Məhkəmə qərarları › İş №2-1(102)-3641/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3641/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3641/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə (üçüncü şəxs: Üçüncü şəxs) qarşı “torpaq sahəsinin rəsmiləşdirilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmə barədə vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İlkin alqı-satqı müqaviləsindən görünür ki, Üçüncü şəxs ilə İddiaçı arasında 500 kv.m ölçüdə məhkəmənin qərarı əsasında bələdiyyənin qərarından çıxarışa əsasən ayrılmış torpaq sahəsinin İddiaçı satılması barədə razılıq əldə edilmişdir.

2. ## ##### 2014-cü il tarixli protokoldan çıxarışdan görünür ki, həmin torpaq sahəsi məhkəmə qərarı əsasında Üçüncü şəxs adına rəsmiləşdirilməsi həvalə edildiyindən, qərarın icrası ilə əlaqədar qərar qəbul edilərək torpaq sahəsinin həmin şəxsin ayrılması qərara alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahəsinin rəsmiləşdirilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra Maraqlı şəxs vəsatət ilə müraciət edərək üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

5. Vəsatətdə qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq onun mülkiyyətindədir və ona məxsusdur. Üçüncü şəxs ilə faktiki nikah münasibətləri olmuş, onun gəliri hesabına torpaq sahəsi satın alınmışdır. Faktiki nikah münasibətlərinə etibarən torpaq sahəsi üçüncü şəxsin adına rəsmiləşdirilmişdir. Torpaq sahəsinin satılması barədə razılıq əldə edilmiş, lakin 60000 manat məbləğ ona ödənilməmişdir. Bu isə onun mülkiyyət hüququnu pozur. Həmin şəxs hesab edir ki, göstərilən məbləğ ödənilmədən iddiaçının adına torpaq sahəsinin rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə ziddir və onun hüquqi maraqlarına toxunur.

6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə vəsatət rədd edilmişdir (hakim – O.Həsənov).

7. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinə hüquqmüəyyənedici sənədə malik olan şəxs Üçüncü şəxs, rəsmiləşdirməni tələb edən şəxs iddiaçıdır ki, Maraqlı şəxs həmin hüquqmüəyyənedici sənədin üçüncü şəxsin adına alınmasında faktiki iştirakı halı belə, hazırkı cəlb etmə üçün əsas deyildir. Məhz qanunla qorunan maraq cəlb etmə üçün əsasdır ki, marağın qanunla qorunmasından, hüquqiliyindən o zaman söhbət gedə bilər ki, buna əsas verən hər hansı hüquqmüəyyənedici sənədə şəxs malik olmuş olsun. Ərizəçidə isə göstərilən növ sənəd mövcud olmadığından, onun faktiki işin gedişatında marağı faktikilik xarakterindən kənara çıxmamaqla, inzibati prosessual qanunvericiliklə üçüncü şəxs kimi icraatın subyekti qismində şəxsin tanınmasına əsas yaratmır.

8. Qərardaddan narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – K.Əkbərov, hakimlər – M.Tağızadə, N.Nəbizadə).

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin faktiki hallarını, iddiaçı, cavabdeh və ərizəçi arasında yaranmış faktiki və hüquq münasibətlərini və yuxarıda adıçəkilən müddəaları nəzərə alaraq ərizəçini zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilməli olması ilə razılaşmadığından ərizə əsassızdır. Digər tərəfdən qeyd edilməlidir ki, ərizəçi nəinki zəruri cəlb etmə qaydasında cəlb edilməli olan, ümumiyyətlə adı qaydada cəlb edilməli olan üçüncü şəxs statusuna malik şəxs də hesab edilə bilməz. Beləliklə, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Məhkəmə kollegiyası isə, hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçinin marağını faktiki pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz

11. Maraqlı şəxs həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilərək ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qanunvericilik normalarını sadalanmış və əlavə olaraq bildirilmişdir ki, qanunvericiliyin tələbinə görə mübahisəli hüquq münasibətinə birbaşa təsir edən şəxs məhkəmə icraatına zəruri cəlbetmə qaydasında qoşulmalıdır. Maraqlı şəxs torpaq sahəsi üzərində hüquqi statusuna birbaşa təsir ediləcəkdi, lakin məhkəmə Maraqlı şəxs icraata cəlb etməmişdir. Üçüncü şəxslərin prosessual hüquqlarından istifadə etməsi imkanı təmin olunmayıb. Maraqlı şəxs işdə iştirakı olmadan çıxarılan qərar ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017- ci il tarixli Qərarı.

15. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadı. “24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. ...

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. ...

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. ...

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. ...

52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. ...

76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.”

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

23. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.

24. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, adına rəsmiləşdirilməsi tələb edilən torpaq sahəsinə dair ərizəçinin hər hansı hüququnu müəyyən edən sənəd mövcud deyildir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçinin marağını faktiki pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz.

26. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar