Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-363/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpasından imtina, kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)216/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona daxili işlər orqanlarında xidmət keçdiyi müddət nəzərə alınaraq, pensiya təyin edilməsi üçün məlumat vərəqinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4459/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın lə ğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2-1(103)-216/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
6. İddiaçı, eyni zamanda, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 9 4.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi aşağıda qeyd olunan səbəblərdən təmin edilməməli, həmçinin onun kassasiya şikayəti mümkün sayılmamalı və kassasiy a şikayətinin qəbulundan imtina edilməlidir.
9. Kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
11. Belə ki, iş üzrə materiallardan iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərarını poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə 20 iyul 2023-cü il tarixdə rəsmi qaydada aldığı, həmin qərardan kassasiya şikayətini isə 23 oktyabr 2023cü il tarixdə verdiyi müəyyən olunur.
12. Göründüyü kimi, iddiaçı tərəfindən kassasi ya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 3 aydan çox müddət keçdikdən sonra, yəni qanunla müəyyən olunmuş bir aylıq müddət ötürülməklə verilmişdir.
13. Bu qərarın 7-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. Eyni zamanda bu qərarın 7-ci bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
15. İddiaçı kassasiya şikayətinin veril məsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizədə müddətin ötürülməsini ona dövlət hesabına təyin edilmiş vəkilin kassasiya şikayətini vaxtında təqdim etməməsi ilə əlaqələndirmiş və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
16. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarını rəsmi qaydada aldığı 20 iyul 2023-cü il tarixdən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddəti ötürdükdən sonra, yəni 28 avqust 2023-cü il tarixdə sözügedən qərardan kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 05 sentyabr 2023-cü il tarixli qərardadı i lə ərizəsi təmin olunmuşdur.
17. Göründüyü kimi, dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyi tarixə kimi iddiaçı artıq kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin məhkəməyə müddətin onun təqsiri olmadan buraxılmasına dair hər hansı sübut təqdim etməmişdir.
18. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçını n ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2023-cü il tarixli, 21(103)-216/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.