təqdim etmiş və iddiaçı həmin arayışa əsasən cavabdehə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 5784,64 manat müavinət ödəmişdir.
23. İddiaçı hesab edir ki, əslində cavabdehə 5784,64 manat deyil, 795,15 manat müavinət ödənilməli idi, lakin səhvən cavabdehə 4989,49 manat artıq müavinət ödənilmişdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) 28-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. Vəzifə maaşı və ya tarif dərəcəsi almayan sığortaolunanlara Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik sığortaolunanın əməkhaqqına uyğun olaraq müəyyən edilir. Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst mediatorun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir sığortaolunana hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır.
25. Cavabdeh vəkil işlədiyinə görə ona münasibətdə müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən deyil, Dövlət Statistika Komitəsinin məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir sığortaolunana hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən hesablanmalıdır.
26. İddiaçı da sonradan cavabdehə əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən sosial sığorta hadisəsi 2020-ci ildə baş verdiyi üçün müavinət məbləğinin hesablanması zamanı Dövlət Statistika Komitəsinin rəsmi nəşrində dərc olunmuş 2019cu il üzrə orta aylıq əməkhaqqı məbləğini əsas götürərək 2019-cu il üçün respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləğini 634,80 müəyyən edərək həmin məbləğə əsasən hesablama aparmış və 4989,49 manat artıq müavinət ödənildiyini müəyyən etmiş və bu barədə cavabdehə müraciət edərək həmin məbləğin qaytarılmasını xahiş etmişdir.
27. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
28. Həmin Qanunun 67.6.3-cü maddəsinə görə maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz.
29. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, cavabdehin etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
30. Qeyd edilən halların müəyyən olunması həm də ona görə vacibdir ki, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən məhz etimad hüququnun qorunması prinsipinə və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində təsbit olunmuş cavabdehin etimadının qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi.
33. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qiymətləndirilməlidir.
34. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları nəzərə almadan cavabdehin təqdim etdiyi orta aylıq arayış əsasında ona ödənilmiş müavinətin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməkdə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz.
35. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin cavabdehin vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, eləcə də bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Belə ki, mübahisəyə dair iş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh vəkildir, ali təhsilli hüquqşünasdır. Hazırda da aktiv vəkillik fəaliyyəti ilə məşğul olmaqla qanunvericiliyin tətbiq olunmasında birbaşa iştirak edir.
36. İddiaçı mübahisə açdığı məbləği düzgün olmayaraq ödədiyini bildiyi vaxtdan bir neçə gün sonra həmin məbləğin geri ödənilməsi barədə cavabdehə məktub göndərdiyindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan müddətə iddiaçı tərəfindən əməl edilmişdir.
37. Bu əsasla məhkəmə kollegiyası həm iddiaçının, həm də cavabdehin vəziyyətini və statusunu, habelə “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, tələb olunan məbləğin yarısı 2481,41 manat cavabdehdən alınıb aidiyyəti üzrə ödənilməli, qalan yarı məbləğ hissəsində iddia təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 2481,41 manat (iki min dörd yüz səksən bir manat qırx bir qəpik) məbləğində artıq ödənilmiş müavinət tutularaq iddiaçı İddiaçı xəzinə hesabına geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.