Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3646/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüququn olmaması, ölmüş şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mərhum oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş AZ-II seriyalı ****** nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının oğlu X1 ##.##.2021-ci il tarixdə “dəm qazı ilə zəhərlənmə” səbəbi ilə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2021-ci ildə 414 nömrə ilə qeyd edilmişdir
2. Iddiaçı mərhum oğluna Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək işğal olunmuş ərazilərdə aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli, № */*-***** saylı cavab məktubundan görünür ki, Cavabdeh Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş ərizəyə baxılmış və vəfat etmiş şəxslərə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 II Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X1 müharibə veteranı statusu verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi cavab məktubu ilə vəfat etmiş şəxslərə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirərək imtina etmişdir. Hesab edir ki, oğluna müharibə veteranı statusunun verilməsi ərizəsinə cavabdehin vermiş olduğu imtina cavabı əsassızdır. Belə ki, mərhum oğlu 44 günlük Vətən Müharibəsində iştirak edib, döyüş əməliyyatlarında kəşfiyyat tapşırıqlarını həyata keçirmişdir və əməliyyatlar zamanı tapşırıqları qəhrəmanlıqla yerinə yetirmişdir. Bu fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayışda da təsdiqini tapmışdır. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Iddiaçı mərhum oğlunun Vətən müharibəsində iştirakını təsdiqləyən AO ******* nömrəli Hərbi biletin surətini, V vəzifəsində mərhum oğlunun Vətən müharibəsində iştirakını təsdiqləyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ## ### 2022-ci il, *** nömrəli arayışın surətini, ##.##.2021-ci il tarixdə verilmiş AZ-II seriyalı ****** nömrəli mərhum oğlunun Ölüm haqqında şəhadətnaməsinin surətini, cavabdehin tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli, № */*-***** saylı imtina cavabı imtina cavabı məktubunu və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli Sərəncamını məhkəməyə təqdim etmişdir.
6. Cavabdeh iddia dair etirazını onunla əsaslandırmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisinin ## ### 2022-ci il tarixli *** nömrəli arayışına əsasən mərhum X1 ## ####### 2020-ci il tarixdə hərbi xidmətə cəlb edilmiş, V vəzifəsində “Vətən müharibəsi”ndə iştirak etmiş və ##.##.2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Bundan başqa inzibati iş materiallarına əlavə edilmiş ## ###### 2021-ci il tarixli AZ-II № ****** nömrəli olüm haqqında şəhadətnaməyə əsasən mərhum X1 ## ###### 2021-ci il tarixdə dəm qazı ilə zəhərlənmə səbəbilə vəfat etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin ##.##.2023-cü il tarixli */*-***** nömrəli məktubuna əsasən, vəfat etmiş şəxslərə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi Qanunvericilikdə nəzərdə tutulmamışdır.
7. Bakı Inzibati Məhkəməsinin # ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi iddiaçının hazır ki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması halının müəyyən edilməsi mümkün olmamışdır, başqa sözlə desək bu iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən ölmüş şəxsə “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi nəzərdə tutulmamışdır.
9. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək iddianın təmin olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və C.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, 0# ####### 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Müharibə veteranı” statusu birbaşa şəxslə bağlı statusdur, şəxsin özünün müraciəti və şəxsiyyəti təsdiq edən sənəd və məlumatların yoxlanılması əsasında verilir. Bəzi status və təltiflərdən fərqli olaraq (məsələn, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid olmuş şəxsin ailəsinə verilmiş Şəhid ailəsi statusu) “Müharibə veteranı” statusu və vəsiqəsinin ölmüş şəxsə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu status yalnız şəxsin özü üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək imkanı yaradır və veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Belə olan halda hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüquqa malik olmaması müəyyən olunur.
12. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
13. Iddiaçının kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.
TƏTBIQ EDILƏN HÜQUQ
15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
16. Inzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19. Məhkəmə kollegiyası iddiaçının müharibədə iştirak etmiş mərhum oğluna “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı tələbini və şikayətini anlayışla qarşılayır, onun oğlunun dövlət qarşısında xidmətlərini və onun tələbinin mənəvi həssaslığını nəzərə alır. Lakin məhkəmə kollegiyası ədalət mühakiməsini yalnız hüquq normaları əsasında həyata keçirməli olduğundan, iş üzrə hüquqi vəziyyət aşağıdakı qaydada qiymətləndirir.
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Iş materiallarından görününür ki, iddiaçının oğlu X1 ##.##.2021-ci il tarixdə “dəm qazı ilə zəhərlənmə” səbəbi ilə Bakı şəhərində vəfat etmişdir. Iddiaçı mərhum oğluna müharibə veteranı statusu verilməsi üçün cavabdeh Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh Müdafiə Nazirliyi ##.##.2023-cü il tarixli cavab məktubu ilə qanunvericilikdə vəfat etmiş şəxslərə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin nəzərdə tutulmadığını bildirərək imtina etmişdir.
22. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Iddianının mümkünlüyünə dair tələblər
23. Iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
Qanunvericilikdə ölmüş şəxsə müharibə veteranı statusunun verilməsinin nəzərdə tutulmaması
25. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ## #### 1994-cü il “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə ilə tənzimlənir və ölmüş şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmamışdır. Bəzi status və təltiflərdən fərqli olaraq – məsələn, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı, döyüşlərdə fərqlənməyə görə verilən orden və medallardan və ya şəhid olmuş şəxsə “Şəhid” statusunun verilməsindən fərqli olaraq – “Müharibə veteranı” adının və bunu təsdiq edən vəsiqənin şəxsə ölümündən sonra verilməsini tənzimləyən heç bir hüquqi norması mövcud deyildir.
26. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarında ölümündən sonra orden və ya medal ilə təltif edilən şəxslərin adları açıq şəkildə qeyd edilir. Lakin müharibə veteranı ilə bağlı ölümündən sonra verilməklə bağlı bu cür xüsusi tənzimləmələr yoxdur. Eləcə də, qanunvericilikdə “Şəhid” statusunun ölümündən sonra verilməsi kimi ümumi normativ hüquqi tənzimləmə də yoxdur. Buna görə də, "Müharibə veteranı" adı barədə qanunvericilikdə belə xüsusi və ya ümumi tənzimləmələrin olmaması məhkəməyə əsas verir ki, bu sükutu qanunvericilikdə boşluq deyil, qanunvericinin və digər normayaratma subyektlərinin bilərəkdən etdiyi məqsədli sükut və imperativ məhdudiyyət kimi qəbul etsin.
27. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının iş materiallarında təqdim etdiyi və iddiaçının oğlunun ölümündən (## ###### 2021-ci il tarixdən) sonra verilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli Sərəncamı iddiaçının oğluna ölümündən sonra müharibə veteranı adı alması üçün hüquq yaratmır. Sərəncamın 1-ci bəndinə diqqət yetirsək, orada birmənalı şəkildə yazılıb ki: "...şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada ... “Müharibə veteranı” adının ... verilməsi təmin edilsin." Yəni, bu Sərəncam sadəcə olaraq Vətən Müharibəsi iştirakçılarının "Veteranlar haqqında" Qanunun təsir dairəsinə salınmasını və onlar üçün mexanizmin işə düşməsini təmin edən icra aktıdır. Normativ hüquqi aktların iyerarxiyasına əsasən qanun sərəncamdan üstündür, buna görə də, tətbiq edilən Sərəncam Qanundan irəli gələn təməl prinsipləri, o cümlədən veteran adının yalnız sağ olan şəxslərə verilən sosial status olması prinsipini genişləndirə və ya dəyişdirə bilməz.
28. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli X3 iştirakçılarına müharibə veteranı adının verilməsi mexanizmini müəyyən etsə də, bu adın sosial-hüquqi təbiətini və şəxsə qırılmaz surətdə bağlılığını dəyişdirmir. "Müharibə veteranı" adı və vəsiqəsi şəxsin sağlığında onun sosial müdafiəsini təmin etmək məqsədi daşıyır və qanunvericilikdə bu statusun ölümündən sonra verilməsini nəzərdə tutan müddəa yoxdur. Şəxsin Sərəncamdan əvvəl vəfat etməsi obyektiv səbəb kimi qəbul edilsə də, vəfat etmiş şəxs üçün sosial statusun (veteran adının) müəyyən edilməsi hüquqi cəhətdən mümkünsüzdür. Qeyd olunanlara əsasən, iddiaçının (ananın) müvafiq Sərəncama istinadən vəfat etmiş oğlu üçün müharibə veteranı adının verilməsini tələb etmək hüququ (subyektiv hüququ) yoxdur.
Müharibə veteranı statusunun birbaşa şəxsə bağlı status olması
29. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” adı və müvafiq vəsiqə sadəcə sosial müavinət əldə etmək üçün vasitə deyil, özünün hüquqi və sosial mahiyyətinə görə dövlətin konkret bir şəxsin döyüşlərdə iştirakını, fədakarlığını və fərdi xidmətlərini tanımasını ifadə edən yalnız onun şəxsiyyəti ilə bağlı olan qeyri-əmlak xarakterli (şəxsi) hüquqdur. Bu status fərdi və şəxsi xarakter daşımaqla, inzibati icraat qaydalarına əsasən yalnız şəxsin sağlığında onun müraciəti və ya dövlətin təşəbbüsü ilə rəsmiləşdirilə bilər. Şəxs vəfat etdikdən sonra dövlətlə fərd arasındakı bu şəxsi hüquqi əlaqə qırılır və varislərinə keçə bilmir. Belə ki, mülki hüququn təməl prinsiplərinə əsasən cəbhədə keçirilən vaxt və dövlət qarşısında fərdi xidmət maddi nemət və ya mülkiyyət obyekti deyildir ki, vərəsəlik yolu ilə ailə üzvlərinə və ya digər varislərə keçsin.
30. Məhkəmə kollegiyası qeyd edir ki, bu statusun yaradılmasında digər hüquqi məqsəd – şəxsin məhz sağlığında onun qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sosial müdafiə tədbirlərindən, güzəşt və imtiyazlardan istifadə etmək imkanını təmin etməkdir. Həmçinin, qanunverici veteran statusundan irəli gələn sosial təminat tədbirlərinin (pensiya, müavinət və s.) reallaşdırılmasını yeganə hüquqmüəyyənedici sənəd olan müharibə veteranı vəsiqəsinin təqdim edilməsi ilə şərtləndirmişdir. Belə bir sənədin verilməsi isə ancaq şəxsin sağlığında mümkündür. Şəxsə ölümündən sonra belə bir vəsiqənin verilməsi nə hüquqi, nə də faktiki baxımdan mümkün olmadığından, bu statusdan irəli gələn hər hansı maddi hüququn formalaşması və miras kütləsinə daxil olmasından söhbət gedə bilməz.
31. Məhkəməyə kollegiyası nəzərə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının 9.2.1-ci bəndində vurğulanır ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri zərərçəkənin şəxsiyyəti ilə bağlı olduğundan, bu tələb üzrə hüquq varisliyinə yol verilmir və güzəşt edilmir. Göründüyü kimi, şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri zərərçəkənin və ya hüquq sahibinin şəxsiyyəti ilə qırılmaz bağlıdır və bu cür tələblər üzrə hüquq varisliyinə yol verilmir. Iddiaçı məhkəməyə müraciət edərkən əslində oğlunun şəxsiyyət hüququnu (status almaq hüququnu) həyata keçirməyə çalışır və iddiaçının oğlunun əvəzinə bu şəxsi statusu tələb etmək hüququ yoxdur.
32. Məhkəmə kollegiyası qənaətə gəlir ki, əgər şəxs sağlığında müvafiq iddianı qaldırmamışsa, onun yaxın qohumları və varisləri vəfat etmiş şəxsə müharibə veteranı statusunun verilməsini tələb etmək üçün müstəqil subyektiv hüquqa malik deyillər. Veteran statusunun əldə edilməsi hüququ sonradan varislərə keçən mülki hüquq obyekti kimi çıxış edə bilməz.
33. Göstərilənlərə əsasən, iddiaçının vəfat etmiş oğlu üçün müharibə veteranı adının verilməsini məhkəmə qaydasında tələb etmək və məhkəmədə iddia qaldırmaq (subyektiv hüququ) hüququ yoxdur.
Sonradan vəfat etmiş döyüşçülərin (müharibə veteranlarının) ailələrinin sosial təminatları və imtiyazları
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum oğlu 44 günlük Vətən Müharibəsində iştirak etməsi, döyüş əməliyyatlarında kəşfiyyat tapşırıqlarını həyata keçirməsi faktı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayışla təsdiq olunur.
35. Məlumdur ki, müxtəlif qanunvericilik aktlarında müharibə veteranları ilə yanaşı, sonradan vəfat etmiş döyüşçülərin ailə üzvlərinin də sosial təminatları və imtiyazları ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. Məsələn, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı; Cavabdeh, Ədliyyə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.
36. Göründüyü ki, iddiaçının oğluna müharibə veteranı statusunun verilməməsi heç də onun ailə üzvlərinin sonralar vəfat etmiş döyüşçülərin ailə üzvü kimi qanunvericilikdə onlar üçün müəyyən edilmiş imtiyaz və güzəştlərdən istifadə etmək imkanını aradan qaldırmır. Müharibə iştirakçılarının ailə üzvləri güzəşt hüququnu müəyyən edən sənədi (şəxsin müharibədə iştirakını təsdiq edən müvafiq arayışı) təqdim etməklə, qanunvericilikdə bu kateqoriya şəxslər üçün müəyyən edilən güzəştlərdən istifadə etmək hüquqlarını həyata keçirə bilərlər.
37. Beləliklə, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.