Məhkəmə qərarları › İş №2-1(102)-3629/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3629/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3629/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi; gəlir vergisi; mikro sahibkarlıq subyekti; Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli məktuba əsasən iddiaçıdan müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi və qeyd olunanlarla bağlı müvafiq izahat məktubu tələb edilmişdir.

3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 16.764,17 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, riskli vergi əməliyyatlarının meyarlarının aradan qaldırılması ilə əlaqədar olaraq riskli vergi ödəyiciləri siyahısından çıxarılmasının və əsassız olaraq hesablanmış 16764.17 (on altı min yeddi yüz altmış dörd manat 17 qəpik) manat məbləğində vergilərin silinməsi məqsədilə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” ##.##.2023cü il tarixli **************** nömrəli və ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən sahibkarlıq subyekti – İddiaçı (VÖEN-1101550142) riskli vergi ödəyicisi hesab edilmişdir. Sahibkarlıq subyektinin ##.##.2022-##.##.2022-ci il tarixlərində cəmi 47,2 min manat dəyərində təqdim edilmiş Dizel Qatqı К Green-LM2597, Radiator Antifiriz (KFS2000G11göy), Sıxılma diski (çaşqa), Disk, Fren ön və s. malların satışda qeyd olunduqları halda e-qaimə və ya idxal vasitəsilə alışlarının olmadığı göstərilmişdir. Qeyd edilən səbəblərdən sahibkarlıq subyekti Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** saylı Qərarının 2.1.1 və 3.1.1-ci bəndlərinə əsasən aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidləri təqdim edilməsi səbəbindən riskli vergi ödəyicisi siyahısına salınmışdır. Eləcə də, qeyd edilən səbəbdən vergi ödəyicisinin gəlirlərinin və xərclərinin uçotunu düzgün aparmadığına görə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinin hesablanması zamanı 75 faiz gəlir vergisindən azad olma hüququnu itirdiyinə görə ##.##.2023-cü il tarixli **************** nömrəli qərarına əsasən 16764,17 manat əlavə vergi məbləği hesablanmışdır. Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** saylı Qərarının 2.1.1 və 3.1.1-ci bəndləri üzrə risk meyarı yaradan səbəblər aradan qaldırılaraq, təqdim edilən elektron qaimələr ləğv edilmişdir. Həmçinin təqdim olunan e-qaimələr üzrə alıcılardan əldə olunmuş pul vəsaitləri nağd şəkildə geri qaytarılmışdır. ## ###### 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 58.7-1 maddəsində hər hansı maliyyə sanksiyası nəzərdə tutulmadığından kreditorlara nağd ödənişləri istisna etmir. Sahibkarlıq subyekti tərəfindən təqdim olunan elektron qaimələr ləğv edilməsi və alıcılardan əldə olunmuş pul vəsaitlərinin geri qaytarılması ilə Vergi Məcəlləsinin 96-cı maddəsi üzrə vergitutma obyekti mövcud olmamışdır. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir - malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirlər hesab olunur. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Riskli vergi ödəyiciləri siyahısından çıxarılmaqla bağlı və vergitutma obyektinin olmaması ilə bağlı hesablanmış gəlir vergisi məbləğinin azaldılması üçün ##.##.2023-cü il tarixli **************** nömrəli şikayət ərizəsi və risk meyarı yaradan ləğv edilmiş qaimələrin siyahısı, bank hesablarından çıxarış, kreditorlara pul vəsaitlərinin geri qaytarılması ilə bağlı kassa sənədləri, kreditorlara borc öhdəliyinin olmaması barədə üzləşmə aktları ilə müraciət edilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinə ##.##.2023-cü il tarixli **************** saylı qərarı ilə şikayəti təmin etməmişdir. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** saylı Qərarı ilə risk meyarı yaradan hallar üzrə riskli vergi ödəyiciləri siyahısına salınmış şəxslərin həmin siyahıdan çıxarılmaq üçün hər hansı əlavə qanunvericilik aktı və ya həmin qanunda əlavə müddəa nəzərdə tutulmamışdır. Riskli vergi ödəyiciləri siyahısından çıxarılmaq üçün həmin qanunda nəzərdə tutulan risk meyarı yaradan hallar aradan qaldırılmaqla riskli vergi ödəyicilərinin siyahısından çıxarıla bilər. Sahibkarlıq subyekti həmin Qərarın 2.1.1 və 3.1.1 bəndlərinə əsasən aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidləri təqdim edilməsi səbəbindən riskli vergi ödəyicisi siyahısına salınmışdır. Alış əməliyyatları üzrə elektron qaimə, alış aktı, idxal vasitəsilə alışlarının olmadığı halda satış əməliyyatları üzrə təqdim olunan elektron qaimələrin ləğv edilməsi və alıcılara pul vəsaitlərinin geri qaytarılması ilə risk meyarı yaradan hallar aradan qaldırılmışdır. Bununla da, Nazirlər Kabinetinin müvafiq qərarının 2.1.1 və 3.1.1ci bəndlərinə əsasən risk meyarı yaradan hallar iddiaçı tərəfindən aradan qaldırılmışdır. İddiaçı qeyd olunanlara əsasən hesab etmişdir ki, vergi orqanı tərəfindən riskli vergi ödəyiciləri siyahısından çıxarılmasının hüquqi əsası var və vergi orqanı bu hüququ təmin etməlidir. Təqdim olunan elektron qaimələr ləğv edilməsi və alıcılardan əldə olunmuş pul vəsaitlərinin geri qaytarılması ilə hesabat ilində vergiyə cəlb olunan gəlirləri mövcud olmamışdır. Eləcə də qaimələrin ləğv edilməsi ilə vergitutma obyektinin mövcud olmaması səbəbindən fiziki şəxsin gəlir vergisi hesablanması üçün əsas mövcud deyil. Lakin vergi orqanı tərəfindən hesablanmış 16764,17 manat gəlir vergisi məbləği azaldılmamışdır. Gəlir vergisi məbləğinin azaldılmaması Vergi Məcəlləsinin 13.2.12, 96.1ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Halbuki, elektron qaimələrin ləğv edilməsi və pul vəsaitinin qarşı tərəflərə qaytarılması ilə gəlir vergisinin hesablanmasının heç bir hüquqi əsası yoxdur və hesablanmış vergilərin azaldılmaması Vergi Məcəlləsinin prinsiplərinə ziddir.

7. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, hazırda mübahisə predmetini təşkil edən qərarlar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Araşdırma zamanı iddiaçı tərəfindən ##.##.2022-##.##.2022-ci il tarixlərdə cəmi 47,2 min manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar üzrə satışda “Dizel Qatqı K Green - LM2597, Radiator antifriz (KFS 2000 G11GÖY), Sıxılma diski (Çaşqa), Disk, Fren Ön və s.” qeyd olunsa da, sözügedən mallar (iş, xidmət) elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Araşdırma zamanı iddiaçıya məxsus ünvan 1 keçid ünvanında, ümumi sahəsi 30 kv.m olan təsərrüfat subyektinin 15,0 kv.m hissəsini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, digər 15,0 kv.m hissəsini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verdiyi, iddiaçı İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olduğu, fərdi sahibkarın, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin eyni ünvanda, yəni Bakı şəhəri, Qaradağ rayonu, İntiqam Nəbiyev (Lökbatan), ev 2A, mənzil 11 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir ki, bu da həmin şəxslərin qarşılıqlı asılı olan şəxslər olmasına əsas verir. İddiaçı tərəfindən 2022-ci ildə malların təqdim edilməsi ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN 1101675651) 21620,17 manat və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN 1101536341) 63702,22 manat olmaqla, ümumilikdə 85322,39 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturalar təqdim edilmiş, ##.##.2023-cü il tarixdə 2022-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim edərək bəyannamənin gəlirlər hissəsində 85322,39 manat, xərclər hissəsində 1501,53 manat qeyd edərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində qeyd olunan 75 faiz güzəşt məbləği nəzərə alaraq 4461,05 manat gəlir vergisi bəyan etmiş, iddiaçı tərəfindən 2022-ci ildə təqdim edilmiş 85322,39 manat dəyərində elektron qaimə-fakturalar ##.##.2023-cü il tarixdə ləğv edilmiş, araşdırma zamanı fərdi sahibkarın bank hesablarına malların təqdim edilməsi ilə bağlı pul vəsaitinin mədaxil olmasına baxmayaraq elektron qaimə-fakturalar ləğv olunduqdan sonra həmin məbləğ geri qaytarılmamış, vergi ödəyicisi tərəfindən debitorkreditor borcları barədə sənədlər araşdırmaya təqdim edilməmiş, təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin * nömrəli əlavəsinin müvafiq sütunları göstəricisiz olaraq təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar qəbul edilmişdir. Araşdırma zamanı həmçinin, vergi ödəyicisinin bank hesabı məlumatlarına əsasən “xxxx” MMC (VÖEN: 1101536341) tərəfindən ##.##.2022-##.##.2022-ci il tarixlərdə cəmi 48.3 min manat məbləğində ödənişin mədaxil olduğu müəyyən edilsə də, geri qaytarma ilə bağlı hər hansı məxaric əməliyyatı aşkar edilməmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirilmişdir ki, iddiaçı riskli vergi ödəyicisi olmasına baxmayaraq onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda, habelə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz vergi güzəşti tətbiq olunmur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” ##.##.2023-cü il tarixli **************** nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 12303,12 manat gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Sonradan vergi ödəyicisi ##.##.2023-cü il tarixdə 2022-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini göstəricisiz (boş) olaraq təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 16764,17 ((85322,39- 1501,53)*20%) manat üzrə əlavə vergi məbləği hesablanmış və aparılmış hesablama ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən, həmçinin, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarından inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia qismən təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin ##.##.2023-cü il tarixli qərarına əsasən cavabdeh iddiaçının Meyarların 3.1.1ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İşin hallarından görünür ki, iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Eyni zamanda, həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmadığı müəyyən edilmişdir. Bu hal, cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və iddiaçıya məxsus bank hesablarından çıxarışlarla deyilən fakt təsdiqini tapmışdır. Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dispozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. İddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması üçün yalnız qaimələrin ləğv edilməsi və ya qarşılıqlı üzləşmə aktının tərtib edilməsi kifayət etmir. Çünki alınan vəsaitin geri qaytarılması faktiki olaraq yalnız bank vasitəsilə həyata keçirilən əməliyyatlarla sübut oluna bilər. Hazırkı mərhələdə isə bu hal təsdiqini tapmadığından iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi üçün hüquqi əsas mövcud deyil.

10. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s), analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməklə, yaxud təqdim olunmuş malların bazar qiyməti nəzərə alınmaqla əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. İddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilməmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər C.Məmmədov – məruzəçi, K.Əkbərov və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir.

17. Kassasiya şikayətində Vergi Məcəlləsinin 13.2.69, 13.2.70, 13.2.71, 16.1.3, 16.1.3-1, 23.1.1, 24.1.1, 24.1.2, 36.2, 37.1, 37.3, 71.2 və 130.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 385.1, 386, 357.1, 360 və 362-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.2, 12.1, 38.1 və 58.7-ci maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30 (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”: 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğvinə nail olmaqdan ibarətdir.

30. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya 2022-ci il üzrə 16.764,17 manat əlavə gəlir vergisi hesablamışdır. Cavabdeh sözügedən qərarla mikro sahibkarlıq subyekti olan iddiaçının gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etməmiş, həmçinin iddiaçının gəlirlərinə münasibətdə onun xərclərini ümumiyyətlə nəzərə almamış və ona gəlir vergisi hesablamışdır. Bu zaman cavabdeh müvafiq dövrə aid elektron qaimə-fakturalar üzrə iddiaçının satışında olan malların, onun alışında və idxalında müəyyən edilmədiyinə, bu səbəbdən iddiaçının ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edildiyinə və bunun üzərindən onun gəlirlərinin və xərclərinin uçotunu aparmayan vergi ödəyicisi olduğuna istinad etmişdir.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı ##.##.2022-##.##.2022ci il tarixlərdə aparılmış əməliyyatlara görə cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunaraq, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. İddiaçı hazırkı iş üzrə iddia tələbi çərçivəsində həmin qərarı da mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməmişdir. İddiaçı da iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh də həmin qərara istinadən hazırda mübahisələndirilən qərarla həmçinin iddiaçının gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etmədən ona əlavə gəlir vergisi hesablamışdır.

32. İşə baxan aşağı instansiya məhkəmələri isə qeyd edilən halları, o cümlədən iddiaçının riskli vergi ödəyicisi hesab olunmasına dair qərarın qüvvədə olmasını, habelə həmin qərarın qanunauyğunluğunun hazırkı mübahisənin predmeti olmadığını nəzərə almadan, cavabdeh tərəfindən iddiaçının müvafiq dövr üzrə gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etmədən ona gəlir vergisi hesablamasını əsassız hesab etmişlər.

33. Halbuki, vergi qanunvericiliyinin tələblərinə əsasən yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz.

34. Cavabdehin müvafiq dövr üzrə iddiaçının xərclərini təsdiq edən sənədlərinin olmadığına istinadən, həmçinin hazırda mübahisələndirilən qərarla xərclərini nəzərə almadan iddiaçıya gəlir vergisi hesablamasına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər.

36. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh, vergi məbləğini həm də malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. İstinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir.

37. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi, cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün yetərli əsas sayıla bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

38. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etmək öhdəliyi daşıyan cavabdeh həmin öhdəliyini yerinə yetirməmişdir. Halbuki, həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən, hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.

39. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlar baxımından iddiaçıya münasibətdə əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində, cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən gəlirini müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı).

40. Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, həmin dövrdə qanunverici tərəfindən hətta əməliyyatın əmtəəsiz olduğu halda belə, çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlı tələb təsbit olunmuşdu. Bu baxımdan, cavabdeh iddiaçının apardığı əməliyyatlar üzrə müəyyən məbləği xərc olaraq nəzərə almadıqda, həmin dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların Vergi Məcəlləsinin 14cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın da tələbinə əməl etməmiş, ümumiyyətlə xərc nəzərə alınmadan həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət (gəlir) vergisi hesablamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

41. Hazırkı mübahisə ilə bağlı cavabdeh mübahisələndirilən qərarla iddiaçıya vergi hesablayarkən, istinad etdiyi iki haldan birində, yəni iddiaçının gəlirlərinə 75% güzəşt hüququnun tətbiq edilməməsində haqlı olduğu halda, digər halda, yəni onun gəlirlərinə münasibətdə xərcləri nəzərə almadan hesablama aparılmasında haqlı sayıla bilməz.

42. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində lazımi araşdırma aparmamış və nəticədə mübahisələndirilən qərarın bötüvlükdə ləğv edilməli olduğu qənaətinə gəlmişdir.

43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

45. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar